Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9629/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 1980-1996-cı və 2000-2001-ci illərdə Azərbaycan Dəmir Yolları QSC-də işlədiyi dövrün sosial sığorta stajına hesablanmaqla ona yaşa görə əmək pensiyasının yenidən hesablanması 65 yaş 6 ayının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 65 yaşının tamam olduğu 01 yanvar 2024-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.1981-ci il tarixdən xx.xx.2001-ci ilədək Azərbaycan Dəmir Yolları QSC-nin vaqon deposu işində fəaliyyət göstərərək xx.xx.2001-ci il tarixli 69-1 nömrəli əmrlə öz ərizəsilə işdən azad olunmuşdur. Həmin hal öz əksini ona məxsus əmək kitabçasında tapmışdır. O, daha sonra uzun illər müxtəlif müəssisə və təşkilatlarda işləmişdir. Bu əmək fəaliyyətinin xx.xx.1981-i il tarixdən xx.xx.2001-i il tarixinədək "xxxx" QSC-nin vaqon deposunda çalışmışdır. Qeyd olunan peşə üzrə iş stajı 20 il təşkil edir. Həmin hal "xxxx" QSC-nin arayışında da öz əksini tapmaqdadır. Lakin, arxivin köçürüməsi ilə əlaqədər 1980-1996-cı və 2000- 2001-ci illərin əmək haqqı cədvəllərinin təqdim olunması mümkün olunmamışdır. Buna görə də əmək stajı 25 ildən az hesablandığı üçün iddiaçı 220 manat müavinət alır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1981-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Bakı Vaqon Deposunda işlədiyi dövrlərin araşdırılması zərurəti yaranmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixdə "xxxx" QSC-də keçirdiyi monitorinqin nəticəsinə əsasən iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Bakı Vaqon Deposunda olan əmək fəaliyyəti üzrə 1996-cı il tarixdə 1 ay, 1997-ci il tarixdə 1 ay və 1998-ci il tarixdə 1 ay adına əməkhaqqı hesablanmadığı və 2000-2001-ci il tarixləri üzrə arxiv sənədləri saxlanmadığı üçün sözügedən dövrlər onun sığorta stajına daxil edilməmişdir. Beləliklə, iddiaçının təqdim etdiyi əmək kitabçasının, hərbi biletinin və diplomunun surətlərinə əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil dövrü və xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmət dövrü nəzərə alınmaqla) 24 il 11 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1978-ci il tarixdən 25 may 1980-ci il tarixədək hərbi xidmətdə olmuşdur. A№ 319446, nömrəli diplomun surətinə əsasən iddiaçı 1974-cü ildə Bakı 2 saylı Peşə məktəbinə daxil olmuş və 1977-ci il tarixdə “hərəkət heyətinin təmiri ” çilingər peşəsi üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 27 iyun 1977-ci il tarixli qərarı ilə ona hərəkət heyətinin təmiri üzrə çilingər ixtisası verilmişdir. İddiaçının əmək kitabçasına əsasən o, xx.xx.1976-ci il tarixdə “Azərçörək” sənaye İdarəsinin 4 nömrəli Çörək zavoduna əsas sexə köməkçi işçi vəzifəsinə qəbul edilmişdir (əmr№ xx.xx.1976-cı il), xx.xx.1977-ci ildə müvəqqəti olaraq təndir sexinə xəmir yoğuran vəzifəsinə keçirilmiş, xx.xx.1977-ci ildə, təndir sexinə xəmir yoğuran, xx.xx.1978-ci ildə müvəqqəti olraq çörəkbişirən vəzifəsinə keçirilmiş, xx.xx.1978-ci ildə təndir sexinə xəmir yoğuran keçirilmiş, xx.xx.1978-ci ildə sovet ordusunda xidmətə çağırılması ilə bağlı işdən azad edilmişdir. Sovet Ordusu sıralarında xidmət illəri (xx.xx.1978-xx.xx.1980). İddiaçı xx.xx.1980-ci ildə Azərçörək sənaye İdarəsinin 4 nömrəli Çörək zavoduna təndir sexinə 1ci dərəcəli köməkçi işçi qəbul edilmiş, xx.xx.1981-ci ildə Azərbaycan SSR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən ( öz istəyi ilə) işdən azad edilmişdir. xx.xx.1981-ci ildə Azərbaycan Dəmir Yolları QSC-nin bələdçilər Departamenti Dəmir yolu vaqonlarında Azərbaycan SSR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən bələdçi yanında təcrübəçi, xx.xx.1981-ci ildə Vaqonda müstəqil surətdə bələdçi işləməyə qəbul edilmiş, xx.xx.2001-ci il tarixdə Azərbaycan SSR Əmək Məcəlləsinin 69-1 bəndinə əsasən (öz xahişi ilə) işdən azad olunmuşdur. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli məktubunda iddiaçının 1987, 1989, 1990, 1991 və 1992 -ci il üzrə Azərbaycan Dövlət Dəmir Yolu Bakı vaqon deposunun keçmiş işçisi X1 əmək haqqı cədvəlləri təqdim olunmuş, Bakı hissəsi arxivinin köçürülməsi ilə əlaqədar olaraq 1980-1986-cı illərin əməkhaqqı cədvəllərinin isə təqdim olunmasının mümkün olmadığı bildirilmişdir. İddiaçının müraciətinə əsasən cavabdehin imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi xx.xx.2021-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunda həmçinin göstərilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir (21.1.). İddiaçı ona 65 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş və cavabdeh tərəfindən ona imtina verilmişdir. İmtinanın əsasları ondan ibarətdir ki, iddiaçının xx.xx.1981-ci il tarixdən 21,12.2001-ci il tarixədək Bakı Vaqon Deposunda olan əmək fəaliyyəti zamanı 1996-cı ildə 1 ay, 1997-ci il tarixdə 1 ay və 1998ci il tarixdə 1 ay adına əməkhaqqı hesablanmayan dövrlər və 2000-2001-ci illərə aid arxiv sənədləri saxlanmadığı üçün sözügedən dövrlər onun sığorta stajına daxil edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”n 4.1.1-ci bəndində göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Həmin “Qaydalar”ın 4.1.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən müəyyən edilir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının nəzərə alınmayan əmək stajı Bakı Vaqon Deposunda olan işlədiyi 1996-cı, 1997-ci və 1998-ci illərin hər il 1 ayı və 2000- 2001-ci illlər üzrə stajıdır. Qeyd olunan əmək stajı nəzərə alınmadan iddiaçının əmək stajı 24 il 11 gün təşkil edir. Cavabdeh öz mövqeyini onunla əsaslandırmışdır ki, "xxxx" QSC-də keçirilən monitorinqin nəticəsinə əsasən iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Bakı Vaqon Deposunda olan əmək fəaliyyəti üzrə 1996-cı il tarixdə 1 ay, 1997-ci il tarixdə 1 ay və 1998-ci il tarixdə 1 ay adına əməkhaqqı hesablanmadığı və 2000-2001-ci il tarixləri üzrə arxiv sənədləri saxlanmadığı üçün sözügedən dövrlər onun sığorta stajına daxil edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əmək haqqı alması ilə bağlı arxiv sənədlərinin saxlanmaması onun təqsiri deyildir və iddiaçının əmək stajının nəzərə alınmamasına əsas ola bilməz. Belə ki, məhkəmə tərəfindən əslinə baxış keçirilmiş iddiaçının əmək kitabçasında qeyd edilən dövrlər onun əmək stajına daxil edilmişdir. Bu səbəbdən məhkəmə cavabdehin etirazının həmin dəlillərini əsassız hesab edir. Göründüyü kimi iddiaçının cavabdeh tərəfindən nəzərə alınmış 24 il 11 gün əmək stajının üzərinə nəzərə alınmayan 1996, 1997 və 1998-ci illər üzrə hər il 1 ay və 2000- 2001-ci illər üzrə stajı da əlavə etsək, onun xx.xx.2006-cı ilədək 25 ildən artıq əmək stajı mövcud olur ki, bu da ona əmək pensiyası təyin etmək üçün kifayət edir. Bu səbəbdən iddiaçının xx.xx.2006-cı ildən sonrakı dövr üçün stajının nəzərə alınıb-alınmaması iş üzrə əhəmiyyət kəsb etmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu 01 yanvar 2024-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-9629/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9629/2024
07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver