Məhkəmə qərarları › İş №2-1(112)-9618/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9618/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9618/2023 01.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçı2, İddiaçı1 nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı qərarın ləğv edilməsi və s. tələbləri barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı Bakı Şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 03 aprel 2023-cü il tarixli 09/2023 saylı qərarının ləğv edilməsi; xx.xx.2022-ci il təvəllüdlü qızları X2 adının X4 dəyişdirilməsi; xx.xx.2022-ci il təvəllüdlü qızları X2 adına tərtib edilmiş AZ-İV № 722758 nömrəli xx.xx.2022-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin ləğv edilməsi və xx.xx.2022-ci il təvəllüdlü qızları X3 adına “Doğum haqqında ilkin şəhadətnamə”nin verilməsi; yeni doğum haqqında şəhadətnamədə qızları “Nəsibə” adının əvəzinə “Nilay” adı yazılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə mümkünlük iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, məhkəmə iclasında iddiaçılara məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 48-ci maddələrinə müvafiq olaraq hüquqi yardım göstərilərək, qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması, cavabdehin əsl cavabdehlə əvəz edilməsi, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən mötəbər sübutların təqdim olunması təklif edilmişdir. Həmin məhkəmə iclasında iddiaçı tərəfindən hər-hansı bir ərizə, vəsatət və iş üzrə əhəmiyyət kəsb edən sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarına əsasən: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu, məhkəmə tərəflərin bildir-məsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllə Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli və iş üzrə obyektiv qanunauyğun qərarın qəbulu üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamış, eyni zamanda iddianın mümkünlüyü ilə bağlı şərtlər yoxlanılmamışdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlüyü həmçinin iddiaçının ümumi xarakterli hüquqi müdafiə marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Hazırkı mübahisəyə münasibətdə ümumi xarakterli hüquqi müdafiə ehtiyacının mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, mübahisə predmeti ilə bağlı mümkünlük şərtləri baxımından iddiaçının ilkin olaraq səlahiyyətli inzibati orqana müraciət etməsi, bunun üzərindən öz məqsədinə daha effektiv və daha sadə yolla nail olmaq imkanından istifadə etməsi tələb olunur. Şəxs tərəfindən bu qaydaya riayət olunmadığı hallarda, həmin şəxsə münasibətdə ümumi xarakterli hüquqi müdafiə ehtiyacı mövcud olmur. Qeyd olunmalıdır ki, hazırkı mübahisədə iddiaçıların hüquqi marağı və məqsədi övladlarının adının dəyişdirilməsinə nail olmaqdan ibarətdir. Nail olmaq istədikləri məqsəd baxımdan iddiaçılar adın dəyişdirilməsi üzrə normativ qaydalara uyğun davranmağa, adı dəyişdirməyə səlahiyyətli olan quruma müraciət edərək həmin orqan tərəfindən müvafiq qərarın qəbul olunmasını tələb etmək imkanından yararlanmağa borcludurlar. Nəzərə almaq lazımdır ki, adın dəyişdirilməsi proseduru, həmin proseduru aparmağa və adı dəyişdirməyə səlahiyyəti olan aidiyyəti orqanlar müvafiq qanunvericiliklə, o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsi və Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” ilə tənzimlənir. Bununla bağlı məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 54-cü maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.1-ci bəndinə görə, Bu Qaydalar “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında” 2010-cu il 31 may tarixli 1016-İİİQD nömrəli Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 294 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri (bundan sonra - qeydiyyat şöbəsi) və ya rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra - icra hakimiyyətinin nümayəndəliyi), xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə konsulluqlar (bundan sonra konsulluq) tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir. Həmin Qaydaların 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq (xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə) tərəfindən həyata keçirilir. Hazırkı mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə materiallardan iddiaçıların övladlarının adının dəyişdirilməsi ilə bağlı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə (Qəyyumluq və Himayəçilik Komissiyasına) müraciət etdiyi görünür. Yuxarıda istinad olunan normalarda şəxsin adının dəyişdirilməsi ilə bağlı səlahiyyətli orqan qismində cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti və ya onun yanında Qəyyumluq və Himayəçilik Komissiyası deyil, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri müəyyən edilmişdir. İstinad olunan Qaydaların 1.5-ci bəndinə əsasən, adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. İddiaçıların övladının adının dəyişdirilməsinə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən razılıq və ya icazə verilməməsini ifadə edən 03 aprel 2023-cü il tarixli 09/2023 nömrəli qərarı ilə bağlı məhkəmə qeyd edir ki, mübahisələndirilən həmin qərar və ya qərarda ifadə olunan mövqe “İnzibati icraat haqqında” Qanun anlamında inzibati akt və ya faktiki xarakterli hərəkət kimi qiymətləndirilə bilməz və bu baxımdan iddiaçılar üçün hüquqi nəticə yaratmır. Nəzərə almaq lazımdır ki, qeyd olunan qərar (mövqe) iddiaçıların övladının adını dəyişdirmək hüququnu məhdudulaşdırmaq və ya həmin hüquqdan onları məhrum etmək keyfiyyətinə malik deyildir. Belə ki, yuxarıda istinad olunan normalar baxımından adın dəyişdirilməsi üzrə inzibati icraatı həyata keçirmək və həmin icraat nəticəsində adın dəyişdirilməsi ilə bağlı yekun qərar-inzibati akt qəbul etmək səlahiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına deyil, qeydiyyat şöbəsinə aiddir və yalnız qeydiyyat orqanının adın dəyişdirilməsindən imtina edilməsi barədə qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Hazırkı mübahisə üzrə proses iştirakçılarına, xüsusilə də iddiaçılara izah olunmalıdır ki, soyadın, adın və ata adının dəyişdirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” ilə müəyyən olunur. Həmin qaydalara əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq (xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə) tərəfindən həyata keçirilir. Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı (qərarda ifadə olunan mövqeyi) yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi baxımından adın dəyişdirilməsi ilə bağlı rəy qismində qiymətləndirilməlidir. Həmin rəyin neqativ və ya pozitiv xarakter daşımasından asılı olmayaraq qeydiyyat şöbəsi tərəfindən adın dəyişdirilməsi ilə bağlı ərizə üzrə inzibati icraat başlanılmalı və icraat nəticəsində bu barədə müvafiq qərar qəbul edilməlidir (qeyd olunan rəyə icraat çərçivəsində qiymət verilməlidir). Qeydiyyat şöbəsi tərəfindən qəbul edilmiş qərar inzibati akt sayılır və müraciətin təmin olunmadığı təqdirdə iddiaçılar tərəfindən mübahisələdirilə bilər. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən hazırki iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar