Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9628/2025 17.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı İnzibati məhkəməsinin 2-1(112)- 13895/2023 saylı inzibati iş üzrə 22 dekabr 2023-cü il tarixli qərarına əsasən ödənilməmiş pul vəsaitinin birdəfəlik olaraq və yaxud pensiyanın aylıq məbləğinin azzldıldığı tarixdən başlayaraq ötən müddət aylarının sayına (19 ay) bölünərək əmək pensiyasına əlavə edilməklə geriyə ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı İnzibati məhkəməsinin 2-1(112)-13895/2023 saylı inzibati iş üzrə 22 dekabr 2023-cü il tarixli qərarı ilə İddiaçı 50 yaşının tamamlandığı 20 mart 2008-ci il tarixindən təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının bərpa olunması, pensiyadan tutmanın dayandırılması və iyun 2023-cü il tarixindən ötən dövr (19 ay) ərzində ödənilməmiş pul vəsaitinin ona geri ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərar qanuni qüvvəyə minərək dekabr 2024-cü il tarixində icraya yönəldilmiş, həmin ayda icra olunmuş və əmək pensiyası üzrə keçmiş müddət üçün ödənilməmiş pul vəsaiti 15475, 25 manat hesablanmışdır. Həmin pul vəsaiti 54 aya bölünərək hər ay 286,58 manat olmaqla əmək pensiyama əlavə edilərək ödənilir. Yuxarıda da qeyd edildiyi kimi pensiyanın aylıq məbləğinin azaldılması iyun 2023-cü il tarixdən başlamış və dekabr 2024-cü il tarixindən yenidən bərpa edilmişdir. Yəni ötən dövr dedikdə 19 ay nəzərdə tutulur. Lakin, nədənsə cavabdeh ötən dövrü 54 ay kimi nəzərdə tutmuş ödənilməmiş məbləği iddiaçıya 4 il 6 ay müddətində geri ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı hesab edir ki, cavabdehin bu qərarı tamamilə ədalətsiz və qanunsuz bir qərardır və ödənilməmiş pul vəsaiti birdəfəlik olaraq iddiaçıya geri ödənilməli və yaxud pensiyanın aylıq məbləğinin azaldıldığı tarixdən başlayaraq ötən müddət aylarının sayına (19 ay) bölünərək əmək pensiyasına əlavə edilməlidir. İddiaçı bu barədə cavabdehə dəfələrlə “DOST” xidməti vasitəsilə müüraciət etmiş və iddiaçıya 06 mart 2025-ci il tarixli 3-17-112-V-55090/2025 saylı məktubla cavab verilərək müraciəti icra olunmamışdır. İddiaçı bu cavabı imtina kimi qəbul edir. Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan “məhkəmə qərarı haqqında” xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 2-1(112)-13895/2023 nömrəli Qərarına əsasan 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası berpa olunmuşdur. Qeyd olunantan nəzərə alaraq, əmək pensiyanız üzrə keçmiş müddət üçün ödənilməmiş olan 15475.25 manat pul vəsaiti hesablanıb. Həmin pul vəsaiti 2024-cü ilin dekabr ayından hər ay 286,58 manat olmaqla əmək pensiyasının (1949.33 manat) üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və bildirdi ki, məhkəmə qərarı ilə iddia tələbi təmin edilmişdir, qərarın icra qaydasından narazıdır.
II. İddianın növü və mümkünlüyü
5. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
6. Məhkəmə qərarının icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır.
7. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
8. X1 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X1 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).
9. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
10. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).
11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
12. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarının icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında təmin edilməlidir.
13. Məhkəməyə müraciət Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və X1 Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) məqsədlərinə əsasən hüquqların nəzəri və xəyali deyil, praktik və səmərəli müdafiəsini təmin edir. Odur ki, məhkəmə qərarının tam və ya lazımi icra edilməməsi məhkəməyə çatım hüququnun pozulması ilə nəticələ bilər.
14. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı İnzibati məhkəməsinin 2- 1(112)-13895/2023 saylı inzibati iş üzrə 22 dekabr 2023-cü il tarixli qərarı ilə İddiaçı 50 yaşının tamamlandığı 20 mart 2008-ci il tarixindən təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının bərpa olunması, pensiyadan tutmanın dayandırılması və iyun 2023-cü il tarixindən ötən dövr (19 ay) ərzində ödənilməmiş pul vəsaitinin ona geri ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
15. Məhkəmə hesab edir ki, hazırkı tələb qüvvədə olan məhkəmə qərarının icrası qaydası ilə bağlıdır. Odur ki, iddiaçı məhkəmə qərarının lazımi qaydada icra olunması ilə bağlı iddia ərizəsi deyil, icra qaydasında həmin iş üzrə ərizə təqdim edə bilər.
16. Qeyd edilənlərə əsasən, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva