Məhkəmə qərarları › İş №2-1(112)-9615/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9615/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9615/2023 02.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı X1 cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Rəssamlar İttifaqına və Azərbaycan Rəssamlar İttifaqının İstehsalat- Yaradıcılıq Kombinatına qarşı “pul vəsaitinin ödənilməsi” haqqında iddia tələbi üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Rəssamlar İttifaqına (bundan sonra mətndə ARİ) və ARİ-nın İstehsalat- Yaradıcılıq Kombinatına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1992-ci il tarixindən ona ödənilməli olan 59.000 manat, üstəgəl 1 variant yeni layihə üçün 5000 manat, dizaynerlər Şərif Yolçuyev, Fərid Əlili və ona ümumilikdə 64.000 manat məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, layihələri əsasında Pənahəli xanın abidəsinin Şuşa şəhərində ucaldılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edilməsi vəzifəsinin sifarişçi Mədəniyyət Nazirliyinə həvalə edilməsi, ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilovun “Pənah xan” abidə layihələri üzrə hərəkəti və ARİ-nin Nizamnaməsini pozduğuna görə və MN-nin (keçmiş və indiki) “Pənah xan” abidəsi üzrə layihənin 2 №-li qəbul aktının gizlədilməsində iştirak edənlər haqda məsuliyyətə cəlb olunmaları barədə məhkəmə qərarının qəbul olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hələ 1989-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin 7 aprel tarixli 5 saylı Qərarına əsasən Şuşa şəhərində Pənah xana memorial abidə ucaldılması qərara alınmışdır. AR Mədəniyyət Nazirliyi ilə ARİ-nın İstehsalat-Yaradıcılıq Kombinatı (İYK) arasında 616 saylı, 1990-cı il tarixli müqavilə və 7 dekabr 1990-cı il tarixli 661778,14 rubl həcmində smeta sənədləri imzalanmışdır. Mədəniyyət Nazirliyinin təklifi ilə hazırladığı “Pənah xan” abidəsinin eskiz kompozisiyası bəyənildikdən sonra, İYK-ə onunla müəllif müqaviləsi bağlanması üçün yazılı müraciət edilmiş və İYK ilə onun arasında xx.xx.1991-ci il tarixli 71 saylı müəllif müqaviləsi bağlanmışdır. Abidənin əsas layihəsini hazırlamaq üçün ustad memar, akademik Mikayıl Hüseynova müraciət etmiş, yaratdığı - şahə qalxmış at belində, üzəngidə ayaq üstə kaman kimi gərilmiş, məğrur, zəhmli duruşunda sol qolunu gərmiş, beş barmaqları ilə şəhərə tərəf tuşlayaraq, sağ əlindəki səlahiyyət rəmzi “Xan toppuzu” (Tarix muzeyində qorunur) başı üstə yellədərək, sanki yağı düşmənlərə xəbərdarlıq kimi “Bu şəhərə, bu torpaqlara kəm baxanların analarını ağlar qoyaram” mesajı verən eskiz kompozisiyanı çox bəyənmişdir. Tapşırıq vermişdir ki, təcili Şuşaya ezamiyyətə gedib şəhər rəhbərliyi və ziyalılarla görüşərək “Pənah xan” abidəsinin ucaldılacağı yeri təyin edək, sonra layihə işinə başlasınlar. 1991-ci ilin avqust ayında Şuşada olmuşdur, icra başçısı və şəhərin ziyalıları ilə müzakirələrdən sonra “Gəncə qapısı’hnn bayır tərəfindən, “Xan qızı" bağının qala divarlarının önündə hündür postament kürsü üzərində şəhərin hər yerindən görünməsi nəzərdə tutulan layihənin hazırlanması tapşırılmışdır. O, Bakıya qayıdıb təklif olunan yerin fotoşəkillərini ustad memara təqdim etmişdir və tezliklə həcmli, möhtəşəm abidə layihəsi hazırlamağa başlamışdırlar. 10 metr hündürlükdə qala divarları istər-istəməz abidənin şəhər tərəfdən görünüşünü örtürdü. Təklif olunmuşdu ki, 7 metr hündürlüyündə atlı heykəli, 10 metr hündürlüyündə postament ilə birlikdə 3 metr hündürlüyündə nal şəkilli yarımzirzəmi-muzey qurulsun ki, muzeyin dam örtüyünə qaldırmaqla şəhər tərəfdən postamentin bir hissəsi ilə birlikdə heykəl görünə bilsin. Bununla belə, postamentin oturacağında nal şəkilli yarımçevrə yarımzirzəminin (muzeyin) enində, postamentin sol və sağ tərəfində 2 ədəd iri, qala divarlarından 1-2 metr hündür qranit üzlüklə (çəhrayı) üzlənmiş portal (baş tağ) qapılar açılaraq gələcəkdə şəhər sakinlərinin və qonaqların artmasını nəzərə alıb “Gəncə qapısı’’ın yükünün bir qismini öz üzərilərinə götürməklə, müasir milli memarlıq həllində layihələndirməklə, abidənin ümumi həcminə, möhtəşəmliyinə və monumentallığına yardım edər. Layihəni 3 noyabr 1991-ci ildə, vaxtından iki ay əvvəl tamamlayıb İYK-yə və Mədəniyyət Nazirliyinə təqdim etmiş, bəyənilmişdir, Bədii Şura və Nazirlik tərəfindən qəbul edilib 2№-li Aktla qeydə alınmaqla Mədəniyyət naziri tərəfindən AR Nazirlər Sovetinə hesabat-təqdimat göndərilmişdir. Tərəflərindən hazırlanmış “Pənah xan” abidəsinin polistiroldan 1:50 miqyasında maketin və heykəllərin 1:50 və h. 50 sm ölçülərdə, habelə (qala divarında asılacaq 5 ədəd qorelyef heykəllərin, tarixi döyüş səhnələri və s.) naturada 3 m. olacaq əsərlərin 1:10 miqyasında (30 sm) ölçüdə plastilində eskizlərininin qiyməti 9.000 manat və sonradan heykəlin 7 metr böyüdülməsi üçün 1.7 metr hündürlüyündə atlı heykəlin böyüdülmə modelinin qiyməti 50.000 manat olmaqla, qonorarın cəmi məbləği 59.000 manat, üstəgəl 1 ədəd yeni layihə (5000 manat) ümumilikdə 64.000 manat təşkil edir. Lakin həmin layihəyə görə nəzərdə tutulmuş qonarar ona ödənilməmişdir. Bununla bağlı dəfələrlə Nazirliyə və İYK-ya müraciət etsə də, 2 №-li Aktın tərtib olunmadığını bəhanə gətirərək qonorarın verilməsindən imtina etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilərək, cavabdehlərdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Cavabdehlər tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4941/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından müəyyən olunur ki, iddiaçı X2 cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Rəssamlar İttifaqına (bundan sonra mətndə ARİ) və ARİ-nın İstehsalat-Yaradıcılıq Kombinatına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1992-ci il tarixindən ona ödənilməli olan 59.000 manat, üstəgəl 1 variant yeni layihə üçün 5000 manat, dizaynerlər Şərif Yolçuyev, Fərid Əlili və ona ümumilikdə 64.000 manat məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, layihələri əsasında Pənahəli xanın abidəsinin Şuşa şəhərində ucaldılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edilməsi vəzifəsinin sifarişçi Mədəniyyət Nazirliyinə həvalə edilməsi, ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilovun “Pənah xan” abidə layihələri üzrə hərəkəti və ARİ-nin Nizamnaməsini pozduğuna görə və MN-nin (keçmiş və indiki) “Pənah xan” abidəsi üzrə layihənin 2 №-li qəbul aktının gizlədilməsində iştirak edənlər haqda məsuliyyətə cəlb olunmaları barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4941/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X1 cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Rəssamlar İttifaqına və Azərbaycan Rəssamlar İttifaqının İstehsalat- Yaradıcılıq Kombinatına qarşı “pul vəsaitinin ödənilməsi və s.” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 -ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 45.5.-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (maddə 45.5.1). Həmin Məcəllənin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 8.3-cü bəndində göstərilmişdir ki, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir; 8.5-ci bəndində göstərilmişdir ki, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Qərarın 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni olan tələb üzrə iddianın mümkün sayılmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcud olduğundan və qeyd olunan qərardadda iddianın mümkün sayılmamasına əsas olmuş hallar aradan qalxmadığından, bununla da mümkünlük şərtlərinə əməl olunmadığından hazırki iddia tələbi mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı X1 cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Rəssamlar İttifaqına və Azərbaycan Rəssamlar İttifaqının İstehsalat- Yaradıcılıq Kombinatına qarşı “pul vəsaitinin ödənilməsi və s.” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar