Məhkəmə qərarları › İş №2-1(112)-9618/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9618/2021

22.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9618/2021 22.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X7 və X3) ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək X5 və X1 ona məxsus ünvan 1 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 26 fevral 2002-ci il tarixli, 011662 №-li qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsindəki 33 saylı fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. X4 2009-cu ilin 15 sentyabrında X3 ilə ailə həyatı qurduqdan sonra qeyd olunan ünvana qeydiyyata düşmüşlər. Hazırda onların mülkiyyətində olan mənzildə qeydiyyatda olmaları mülkiyyətçi hüquqlarımı tam həyata keçirməyə imkan vermir. Oğlu və gəlini 7 ildən çoxdur ki, onun mənzilində yaşamırlar, qeydiyyatda olduqlarına görə isə onların əvəzinə kommunal xərcləri ödəyir. 2021-ci ilin may ayında həyat yoldaşı Nadir Abdullayevin vəfatından sonra maddi imkanı tamamilə pisləşmiş, maddi imkanı onların əvəzinə kommunal xərcləri ödəməyə imkan vermir. Tənha qadındır, heç bir yerdə işləmir. Hesab edir ki, onlar mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmalı, özlərinə məxsus və yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X8 yerləşən fərdi yaşayış evinə qeydiyyata düşməlidirlər. Lakin onlar bunu könüllü etmək istəmirlər. Oğlu və gəlininin Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsindəki, 33 saylı fərdi yaşayış evində qeydiyyatdan çıxmaqları barədə Nəsimi rayon Polis İdarəsinə müraciət olunmuşdur, müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının "Yaşayış yeri və olduğu Yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinin tələblərinə əsasən ünvan 1 saylı ünvanda qeydiyyatda olan şəxsin (şəxslərin) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Nəsimi rayon Polis İdarəsinin imtinasını qanunusuz və əsassız hesab edirəm.

3. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək bildirdi ki, üçüncü şəxslər həmin evdə yaşamır, hazırda evdəki qeydiyyatları formal xarakter daşıyır. II. İddianın növü və mümkünlüyü

4. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

5. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.

6. Cavabdeh Nəsimi rayon polis idarəsi tərəfindən iddiaçıya verilmiş 18.08.2021-ci il tarixli imtinada bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinin tələblərinə əsasən ünvan 1 ünvanından qeydiyyatda olan şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qərarı əsasında həyata keçirilir.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

7. Məhkəmənin hazırki iş üzrə 26.08.2021-ci il tarixli qərardadı ilə X7 və X3 hazırki iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar.

8. CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən X7 və X3 ünvan 1 ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyatdadırlar.

9. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 26.02.2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir.

10. Bakı şəhəri Xəzər rayonu Binə bələdiyyəsi tərəfindən verilmiş 18.08.2021-ci il tarixli arayışa əsasən, X7 həyat yoldaşı X3 və oğlu X9 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X8 qeydiyyatsız olaraq yaşayırlar.

11. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 15.09.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi 33 saylı fərdi yaşayış evinə dair X5 və X1 istifadə hüququnun qeydiyyata alınmasına dair məlumat idarənin arxivində aşkar edilməmişdir. Bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, A. Səhhət küçəsi 33 saylı fərdi yaşayış evi 26.02.2002-il tarixdə İddiaçı Xonçoban qızının adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

12. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 02.08.2021-ci il tarixli qərardadına əsasən (iş№2(006)-5109/2021) İddiaçı cavabdehlər X7 və X2 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmiş, iddiaçıya izah edilmşdir ki, o müvafiq tələblə əlaqədar Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin qeydiyyat və şəxsiyyət şöbəsinə müraciət etmək hüququna malikdir. Məhkəmə qərardadı ilə müəyyən edilmişdir ki: “...mülkiyyətçinin ailə üzvləri mülkiyyətçiyə məxsus yaşayış sahəsindən o zaman istifadə hüququna malikdirlər ki, onlar mülkiyyətçi ilə mübahisəli yaşayış sahəsində birlikdə yaşasın. Mülki işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdehlər iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsindəki 33 saylı fərdi yaşayış evi 2014-cü ildən tərk ediblər. Hal-hazırda başqa ünvanda qeydiyyatsız yaşayırlar. Beləliklə, məhkəmə pasport qeydiyyatının yaşayış sahəsindən istifadə hüququ yaratmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehlərin iddiaçıya məxsus olan fərdi yaşayış evindən istifadə hüququ yoxdur. Onların yaşayış sahəsindən istifadə hüququ olmadan orada qeydiyyatda olması mülkiyyətçinin hüququnun pozulması kimi qiymətləndirilməlidir..”

13. Üçüncü şəxslər X7 və X3 məhkəmə iclasında iştirak etmirlər, bununla belə, məhkəməyə ünvanlanmış çoxsaylı müraciətlərində ünvan 5vdən pasport qeydiyyatından çıxarılmalarını xahiş edirlər.

IV. Məhkəmənin mövqeyi

14. Üçüncü şəxslər həmin ünvanda faktiki olaraq yaşamır, məhkəmə aktına əsasən, qeyd edilən mənzilə istifadə hüququnun olmaması müəyyən edilmiş, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

15. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2021-ci il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə görə: Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı);

16. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarları).

17. İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

18. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

21. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....

22. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

23. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

24. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X5 və X1 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.

25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. X5 və X1 ünvan 6 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar