Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9613/2021 10.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “məhkəmə qərarına əsasən təyin edilmiş pensiyanın ödənilməsinin bərpa edilməsi və ödənilməmiş ayların məbləğinin birdəfəlik ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 2040/2016 saylı 17.11.2016-cı il tarixli qərarına əsasən təyin edilmiş pensiyanın ödənilməsinin bərpa edilməsi və ödənilməmiş ayların məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2040/2016 saylı 17.11.2016-cı il tarixli qərarına əsasən, güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması nəticəsində ödənilməli olan məbləğin iki il ərizndə hissə-hissə pensiyasına əlavə edilməklə ödənməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunu Suraxanı rayon şöbəsinə həvalə olunmuşdur. Həmin qərar icra olunmuşdu və o, artıq 3 ildir ki, normal qaydada pensiya alırdı. Lakin 2020-ci ilin noyabr ayından etibarən pensiyanın verilməsi səbəbsiz, heç bir əsas gətirilmədən dayandırılmışdır. 05.07.2021-ci il tarixində DSMF-ə müraciət etmişdir. 06.08.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” qanunun 37-ci maddəsinə uyğun olaraq vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyalarına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş pensiya dayandırılır. Qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 2040/2016 saylı 17.11.2016-cı il tarixli qərarı ilə ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir, həmin məhkəmə aktı qanuni qüvvəsini almış və hələ də qüvvədədir.
3. Məhkəmənin hazırki iş üzrə 28.10.2021-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur.
4. İddiaçının müraciətinə Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 06.08.2021-ci il tarixli məktubda iddia ərizəsində göstərilmiş məzmunda cavab verilmişdir.
5. Cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş yaşa görə əmək pensiyası Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.07.2016-cı il tarixli 2-1(82)-2238/2016 nömrəli qərarına əsasən yenidən hesablanmışdır. Nəticədə adıçəkilən şəxsə keçmiş dövr üzrə 68314,89 manat fərq məbləği 01.07.2017-31.12.2019-cu il tarixləri arasındakı dövr ərzində hissə-hissə onun əmək pensiyasının üzərinə əlavə edilməklə məhkəmə qərarının icrası başa çatdırılmışdır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından pensiya ödənişi dayandırılmışdır. Araşdırma nəticəsində hər hansı qanunvericiliyə zidd hal aşkar edilməyəcəyi təqdirdə, əmək pensiyasının ödənişi bərpa olunacaq, dayandırlma müddətində ödənilməmiş pensiya məbləği şəxsin müvafiq kart hesabına köçürüləcəkdir.
6. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2040/2016 saylı 17.11.2016-cı il tarixli qərarına əsasən müəyyən olunur ki: - İddiaçı cavabdeh Azərnaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək iddiaçının “Suraxanınefy” NQÇİ-də (keçmiş “Orconikidzeneft”) işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla 26.04.2009-cu il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödəniməsi vəzifəsinin DSMF-nin Suraxanı rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir; -2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2238/2016 saylı 05.07.2016-cı il tarixli qərarı ilə iddia təmin edilmişdir; - cavabdeh DSMF-nin Suraxanı rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2238/2016 saylı 05.07.2016-cı il tarixli qərarı “iddiaçıya ödəniləcək pensiya məbləğinin birdəfəyə ödənilməsi” hissəsində ləğv edilmiş, iddiaçının tələbi həmin hissədə təmin edilməmiş; Qərarın icrası qaydası müəyyən edilərək İddiaçı pensiyasının yenidən hesablanması nəticəsində ödənilməli olan məbləğin 2 (iki) il ərzində hissə-hissə, onun pensiyasına əlavə olunmaqla ödənilməsi vəzifəsi cavabdeh DSMF-nin Suraxanı rayon şöbəsinə həvalə olunmuş; Qərar dəyişdirilmədən saxlanılmışdır.
7. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünkük iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək qüvvədə olan məhkəmə aktının icra olunmalı olduğunu bildirdi.
8. Məhkəmə İPM-in 13-cü maddəsinə əsasən (məhkəmənin yardım etmək vəzifəsi), məhkəmə aktının icra olunması ilə bağlı icra icraatı qaydasında müraciətin mümkünlüyünü iddiaçı və onun vəkili ilə müzakirə etdi. İddiaçının vəkili hesab edir ki, hazırki işə iddia icraatı qaydasında yenidən baxılmalıdır.
9. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünkük iclasında iştirak edən cavabdehin nümayəndəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. iddiaçının əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından pensiya ödənişi dayandırılmışdır.
II. İddianın növü və mümkünlüyü
10. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. Məhkəmə qərarının icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır.
12. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
13. X3 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X3 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).
14. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
15. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).
16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
17. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarının icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında təmin edilməlidir.
18. Məhkəməyə müraciət Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və X3 Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) məqsədlərinə əsasən hüquqların nəzəri və xəyali deyil, praktik və səmərəli müdafiəsini təmin edir. Odur ki, məhkəmə qərarının tam icra edilməməsi məhkəməyə çatım hüququnun pozulması ilə nəticələ bilər.
19. İPM-in müvafiq maddələrinə əsasə: 117.1.1. qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında icra həyata keçirilir. 119.1. Dövlətə, bələdiyyələrə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələbinin icra edilməli olduğu hallarda, tələbkarın ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə birinci instansiya məhkəməsi icra haqqında qərardad qəbul edir. Məhkəmə qərardadda icra tədbirlərini müəyyən edir və həmin tədbirlərin həyata keçirilməsini səlahiyyətli orqana tapşırır. Səlahiyyətli orqan həmin tapşırığı (icra tədbirlərini) məhkəmə qərarlarının icrası ilə bağlı qüvvədə olan qanunvericiliyə uyğun olaraq yerinə yetirməyə borcludur. 119.2. İcra haqqında qərardad (sərəncam) qəbul etməzdən əvvəl, məhkəmə müvafiq dövlət orqanına, bələdiyyə orqanına və ya ümumi hüququn başqa subyektinə məcburi icra haqqında yazılı şəkildə xəbərdarlıq edir və icranın həyata keçirilməsi üçün müddət müəyyən edir. Bu müddət 15 gündən çox ola bilməz. 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.
20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
21. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva