Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9639/2021 02.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə , İddiaçı cavabdeh Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinə qarşı X4 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “qeydiyyatdan çıxarılması” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən Ağayev Dilqəm Nəcəf oğlunun pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9639/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərardadı ilə İddiaçı iş üzrə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə və üçüncü şəxsə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh və 3-cü şəxs tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzilə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. 3-cü şəxs olan Ağayev Dilqəm Nəcəf oğlu onun bacısının kürəkənidir. 2010-cu ildə ona müraciət edərək Bakı şəhərində işə düzəlmək istədiyini, lakin qeydiyyatının olmasının tələb olunduğunu bildirərək onun razılığı ilə ona məxsus olan mənzilə pasport qeydiyyatına düşmüşdür. Həmin mənzildə qeydiyyata düşməsinə baxmayaraq orada bir gün belə yaşamamış, başqa mənzildə kirayədə yaşamışdır. 2016-cı ildə isə öz ailəsi ilə birlikdə daimi yaşamaq məqsədilə xarici dövlətə - Almaniyaya köçmüşdür. Cavabdeh orqan olan Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinə Ağayev Dilqəm Nəcəf oğlunun qeydiyyatdan çıxarılması ilə bağlı müraciət etsə də cavabdeh tərəfindən bundan imtina olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilərək Ağayev Dilqəm Nəcəf oğlunun ona məxsus olan mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, 3-cü şəxs və cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 19.11.2021-ci il tarixli, 09629615-1221 nömrəli məktubla müraciət edərək, şifahi məhkəmə baxış iclasının polis idarəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsinə və qərar çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə 3-cü şəxsin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka xüsusi mülkiyyət hüququ ilə sahiblik edir. Hazırda iddiaçı 3-cü şəxs Ağayev Dilqəm Nəcəf oğlunun mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxsin qeydiyyatının formal olması ilə əsaslandırır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası bakı şəhər icra hakimiyyəti başçısının X2 və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyatdan keçmişdir. Suraxanı rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 63 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 509 nömrəli, 09.08.2021-ci il tarixli arayışda qeyd edilir ki, Ağayev Dilqəm Nəcəf oğlu ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış imtina məktubundan görünür ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 9-cu bəndinə istinad edilərək Ağayev Dilqəm Nəcəf oğlunun ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 06.09.2021-ci il tarixli, **********04 nömrəli sorğuya cavab məktubundan görünür ki, Ağayev Dilqəm Nəcəf oğlunun Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048/49, ev 3, 104 nömrəli mənzilə dair istifadə hüquqlarının qeydiyyatdan keçməsinə dair məlumat aşkar olunmamışdır. Həmçinin məhkəmənin müvafiq sorğusu əsasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən göndərilmiş 11.11.2021-ci il tarixli, 33/3912 nömrəli məktubdan görünür ki, Ağayev Dilqəm Nəcəf oğlu sonuncu dəfə ölkəni 30.08.2016-cı il tarixdə tərk etmişdir. Bundan başqa 3-cü şəxs X4 Bakı İnzibati Məhkəməsinə elektron poçt vasitəsi ilə müraciət edərək, hal-hazırda Almaniyada yaşadığı, təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq heç vaxt orada yaşamadığını və qeydiyyatdan çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Beləliklə, Məhkəmə qənaətə gəlmək üçün aşağıdakı qanunvericilik normalarına istinad edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İşin hallarından məlum olur ki, hazırki işin mübahisə predmetini təşkil edən ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Həmin mənzilə dair üçüncü şəxs olan Ağayev Dilqəm Nəcəf oğlunun istifadə hüququ, həmçinin onun qeydiyyata düşməsi barədə hüquqmüəyyənedici sənədlər mövcud deyildir. İddiaçı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin inzibati orqan bundan imtina etmişdir. Hazırkı mübahisədə həqiqətən də şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Belə olan təqdirdə Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən üçüncü şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılma vəzifəsi cavabdeh Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci,10-cu mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. ünvan 1 ünvanından üçüncü şəxs Ağayev Dilqəm Nəcəf oğlunun qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakıİ nzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-9639/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9639/2021
02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver