Məhkəmə qərarları › İş №2-1(112)-9634/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9634/2025

28.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9634/2025 28.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Yaşayış massivi 55 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində yerləşdiyi torpaq sahəsi ilə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “ünvan 2 ünvanında yerləşən yenilənmiş fərdi yaşayış evinə və 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 569 saylı sərəncamı ilə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Yeni Yaşayış massivindəki 2 otaqlı, tikinti sahəsi 101.80 m2, ümumi sahəsi 78.01 m2, yaşayış sahəsi 34.96 m2, təsərrüfat otağının sahəsi 18.24 m2, açıq eyvan sahəsi 17.01 m2 olan 1200 m2 torpaq sahəsində tikilmiş 55 saylı evə vətəndaş İddiaçı İlyas oğlunun adma texniki pasport və qeydiyyat vəsiqəsinin alınmasına icazə verilmişdir. Bakı şəhəri icra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin seriya FM 034469 №-li qeydiyyat vəsiqəsi ilə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Yeni Yaşayış massivindəki 2 otaqlı 34.9 m2 yaşayış sahəsi 42.76 m2 ümumi sahəsi olan torpaq sahəsindən ibarət 55 saylı fərdi yaşayış evi İddiaçı İlyas oğlunun adma xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 02 saylı reuestr kitabında 270 səhifədə xx.xx.2005-ci il tarixdə qeydiyyat aparılmışdır. Müvafiq sənədlər əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Yeni Yaşayış massivi 55 (yeni qaydalarla AZ5800, ünvan 3 ünvanında ümumi sahəsi 42.80 m2 olan daşınmaz əmlak İddiaçı İlyas oğlunun adına xüsusi mülkiyyət kimi xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Bundan sonra İddiaçı İlyas oğlunun adına qeydiyyatda olan daşınmaz əmlak sökülmədən onun üzərində təmir bərpa işləri aparılmış, fərdi yaşayış evinin müəyyən hissələrində dəyişiklik edilmiş və əlavə artırmalar olunmuşdur. Lakin bununla belə fərdi yaşayış evinin konstruksiyasında və özülündə nə əsaslı dəyiklik edilməmiş, nə də ev sökülüb yerində yeni fərdi yaşayış tikilməmişdir. Bütün bu prosseslərdən sonra Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Yeni Yaşayış massivi 55 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində yerləşdiyi torpaq sahəsi ilə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adma qeydiyyata alınması üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Lakin cavabdeh iddiaçının müraciətinin təminindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılır ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş fərdi yaşayış evinin söküldüyü və yeni fərdi yaşayış evinin inşa edildiyi müəyyən edilmiş, lakin sökülmüş daşınmaz əmlak üzərində hüquqların ləğv edilməsinə dair ərizə təqdim edilməmişdir. Həmçinin, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Təqdim edilmiş Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 569 nömrəli Sərəncamına münasibətdə bildirilir ki, “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli, 562 saylı Fərmanının həmin dövrdə qüvvədə olmuş 7-ci bəndinə əsasən 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsi təmin edilməsi nəzərdə tutulmuşdur. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı faktiki torpaq sahəsinin 0,1168 ha olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabunçu RİH-nin xx.xx.2003-cü il tarixli, 569 nömrəli Sərəncamına əsasən Ramana qəsəbəsi, Yeni yaşayış massivində 2 otaqlı, tikinti sahəsi 101,80 kv.m, ümumi sahəsi 78,01 kv.m, yaşayış sahəsi 34,96 kv.m, təsərrüfat otağının sahəsi 18,24 kv.m, açıq eyvan sahəsi 17,01 kv.m olan 1200 kv.m torpaq sahəsində tikilmiş 55 saylı evə vətəndaş İddiaçı İlyas oğlunun adına texniki pasport və qeydiyyat vəsiqəsinin alınmasına icazə verilmişdir. Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi, ev 55 (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən fərdi yaşayış iddiaçının xüsusi mülkiyyətindədir, evin yerləşdiyi 0,008 ha sahəsi isə onun istifadəsindədir. Eskiz layihəsindən görünür ki, fərdi yaşayış evinin texniki parametrlərini və eskizi həmin layihədə əks olunmuşdur İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda müraciətin təminindən imtina etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1 və 53-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2 və 139-1.1.4-cü maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2 və 8.0.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 129-cu maddəsinin İ və İİ hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 aprel 2024-cü il tarixli qərarında da qeyd edildiyi kimi Mülki Məcəllənin 139-1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların dairəsini müəyyən etsə də, bu siyahı məhdudlaşdırıcı xarakter daşımır. Daşınmaz əmlak üzərində qanuni əsaslardan yaranan hüququn həmin əsasın bu siyahıda olmaması səbəbi ilə qeydiyyatından imtina edilməsi qeydiyyatın məqsəd və təyinatından kənar olmaqla mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxara bilər. “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 nömrəli Fərmanının 7-ci hissəsinin əvvəlki redaksiyasında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsini təmin etsin. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə yuxarıda istinad edilən Fərmanının tələblərinə əsasən erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşdırılmasının təmin edilməsi ilə əlaqədar mülkiyyətə verilmiş fərdi yaşayış sahəsinin altında olan sahənin və həyətyani sahənin iddiaçının mülkiyyətinə verilibverilməməsi ilə əlaqədardır. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, fərdi yaşayış evinin yerləşdiyi həyətyani sahə və fərdi yaşayış evinin yerləşdiyi sahə 1200 kv.m təşkil edir. İddiaçı da həmin sahənin onun adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etsə də, məhkəmə hesab edir ki, iddia qismən tikinti altı sahə olan 101,80 kv.m kv.m hissədə qanuni və əsaslıdır. Belə ki, hal-hazırda qüvvədə olmasa da, fərdi yaşayış evinin ayrıldığı və iddiaçının hüququnun yarandığı dövrdə qüvvədə olan redaksiyasından aydın görünür ki, tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsi qaydası müəyyən edilmişdir. Göründüyü kimi Fərmanın tələbi konkretdir və həyətyani sahə yox, məhz tikinti altı dövlət mülkiyyətində olan sahənin şəxsin adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatı mümkün ola bilər. Doğrudur, iddiaçının adına verilmiş çıxarışda istifadədə olan torpaq sahəsinin ölçüsü 0,008 ha nəzərdə tutulmasına baxmayaraq iş materiallarında mövcud olan, yerli icra hakimiyyətinin sərəncamından görünür ki, torpaq sahəsinin tikinti altıya düşən hissəsi 101,8 kv.m olduğundan, məhz 101,8 kv.m hissədə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Həmçinin, qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin 2-1(102)-1842/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardan, eləcə də 2-1(102)-1232/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarından da göründüyü kimi məhkəmə kollegiyası məhz oxşar faktiki hallar, eləcə də yuxarıda istinad edilən Fərmanın tələblərinə uyğun olaraq məhz iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin altında olan torpaq sahəsinin dövlət qeydiyyatına alınmalı olması qənaətində olmuşdur. Odur ki, məhkəmə də hesab edir ki, 1200 kv.m torpaq sahəsindən yalnız fərdi yaşayış evinin altında yerləşən 101,8 kv.m torpaq sahəsinə mülkiyyət hüququ iddiaçının adına dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə fərdi yaşayış evinə münasibətdə bildirir ki, iddiaçının mülkiyyət hüquqları 31 may 2024-cü il tarixində qeydiyyata alınmış və həmin yaşayış evinin ümumi sahəsi 42,80 kvadrat metr olaraq müəyyən edilmişdir. İddia ərizəsində və məhkəmə iclasında iddiaçı tərəfindən verilmiş izahatdan müəyyən olunmuşdur ki, mülkiyyət hüquqları qeydiyyata alınandan sonra fərdi yaşayış evində təmir-bərpa işləri aparılmış, həmçinin evin müəyyən hissələrində dəyişikliklər edilmişdir. Lakin iddiaçının ifadəsinə görə, bu dəyişikliklər tikinti obyektinin rekonstruksiyası kimi qiymətləndirilməməli, sadəcə olaraq mövcud iki otaqdan üç otağa çevrilmə baş vermişdir. Qeyd olunur ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.17-ci maddəsinə əsasən, tikintiquraşdırma işləri – tikinti layihəsində nəzərdə tutulmuş işlərin, o cümlədən tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi nəticəsində obyektin inşası və ya təmiri, yenidən qurulması yaxud bərpasını əhatə edir. Həmçinin, Məcəllənin 3.0.20-ci maddəsində tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Buna görə də, iddiaçının fərdi yaşayış evində iki otağın üç otağa çevrilməsi rekonstruksiya kimi deyil, sadəcə tikinti-quraşdırma işləri kimi qiymətləndirilməlidir. Qeyd etmək lazımdır ki, bu işlər eskiz layihəsində nəzərdə tutulmamışdır. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması zamanı fərdi yaşayış evi eskiz layihəsinə uyğun olmuş, bu hal müayinə aktında təsdiqini tapmışdır. Lakin sonrakı dəyişikliklər eskiz layihəsində əks olunmamış və bu barədə aidiyyəti icra hakimiyyəti orqanına (məlumatlandırma icraatı tətbiq olunan tikili olduğundan) məlumat verilməmişdir. Nəticə etibarilə, məhkəmə iddiaçının fərdi yaşayış evində aparılmış dəyişikliklərlə bağlı iddiasının təmin olunmamalı olması qənaətindədir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. ünvan 2 (Yeni qaydalarla: ünvan 4 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış sahəsinin altında yerləşən 101,8 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia digər hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar