Məhkəmə qərarları › İş №2-1(112)-9616/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9616/2021

21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9616/2021 21.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə iddiаçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bakı İnzibati Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, X1 qarşı “ may, iyun, iyul ayının alimentinin tam ödənilməsi, oğlunun müalicə xərclərinin verilməsi barədə“ tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bakı İnzibati Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, X1 qarşı “ may, iyun, iyul ayının alimentinin tam ödənilməsi, oğlunun müalicə xərclərinin verilməsi barədə“iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X2 aliment vaxtlı-vaxtında ödəmək istəmir. Nərimanov rayon məhkəməsinin qətnaməsinə əsasən iddiaçının uşağına 170 manat sabit pul məbləği verilməsi qət edilmişdir. Qətnamə Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru tərəfindən icra olunmur. İddiaçının oğlunun müalicəyə ehtiyacı var. İddiaçı isə müalicə xərclərini çatdıra bilmir. Xəstə uşağa baxdığı üçün iddiaçı işləyə bilmir, əlavə gəliri yoxdur. 2021-ci ilin may, iyun, iyul aylarının alimenti tam ödənilməyib. Aliment 3 aydan bir ödənilməməlidir. Lakin icra məmuru qətnaməni icra etmir. Bu haqda bütün aidiyyəti orqanlara və prezidentə şikayətlər göndərilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması (iddia tələbinin dəqiqləşdirilməsi) zərurəti barədə iddiaçıya məktub ilə bildirilmişdir. Məhkəmə hazırlıq icraatı çərçivəsində keçirilən iclaslarda işin halları, mübahisənin vəziyyəti iddiaçının iştirakı ilə müzakirə edilmiş, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi zərurəti izah olunmuşdur. Lakin iddiaçı iddia tələbini dəqiqləşdirməkdən imtina etmiş, iddianı müdafə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddia ərizəsindən göründüyü kimi iddiaçı ilə cavabdehlər arasında olan hazırkı mübahisə - iddiaçının övladına aliment məbləğinin təyin edilməsi barədə Nərimanov rayon məhkəməsinin qətnaməsinin cavabdeh X2 tərəfindən lazımı qaydada icra edilməməsi ilə bağlı icra məmurunun hərəkəsizliyi nəticəsində yaranmış mübahisədir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və edilən hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəldilmədiyindən onların ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir və həmin məsələyə mülki işin davamı kimi şikayət formasında işə baxmış məhkəmə tərəfindən baxılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia ərizəsindən göründüyü kimi, cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bakı İnzibati Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinə qarşı hər hansı bir iddia tələbi irəli sürülməmişdir. Belə ki, “ alimentin ödənilməsi kimi” tələb yalnız cavabdeh X1 aid olan tələbdir. Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bakı İnzibati Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. İddiaçı ilə cavabdeh X2 arasında olan mübahisəyə gəldikdə isə məhkəmə qeyd edir ki, onların arasındakı münasibətləri ümumi (publik)hüquq sahəsinə deyil, xüsusi hüququn nizamasalma predmetinə aid olduğu üçün mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1.-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 17-ci maddəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Odur ki, iddiaçıya məhkəmə qətnaməsinin icra edilməməsi ilə bağlı məsələlərin həlli üçün qətnaməni qəbul etmiş Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etmək hüququ izah olunur. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 35-ci, 80-ci və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bakı İnzibati Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, X1 qarşı “ may, iyun, iyul ayının alimentinin tam ödənilməsi, oğlunun müalicə xərclərinin verilməsi barədə“iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar