Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9610/2023 24.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh 3 saylı Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsinə qarşı “adın və soyadın dəyişdirilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh 3 saylı Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsinə qarşı “adın və soyadın dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh 3 saylı Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının soyadının “Salayev”dən “Mustafayev”ə, adının “Renat”dan “Tamerlan”a dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, xx.xx.1989-ci il təvəllüdlü iddiaçıya ilkin doğum haqqında şəhadətnamədə X5 adı və soyadı verilmişdir. Sonradan iddiaçı adını və soyadını İddiaçı dəyişdirmişdir. İddiaçı hazırda doğum haqqında şəhadətnamə üzrə olan soyadı və adı dəyişdirmək üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh ərizəsini təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Salayev soyadı iddiaçının babasının soyadı olmuş, hazırda anası Mustafayeva soyadını daşıdıgından iddiaçı da onun soyadına keçmək istəyir. Yəni onun tələbi təkrar soyadının dəyişdirilməsinə deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı Qərarının 6.3-cü bəndinə əsasən valideynlərinin birinin soyadı dəyişdirildiyi halda soyadı dəyişmək hüququna əsaslanır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunub-olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxdıgını bildirdi. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-16-5/-13-1441/2023 nömrəli etirazında göstərilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə şöbəyə soyadının “Salayev"-dən “Mustafayev"-ə, adının isə Renat”-dan “Tamerlan"-a dəyişdirilməsi üçün müraciət etmişdir.Vətəndaşın müraciəti xx.xx.2023-cü il tarixdə 3-16-5-R-508/2023 saylı məktubla cavablandırılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 may 2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"-ın 6.1 bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.Qaydaların 6.3-cü bəndinə əsasən isə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadı qəbul etməsi və ya nikahdan əvvəlki soyada qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Bildirilir ki, vətəndaş İddiaçı adı və soyadı 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 36 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydinə əsasən “Mustafayev Tamerlan"-dan “İddiaçı"-a dəyişdirilmişdir. Adın və soyadın bu halda növbəti dəfə dəyişdirilməsi qanunvericilikdə nəzərdə tutulmadığı üçün vətəndaşın ərizəsini təmin etmək mümkün olmamışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - 3 saylı Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-ci il tarixli, 3-16-5-R-508/2023 nömrəli imtina məktubunda etirazda göstərilənlər bildirilmişdir. - AZ-İ № 025581 nömrəli xx.xx.2019-cu il tarixli “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X1 “Salayev”ə, adı isə “Renat”a dəyişdirilmişdir. - AZ-İV № 223525 nömrəli xx.xx.2019-cu il tarixli “Dogum haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı oglunun atası X3, anası X4r. - İddiaçıya məxsus seriya AA, ******* nömrəli, xx.xx.1989-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1989-cu il təvəllüdlü iddiaçının adı, soyadı və ata adı – İddiaçıdur. - Cavabdehdən tələb edilmiş **********5032019 №-li soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydindən görünür ki, xx.xx.2019-cu il tarixdə X1 “Salayev”ə, adı isə “Renat”a dəyişdirilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə və öhdəliyin icrası haqqında iddia növlərinə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsində qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Göründüyü kimi, iddiaçı soyadının və adının dəyişdirilməsini tələb etməsinə baxmayaraq, iş üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3-cü bəndində qeyd edilən istisna haları, 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallardan hər hansı biri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddiaçı isə tələbinin əsası kimi heç bir səbəb göstərməmişdir. Belə olan halda qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh 3 saylı Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsinə qarşı “adın və soyadının dəyişdirilməsi” barədə iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər.
Hakim Mehriban Qarayeva