Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9620/2023 13.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxslər X13 və X15 “bağ sahəsinin xüsusi mülkiyyət hüququ ilə ölmüş şəxsə məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi (əri) X5, Cavabdehin nümayəndəsi X2 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin xüsusi mülkiyyət hüququ ilə ölmüş şəxsə məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 13 dekabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 253 saylı qərarına əsasən X8 (Zeynalovnaya) Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağlar sahəsində, 218 saylı BTK nəzdində, ümumi sahəsi 0,12 hektar olan 176 “C” saylı bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsinə dair X8 X4 və İstismarı Birliyi tərəfindən 7 saylı order verilmişdir. X14 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. 29 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə” əsasən X6 vərəsələri İddiaçı (bundan sonra – iddiaçı) və X9r. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinin plan ölçüsünün tərtib edilməsi və daşınmaz əmlakının dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2013-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, təqdim edilmiş sənədlərdə bağ sahəsi 0,12 ha olduğu halda, əlavə 877,0 kv. metr torpaq sahəsi istifadə edilməkdədir. Torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli təkrar müraciətinə, cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda qeyd etmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 13/585 N-li qərarı ilə 218 №-li BTK nəzdində X1 adına B/S nömrəli order əsasında Pirşağı qəsəbəsində 0,12 ha torpaq sahəsi olan 176 "S” saylı bağ sahəsi ayrılmış, daha sonra X12 və ailə üzvlərinin sözügedən bağ sahəsinin X7 adına keçirilməsi ilə bağlı notarial qaydada təsdiq edilmiş xx.xx.1998-ci il tarixli ərizə ilə X10 müraciət etmişlər, lakin X6 adına Pirşağı qəsəbəsində 176 "S” saylı bağ sahəsinin ayrılmasına dair sənəd (order) İdarənin arxivində aşkar edilməmişdir. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 253 saylı qərarına əsasən Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və İstismarı Birliyinin 7 saylı orderi ilə mərhum anası X8 (Zeynalovnaya) Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağlar sahəsində 218 saylı BTK nəzdində ayrılmış ümumi sahəsi 0,12 hektar olan 176 “C” saylı bağ torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə mərhum X8 (Zeynalovna) məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, bağ sahəsi 1998-ci il tarixdən anasının, anası vəfat etdikdən sonra isə onun istifadəsindədir. İmtina əsassızdır və onun hüquqlarını pozur. İmtina məktubunda qeyd edilən göstərilənlər formal xarakter daşıyır. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilmiş sənədlərdə bağ sahəsi 1200.0 kv.m faktiki isə 2085.0 kv.m təşkil edir. İdarənin arxiv əsaslarında bağ sahəsinə dair orderin arxiv nüsxəsi aşkar olunmadı. Bundan başqa idarənin arxiv məlumatlarına əsasən eyni BTK nəzdində eyni bağ nömrəsi ilə digər fiziki şəxsin adına (X16) order mövcuddur. Eyni zamanda elektron kadastr məlumatlarına əsasən “176 s” saylı bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir və sahənin bir hissəsi elektrik xəttinin mühafizə zolağında yerləşir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən göstərilən sahəyə yerli baxış zamanı göstərilən bağ sahəsi ümumi hasar daxilində yerləşməsi və 1415 kv.m hissə tikililərlə ayrılmışdır. Qalan 670 kv.m sahənin faktiki yola giriş-çıxışı olmadığı məlum olmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında üçüncü şəxs Sədaqət Hacıyeva iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında üçüncü şəxs Yaşar Mehtiyev atasının vaxtilə bağlar İdarəsində işlədiyini, anasının dediyinə görə atasının bir neçə yerdə bağının olduğunu, lakin yerlərini bilmədiyini göstərdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş üçüncü şəxslər məhəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 253 saylı qərarına əsasən X8 (Zeynalovnaya) Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağlar sahəsində 218 saylı BTK nəzdində ümumi sahəsi 0,12 hektar olan 176 “C” saylı bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsinə dair X8 X4 və İstismarı Birliyi tərəfindən 7 saylı order verilmişdir. F.Hacıyeva həmin bağ sahəsinə dair mülkiyyət hüququnu qeydə aldırmadan ölmüşdür. İddiaçı həmin bağ sahəsinin mərhum anasına məxsus olması barədə arayış verilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi mərhum anasının adına olan İcra Hakimiyyətinin Sərəncamını və X11 və İstismarı Birliyinin orderini təqdim edir. Qeyd edilən normaların məzmununa əsasən, mərhum F.Hacıyeva mübahisələndirilən bağ sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. Məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) təqdim edilmiş sənədlərdə bağ sahəsi 1200.0 kv.m, faktiki isə 2085.0 kv.m təşkil edir; 2) iddiaçı torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir; 3) idarənin arxivində bağ sahəsinə dair orderin arxiv nüsxəsi aşkar olunmadı; 4) idarənin arxiv məlumatlarına əsasən eyni BTK nəzdində eyni bağ nömrəsi ilə digər fiziki şəxsin adına (X16) order mövcuddur; 5) elektron kadastr məlumatlarına əsasən “176 s” saylı bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir; 6) sahənin bir hissəsi elektrik xəttinin mühafizə zolağında yerləşir; 7) bağ sahəsi ümumi hasar daxilində yerləşir və 1415 kv.m hissə tikililərlə ayrılmaışdır. Qalan 670 kv.m sahənin faktiki yola giriş-çıxışı olmadığı məlum olmuşdur. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Belə ki, 1-ci halla bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində faktiki istifadəsində olan torpaq sahəsinə deyil, sənəd üzrə ona ayrılmış 0,12 ha torpaq sahəsinə dair tələb irəli sürmüşdür. 2-ci halla bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı qeyd edilən normalarda sadalanmış hüquqmüəyyənedici sənəd kimi həm İcra Hakimiyyətinin Sərəncamını, həm də, Bağlar Təsərrüfatının orderini təqdim etmişdir. 3-cü halla bağlı məhkəmə qeyd edir ki, order təqdim edilməsəydi belə, iddiaçının təqdim etdiyi Sərəncam özü-özlüyündə bağ sahəsinə dair hüququn qeydə alınması üçün əsasdır. Çünki Sərəncamda iddiaçının mərhum anasına ayrılmış BTK-nın və bağ sahəsinin nömrəsi göstərilmişdir (218 № li BTK, 176 C № li bağ). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır, hansı ki, hazırkı halda iddiaçı həmin sənədi cavabdehə təqdim etmişdir. Digər tərəfdən iddiaçı həmin orderin əslini məhkəməyə təqdim etmişdir. Orderin sürətinin idarənin arxivində olmaması iddiaçının təqsiri deyil. Məhkəmə tərəfindən BTK-nın arxiv qovluğu tələb edilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, 218 № li BTK-nın nəzdində olan 176 C № li bağ sahəsi ilkin olaraq Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 13/585 nörməli qərarı ilə X3 ayrılmışdır. Sonradan onun və ailə üzvlərinin ərizələrinə əsasən həmin bağ sahəsi iddiaçının mərhum anasının adına keçirilmişdir. Qeyd edilən sənədlər cavabdeh tərəfindən təqdim edilmiş BTK-nın arxiv qovluğunda mövcuddur. İddiaçı bağ sahəsinin anasına ayrılmasına dair Sərəncam və Order təqdim edir. Göründüyü kimi, bağ sahəsinin F.Hacıyevaya ayrılmasına dair arxiv sənədləri mövcuddur. Təqdim edilən orderin mötəbərliliyini şübhə altına alacaq hallar müəyyən edilmir. 4-cü halla bağlı məhkəmə qeyd edir ki, İdarənin arxiv qovluğundan eyni bağ sahəsinə dair Kamil Mehtiyevin adına da order mövcuddur. Lakin sonuncu öldüyündən onun oğlu Yaşar Mehtiyev üçüncü şəxs qismində işə cəlb edilmişdir. Üçüncü şəxs məhkəmə iclasında verdiyi izahatında bağ sahəsinin harada yerləşməsini bilmədiyini, atasının vaxtilə bağlar idarəsində işlədiyini və atasının bir neçə yerdə bağının olmasını bildirmişdir. Hazırkı işin mübahisələndirilməyən halıdır ki, iddia olunan bağ sahəsi iddiaçının faktiki sahiblik və istifadəsindədir və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edərək orada ailə üzvləri ilə birlikdə yaşayır. Üçüncü şəxs isə ümumiyyətlə bağ sahəsinin yerini bilmir və istifadəsində olmamışdır. Ona görə də, eyni bağ sahəsinə dair üçüncü şəxsin də adına orderin olması, iddiaçının həmin bağ sahəsinə mülkiyyət hüququnun reallaşdırması üçün mane olmamalıdır. Məhkəmə qeyd edir ki, fərz edək ki, eyni situasiyada bağın yerini bilməyən şəxs iddiaçı kimi təkcə orderlə məhkəmədə iddia qaldıraraq bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması tələbini irəli sürür. Belə olan halda iddia tələbinin təmin edilməsi üçün əsas olmayacaqdır. Çünki torpaq sahəsinin ayrılması təkcə hüquqmüəyyənedici sənədlərə malik olmaqla deyil, həmçinin torpaq sahəsinin yerinin müəyyən edilməsi və naturada ayrılması ilə həyata keçirilməlidir. 5-ci halla bağlı məhkəmə qeyd edir ki, cavabdeh çaşdırıcı imtina və etiraz əsasları göstərərək məhkəmənin “176 s” saylı bağ sahəsinə dair araşdırma aparması, həmin bağ sahəsi ilə bağlı sorğular verməsinə, işin əsassız olaraq yubanmasına səbəb olmuşdur. Halbuki iddiaçının hüquqmüəyyənedici sənədləri və iddia etdiyi bağ sahəsi “176 s” saylı bağ sahəsi deyil, “176 c” saylı bağ sahəsidir. Bakı şəhər İcra Hakimiyyətindən məhkəməyə təqdim edilmiş Sərəncamın həmin səhifəsinin çıxarışından görünür ki, bağ sahəsinin nömrəsi “176 s” deyil, “176 c”-dir. 6-cı halla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən: - bənd 6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. - bənd 7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. - bənd 12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; Göründüyü kimi, qanunverici elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı deyil, həmin torpaq sahəsində görülən işlərlə bağlı məhdudiyyətlər nəzərdə tutmuş, bu zaman həmin işlərin görülməsini şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığından asılı etmişdir. Qeyd edilən hal, iddiaçının müraciətini təmin etməkdən imtina edilməsi üçün əsas deyildir. 7-ci halla bağlı məhkəmə qeyd edir ki, cavabdeh həmin imtina əsasının iddiaçının tələbinin təmin olunmasına nə üçün mane olduğunu göstərməmiş, faktiki halları sadalayaraq iddia tələbinin rədd olunması xahiş edilmişdir. Torpaq sahəsinin faktiki tikililərə ayrılması, ümumi hasar daxilində yerləşməsi, yola giriş-çıxışının olmaması iddiaçının tələbini təmin etməkdən imtina üçün əsaslar deyil. İddiaçı tikililərə deyil, 0,12 ha torpaq sahəsinə dair iddia verib. Digər tərəfdən torpaq sahəsinin yola giriş-çıxışın olmaması mülkiyyət hüququ əldə edildikdən sonra həll edilməli olan məsələlərdir. Göstərilən hallar mülkiyyətçinin başqa torpaq sahəsində servitut almaq yolu ilə və digər yollarla aradan qaldırıla bilən məsələlərdir. Cavabdeh inzibati icraat apararaq iddiaçının tələbini təmin etmək əvəzinə formal əsaslara istinad edir və inzibati icraatda aradan qaldırıla bilən nöqsanları özü edə biləcəyi təqdirdə (məhkəmənin etdiyi kimi üçüncü şəxsi cəlb edib məsələni aydınlaşdırmaq və s.), iddiaçının tələbinin təmin olunmasına qarşı yönəlmiş bütün dəlilləri etiraz məktubunda sadalayaraq, hər hansı bir yolla iddia tələbinin rədd edilməsinə nail olmağa çalışır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq (ölmüş şəxsə məxsus olması barədə arayış almaq) hüququna malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 253 saylı qərarına əsasən Bakı şəhər İcra Hakimiyyəti Apparatının X4 və İstismarı Birliyinin 7 saylı orderi ilə mərhum X8 (Zeynalovnaya) Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağlar sahəsində 218 saylı BTK nəzdində ayrılmış ümumi sahəsi 0,12 hektar olan 176 “C” saylı bağ torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə X8 (Zeynalovnaya) məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-9620/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9620/2023
13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver