Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9623/2025 02.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Dəniz küçəsi ünvanında yerləşən 0,22 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 56,30 kv.metr, 3 otaqdan ibarət olan fərdi yaşayış evini iddiaçının adına ilkin hüquqi qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Dəniz küçəsi ünvanında yerləşən 0,22 ha torpaq sahəsini Talebporazad Mohammad adlı şəxsin etibarnamə üzrə nümayəndəsi X2 almışdır. Alqı-satqı zamanı X3 iddiaçıya Talebporazad Mohammadin adına olan xx.xx.2010-cu il tarixli Çıxarışı iddiaçının adına keçirəcəkdir. Bu məqsədlə X3 cavabdehə müraciət etmiş, cavabdeh isə onun xahişini yerinə yetirməkdən imtina etmişdir. Alqı-satqı müqaviləsi imzalayana qədər həmin torpaq sahəsi üzərində ümumi sahəsi 56,30 kv metr, 3 otaqdan ibarət olan fərdi yaşayış evi mövcud olmuşdur. O vaxtdan da ailəsi ilə birlikdə həmin fərdi yaşayış evində yaşayır. Fərdi yaşayış evinə qaz, işıq və su xəttləri çəkilmişdir. Fərdi yaşayış evi şəhərsalma qaydalarına riayət edilməklə inşa olunmuşdur. Fərdi yaşayış evinin yerləşdiyi 0,22 ha bağ torpaq sahəsi daş hasarla əhatə olunmuş, həmin torpaq sahəsində müxtəlif meyvə və bəzək ağacları əkmiş, aqrotexniki qulluq göstərmişdir. Qeyd olunan torpaq sahəsindən istifadəyə görə vaxtlı-vaxtında dövlət rüsumlarını ödəmiş və hazırkı vəziyyətdə ödənişləri davam etdirir. Bundan başqa, torpaq sahəsindən istifadə edərkən təbəqə qoruyucu tələblərə əməl etmiş, torpağın münbit qatını qoruyub saxlamış, ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamışdır. Qeyd edilən fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair hər hansı mübahisə yoxdur. Qanuni əsaslarla istifadəsində olan bağ torpaq sahəsini özəlləşdirmək məqsədilə X3 cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla xahişi təmin etməkdən imtina etmiş, imtinasını, fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi ilə əsaslandırmışdır. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın mümkün sayılmamasını xahiş etmiş və bildirmişdir ki, müvafiq iddia tələbi ilə bağlı iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə etdi, onun mümkün sayılaraq, mahiyyəti üzrə baxılmasını və təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçının hazırkı tələbi ünvan 1 ünvanında yerləşən 0,22 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 56,30 kv metr, 3 otaqdan ibarət olan fərdi yaşayış evini iddiaçının adına ilkin hüquqi qeydiyyata alınması və müvafiq çıxarışın verilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan bu iddia öhdəliyin icrası haqqında iddiadır (çünki daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz) ki, yuxarıda qeyd olunduğu kimi bu iddalar üzrə digər mümkünlük şərtləri ilə yanaşı tələb olunan şərtlərdən biri də ərizə ilə əvvəlcə müvafiq inzibati orqana müraciət edilməsidir. Belə ki, öhdəliyin icrası haqqında iddiaların qaldırılması zamanı məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana eyni tələblə müraciət edilməsinə dair şərtin qoyulmasında məqsəd inzibati icraatın məhkəməyədək inzibati orqanın özü tərəfindən həyata keçirilməsi zərurəti ilə əlaqədardır. Çünki məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparan orqan deyildir. Məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarının təmin edilməsindən ibarətdir. Buna görə də öhdəliyin icrasına dair iddialarda ilkin müraciətlə əlaqədar mümkünlük şərtlərinin yoxlanılması zamanı qiymətləndirilməli olan məsələ iddiaçının məhkəməyə müraciət edənədək pozulduğunu hesab etdiyi hüququnun bərpası ilə bağlı hər hansı bir hərəkət edib-etməməsi, başqa sözlə, inzibati orqanı pozulmuş hüququ ilə bağlı məlumatlandırıb-məlumatlandırmaması, eləcə də pozuntunun aradan qaldırmasını tələb edib-etməməsidir. İşdən görünür ki, iddiaçı öhdəliyin icrası haqqında hazırkı tələblə məhkəməyə qədər cavabdeh inzibati orqana müraciət etməmişdir. İddia ərizəsində iddiaçının özü də etiraf etmişdir ki, mübahisəli daşınmaz əmlaka hüququn qeydə alınması ilə bağlı cavabdehə o deyil, X3 müraciət etmişdir. İşdə olan D.Əsədovun cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, D.Əsədov Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Dəniz küçəsi ünvanında yerləşən 0,22 ha torpaq sahəsi üzərində ümumi sahəsi 56,30 kv.metr 3 otaqdan ibarət olan fərdi yaşayış evinin onun adına ilkin hüquqi qeydiyyata alınmasını xahiş etmişdir. Göründüyü kimi, D.Əsədov iddiaçının nümayəndəsi kimi onun adından deyil, öz adından cavabdehə müraciət etmişdir. Belə olan halda isə, məhkəmə hesab edir ki, həmin müraciət ərizəsi iddiaçının hazırkı tələbi üzrə məhkəməyəqədər inzibati orqana müraciət kimi qiymətləndirilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələbə cavab vermir, buna görə də iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-9623/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9623/2025
02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver