Məhkəmə qərarları › İş №2-1(112)-9622/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9622/2023

25.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9622/2023 25.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1, cavabdeh X6 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və X8 qarşı “qeydiyyatın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh X6 adına verilmiş xx.xx.2011-ci il tarixli ********** saylı qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi həmin binanın texniki pasportuna əsasən iki "A" tikili və və "B" tikililərdən ibarətdir. Binada hər birinin payları real və formal olmaqla 7 mülkiyyətçilərdən ibarətdir. Binanın "B" tikilisinin birinci mərtəbəsində yerləşən sahəsi 11,0 kv.m, təşkil edən ayrıca təcrid olunmuş və müstəqil giriş - çıxışı olmuş 1 (bir ) otaq yaşayış sahəsi 2009 cu ildən X5 adlı bir şəxsin xüsusi mülkiyyətində olmuşdur. Həmin yaşayış sahəsi binanın texniki pasportunda və "Çıxarışda" 1/2 hissədə 1 otaq (11.0) kimi qeyd olunub. O, həmin yaşayış sahəsini "İxtisaslaşmış Əmlak Hərrac Mərkəzi MMC" in 21 fevral 2023-cü ildə təşkil etdiyi açıq hərracda alqı-satqı yolu ilə əldə etmişdir. Hazırda o, həmin sahənin qanuni mülkiyyətçisidir və bu paya dair "Çıxarış" almışdır. Həmin ünvanda pasport qeydiyyatına alınmışdır. Lakin buna baxmayaraq o, yeni aldığı mülkiyyətinə köçərək oradan istifadə, onu idarə və barəsində sərəncam verə bilmir. Səbəb isə həmin sahənin hələ Əsgərov Elçinin mülkiyyətində olan zamanlarda, yəni 2011-ci ildən sonra cavabdeh və sair şəxslər tərəfindən qanunsuz olaraq zəbt olunmasıdır. Buna da səbəb isə həmin binada aparılmış qanunsuz alqı-satqılar və qanunsuz yenidənqurmalar olduğundan cavabdeh və digər şəxslər bundan istifadə edərək hazırda artıq onun mülkiyyətində olan 1 otaqlı (11.0) sahəni öz sahələrinə qataraq zəbt etmişlər. Buna görə də binanın tex pasportunda həmin sahə ayrıca təcrid olunmuş formada göstərilsə də faktiki olaraq həmin sahə cavabdeh yaxud sair şəxslər tərəfindən zəbt olunduğundan faktiki olaraq mövcüd deyil. Deyilənlərə görə həmin 11.0 kvm sahəni binaya sonradan gəlmiş cavabdeh X12 zəbt edərək zirzəminin qanuni giriş-çıxış qapılarını ləğv edərək oradan bayıra digər yerdən qapı açmış, daha sonra ona aid olan 11.0 sahəyə malik 1 (bir) otağı da özünün sonradan qanunsuz olaraq mülkiyyətinə keçirtdiyi 18,2 kv.m. (1,7 kv.m köməkçi sahəsi də var) lik sahəsinə qataraq onun sahəsindən özü üçün mətbəx və sanuzel düzəltmişdir. Nəticədə özünə məxsus olan 18,2 kv.m sahəli 1 otağından cəmi 30,9 kv malik böyük bir bir otaqlı mənzil düzəltmişdir. Qayıbovanın 2011-ci ildə zirzəmidən yaşayış sahəsi düzəltməsi də əslində qanunsuzdur. Çünki qanuna görə zirzəmilər yaşayış sahəsi kimi mülkiyyətə verilə bilməz. Zirzəminin cavabdehin mülkiyyətinə və istifadəsinə verilməsi qanunla ziddir. X6 adına isə həmin sahəyə dair xx.xx.2011-ci il tarixli ********** sayı qeydiyyat həyata keçirilmiş və həmin qeydiyyata əsasən cavabdeh Qayıbova qızının adına verilmiş çıxarış ləğv edilməlidir.

3. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd – X7 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən, 0.01257 ha torpaq sahəsinin istifadəsində olan 89 saylı evin X4 məxsus ½ hissədən köməkçi sahəsi 1,7 kv.m, yaşayış sahəsi 18.2 kv.m-dən ibarət 1 yaşayış otağına dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı ********** nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış verilmişdir. Əlavə olaraq məlumat üçün bildiririk ki, Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən 89 nömrəli fərdi yaşayış evi X3 (1/6 hissə), X11 (1/6 hissə), X9 (1/6 hissə), X15 (1/2 hissədən 36.4 kv.m), X13 (1/2 hissədən qalan hissə), Cavabdeh2 (1/2 hissədən 1 otaq (y/s 18.2 kv.m, k/s 1.7 kv.m)), və İddiaçı (1/2 hissədən 1 otaq (11 kv.m)) adına daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Odur ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddələrini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilir.

4. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ********** nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsi, 89 saylı ev 1/2 hissədə 1 otaq (11.0) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

5. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 bildirdi ki, iddia tələbi ilə bağlı iddiaçının müraciəti daxil olmamışdır.

6. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən cavabdeh X12 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.

II. İddianın mümkünlüyü

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

8. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

9. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarın: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır...

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər...

10. İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

11. Məhkəmə hüququ yardım etmək məqsədi ilə iddiaçıya ünvanladığı xx.xx.2023 və xx.xx.2023-cü il tarixli hüquqi yardım barədə məktublarında iddiaçıya iş üzrə X6 cavabdehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması ilə bağlı məhkəməyə iddia tələbinin dəqiqləşdirilması barədə ərizə ilə və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməsinə dair müvafiq sübutun məhkəməyə təqdim edilməsi iddiaçıya təklif edilmişdir. Əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi bildirilmişdir.

12. Lakin iddiaçı tərəfindən məhkəmənin hüquqi yardım barədə məktubu nəzərə alınmamış, nöqsanlar aradan qaldırılmamış, bunun üçün əlavə vaxt istənilməmişdir.

13. Beləliklə iş materiallarından və məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, iddiaçının iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etməsi halı mövcud deyil.

14. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

15. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeydiyyatın ləğv edilməsi tələbi ilə bağlı iddiaya cavab verməli olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olmadığına görə iddia mümkün sayılmamalıdır.

16. Göstərilənlərə əsasən və İPM-in 2, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar