Məhkəmə qərarları › İş №2-1(112)-9628/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9628/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9628/2023 11.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi - Nümayəndə, Cavabdehin nümayəndəsi -X2, Üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi - X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" QSC və digərləri) qarşı “torpaq sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim olunan xx.xx.2012-ci il tarixli, A-207 nömrəli arxiv çıxarışında torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahələr ilə üst-üstə düşür. Eyni zamanda torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ünvanında yerləşən 400 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə ona dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X3, X8, X10 və "xxxx" QSC üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişlər. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Səbail rayon İcra Hakimiyyətinin 19 sentyabr 1996-cı il tarixli, 1785 saylı sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsində “Köhnə Bağlar” ərazisində yerləşən 400 kv.metr torpaq sahəsi onun adına sənədləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində hüquqlarını rəsmiləşdirmək məqsədi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh təşkilatın xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, sözügedən torpaq sahəsinin arxiv arayışında nömrəsi və ölçüsü qeyd edilməmişdir və bundan əlavə qeyd olunur ki, göstərilən torpaq sahəsinin bir hissəsi digər fiziki şəxslərin adına reyestrdə qeydiyyata alınmış sahələr ilə üst-üstə düşür. Eyni zamanda torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməmişdir. Cavabdeh təşkilatın bu hərəkəti qanunaziddir. Belə ki, yuxarıda qeyd olunduğu kimi torpaq sahəsi qanuna müvafiq ona ayrılmış, həmin sahə ona naturada təhvil verilmiş, o da öz növbəsində torpaq sahəsini daş hasarla əhatəyə almaqla hal-hazıra kimi faktiki sahiblik və istifadə hüquqlarını həyata keçirir. Cavabdeh təşkilatın imtinada qeyd etdiyi hallar həqiqəti əks etdirmir. Qeyd olunduğu kimi torpaq sahəsi onun qanuni mülkiyyətindədir. Bundan əlavə imtina məktubunda qeyd olunan yerləşmə cizgisinin təqdim edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. Belə ki, məhkəmənin qərarı ilə Səbail rayon İcra Hakimiyyətinin üzərinə məlum torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyi qoyulmuşdur. Bu səbəbdən hesab edir ki, qanuni mülkiyyətində olan torpaq sahəsinə dair onun adına müvafiq çıxarış verilməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad etmiş və bildirmişdir ki, təqdim edilən xx.xx.2012-ci il tarixli, A- 207 nömrəli arxiv çıxarışında torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin 28 kv.metr hissəsi X1 (FİN: 0V3LZX7), 21 kv.metr hissəsi X5 (FİN: 12ZVCGB) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahələr ilə üst-üstə düşür. Daha sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9628/2023 saylı, xx.xx.2023-cü il tarixli sorğusuna əsasən idarənin mütəxəssisləri tərəfindən yerli baxış keçirilən zaman göstərilən torpaq sahəsinin konfiqurasiyası qeyri-müəyyən olmuşdur. Belə ki, göstərilən torpaq sahəsinin 20 kv.metr hissəsi X1 (FİN: 0V3LZX7), 40 kv.metr hissəsi X5 (FİN: 12ZVCGB), 12 kv.metr hissəsi X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahələr ilə üst-üstə düşür. Eyni zamanda torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməmişdir. Bundan əlavə, torpaq sahəsinin faktiki sahəsi 370 kv.metr təşkil edir. Həmçinin iddiaçı idarəyə müraciəti zamanı şəxsiyyət vəsiqəsini təqdim etməmişdir. Qeyd olunanlarla yanaşı göstərilən əraziyə "xxxx" QSC-nin müraciəti olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi iddia ərizəsinə etiraz etdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər üçüncü şəxslər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunan: - Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 19 sentyabr 1996-cı il tarixli, 1785 nömrəli “Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud bağın sənədləşdirilməsi barədə” Sərəncamından görünür ki, RİHB-nın Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş akta və yerləşmə cizgisinə istinad edərək Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud olan bağ sahəsi İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Torpaq sahəsinin konfiqurasiyası qeyri-müəyyəndir. Faktiki koordinatlarla olan sahə qərb tərəfdən 20.0 kv.m hissədə **********01, şərq tərəfdən 40.0 kv.m hissədə **********69-10301, cənub tərəfdən 12.0 kv.m hissədə **********55-10301 üst-üstə düşür. Bundan əlavə əraziyə metro stansiyasının tikintisinin planlaşdırılması ilə bağlı "xxxx"nin müraciəti mövcuddur. - Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli, 5-19/2-2/10-1133/2023 nömrəli məktubundan görünür ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 1785 saylı, xx.xx.1996-cı il tarixli sərəncamı və onun tərkib hissələri olan digər sənədlər (sxem və s.) Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. İddiaçı hazırda onun istifadəsində olan Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 19 sentyabr 1996-cı il tarixli, 1785 nömrəli sərəncamı ilə ayrıldığını iddia etdiyi həmin 400 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Eyni zamanda, iddiaçıya torpaq ayrılarkən qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (9 noyabr 1991-ci il tarixdə qəbul edilmiş) 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə görə müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş və 08 avqust 1999-cu ildə dərc edilərək qüvvəsini almış Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyinə görə torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayırma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayırma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməklə hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir. Başqa sözlə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat torpaqayırma haqqında hüquqmüəyyənedici sənədlərlə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Yəni şəxsin hər hansı bir hüquqmüəyyənedici sənədinin olması özlüyündə hüququn qeydə alınması üçün kifayət deyil. Bunun üçün habelə həmin hüquqmüəyyənedici sənəddə göstərilən daşınmaz əmlak, onun yerini müəyyənləşdirməyə imkan verən sənədlər mövcud olmalı və şəxsin hüququ məhz həmin əmlaka münasibətdə tanınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.1-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Beləliklə, istinad olunan normalardan görünür ki, torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ilk əvvəl onun planı və ölçüsü təqdim edilməli, plan ölçünün təqdim edilməsi üçün onun tərtib edilməsi məqsədilə torpaqayıran qurum tərəfindən torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilməli, həmin cizgiyə uyğun mərzçəkmə və inventarlaşdırma işləri həyata keçirilməlidir. Lakin iddiaçı hazırda hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsinə dair yerləşmə cizgisini təqdim etmədiyindən iddia olunan torpaq sahəsinin məhz sərəncamla ayrılmış torpaq sahəsi olduğunu müəyyən etmək, həmin sahənin plan ölçüsünün tərtib edilməsi və bunun davamı olaraq mülkiyyət hüququnun qeydə alınması mümkün olmamışdır. İşdən görünür ki, iddiaçı iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəditorpaqayırma barədə Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 19 sentyabr 1996-cı il tarixli, 1785 nömrəli sərəncamını təqdim etsə də, ayrılmış torpaq sahəsinin naturada ayrılmasını göstərən və yerini müəyyən etməyə imkan verən yerləşmə cizgisini təqdim etməmişdir. İşdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1262/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayon İcra Hakimiyyəti Başçısının 19 sentyabr 1996cı il tarixli 1785 saylı Sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisində yerləşən və faktiki onun istifadəsində olan 400 kv.mdən ibarət torpaq sahəsinə dair yerləşmə cizgisinin (sxemin) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia qismən təmin edilərək, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının «Badamdar qəsəbəsində «Köhnə bağlar» ərazisində mövcud bağın sənədləşdirilməsi barədə» 19 sentyabr 1996-cı il tarixli 1785 saylı sərəncamına əsasən İddiaçı adına sənədləşdirilməsi nəzərdə tutulan torpaq sahəsinin yerləşmə cizgisinin (sxeminin) verilməsi ilə əlaqədar İddiaçı müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. İş materiallarından görünür ki, həmin məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti isə xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə bildirmişdir ki, Sərəncam əsasında ayrılmış torpaq sahəsinə dair plan-ölçü sxeminin təsdiq olunması Yerli İcra Hakimiyyətlərinin səlahiyyətləri xaricində olduğundan qaldırılan məsələnin həlli istiqamətində köməkliyin göstərilməsi məqsədilə tərəfimizdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə rəsmi müraciət olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Rayon İcra Hakimiyyətinə daxil olmuş **********78 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən Bakı İnzibati Məhkəməsinin iş №2- 1(112)-1262/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə hər hansı öhdəlik qoyulmamış və bu səbəbdən də məsələnin həlli istiqamətində hər hansı bir köməklik göstərilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, qaldırılan məsələyə münasibət bildirilməsi məqsədilə sözügedən sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilmişdir. Göründüyü kimi, iddiaçının ona torpaq ayıran quruma qarşı qaldırdığı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” barədə iddiası təmin edilsə də, hazırkı tarixədək icra olunmamışdır, buna görə də iddiaçının naturada göstərdiyi torpaq sahəsinin həqiqətən Səbail rayon İcra Hakimiyyəti tərəfindən ona ayrılmış torpaq sahəsi olması müəyyən edilmir. Bundan başqa, yuxarıda sadalanan işin hallarından görünür ki, iddiaçının naturada göstərdiyi torpaq sahəsinin 20 kv.metr hissəsi X1 (FİN: 0V3LZX7), 40 kv.metr hissəsi X5 (FİN: 12ZVCGB), 12 kv.metr hissəsi X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahələr ilə üst-üstə düşür. Məhkəmə qeyd edir ki, əgər iddiaçıya ayrılmış torpaq sahəsinin naturada yerini müəyyən etməyə imkan verən yerləşmə cizgisi verildikdən sonra qeyd olunan hal hələ də qüvvədə olarsa, iddiaçı ona ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən hissələrə mühasibətdə üçüncü şəxslərin xeyrinə aparılmış qeydi mübahisələndirmədən həmin torpaq sahəsinə hüququnun qeydə alınmasını tələb edə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda sadalananlardan məlum olduğu kimi, iddiaçı hüquqlarının dövlət qeydiyyatı üçün zəruri sənədləri təqdim etmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının mübahisəli əmlaka hüquqlarını təsdiq edən yeni sübutlara (yerləşmə cizgisinə) əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar