Məhkəmə qərarları › İş №2-1(112)-9611/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9611/2024

25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9611/2024 25.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Üçüncü şəxs X1, Üçüncü şəxs X2, Üçüncü şəxs X11, Üçüncü şəxs X10 iştirakları ilə, İddiaçı X3 cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadları ilə hazırki iş üzrə X18, X4, X5 və X16 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdirlər. İddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanında yaşayır. Həmin sahə özbaşına tikili olmasına əsaslanılaraq yaşayış yeri üzrə qeydiyyatın aparılması cavabdeh tərəfindən həyata keçirilməməkdədir. Üçüncü şəxsin etirazı: İddiaçının iddia ərizəsində gözlənti hüququnun olmasını qeyd etmişdir. Gözlənti hüququ isə şəxsin sahibliyi və istifadəsində olduğu halda yarana bilər. İddiaçının isə sözügedən fərdi yaşayış evinə dair hər hansı bir hüququnun olmadığı bundan öncə çıxarılmış və qanuni qüvvəsini almış yekun aktla öz təsdiqini tapmışdır. Beləliklə, şəxsin ünvan 2 ünvanına pasport qeydiyyatına alınması üçün müəyyən edilmiş hüquqi sənəd olmadığından İddiaçı tələbi əsassızdır. Tərəflər izahatları: İddiaçı, onun nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Üçüncü şəxs X4, X5 və X16 iddia tələbinin rədd edilməsini xahiş etdilər. Üçüncü şəxs X18 iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “ASAN 6” tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X4, X5 və X16 ünvan 2 ünvanında yerləşən əmlakda yaşayış yeri üzrə qeydiyyatdadırlar. 98 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, ünvan 2 ünvanın İddiaçı adına qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə icraatı zamanı Xətai RİH 3 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X4, X5, X16, X14 və X15 ünvan 2 ünvanında yaşayırlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2412/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi aşağıdaki formada qət edilmişdir: - “İlkin iddia qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 13/6 saylı evin 1-ci mərtəbəsində yerləşən dəhliz, sanitar-qovşaq sahəsi, mətbəx, zal tikilisinin sahəsi və 2 yataq otağının sahəsi X11, həmin fərdi yaşayış evinin ikinci mərtəbəsində dəhliz sahəsi, qonaq otağı, 2 yataq otağı, hamam otağı, anbar sahəsi, mətbəx sahəsi, ayaqyolunun sahəsi X1 istifadəsinə verilməklə fərdi yaşayış evindən istifadə qaydası müəyyən edilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X17 və İddiaçı cavabdehlər X6 və X7 qarşı yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilsin.” Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1485/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-2412/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır 180.2.Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Qanunvericiliyin tələbindən də göründüyü kimi özbaşına tikintiyə şəxsin mülkiyyət hüququ yalnız müəyyən şərtlərdən asılı olaraq tanına bilər. Nəzərə alınmalıdır ki, hazırki iddia tələbi üzrə iddiaçının cavabdehin üzərinə qoyulmasını arzuladığı öhdəlik məhz özbaşına tikintiyə qeydiyyata alınması ilə bağlı olmuşdur ki, bu mübahisənin tənzimlənməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları əsasında həyata keçirilir. Sözügedən Qanunun 2-ci maddəsinə əsasən 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi (1) icarə və kirayə müqaviləsi (2) üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla (3) daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; Qanunun 5-ci maddəsinin 1-ci və 2-ci abzasına əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göztərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: -yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd (1); -yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi (2); -yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər (3). Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Sadalanmış maddələrin təhlili nəticəsində müəyyən olunur ki, qanunvericilik şəxsin qeydiyyatının aparılmasını konkret olaraq şərtləndirmişdir ki, bu zaman dəyərləndirmə məhz yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olması və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olması istiqamətində aparılır. Hazırki işin araşdırılmış hallarından məlum olur ki, mübahisə predmetini təşkil edən daşınmaz əmlak üzərində iddiaçının hər hansı bir hüququ, yəni mülkiyyət, icarə və ya istifadə hüquqları əmələ gəlməmişdir. Başqa sözlə desək, iddiaçı sözügedən əmlaka qeydiyyata alınması üçün hər hansı üç hüquqdan birinə (mülkiyyə, icarə, istifadə), yəni qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) yalnız birinə malik olmalı olduğu halda, iddiaçının həmin hüquqlarının olması və ya hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən edilməmişdir. Digər tərəfdən Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, qeyd olunan fərdi yaşayış evində digər şəxslər qeydiyyatda olsalar da, bərabərlik hüququ baxımından belə iddiaçının həmin yaşayış sahəsinə qeydiyyata alınması istisna olunur. Belə ki, işin faktiki hallarından göründüyü kimi özbaşına tikili olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini X18 və Hüseynova (Rakidə) Cəmilə Məhəmmədəli qızı birgə nikahda olduqları dövrdə, yəni 2013-cü ildə əldə edib, sonradan həmin evdə əsaslı tikinti işləri apararaq, yaşayış sahəsini əhəmiyyətli dərəcədə artırmışdırlar. Nəzərə alınmalıdır ki, adıçəkilən şəxslər həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olsalar da, onların mülki məhkəmə icraatı çərçivəsində mübahisə predmeti olan fərdi yaşayış evi ilə bağlı mübahisələrinə baxılmış və məhkəmə qətnaməsi ilə onların fərdi yaşayış evindən istifadə qaydaları müəyyən olunmuşdur. Eyni zaman mülki məhkəmə icraatı çərçivəsində həmçinin iddiaçının da tələbinə baxılmış, lakin məhkəmə hesab etmişdir ki, onun yaşayış sahəsinə dair hər hansı hüququnun mövcudluğu müəyyən olunmadığından, onun yaşayış sahəsinə istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı tələbi rədd edilmişdir. Göründüyü kimi üçüncü şəxslərdən fərqli olaraq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçının sözügedən fərdi yaşayış evinə hər hansı hüququnun mövcudluğu müəyyən olunmamış, hətta fərdi yaşayış evinə dair istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı tələbidə təmin olunmamışdır ki, nəticə etibarı ilə onun həmin sahəyə münasibətdə digər şəxslərdən fərqli üstün hüquqa malik olmadığı görünür. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdeh haqlı olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığı halda, şəxsin əmlaka qeydiyyata alınması mümkün deyildir. (Azərbaycan Respublikası Ali Məhkəmənin 2-1(102)-2392/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı; 2-1(102)-53/2020 saylı qərarı, Apellyasiya Məhkəməsinin 2-1(103)-348//2021 və 2-1(103)-1237/2021 saylı qərarları) Məhkəmə, həmçinin izah edir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Bununla bağlı, iddiaçıya cavabdehin yerləşdiyi inzibati binaya qeydiyyata alınması ilə bağlı həmin inzibati orqana müraciət etmək hüququ, müraciət təmin edilmədiyi təqdirdə isə cavabdehin yerləşdiyi inzibati binaya qeydiyyata alınmasından imtina ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququna malik olduğu izah edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar