Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-962/2022 12.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının vəkili X2 və cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyinin təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə İddiaçı əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi vəzifəsinin qoyulması və cavabdehdən pensiyanın təyin olunmayan ayları üzrə ödənilməmiş ümumi məbləğinin alınması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının razılığı ilə əsl olmayan iddiaçı X4 əsl İddiaçı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Agentliyinin üzərinə əlilliyinin bərpa edilməsi, həmin məlumatların əlilliyinin etibarsız hesab edildiyi 01 mart 2021-ci il tarixdən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya alt sisteminə daxil edilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə xx.xx.2021-ci il tarixdən ikinci qrup əlilliyinin təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 27 yaşı vardır. O 28 iyun 2009-cu ildən ağır formalı “viruslu kötüklü ensifalit” xəstəliyinə düçar olub. Bir neçə il müalicə etdirilmiş, hətta Türkiyədə müayinə etdirilmiş, bu sahə üzrə dünyada tanınmış mütəxəsislərə müraciət etmişlər, heç bir nəticəsi olmamışdır. İddiaçı çox çətinliklə həyatda saxlaya bilmişlər, lakin o, şikəst qalmışdır. Orta məktəbdə təhsilin davam etdirə bilməmişdir. Onun iş qabiliyyəti yoxdur, mütəmadi nə eşidə, nə deyiləni anlaya bilir, yaddaşı itib, yazı yaza, oxuya bilmir. Sözü anlaması üçün bir neçə dəfə demək lazım gəlir. Uzun müddət loqoped yanında olub. Hər dəfə bir neçə gün davam edən epilepsık tutmaları olur. Epilepsik tutmaların qarşısını almaq üçün 10 ildir hər gün “Depakin” 500mq. dərmanı qəbul edir. 2013-cü ildən ona İİ qrup əlilliyə görə pensiya təyin olunub. Hər il onun qeydiyyatda olduğu 17 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkim məsləhət komissiyası cavabdehə göndəriş göndərir. 19 fevral 2021-ci il tarixdə də 17 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkim məsləhət Komissiyası ümumi xəstəlik üzrə 2768003AACNX saylı göndəriş göndərib və bunu 03 mart 2021-ci il tarixdə göndərişlərin reyestrinə daxil edib. 23 aprel 2021-ci il tarixdə məlum olub ki, 01 mart 2021-ci il tarixdə onun əlil və sağlamlıq imkanlarının məhdudluğundan imtina verilib. Səbəb də bu göstərilib ki, guya “onun əlavə müalicəyə ehtiyacı var. 2016-cı ildən sonra stasionar müalicələr almayıb, tutmaların sayı göstərilməyib, hal-hazırkı vəziyyətini qiymətləndirmək üçün ixtisaslaşmış xəstəxanada ətraflı müayinə, müalicə alması məsləhət görülür”. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Cavabdehin rəyindən belə çıxır ki, əlil insan hər dəfə stasionar müalicə almasa əlilliyi yoxa çıxır, epilepsik tutmalar İddiaçı özündən asılı deyil ki, onların sayı eyni olsun. Tutmalar hər dəfə fərqli olur. Bəzən ayda bir dəfə, bəzən hər gün bir neçə dəfə baş verir. “Viruslu kötüklü Ensifalit”in qalıq əlamətlərinin müalicəsi mümkün deyil, bunun üçün Azərbaycan Respublikasında ixtisaslaşmış xəstəxana mövcud deyildir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddiaçının əlillik vəziyyəti 9 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: Vİ sinif- Sinir sistemi xəstəlikləri => G00-G09- Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri =>G09- Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri; Diaqnozun mətni: Keçirilmiş virus mənşəli ensefalitin qalıq əlamətləri; Meyar: 4. 18 yaş tamam olana qədər: =>Digər: Keçirilmiş virus mənşəli ensefalitin qalıq əlamətləri” əsas gətirilməklə 18 yaşınadək verilmişdir. Daha sonra 17 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif – Sinir sistemi xəstəlikləri => G40-G47 – Epizodik və paroksizmal pozğunluqlar => G40- Epilepsiya => G40.4 Generalizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri; Diaqnozun mətni: Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları Motorafaziya sensor ağır eşitmə Bulbar iflic və epileptik tutmalarla; Meyar: 2.2. İkinci dərəcəlik əillik => 2.2.16. Epilepsiya tez-tez təkrarlanan (ayda 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə” əsas gətirilməkilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 17 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif – Sinir sistemi xəstəlikləri => G40-G47 – Epizodik və paroksizmal pozğunluqlar => G40- Epilepsiya => G40.4 Fokal başlanığıclı qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (fokal) (pasial..; Diaqnozun mətni: Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları Motorafaziya sensor ağır eşitmə Bulbar iflic və epileptik tutmalarla; Meyar: 2.2. İkinci dərəcəlik əillik => 2.2.16. Epilepsiya tez-tez təkrarlanan (ayda 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə” əsas gətirilməkilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sözügedən Xəstəxananın xx.xx.2014-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif – Sinir sistemi xəstəlikləri => G00-G09 – Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G09 – Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri; Diaqnozun mətni: Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları Motor afaziya; Meyar: 2.2. İkinci dərəcəlik əillik => Digər: Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları Motor afaziya” əsas gətirilməkilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif – Sinir sistemi xəstəlikləri => G00-G09 – Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G09 – Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri; Diaqnozun mətni: Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları Motor afaziya; Meyar: 2.2. İkinci dərəcəlik əillik => Digər: Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları Motor afaziya” əsas gətirilməkilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 2768003AACNX saylı göndərişi əsasında qiymətləndirilmiş və “X1: XXİ Sinif- Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları Keçirilmiş ensefalitdən sonrakı ikinci yuvenil demensiya-koqnitiv funksiyaların kobud pozulması ilə; Mərkəzə göndərilmənin/ İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması – Səbəb 2016-cı ildən sonra stasionar müalicələr almayıb, tutmaların sayı göstərilməyib, hal-hazırki vəziyyətini qiymətləndirmək üçün ixtisaslaşmış xəstəxanada ətraflı müayinə, müalicə alması məsləhət görülür” əsas gətirilməklə imtina verilmişdir. Məlumat üçün bildiririlir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfındən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X5 iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü ildə doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01№ 019429 nömrəli, xx.xx.2011-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci ildə sağlamlıq imkanları məhdud 18 yaşınadək yşaqlara sosial müavinət almaq hüququ verən tibbi göstərişlərin meyarlarının 2.1.4-cü bəndinə əsasən 18 yaşına qədər sağlamlıq imkanı məhdud uşaq hesab edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11 №-li Zona Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-02№ 288288 nömrəli, xx.xx.2012-ci il tarixli, SER TSE-01№-187292 nömrəli, xx.xx.2013-cü il tarixli, SER TSE-01№-499001 nömrəli, xx.xx.2014-cü il tarixli arayışlarının surətlərindən görünür ki, İddiaçı müvafiq olaraq xx.xx.2012-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə ikinci qrup əlillik təyin edilmiş, xx.xx.2013cü il tarixdə xx.xx.2014-cü ilədək, xx.xx.2014-cü ildən xx.xx.2016-cı ilədək ümumi xəstəlik səbəbi ilə ikinci qrup əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli, xxxxxxx005 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ümumi xəstəlik səbəbi ilə “Keçirilmiş vius mənşəli ensefalitin davamlı qalıqları. Motor afaziya” daiqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. - “17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına ünvanlanmış xx.xx.2021-ci il tarixli, 2768003AACNX №-li, TQS № 088 tibbi arayışdan görünür ki, İddiaçı TSEK-ə göndərilən zaman vəziyyəti - status localis: Xəstə 2009-cu ilin iyul ayında - Naməlum mənşəli virus ensefaliti, psevdobulbar iflic, tota afaziya, hiperkinezlər diaqnozu ilə Mirqasımov adma RKX-ın reanimasiya şöbəsinə qəbul olunmuş, bundan sonra davamlı stasionar və ambulator müalicələr alsa da səhətində yaranmış ağırlaşmaların geridönməzliyi səbəbindən xəstəyə 2-ci qrup əlillik təyin edilmişdir, hal-hazırda xəstənin səhhətində olan ağırlaşmalar qalmaqdadır, davamlı olaraq Nootroplar, Antikonvulsantlar-Epiexx-500 mh.Finlepsin 400 mg qəbul edir. Əlillik müddəti bitdiyindən əlillik dərəcəsinin uzadilmasi üçün müraciət etmişdir. Huşu aydın, meningial əlamətlər qeyd olunmur, xəstənin nitqi tamamiylə olmadığından və kar olması səbəbindən ünsiyyət qurmaq olmur, əl işarələri ilə fikirlərini izah edir, koqnitiv funksiyaları kobud pozulub, üzü mərkəzi tpli assimetrik, fotoreaksiya canlı, horizontal nistaqm qeyd olunur, ətraflarda refekslər yüksəlib, parez və iflic qeyd olunmur. Xəstədə ayda 8-12 dəfə təkrarlanan generalizə olunmuş tonik klonik tutmalar baş verir, antikonvulsantların qəbuluna baxmayaraq, xəstədə Psevdobulbar iflic, Total motor afaziya, ikitərəfli neyrosensor ağıreşilmə 4-cü dərəcə-praktik karlıq var, Emosional ləbildir, uzun müddət əsəbilik və aqresiya nümayiş etdirir, yaddaş, qavrama, özünü idarə etməsi pozulub, yuvenil demensiya qeyd olunub. Əsas diqanoz: G04 - Ensefatil, mielit və ensefalomielit. Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqlarıxx.xx.2009-cu il. Ağırlaşma: F02.8* - Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya Keçirilmiş ensefalitdən sonraki ikincili yuvenil demensiya-koqnitiv funksiyaların kobud pozulması ilə. TSEK-ə göndərilməsi üçün əsas kimi əlillik müddətinin qurtarması-yenidən baxmaq qeyd edilmişdir. - Cavabdehin sonuncu müayinəyə dair məlumatın verilməsinə dair xx.xx.2021-ci il tarixli çıxarışından görünür ki, İddiaçı “Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları Keçirilmiş ensefalltdan sonrakı ikincili yuvenil demensiya-koqnitiv funksiyaların kobud pozulması ilə” diaqnozu əsasında xx.xx.2021-ci il tarixdə əlavə müalicəyə ehtiyacın olması səbəbilə - Ətraflı: 2016-cı ildən sonra stasionar müalicələr almayıb. Tutmaların sayı göstərilməyib. Hal-hazırki vəziyyətini qiymətləndirmək üçün ixtisaslaşmış xəstəxanada ətraflı müayinə, müalicə alması məsləhət görülür – imtina edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 1561 №-li sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 102/2022 saylı ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün 17 nömrəli Birləşmiş şəhər xəstəxanasının tərtib etdiyi xx.xx.2021 -ci il tarixli, 2768003AACNX №-li, TQS 088 saylı formada şəxsin səhhətini əks etdirən “keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları, keçirilmiş ensefalitdən sonrakı ikinci yuvenil demensiya-koqnitiv funksiyaların kobud pozulması ilə” diaqnozdakı əsas xəstəlik kliniki, laborator instrumental müayinələr əsasında müəyyən olunmuşdur və bu xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə qeyd edilən xəstəliklərin əhatə dairəsinə düşür. Odur ki, şəxsin əlillik dərəcəsinin qiymətləndirilməsi üçün müvafiq ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunması haqqındakı məlumatlar yeni Forma 088 tərtib edilərək TSEK-ə göndərilməklə onun təyininə baxıla bilər. - Qeyd olunan rəydən həmçinin görünür ki, Sumqayıt şəhər psixatriya xəstəxanasının həkim-psixiator komissiyasının rəyinə əsasən xx.xx.2022-ci il tarixdə Z.Şahverdiyevin müayinəsi zamanı komissiya tərəfindən ona “üzvi emosional labil pozuntu, anamnezində qıcolma simptomu, yüngül koqnitiv pozuntu-F066; F067” diaqnozu qoyulmuşdur. ATU-nun X3 Z.N.Şahverdiyevin xx.xx.2022-ci il tarixli ümumi sedasiya altında Bera testi aparıldı. 33.1 rate 2000 sweep click şiddətində Bera testi zamanı sağ qulaqda 35 dBHL intensivlikdə V dalğa əldə edildi. Nəticə: hər iki qulaqda İ dər. neyrosensor tip ağıreşitmə təsbit edilmişdir. “Baku” Medikal Plazada İddiaçı xx.xx.2022-ci il tarixdə beynin MRT müayinəsi zamanı radioloq nəticəyə gəlmişdir: sağ beyin yarımkürəsində təpə-gicgah payları hüdudunda, gicgah payın bazal səthində, kortikal qatda ensefalomalyasiya və qlioz dəyişiklik, eyni səviyyədə solda, gicgah payda, kortikal qatda və mediobazal hissədə hipokampus ətrafında qlioz dəyişiklik, sol hipokampusda atrofık və sklerotik dəyişiklik kortikal qatda atrofıya (qeyd edilən dəyişikliklər keçirilmiş ensefalitin qalıq əlamətləri kimi düşünülmüşdür), burun çəpərində sola doğru deviasiya. Beləliklə, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən onun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı 17 nömrəli Birləşmiş şəhər xəstəxanasında tərtib olunmuş xx.xx.2021 -ci il tarixli 2768003AACNX №-li, TQS 088 saylı formada şəxsin səhhətini əks etdirən “keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları, keçirilmiş ensefalitdən sonrakı ikinci yuvenil demensiya-koqnitiv funksiyaların kobud pozulması ilə” diaqnozu, xx.xx.2021-ci il tarixdə isə Hərbi Xidmətə Çağırışla əlaqədar tibbi müayinədən keçərkən “keçirilmiş ensefalitin davamlı qalıq əlamətləri, Bulbar iflic və qıcolma sindromu ilə” diaqnozu müəyyən edilmişdir. Qeyd edilən əsas xəstəlik və ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd edilən xəstəliklərin əhatə dairəsinə düşür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. - 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. - 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. - 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. - 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.http://www.e-qanun.az/framework/44232 - 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: - 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. - 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. - 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. - 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20, G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9) hallarında ikinci dərəcə əlillik təyin edilir. Hazırki iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilkin olaraq xx.xx.2011-ci ildə sağlamlıq imkanları məhdud uşaq kimi müəyyən edilmiş, xx.xx.2012-ci ildən davamlı olaraq 2015-ci ilə kimi 1 il müddət müəyyən edilməklə, xx.xx.2015-ci il tarixdən isə 5 il müddətinə ona ümumi xəstəlik səbəbi ilə “Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları. Motor afaziya” diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddətinin qurtarması ilə əlaqədar iddiaçı qeydiyyatda olduğu 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına müraciət etmiş və həmin xəstəxana tərəfindən cavabdeh inzibati orqana xx.xx.2021-ci il tarixli, 2768003AACNX №-li, TQS № 088 tibbi arayış göndərilmişdir. Cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixdə “əlavə müalicəyə ehtiyacın olması: 2016-cı ildən sonra stasionar müalicələr almayıb. Tutmaların sayı göstərilməyib. Hal-hazırki vəziyyətini qiymətləndirmək üçün ixtisaslaşmış xəstəxanada ətraflı müayinə, müalicə alması məsləhət görülür” səbəbi ilə əlilliyin təyinindən imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertin rəyinə əsasən İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün 17 nömrəli Birləşmiş şəhər xəstəxanasının tərtib etdiyi xx.xx.2021ci il tarixli, 2768003AACNX №-li, TQS 088 saylı formada şəxsin səhhətini əks etdirən “keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları, keçirilmiş ensefalitdən sonrakı ikinci yuvenil demensiya-koqnitiv funksiyaların kobud pozulması ilə” diaqnozdakı əsas xəstəlik kliniki, laborator instrumental müayinələr əsasında müəyyən olunmuş və bu xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə qeyd edilən xəstəliklərin əhatə dairəsinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. - 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. - 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə qərardadı əsasında keçirilmiş ekspert rəyində əks olunan məlumatlar şübhə doğurmamış, bu məlumatların mötəbərliyinin təkzib edən hallar cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Bu səbəbdən ekspert rəyində olan məlumatlar hazırki iddia tələbi üzrə əhəmiyyət kəsb edən məlumatlar qismində çıxış edir. Ona görə də məhkəmə iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli, T102/2022 nömrəli ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək həmin rəyi iş üzrə əsas sübut növü kimi qəbul edir. Məhkəmə eyni zamanda cavabdeh inzibati orqanın imtinasının və etirazının əsası kimi irəli sürdüyü halla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”-nın: - 1.5.1-ci bəndində qeyd edilmişdir ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin verilməsi üçün əsasdır. - 1.5.3-cü maddəsinə əsasən isə əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. Belə olan halda isə cavabdehin müalicə müddətinin yetərli olmaması əsası ilə iddiaçıya təkrar əlillik təyinindən imtinası qanunvericiliyin tələblərinə zidd olmuşdur. Bundan əlavə iddiaçıya ilkin və sonradan təyin edilmiş əlilliklə bağlı diaqnozda hər hansı dəyişiklik olmamış, iddiaçıya davamlı olaraq 10 il ərzində eyni diaqnozla əlillik təyin edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı “G04 - Ensefatil, mielit və ensefalomielit. Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları- xx.xx.2009-cu il” diaqnozu ilə xəstə olduğundan və həmin diaqnoz ikinci dərəcəli əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçıya xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlilliyinin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-962/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-962/2022
12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver