Məhkəmə qərarları › İş №2-1(112)-9624/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9624/2023

11.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9624/2023 11.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, iddiaçının cavabdehə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə çıxarışın və plan ölçünün verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhər keçmiş Əzizbəyov(indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının "Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında"xx.xx.1994-cü il tarixli, 545/46 nömrəli sərəncamı ilə iddiaçıya Qala qəsəbəsində "71" nömrəli sahədə şəxsi yaşayış evi tikmək üçün ayrılmış 0,12 ha torpaq sahəsinin faktiki sahibliyində və istifadəsində olan hissəsi (1090kv.m. ölçülü hissəsi) üzərində mülkiyyət hüququnun iddiaçının adına qeydiyyatının aparılaraq buna dair müvafiq çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhər keçmiş Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 545/46 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış 0,12 ha torpaq sahəsinin 1090kv.metr ölçülü hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun qediyyatının aparılaraq buna dair müvafiq çıxarış və plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər keçmiş Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının "Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında" xx.xx.1994-cü il tarixli, 545/46 nömrəli sərəncamı ilə iddiaçıya Qala qəsəbəsində 71 nömrəli sahədə şəxsi yaşayış evi tikmək üçün 0,12 ha torpaq sahəsi ayrılmışdır.Həmin sərəncamın arxiv kötüyü də vardır. Bu, 16 iyun 2021-ci il tarixli arxiv çıxarışı ilə təsdiq olunmuşdur. Sərəncam verildikdən sonra torpaq sahəsi iddiaçıya təhvil verilmiş və ixtiyarıma təslim edilmişdir. Həmin vaxtdan indiyə kimi artıq 30 ilə yaxındır ki, torpaq sahəsi iddiaçının qanuni istifadəsində və faktiki sahibliyindədir. Burada ev tikmiş və ailəsilə yaşayır. Torpaq sahəsi hasar daxilindədir. 2013-cü il tarixdə iddiaçının müraciəti əsasında Xəzər RİH tərəfindən sözügedən torpaq sahəsinin yerləşmə planı tərtib edilmiş, müvafiq möhürlə təsdiqlənmişdir. Bu, İH-nin xx.xx.2013-cü il tarixli məktubu və məktuba əlavə edilmiş sxemlə təsdiq olunur. Həmçinin İH-nin həmin məktubunun surəti o zaman keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə də göndərilmişdi. 2022-ci il tarixində sənədlərin qeydiyyat üçün caabehə müraciət etmiş, sonuncunun xx.xx.2022-ci il tarixli, **********62 nömrəli məktubu ilə iddiaçının mülkiyyət hüquqlarının Dövlət Reyestrində qeydiyyatından imtina edilmişdir. İmtina bildirişinin dəlilləri ilə razı olmamışdır. İmtinanı əsassızlığına dair dəlilləri aşağıdakılardan ibarətdir: İlk öncə iddiaçının faktiki və hüquqi sahibliyi və qanuni istifadəçiliyi heç vaxt hər hansı fiziki şəxs və ya dövlət orqanı tərəfindən mübahisələndirilməmişdir. Torpaq sahəsilə bağlı iddiaçının kiminləsə hər hansı mübahisəsi yoxdur, torpağa qarşı hər hansı şəxsin iddiası, tələbi yoxdur, torpaq mübahisəsiz qaydada iddiaçıya məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” xx.xx.2015-ci il tarixli fərmanda dəyişiklik edilməsi haqqında keçən il yeni fərman imzalayıb. Həmin Siyahının 2.7-ci bəndinin yeni redaksiyasına görə, “2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılınası barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar” daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas hesab olunur. İmtinanın 1-ci dəlili odur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi 3 saylı Qala Zeytunçuluq sovxozunun ərazisində yerləşir. Əvvəla, sovxozlar aparılmış torpaq islahatları nəticəsində ləğv edilmişdir. Həmin ərazidə və qonşu olan səmtlərdə onlarla şəxsə çıxarışlar verilib. İddiaçı qeyd olunan Fərmanın 2.3.2-cü bəndə istinad edərək bildirir ki, torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılması torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılmalı, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməlidir. Əgər ölçü həqiqətən də azdırsa, iddiaçı bu azalma ilə qeydiyyatın aparılmasına razıdır. Göründüyü kimi imtina bildirişinin dəlilləri əsassızdır...İmtina bildirişinin digər dəlili ondan ibarətdir ki, yerləşmə cizgisində istinad və məsafələr dəqiq qeyd olunmadığından torpaq sahəsinin sənəd üzrə yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Bildirir ki, yerləşmə cizgisində istinad məsafələrinin (yaxud istinad və məsafələrin) göstərilməməsi imtina üçün əsas ola bilməz...Təqdim olunmuş cizgi bunun tərtibinə səlahiyyətli olan Xəzər RİH tərəfindən tərtib olunmuş və təsdiqlənmişdir. Cizgi tərtib olunmamışdan əvvəl məsələ araşdırılmış, iddiaçının faktiki sahibliyi və istifadəsi yerində müəyyən edilmişdir. Buna görə də həmin sənədin mübahisələndirilməsi qərəzlidir. Halbuki, oxşar işlərdə cavabdeh orqanın fəaliyyətində formalaşmış inzibati praktika bundan ibarətdir ki, icra hakimiyyəti orqanının təsdiqlədiyi texniki sənədlər (sxem,cizgi,yerləşmə planı və s.)birmənalı olaraq qəbul edilir. İmtina bildirişinin 3-cü və sonuncu dəlili ondan ibarətdir ki, sənəd üzrə torpaq sahəsinin ölçüləri 1200kv.m. qeyd edilsə, faktiki 1090kv.m. təşkil edir. Bu uyğunsuzluğu “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli Fərmanı tətbiq etməklə aradan qaldırmaq mümkündür. Həmin fərman məhz ölkədə torpaqların mövcud problemli vəziyyəti ilə bağlı tənzimləmə işlərinin aparılması və qeydiyyatı zamanı meydana çıxan uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi 3 saylı Qala Zeytunçuluq sovxozunun ərazisində yerləşir. Bundan başqa yerləşmə cizgisində istinad və məsafələr dəqiq qeyd olunmadığından torpaq sahəsinin sənəd üzrə yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Bu barədə vətəndaşa **********62 saylı, xx.xx.2022-ci il tarixli və **********40 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubları ünvanlanmışdır. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********62 saylı məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, “71” saylı sahədə yerləşən torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsinin Bakı Filialı tərəfindən verilmiş Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının “Vətəndaşlara fərdi ev tikilməsi üçün topaq sahəsinin ayrılması haqqında” 23 iyun 1994-cü il tarixli 545/46 nömrəli Sərəncamın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 1908 nömrəli Sərəncamına əsasən Qala qəsəbəsi, Sülh küçəsi, 38 nömrəli evdə yaşayan, “Təranə” KM-də işləyən ailə tərkibi 4 nəfərdən ibarət İddiaçı Qala qəsəbəsində 71 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. Məktubda Sərəncama heç bir sənədin əlavə edilmədiyi qeyd olunmuşdur. -Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2013-cü il tarixli, Ş-06 saylı məktubdan görünür ki, Əzizbəyov RİHB-nin 545/46 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı ilə Qala qəsəbəsində fərdi ev tikmək üçün ona ayrılmış 71 saylı torpaq sahəsinin cizgisi və xəritəsi hazırlanmış və təsdiq edilmişdir. Məktuba Xəzər RİHB-nin Rayon təsərrüfatı şöbəsinin memarı və Qala qəsəbə nümayəndəsi tərəfindən təsdiq edilmiş sxem və xəritədən çıxarışdan əlavə eidlmişdir. -Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 06 dekabr 2022-ci il tarixli müayinə (baxış) aktından görünür ki, cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən Qala qəsəbəsində yerləşən iddiaçının istifadəsində olan torpaq sahəsinə baxış keçirilərək sözügedən torpaq sahəsinin mişar daşı ilə hasara alındığı, torpaq sahəsində yaşayış evinin mövcud olduğu, sahənin hüquqmüəyyənedici sənəd üzrə 1200,0 kv.metr, faktiki 1090,0 kv.metr olduğu qeyd edilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.8-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar (2.7) da daxildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Eyni Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü əlavə olunmalıdır (10.2.1, 10.2.2.). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. İşin müəyyən edilmiş hallarından görünür ki, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1994-cü il tarixli 545/46 nömrəli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Qala qəsəbəsi 71 saylı ərazidə 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmış və rayon icra hakimiyyəti tərəfindən sözügedən torpaq sahəsinin yerləşmə sxemi tərtib və təsdiq edilmişdir. İddiaçı qeyd olunan sənədlərə istinad edərək həmin torpaq sahəsi üzərində mülkiyyəti hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri yuxarıda istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndindəki aktlara uyğun gəlir. Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1994-cü il tarixli 545/46 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsi uzun müddətdir iddiaçının qanuni sahibliyində və istifadəsindədir. Cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair, habelə, qeyd olunan sərəncam və sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmin sərəncam və digər sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmiş, hazırda qüvvədədir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Məhkəmə iddiaçının istifadəsində olan torpaq sahəsinin 3 saylı Qala Zeytunçuluq sovxozunun ərazisində yerləşməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə bildirir ki, Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli 254-Xİİ nömrəli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinin (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) 7-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər: Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının, eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Torpaq məsələlərinə baxmaq və onlara dair qərar hazırlamaq üçün xalq deputatları Soveti torpaq komissiyası yaradır. Həmin Məcəllənin 8-ci maddəsinə görə torpaq islahatını həyata keçirmək məqsədilə rayon, şəhər xalq deputatları Sovetlərinin xüsusi torpaq fondu kolxozlar, sovxozlar, digər kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı müəssisələri, idarələri və təşkilatları tərəfindən səmərəli istifadə edilməyən (meşə fondu, qışlaq və yaylaq sahələri, qoruqlar və yasaqlıqlar istisna olmaqla) torpaq sahələri, habelə vətəndaşların xüsusi mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilmiş torpaq sahələri hesabına yaradılır. Həmin Məcəllənin 9-cu maddəsinə görə torpaq üzərində Azərbaycan Respublikasının dövlət mülkiyyətinə, respublika ərazisində bu Məcəllə ilə müəyyən edilmiş qaydada digər subyektlərin mülkiyyətinə verilmiş torpaqlardan başqa, bütün torpaqlar aiddir. Dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər. Göründüyü kimi, Bakı şəhəri Əzizbəyov RİH 23 iyun 1994-cü il tarixli 545/46 nömrəli sərəncamı qəbul edərkən müvafiq dövrdə qüvvədə olmuş Torpaq Məcəlləsinin 7 – 9-cu maddələrinin tələblərinə görə dövlət mülkiyyətində olan (o cümlədən, sovxoz ərazisinə aid olan) torpaqların fiziki şəxslərin istifadəsinə verilməsi səlahiyyətinə malik olmuşdur. Torpaq sahəsinin yerləşmə cizgisindəki uyğunsuzluqla bağlı qeyd olunur ki, həmin hallar iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun aradan qaldırılması da cavabdehin səlahiyyətindədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.50-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququn qeydiyyata alınması üçün “qanuni gözləntisi” vardır. Cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, iddia təmin edilməli, İddiaçı Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1994-cü il tarixli 545/46 nömrəli sərəncamı ilə ayrılmış 0,12 ha torpaq sahəsinin 1090 kv.metr ölçülü hissəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın və plan ölçünün verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhər Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994cü il tarixli, 545/46 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinin 1090 kv.metr ölçülü hissəsi üzərində onun mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın və plan ölçünün verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar