Məhkəmə qərarları › İş №2-1(112)-9614/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9614/2021

06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9614/2021 06.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə (üçüncü şəxs X4 cəlb olunmaqla) qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən mənzildən qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-9614/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə X4 3cü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ev 95, mənzil 213 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. X2 2001-ci ildən Ukrayna Respublikasında yaşayır və oranın vətəndaşıdır. X3 iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını pozur. Mülkiyyətində olan evə istədiyi kimi sahib ola və istədiyi kimi sərəncam verə bilmir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, şifahi məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 10 iyun 2010-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu Babək prospekti ev 95 ünvanda yerləşən 213 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə iddiaçı çıxarış əldə etmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü X4 Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 087-21921H-3221 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, X3 Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə araşdırması dövründə xx.xx.1975-ci il təvəllüdlü X3 Azərbaycan Respublikası sərhədlərindən 2015-2021-ci illər ərzində giriş-çıxış barədə məlumatın təqdim edilməsi tələb olunmuşdur. Sorğuya cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti xx.xx.2021-ci il tarixli 33/3589 №-li cavab məktubunda X1 dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında olan məlumata əsasən xx.xx.2014-cü ildə Azərbaycandan çıxışı qeyd edilmişdir. Həmçinin məhkəmə araşdırması dövründə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ev 95 ünvanında yerləşən 213 saylı mənzilin hal-hazırda kimin mülkiyyətində olmasına dair məlumatın, və buna dair sənədlərin təsdiq olunmuş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yannda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə təqdim olunan 19 may 2010-cu il tarixli, 35704 saylı şəxsi mənzil bağışlaması müqavilədən görünür ki, X5 Azərbaycan Respublikası DƏDRX Bakı şəhər Ərazi İdarəsindən verilmiş **********05-05301-093016 reyestr nömrəli ********* qeydiyyat nömrəsi xx.xx.2007-ci il tarixli çıxarışa əsasən və 11/11055 №-li xx.xx.2010-cu il tarixli arayışa əsasən ona məxsus olan Bakı şəhəri Nizami rayonu Babək prospekti ev 95, mənzil 213 ünvanda yerləşən, ümumi sahəsi 67 kv.m yaşayış sahəsi 38,6 kv.m köməkçi sahəsi 28,4 kv.m olan 3 (üç) otaqlı şəxsi mənzili qızı İddiaçı bağışlamışdır. Beləliklə işin hallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ev 95 ünvanda yerləşən 213 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxs X4 onun qardaşıdır və Ukrayna Respublikasında yaşayır və oranın vətəndaşıdır. İddiaçı üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bu da həmin şəxsin ona məxsus mənzildə yaşamaması, qeydiyyatının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, X4 iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxsin Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ev 95, mənzil 213 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 3-cü şəxs X3 Bakı şəhəri, Nizami rayonu ünvan 4 ünvandan qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar