Məhkəmə qərarları › İş №2-1(112)-9612/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9612/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9612/2022 01.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı, "xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə “fərdi yaşayış evinin tikintisinə maneələrin qadağan edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, Avtonəqliyyat müəssisəsinin şərqində yerləşən yaşayış məntəqəsi torpaqlarına aid 0,04 ha torpaq sahəsində qanunvericiliyin tələbinə əsasən tərtib edilmiş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin layihəsinə əsasən inşa ediləcək fərdi yaşayış evinin tikintisinə qanunsuz maneələrin və müdaxilələrin cavabdehə qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX №1311295 saylı çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, Avtonəqliyyat müəssisəsinin şərqində yerləşən yaşayış məntəqəsi torpaqlarına aid 0,04 ha torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətindədir və o, həmin torpaq sahəsində mənzil şəraitinin yaxşılaşdırılması üçün fərdi ev tikmək niyyətindədir. Bununla bağlı o, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin tələbinə əsasən tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsinin layihəsini, çıxarışı, texniki pasportu və sair tələb olunan digər sənədləri məktuba əlavə edərək məlumatlandırma qaydasında 06 oktyabr 2021-ci il tarixdə Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Xətai Rayon İcra Hakimiyyəti baş memarının ona ünvanladığı 13 oktyabr 2021-ci il tarixli Ş-52151 saylı cavab məktubunda fərdi yaşayış evinin memarlıq planlaşdırması həlli layihəsi üçün tikinti sıxlığı əmsalı, cədvəl üzrə 0,6 nəzərdə tutulsa da, təqdim etdiyi layihə üzrə bu əmsal faktiki -0.96 (384 kv.m/400 kv.m ) təşkil etdiyi nöqsan kimi qeyd edilmişdir. O, məktubda qeyd edilən layihədəki nöqsanı aradan qaldıraraq yenidən Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, Avtonəqliyyat müəssisəsinin şərqində yerləşən yaşayış məntəqəsi torpaqlarına aid 0,04 ha torpaq sahəsində inşa ediləcək fərdi-yaşayış evinin memarlıq planlaşdırma bölməsinin Layihəsini İcra Hakimiyyətinə təqdim etmişdir. Ona Ş-52151/2 saylı 05 noyabr 2021-ci il tarixli cavab məktubu verilmiş və mülkiyyətində olan torpaq sahəsinin "xxxx" Azərbaycan İnkişaf Şirkətinin Bakı-Ağ Şəhər Layihəsi üzrə ayrılmış ərazinin hüdudları daxilində yerləşdiyini və Ağ Şəhər Baş Planına uyğunlaşdırılmış, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılaraq təsdiq olunmuş şəhərsalma sənədləri əsasında tikinti-quraşdırma işlərini həyata keçirdiyini nəzərə alaraq xahişinin yerinə yetirilməsinin imkan xaricində olunduğu bildirilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh Xətai Rayon İcra Hakimiyyəti iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində ona məxsus Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, Avtonəqliyyat müəssisəsinin şərqində yerləşən yaşayış məntəqəsi torpaqlarına aid 0,04 ha torpaq sahəsində inşa ediləcək fərdi yaşayış evinin tikintisinə qanunsuz maneələrin və müdaxilələrin qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. “Azərbaycan Respublikasında 2006-2010-cu illərdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planının” təsdiq edilməsi barədə xx.xx.2006-cı il tarixli Fərmanın icrasının təmin olunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən ayrılmış 220 ha torpaq sahəsində Xətai rayonunun “Qara şəhər” adlanan ərazisində 2013-cü ildən başlayaraq Bakı-Ağ Şəhər layihəsinin icrasına başlanılmışdır. Bakı şəhərinin Baş Planı kontekstində Bakı-Ağ Şəhər layihəsi çərçivəsində ərazidə yaşayış və sosial obyektlərin inşası, mühəndis kommunikasiyaların, yol-nəqliyyat şəbəkəsi infrastrukturun inkişafı, abadlıq-quruculuq, yaşıllaşdırma işlərinin genişləndirilməsi, dayanıqlı ekologiyanın yaradılması və mədəni irsin qorunması həyata keçirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 08 saylı Sərəncamı əsasında Bakı-Ağ şəhər layihəsinin Baş Planına uyğun olaraq 28 ha torpaq sahəsinin texniki inventarlaşdırılması, inşa olunacaq tikililərin memarlıq və şəhərsalma göstəriciləri, nəqliyyat və digər infrastruktur layihələndirilməsi işləri aparılıb. Xətai rayonu Fəzail Bayramov küçəsində yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin "xxxx" Azərbaycan İnkişaf Şirkətinin Bakı-Ağ Şəhər layihəsi üzrə ayrılmış ərazinin hüdudları daxilində yerləşdiyini və Ağ Şəhərin Baş Planına uyğunlaşdırılmış, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılaraq təsdiq olunmuş şəhərsalma sənədləri əsasında tikintiquraşdırma işlərinin həyata keçirildiyi nəzərə alınaraq iddiaçının xahişini təmin etmək imkanları xaricindədir. Məhkəmənin 06 oktyabr 2022-ci il tarixli qərardadı ilə, "xxxx" MMC üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri üçüncü şəxsə təqdim edilmişdir. Lakin iddiaya münasibət bildirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və təmin etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tələbində layihəyə əsasən inşa ediləcək fərdi yaşayış evinin tikintisinə qanunsuz maneələr və müdaxilələrin cavabdehə qadağan edilməsini xahiş etmişdir. Həmin tələblər mahiyyət etibarilə həmçinin cavabdeh tərəfindən bildirilmiş iradların qanunsuz hesab edilməsini də ehtiva edir. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Belə ki, irəli sürülmüş iddia müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin inzibati akt sayılmayan əlverişsiz hərəkətlərinin edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, Avtonəqliyyat müəssisəsinin şərqində 0,04 ha torpaq sahəsi İddiaçı məxsusdur; Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli irad məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında 2006-2010-cu illərdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planının” təsdiq edilməsi barədə 28 sentyabr 2006-cı il Fərmanın icrasının təmin olunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin 11 iyun 2007-ci il tarixli Sərəncamına əsasən ayrılmış 220 ha torpaq sahəsində Xətai rayonunun “Qara şəhər” adlanan ərazisində 2013-cü ildən başlayaraq Bakı-Ağ Şəhər layihəsinin icrasına başlanılmışdır. Bakı şəhərinin Baş Planı kontekstində Bakı-Ağ Şəhər layihəsi çərçivəsində ərazidə yaşayış və sosial obyektlərin inşası, mühəndis kommunikasiyaların, yol-nəqliyyat şəbəkəsi infrastrukturun inkişafı, abadlıqquruculuq, yaşıllaşdırma işlərinin genişləndirilməsi, dayanıqlı ekologiyanın yaradılması və mədəni irsin qorunması həyata keçirilir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10 yanvar 2018-ci il tarixli, 08 saylı Sərəncamı əsasında Bakı Ağ Şəhər layihəsinin Baş Planına uyğun olaraq 28 ha torpaq sahəsinin texniki inventarlaşdırılması, inşa olunacaq tikililərin memarlıq və şəhərsalma göstəriciləri, nəqliyyat və digər infrastruktur layihələndirilməsi işləri aparılıb. Xətai rayonu, Fəzail Bayramov küçəsində mülkiyyətlərində olan torpaq sahəsinin "xxxx" Azərbaycan İnkişaf Şirkətinin Bakı-Ağ Şəhər layihəsi üzrə ayrılmış ərazinin hüdudları daxilində yerləşdiyini və Ağ Şəhərin Baş Planına uyğunlaşdırılmış, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılaraq təsdiq olunmuş şəhərsalma sənədləri əsasında tikintiquraşdırma işlərinin həyata keçirildiyini nəzərə alaraq xahişinin yerinə yetirilməsi imkan xaricindədir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən, bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur; 80.1-ci maddəsinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2-ci maddəsinə əsasən, barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur; 80.3-cü maddəsinə əsasən, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır; 80.4-cü maddəsinə əsasən, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1 və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Yuxarıda istinad olunan normaya görə, həmin normada nəzərdə tutulmuş tələblərə uyğun fərdi yaşayış evlərinin tikintisinə münasibətdə məlumatlandırma icraatı həyata keçirilir. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Nəzərə almaq lazımdır ki, həm tikintiyə icazə, həm də məlumatlandırma icraatının məqsədi tikilməsi nəzərdə tutulan tikinti obyektinin, tikilməzdən əvvəl layihə səviyyəsində şəhərsalma və tikinti hüquq normalarına uyğunluğunu təmin etməkdən və bunun üzərindən qanunsuz tikintilərin qarşısını almaqdan ibarətdir. Başqa sözlə, yalnız tikinti layihəsinin qeyd edilən hüquq normalarına uyğunluğu müəyyən edildikdən sonra, həmin layihə üzrə tikintiyə icazə verilir və ya məlumatlandırma icraatı qaydasında razılaşdırma əsasında tikintiyə yol verilir. Həmçinin nəzərə alınmalıdır ki, şəxsin tikinti niyyətini ifadə edən ərizəsi üzrə həm tikintiyə icazə icraatı, həm də məlumatlandırma icraatının tətbiqi müvafiq inzibati orqanın məsuliyyət sferasına aiddir. İnzibati orqan tikintiyə icazə üzrə icraat çərçivəsində və ya məlumatlandırma icraatı zamanı təqdim olunmuş layihələrin şəhərsalma və tikinti hüquq normalarına uyğunluğunu xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Layihə qeyd olunan tələblərə uyğun olduğu təqdirdə layihə üzrə tikintiyə icazə və ya məlumatlandırma icraatı qaydasında razılıq verilir. İcazənin verilməsi və ya məlumatlandırma icraatı qaydasında razılaşdırma layihənin şəhərsalma və tikinti hüquq normalarına uyğunluğunun təsdiqini ifadə edir. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, Avtonəqliyyat müəssisəsinin şərqində yerləşən yaşayış məntəqəsi torpaqlarına aid 0,04 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə başlamazdan əvvəl tikinti niyyəti barədə cavabdehə məlumat vermiş və yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim etmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli irad məktubları ilə iddiaçıya bildirmişdir ki, mülkiyyətində olan torpaq sahəsi "xxxx" Azərbaycan İnkişaf Şirkətinin Bakı-Ağ Şəhər layihəsi üzrə ayrılmış ərazinin hüdudları daxilində yerləşir və Ağ Şəhərin Baş Planına uyğunlaşdırılmış, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılaraq təsdiq olunmuş şəhərsalma sənədləri əsasında tikinti-quraşdırma işləri həyata keçirilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələbini bir daha vurğulayaraq qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanının məlumatlandırma icraatında layihəyə dair sifarişçiyə iradları olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Cavabdeh Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli irad məktublarında göstərilən iradlar heç bir normativ hüquqi akta istinad olunmamış, onların hansı tələblərinin pozulması göstərilməmişdir. İrad kimi qeyd edilmiş, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin "xxxx" Azərbaycan İnkişaf Şirkətinin Bakı-Ağ Şəhər layihəsi üzrə ayrılmış ərazinin hüdudları daxilində yerləşməsi ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Birincisi, göstərilən irad qanunsuz olmaqla heç bir normativ hüquqi akta söykənmir. İkincisi, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin ayrıldığı "xxxx" Azərbaycan İnkişaf Şirkətinin qeyd edilən məsələyə münasibətini öyrənməyə cəhd etməmişdir. Üçüncüsü, "xxxx" Azərbaycan İnkişaf Şirkəti ona ayrılmış ərazi daxilində yerləşən həmin torpaq sahəsi ilə bağlı tədbirlər (həmin torpaq sahəsinin alınması və ya ona olan hüquqların mübahisələndirilməsi) görə bilərdi ki, bununla bağlı hər hansı məlumat (sübut) nə cavabdeh, nə də üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Dördüncüsü, həmin Şirkət hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri ona təqdim edilmişdir. Lakin iddiaya dair hər hansı münasibət bildirməmiş, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun mümkünsüzlüyünün səbəbləri barədə heç bir məlumat verməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarında qeyd edilmiş iradlar qanunsuz hesab edilməklə, İddiaçı məxsus, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, Avtonəqliyyat müəssisəsinin şərqində yerləşən 0,04 ha torpaq sahəsində tərtib edilmiş layihəyə əsasən inşa ediləcək fərdi yaşayış evinin tikintisinə qanunsuz maneələr və müdaxilələr Bakı şəhəri Cavabdehnə qadağan edilməlidir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarında qeyd edilmiş iradlar qanunsuz hesab edilməklə, İddiaçı məxsus, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, Avtonəqliyyat müəssisəsinin şərqində yerləşən 0,04 ha torpaq sahəsində, tərtib edilmiş layihəyə əsasən inşa ediləcək fərdi yaşayış evinin tikintisinə qanunsuz maneələr və müdaxilələr Bakı şəhəri Cavabdehnə qadağan edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar