Məhkəmə qərarları › İş №2-1(112)-9635/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9635/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9635/2021 03.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X12 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X2 və X9) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X2 və X9) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər X2 və X1rın azyaşlı uşaqları-01.04.2003-cü il təvəllüdlü X7, 20.10.2004-cü il təvəllüdlü X10 ilə birlikdə sahibliyində və istifadəsində olan Bakı şəhəri, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 126 ünvanda yerləşən 2 saylı mənzildən pasport qeydiyyatından çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X14 izahatında bildirdi ki, İddiaçı pasport qeydiyyatında olduğu ünvan 1 ünvanda yerləşən 2 saylı mənzildə ailə üzvləri ilə birlikdə daimi yaşayır. Məlum yaşayış sahəsi mərhum anası X3 mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrindən 07.12.1994-cu il tarixli Çıxarış təqdim edilmişdir. Məlum mənzildə iddiaçının ailə üzvlərindən başqa yaxın qohumları bacıları 02.07.1973-cü il təvəllüdlü X2, 06.11.1974-cü il təvəllüdlü X9 və onların azyaşlı uşaqları - 01.04.2003-cü il təvəllüdlü X7, 20.10.2004-cü il təvəllüdlü X10 pasport qeydiyyatındadırlar. Adı çəkilən şəxşlər təxminən 2017-ci ilin yay aylarında Azərbaycan Respublikasından daimi yaşamaq məqsədi ilə Rusiya Federasiyasının Xabarovsk Vilayətinə köçmüşlər. Hazırda həmin şəxslər Rusiya Federasiysının vətəndaşlığını qəbul etmiş və Xabarovsk Vilayətində yaşayırlar. Həmin şəxslərin sözügedən mənzildə pasport qeydiyyatında olmaları iddiaçının və ailə üzlərinin məlum yaşayış sahəsi ilə bağlı bir sıra mülki hüquqlarının həyata keçirilməsinə mane olur. Qeyd edilən faktları nəzərə alaraq, iddiaçı sahibliyində, habelə istifadəsində olan ünvan 1 ünvanda yerləşən 2 saylı yaşayış sahəsindən üçüncü şəxslərin pasport qeydiyyatından çıxarılmaları ilə bağlı 17.07.2021-ci il tarixli ərizə ilə Suraxanı RPİ-ə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciət təmin edilməmişdir. Üçüncü şəxslərin həmin mənzildə pasport qeydiyyatında olması, həmin daşınmaz əmlak üzərində iddiaçının əmlak hüquqlarını kobud şəkildə pozur. Belə ki, sözügedən əmlakla bağlı iddiaçı sərbəst surətdə sahiblik və istifadə edə bilmir, habelə həmin əmlak barəsində öz mülahizəsinə uyğun olaraq, bir sıra mülki hüquqlarını həyata keçirə bilmir. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 26.07.2021-ci il tarixli məktubda qeyd olunur: Sizin Suraxanı RPl-nə ünvanladığınız müraciətinizə əsasən idarənin Qeydiyyat məsələləri bölməsində araşdırma aparılmışdı. Nəzərinizə çatdırırıq ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyya haqqında» Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətinizin müsbət həlli mümkün deyildir. Odur ki, Sizin aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyyə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 23.07.2019-cu il tarixli ******* nömrəli arayışdan görünür ki, X2, X9, X7, X10 ünvan 4 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonqeydiyyat şöbəsi tərəfindən 23.09.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş X3 ölümü haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X8 22.03.2002-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan 13.01.1984-cü il tarixli İX-JQ seriyallı 490589 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuşdur, atası X11, anası isə X8 qeyd edilmişdir. İş materiallarında olan Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən verilmiş 11.11.2003-cü il tarixli AZ-İ seriyalı 075330 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X6 11.11.2003-cü ildə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Xoxlin, arvada isə Xoxlina soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyəti başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı qəsəbəsi, 4-cü mədən küçəsindəki 126 nömrəli yaşayış evinin 2 saylı mənzili X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 07.12.1994-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən verilmiş 27.03.2002-ci il tarixli AZ seriyalı 143353 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 22.03.2002-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Məhkəmə tərəfindən müəyyən edildi ki, üçüncü şəxslər X2 və X9 iddiaçının bacılarıdır. İddiaçı onların ünvan 6 ünvanından qeydiyyatdan çıxarılmalarını tələb edir. Həmin mənzil onların anası X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X8 isə 22.03.2002-ci il tarixdə vəfat etmişdir. Göründüyü kimi, iddiaçının üçüncü şəxsləri qeydiyyatdan çıxarmaq istədiyi ünvan ona məxsus deyildir. İddiaçı mənzilin mülkiyyətçisi - anası X8 vəfat etdiyi üçün vərəsəliyin açılması üçün notariat orqanına müraciət etmək hüququna malikdir. Eyni zamanda iddiaçının həmin mənzildən qeydiyyatdan çıxarmaq istədiyi üçüncü şəxslər onun bacılarıdır, onların qeyd olunan mənzildə istifadə hüquqları ola bilər, həmçinin onlar da anaları X8 vəfat etdiyi üçün vərəsəliyin açılması ilə əlaqədar olaraq notariat orqanına müraciət etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, iddiaçı və onun bacıları (üçüncü şəxslər) arasında qeyd olunan əmlakla bağlı mübahisələr (vərəsəlik, istifadə hüquqları və s.) mülki məhkəmə icraatı qaydasında araşdırılmalıdır. Eyni zamanda iddiaçının üçüncü şəxsləri qeydiyyatdan çıxarmaq istədiyi ünvan ona məxsus olmadığı üçün iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ yoxdur. Ona görə də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar