Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-963/2021 28.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, Səbail rayonu, L.Babayev küçəsi 24; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkili), cavabdehin nümayəndəsi X2 (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 5, mənzil 26; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikasının Təhsil Nazirliyin hüquq şöbəsinin müdir müavini, sektor müdiri) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “informasiya sorğusuna cavab verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı cavabdehin 30.04.2019-cu il tarixli imtinasının əsassız hesab edilməsi, 20.11.2018-ci il tarixli, 01-18- 64 nömrəli etibarnamənin Təhsil Nazirliyinin kargüzarlıq bölməsində müvafiq kitabdakı qeydiyyatı ilə bağlı məlumatın təqdim edilməsi vəzifəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2-1(82)- 2126/2019 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim - R.M.Daşdəmirov) Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2516/2019 saylı, 08 oktyabr 2019-cu il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2126/2018 nömrəli iş üzrə 31 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3498/2019 saylı 17.12.2019cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2516/2019 saylı iş üzrə 08 oktyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-712/2020 saylı, 28.02.2020-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2126/2018 nömrəli iş üzrə 31 iyul 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilməmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 28.07.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsində iddiaçı Elmir Həşimovun cavabdeh Təhsil Nazirliyinə qarşı ali təhsil diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsi tələbinə dair inzibati işə baxılarkən Nazirlik adından çıxış edən nümayəndə X1 19.12.2018 və 20.11.2018-ci il tarixli iki etibarnamə təqdim edərək cavabdeh inzibati orqanı məhkəmədə təmsil etmişdir. Təqdim edilmiş 20.11.2018-ci il tarixli, 01-18-64 nömrəli etibarnamənin mötəbərliyi şübhə doğurduğundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tərəfimizdən sorğu göndərilmiş və sözügedən etbarnamənin müvafiq kitabda qeydiyyatı ilə bağlı məlumatın təqdim edilməsi xahiş olunmuşdur. Nazirliyin Hüquq şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Anar Cəfərovun 30 aprel 2019-cu il tarixdə ona ünvanladığı 18-18-409/10 saylı cavab məktubunda sorğunun icrasından imtina edilmişdir. Cavab onunla əsaslandırılır ki: “sorğunuz İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinə uyğun olmadığından icrasından imtina edilmişdir.” Hesab edir ki, Nazirliyin məktubu tamamilə əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi elektron qaydada tərtib edilmiş çıxış sənədlərinin qeydiyyat vərəqəsinin təsdiq edilmiş surətini məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İşin faktiki hallarından görünür ki, iddiaçı ərizə ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək nümayəndəsi olduğu Elmir Həşimovun iddiası əsasında Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsinin təqdim etdiyi etibarnamə ilə bağlı ziddiyyətli halların aradan qaldırılması üçün 20.11.2018-ci il tarixli, 01-18-64 nömrəli etibarnamənin Təhsil Nazirliyində müvafiq kitabda qeydiyyatı ilə bağlı çıxarışın verilməsini xahiş etmişdir. Təhsil Nazirliyi isə özünün 30 aprel 2019-cu il tarixli, 18-18-409/10 saylı məktubu ilə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinə uyğun olmadığını bildirməklə sorğunun icrasından imtina etmişdir. Bundan sonra isə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən informasiya sahibinə müraciət edən hər kəs: - (maddə 2.3.1) sorğu edilən informasiyanın informasiya sahibində olubolmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; - (maddə 2.3.2) informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 2.4-1-ci maddəsinə əsasən informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Həmin Qanunun 3.0.5-ci maddəsinə əsasən informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir. Həmin Qanunun 6.1.3-cü maddəsində informasiya əldə olunmasının əsas prinsiplərindən biri kimi dövlət orqanlarının və bələdiyyələrin informasiyanı açıqlamaq vəzifəsi göstərilmişdir. Həmin Qanunun 9.1.1-ci maddəsinə əsasən dövlət orqanları və bələdiyyələr informasiya sahibləri sayılırlar. Həmin Qanunun 14.1.3-cü maddəsinə əsasən sorğuçu yazılı sorğunun informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi formasında təmin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi iddiaçı bağladığı müqavilədən çıxış edərək vəkili olduğu şəxsin müdafiəsi ilə əlaqədar məhkəmə icraatının gedişində Təhsil Nazirliyinin nümayəndəsinin təqdim etdiyi etibarnamə ilə bağlı ziddiyyətli halların aradan qaldırılması üçün 20.11.2018-ci il tarixli, 01-18- 64 nömrəli etibarnamənin Təhsil Nazirliyində müvafiq kitabda qeydiyyatı ilə bağlı çıxarışın verilməsini xahiş etmişdir. Beləliklə, qanunvericiliyin istinad olunan müddəalarına əsasən tələb olunan məlumat informasiya hesab edilir, iddiaçı isə vəkil kimi həmin informasiyanı məhdudlaşdırılan informasiya olmadığı halda əldə etmək hüququna malikdir. Öz növbəsində cavabdeh bu halla bağlı hər hansı mübahisə qaldırmadığından informasiya sahibi kimi çıxış edir. Məhkəmə qeyd edir ki, “İnformasiya əldə etmək haqqında” Qanun informasiyanın əldə edilməsinin iki müxtəlif üsulunu fərqləndirir – informasiyanın sorğu əsasında əldə edilməsi və informasiyanın açıqlanması. Qanunun 29-cu maddəsində sadalanmış informasiyaları açıqlamaq informasiya sahibinin vəzifəsidir və bunun üçün informasiya sorğusu tələb olunmur. İddiaçının tələb etdiyi informasiya isə həmin maddədə sadalanmış informasiyaların sırasına daxil deyil və təbiəti etibarilə daxil ola da bilməz. Çünki həmin maddədə yalnız ümumi ictimai əhəmiyyət kəsb məlumatların dairəsinə daxil olan informasiyalardan bəhs edilir və cəmiyyət maraqları naminə onların sorğusuz açıqlanmalı olduğu imperativ qaydada müəyyən edilir. İddiaçı isə fərdi xarakterli məlumatın verilməsini tələb etdiyi üçün onun müraciəti informasiyanın sorğu əsasında əldə edilməsi halına aiddir. Belə olan halda, tələb olunan məlumat Qanunun 29-cu maddəsində sadalanan informasiyalar dairəsinə aid deyildir. İşin hallarından görünür ki, cavabdeh informasiya sorğusunu icra etməkdən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinə istinadla imtina etmişdir. Həmin Qanunun 21.1.1-ci maddəsində təsbit edilmişdir ki, informasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə. Həmin Qanunun 21.2-ci maddəsində informasiya sahibinin sorğunun icrasından imtina edə biləcəyi hallar aşağıdakılar kimi sadalanmışdır: sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa; bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində nəzərdə tutulan hüquqi və fiziki şəxslərdən sorğulanan informasiya bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində göstərilən vəzifələrin yerinə yetirilməsinə aid deyilsə; sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa; sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə; sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə. Həmin Qanunun 21.3-cü maddəsində isə təsbit edilmişdir ki, informasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının inofrmasiya sorğusunu “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinə istinadla icra etməkdən imtina etsə də, özünün mövqeyini əsaslandırmamış, həmin maddədə göstərilmiş məhz hansı halın mövcud olduğunu bildirməmişdir. Cavabdeh həmçinin özünün mövqeyini sözügedən Qanunun 21.2-ci maddəsindəki hallardan birinin mövcudluğu ilə də əlaqələndirməmişdir. Həmçinin, məhkəmə cavabdeh tərəfindən iddiaçının informasiya sorğusuna cavab olaraq təqdim edilən “çıxış sənədlərinin qeydiyyat vərəqəsi” ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının barəsində məlumat tələb etdiyi etibarnamənin nömrəsi “01-18- 64” olduğu halda, cavabdehin təqdim etdiyi çıxış sənədlərinin qeydiyyat vərəqəsində etibarnamənin nömrəsi “01-18-64/12” göstərilmişdir. Odur ki, məhkəmə həmin “çıxış sənədlərinin qeydiyyat vərəqəsi”ni hazırkı iş üzrə cavablandırılması tələb edilən informasiya sorğusuna cavab kimi qəbul edilə bilməz. Məhkəmə sadalanan qanunvericilik aktlarının müddəalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, mövcud qanunvericiliyin müddəalarına əsasən tələb olunan məlumat informasiya hesab edildiyindən, iddiaçı isə vəkil kimi həmin informasiyanı məhdudlaşdırılan informasiya olmadığı halda əldə etmək hüququna malik olduğundan, həmçinin cavabdeh bu halla bağlı hər hansı mübahisə qaldırmadığı üçün informasiya sahibi kimi çıxış etdiyindən, cavabdehin imtinası əsassız hesab edilməli və hazırkı iddia tələbi təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehin 30.04.2019cu il tarixli imtinası əsassız hesab edilməli, 20.11.2018-ci il tarixli, 01-18-64 nömrəli etibarnamənin Təhsil Nazirliyinin kargüzarlıq bölməsində müvafiq kitabdakı qeydiyyatı ilə bağlı məlumatın təqdim edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. Cavabdehin 30.04.2019-cu il tarixli imtinası əsassız hesab edilir, 20.11.2018-ci il tarixli, 01-18-64 nömrəli etibarnamənin Təhsil Nazirliyinin kargüzarlıq bölməsində müvafiq kitabdakı qeydiyyatı ilə bağlı məlumatın təqdim edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-963/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-963/2021
28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver