Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9617/2021 10.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Vəliyeva Ayla Fuad qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə (üçüncü şəxslər X4, X9, X10 və X13) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək vətəndaş X4, X9, X10 və X8 ünvan 1 binanın 14 saylı mənzilindən məcburi qaydada çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 binanın 14 saylı mənzili 30/18561 nömrəsi ilə 31.08.2002-ci il tarixdən mülkiyyətindədir. Mülkiyyətini təsdiq edən ÖM № 126575 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir: İddiaçı ondan ötrü ki, o, Bakı şəhəri, General Şıxlinski küçəsi, 2 saylı evin 28,82 kv.metr yaşayış sahəsindən ibarət 2 (iki) otaqlı 14 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 15 a/c saylı reyestr kitabında 2230 səhifədə qeydə alınmaqla № 30/18561 nömrəsi ilə 31.08.2002-ci il tarixdə qeydiyyat aparılmışdır. 08.08.2019-cu il tarixdə Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 30/18561 nömrəsi ilə 31.08.2002-ci il tarixdən Xətai rayonu, General Şıxlinski küçəsi, 2 saylı evin 14-cü mənzilinin mülkiyyət sahibidir və həmin mənzildə qeydiyyatda heç kim olmayıb. Bugünədək də heç kim qeydiyyatda yoxdur. 06.08.2019-cu il tarixdə Elektron notariat X1 alınmış çıxarışdan görünür ki, adları göstərilən şəxslər X4, X9, X10 və X2 Məmmədovanın mülkiyyətində olan ünvan 1 evin 14-cü mənzilinə formal olaraq qeydiyyata düşmüşlər. Ev sahibinin xəbəri və razılığı olmadan, ümumiyyətlə tanımadığı bu şəxslər formal olaraq qeydiyyata düşsələr də heç vaxt həmin mənzildə yaşamamışlar. 28.07.2021-ci il tarixli Azərbaycan Respublikası DİN Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə vətəndaş X4, X9, X10 və X8 qanunsuz qeydiyyata alındıqları ünvan 1 binanın 14 saylı ünvanından qeydiyyatdan çıxarılmalarına dair ərizəsinə 04.08.2021-ci il tarixli, 101-23262C-3221 №li məktubla müraciətin təmin edilməməsi cavabı verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı 30.08.2021-ci il tarixdə iddia tələbinə dəyişiklik edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində cavabdehlər siyahısından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin çıxarılmasını və X4, X9, X10 və X8 ünvan 1 binanın 14 saylı mənzilindən çıxarılması barədə öhdəliyin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 02.09.2021-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9617/2021 nömrəli, 02.09.2021-ci il tarixli qərardadı ilə X4, X9, X10 və X13 İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə 10.11.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ünvanladığı ərizədə məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdeh və üçüncü şəxslərə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş ÖM seriyalı, 126575 nömrəli Qeydiyyat vəsiqəsində qeyd edilmişdir ki, verilir vətəndaş İddiaçı ondan ötrü ki, o, Bakı şəhəri, General Şıxlinski küçəsi, 2 saylı evin 28,82 kv.metr yaşayış sahəsindən ibarət 2 (iki) otaqlı 14 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 15 a/c saylı reyestr kitabında 2230 səhifədə 30/18561 nömrəsi ilə 31.08.2002-ci ildə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 87 saylı Mənzil Kommunal İstismar Sahəsinin 06.08.2019-cu il tarixli, 18 nömrəli arayışında göstərilmişdir ki, verilir İddiaçı (1961) ondan ötəri ki, o, həqiqətən General Şıxlinski küçəsi, 2 saylı evin 14 nömrəli mənzilində yaşayır. Qeydiyyata alma 30/18561, 31.08.2002-ci il tarixdən mülkiyyətin sahibidir. Göstərilən mənzildə qeydiyyatda heç kim yoxdur. İş materiallarına əlavə edilmiş “Elektron notariat” X1 21.01.2020-ci il tarixli çıxarışdan görünür ki, X4, X9, X10 və X13 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 16.09.2021-ci il tarixli, 018-14415-1221 nömrəli məktubunda bildirilmişdir ki, 19.05.1999-cu il təvəllüdlü X10 18.09.2013-cü il, 17.12.1988-ci il təvəllüdlü X13 24.04.2006-cı il, 09.11.1967-ci il təvəllüdlü X4 və 08.09.1957-ci il təvəllüdlü X9 17.11.2003-cü il tarixdən hal-hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Əlavə olaraq bildirilir ki, adları qeyd olunan şəxslərin qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən verilmiş 24.09.2021-ci il tarixli, 101-30034 nömrəli məktubda bildirilmişdir ki, məktubda adları qeyd olunan şəxslərin ünvan 2 ünvanına qeydiyyata alınmasına əsas verən sənədlər DİN-in normativ hüquqi aktına əsasən yandırılma yolu ilə məhv edildiyindən, onların göndərilməsi imkan xaricindədir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 04.10.2021-ci il tarixli, **********53 nömrəli məktubda bildirilmişdir ki, X3, X5, X6, X8 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 2, 14 saylı mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş ÖM seriyalı, 008601 nömrəli Qeydiyyat vəsiqəsində qeyd edilmişdir ki, verilir vətəndaş X7 ondan ötrü ki, o, ünvan 1 evin 48,7 kv.metr yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı 14 saylı mənzili X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1043 saylı reyestr kitabında 156645 səhifədə 30/156645 nömrəsi ilə 06.07.1999-cu ildə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhər Xətai Rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 99 saylı Mənzil Kommunal İstismar Sahəsinin 29.09.2021-ciil tarixli, 774 nömrəli arayışında göstərilmişdir ki, verilir X7 ondan ötəri ki, o, həqiqətən General Şıxlinski küçəsi, 2 saylı evin 14 nömrəli mənzilində qeydiyyatdadır. Bildirilir ki, Xətai rayonu ərazisində 2 ədəd General Şıxlinski küçəsi, ev 2, mənzil 14 mövcuddur. Bunlardan biri 94 saylı MKİS-nin ərazisində yerləşir. 99 saylı MKİS-nin ərazisindəki General Şıxlinski küçəsi, ev 2, mənzil 14 sahəsi 467 kv.m, 3 otaqlı olmaqla X5 şəxsi mülkiyyətindədir və həmin ünvanda aşağıdakı ailə tərkibi ilə qeydiyyatdadır və yaşayır: özü - X9 - 1957, arvadı - X4 - 1967, oğlu - X13 - 1988, qızı - X10 - 1999, nəvəsi - X14 - 2014, nəvəsi - X15 - 2018. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin iddiaçının nümayəndəsi Nümayəndə müraciətinə cavab olaraq ünvanladığı 04.08.2021-ci il tarixli, 101-23262C-3221 nömrəli məktubda bildirilmişdir ki, sizin 28.07.2021-ci il tarixində Xətai RPİ-nə ünvanladığınız müraciətinizə Qeydiyyat məsələləri bölməsində baxıldı. Müraciətinizdə, X3, X5, X6 və X8 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmisiniz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır. 1) yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən; 3) öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 4) yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qanunda göstərilən sənədlərdən hər-hansı birini təqdim etdiyiniz halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Həmin Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Mülki Məcəllənin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Hazırkı işdən müəyyən olunur ki, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxslər X9 eyni ünvan göstəricilərinə malik başqa bir mənzilin mülkiyyətçisidir və sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. X4, X10 və X13 isə X5 ailə üzvləridir. X7 məxsus mənzil ilə İddiaçı məxsus mənzil bir-birindən ayrı olmaqla fərqli, lakin eyni ünvan göstəricilərinə (mənzilin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi) malik olan mənzillərdir. Belə ki, Mənzil İstismar Sahəsinin təqdim etdiyi arayışdan, eləcə də mübahisəli ünvanla bağlı əldə edilmiş hüquqmüəyyənedici sənədlərdən müəyyən olunur ki, Xətai rayonu ərazisində 2 ədəd General Şıxlinski küçəsi, ev 2, mənzil 14 mövcuddur. Bunlardan biri 94 saylı MKİS-nin xidmət ərazisində, digəri 99 saylı MKİS-nin xidmət ərazisində yerləşir. Üçüncü şəxsə məxsus mənzil 99 saylı MKİS-nin xidmət ərazisindədir. İddiaçı və üçüncü şəxs X5 adlarına verilmiş mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqələrində qeydə alınmış əmlak kimi mənzillərin fərqli texniki göstəriciləri (İddiaçı məxsus mənzilin 28.82 kv.m yaşayış sahəsi olmaqla 2 otaqlı, X7 məxsus mənzilin yaşayış sahəsi 48.7 kv.m olmaqla 3 otaqlı) qeyd edilsə də, lakin həmin mənzillər daşınmaz əmlakın fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət eyni ünvan göstəriciləri ilə qeydiyyata alınmışlar. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 1.4-cü bəndinə görə ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. Həmin Qaydaların: -3.7-ci bəndinə görə daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; 3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri); 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi; 3.7.5. daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmamasına dair qeyd; 3.7.6. daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla), yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə). -3.8-ci bəndinə əsasən daşınmaz əmlak obyektinin ünvanının bu qaydaların 3.7.4cü bəndində göstərilən rekvizitinin (ünvan nömrəsinin) müəyyənləşdirilməsi Komitə tərəfindən bu Qaydalara uyğun olaraq həyata keçirilir. -3.9-cu bəndinə əsasən çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir. -3.11-ci bəndinə görə çoxmənzilli binaların hər bir mənzilinə, qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilir. Çoxmənzilli binaların hər bir mənzilinə və qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilərkən mərtəbəlilik nəzərə alınır. Bu zaman nömrələmə giriş qapısının yerləşdiyi mərtəbədən başlanır. Hər bir mənzilin və qeyri-yaşayış obyektinin tərkib hissəsinin ünvan nömrəsi binanın və ya qeyri-yaşayış obyektinin girişinin, həmin mərtəbənin və mənzilin nömrəsindən ibarət olur. Çoxmənzilli binanın hər bir mənzilinə ünvan nömrələrinin alınması həmin binanın sifarişçisi və ya mülkiyyətçisi tərəfindən təmin edilir. -4.2-ci bəndinə görə dövlət orqanları və bələdiyyələr, hüquqi və fiziki şəxslər bu qaydalara uyğun olaraq, rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə etməlidirlər. Bu Qaydalara uyğun olaraq daşınmaz əmlak obyektlərinə ünvan verilməsi və ya ünvanın dəyişdirilməsi barədə məlumat 7 gün müddətində Komitə tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilir. Daşınmaz əmlak obyektinin ünvanı dəyişdirildikdə, Komitə obyektin mülkiyyətçisinə bu barədə məlumat verir. Məhkəmə mülkiyyət hüququnun toxunulmazlığı, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası prinsiplərindən və mülkiyyətçilərin mülkiyyətində olan mənzilin ünvanları ilə bağlı subyektiv hüquqlara malik olmaq səlahiyyətlərindən çıxış edərək hesab edir ki, hazırkı iddia tələbi əsaslı hesab edilə bilməz. Belə ki, şəxsin qeydiyyatı daşınmaz əmlakın özünə deyil, həmin əmlakın (fərdi yaşayış evi, mənzil) məxsus olduğu ünvan reyestrində qeydiyyata alınmış konkret ünvan üzrə aparılır. Nəzərə alınsa ki, iddiaçı ilə üçüncü şəxs X9 hər ikisi ayrı-ayrı mənzillərin mülkiyyətçiləri olsalar da eyni ünvan göstəricilərinə malikdirlər və üçüncü şəxs və onun ailə üzvləri də məhz özünün mülkiyyətində olan mənzilin dövlət reyestrində qeydiyyatdan keçmiş ünvanı üzrə qeydiyyata alınmışdır, belə olan halda iddiaçı onunla bərabər mülkiyyətçi statusunda olan, fərqli mənzillər olsa da, lakin eyni ünvan göstəricilərinə hüququ olan başqa bir mülkiyyətçinin (və ya ailə üzvlərinin) həmin ünvan üzrə qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı hesab edilə bilməz. Odur ki, məhkəmənin qənaətinə görə cavabdehin iddiaçının müraciəti ilə əlaqədar adıçəkilən üçüncü şəxslər X4, X9, X10 və X8 həmin ünvan üzrə qeydiyyatdan çıxarılmaqdan imtinası qanuni olmuşdur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə (üçüncü şəxslər X4, X9, X10 və X13) qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-9617/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9617/2021
10.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver