Məhkəmə qərarları › İş №2-1(112)-9639/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9639/2023

13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9639/2023 13.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyasına qarşı “tibbi şəhadətləndirmənin aparılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyasına qarşı “ tibbi şəhadətləndirmənin aparılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, 1992-ci il tarixdə Ağdərədə döyüşlərdə iştirakı zamanı xəsarət almışdır. Aldığı xəsarət barədə bütün tibbi sənədlər mövcuddur. Bununla əlaqədar cavabdehə müraciət etsə döyüşlərdə iştirakla bağlı yaralanma halı nəzərə alınmamışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək xəstəliyin səbəbli əlaqəsinin Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır kimi dəyişdirilməsi barədə qərar qəbul edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, travmanın alınma şəraitinə dair məlumat olmadığından onun barəsində xəstəlikdir, xəsarətdir, hərbi xidmət dövründə alınmışdır kimi 15 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, iddiaçı barəsində xəstəlikdir, xəsarətdir, hərbi xidmət dövründə alınmışdır barədə qərar qəbul edilsə də, cavabdeh yenidən şəhadətləndirilərək Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır formasında qərar qəbul edilməsinə dair müraciət etmişdir ki, cavabdeh həmin müraciət barəsində yenidən inzibati icraat apararaq müraciətin təminindən imtina etmişdir ki, iddiaçı da həmin imtinalardan narazı qalaraq məhkəmədən səbəbli əlaqənin dəyişdirilərək yeni qərar qəbul edilməsini tələb etmişdir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1465/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşmır. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə deyil, məcburetmə haqqında iddia növünə aiddir. Belə ki, iddiaçı inzibati aktın məhkəmə tərəfindən ləğvini tələb edən mübahisələndirmə haqqında iddia qaldırmamış, cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmasını tələb edən məcburetmə haqqında iddia qaldırmışdır. İPM-nin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı halda, iddiaçı ərizə ilə inzibati orqana müraciət etmiş, inzibati orqandan qanunsuz inzibati aktın ləğv edilməsinə dair inzibati aktın qəbul edilməsini arzulamış, arzuladığı inzibati akt cavabdeh orqan tərəfindən qəbul edilmədiyi üçün 30 gün müddətində məhkəməyə müraciət etmiş və məhkəmədən cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Qərardan görünür ki, iddiaçı odlu silahla ilə yaralanması halı ilə bağlı xəstəlikdir, xəsarətdir, hərbi xidmət dövründə alınmışdır əsası ilə şəhadətəndirilmişdir. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından təqdim edilmiş epikrizlərdən görünür ki, qəlpə yarasından hərbi həkim komissiyasının qərarında istinad edilən xəstəliklərə uyğun gələn xəsarət almışdır. Həmçinin, iddiaçıya 3 qat birdəfəlik ödəniş edilməsi həmin sənəddə istinad edilərək edildiyi qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilən sənədlərdən, o cümlədən hərbi komissarlıq tərəfindən təqdim edilmiş 13 yanvar 1993-cü il tarixli arayışdan, eləcə də 30 noyabr 1992ci il tarixli arayışlardan görünür ki, iddiaçı Azərbaycan Respublikası müdafiəsinin zamanı iştirak etdiyi döyüşlərdə yaralanmışdır. 30 noyabr 1992-ci il tarixli arayışdan görünür ki, döyüşlərdə iştirak etdiyi zaman aldığı xəsarət cavabdehin şəhadətləndirmə barədə qərarında əks olunan xəsarət və onun tibbi nəticələri ilə uyğunluq təşkil edir. Eləcə də, cavabdeh tərəfindən qəbul edilmiş qərarın çıxarılmasına əsas olmuş məhkəmə sorğusuna əsasən təqdim edilmiş 02 noyabr 1992-ci il tarixli 903 nömrəli arayışdan görünür ki, iddiaçı Azərbaycan Respublikası müdafiəsi zamanı odlu silahdan yaralanmışdır. Cavabdeh tərəfindən təqdim edilən arxiv arayışlarından görünür ki, iddiaçı 30 iyul 1992-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısına daxil edilmişdir. Hərbi hissəni ozbaşına tərk etmiş əsgərlərin siyahısında qoşunların şəxsi heyətin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır. Cavabdehin 19 yanvar 2023-cü il tarixli, eləcə də 12 aprel 2023-cü il tarixli imtina məktublarından görünür ki, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət keçməsinə dair məlumat olmadığından xəstəlikdir, xəsarətdir, hərbi xidmət dövrünə alınmışdır formasında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.3. Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. 5.1. Hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. Əsasnamənin tələbindən də göründüyü kimi şəxs barəsində Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarının qəbul edilməsi və ya Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır formasında qərarın qəbul edilməsinin konkret əsasları təsbitini tapmışdır. Hazırkı inzibati mübahisənin mahiyyəti də onunla bağlıdır ki, iddiaçı məhz döyüş bölgəsində odlu silahdan yaralanmasına istinad edərək onun məhz Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır əsası ilə şəhadətləndirilməsində iddialıdır. Cavabdehin qəbul etdiyi qərardan, eləcə də təqdim etdiyi etiraz və imtina məktubundan görünür ki, cavabdeh hərbi xidmət dövründə alınma əsası ilə şəhadətləndirmə aparmış, hərbi hissələrin tərkibində iddiaçının xidmət keçməsinə dair məlumatın olmadığına istinad etmişdir. Qeyd olunmalıdır ki, AR İPM-nin 14-cü maddəsinin tələbinə əsasən müraciətin təminindən imtinanı sübut edən konkret faktiki şərtlərin müəyyən edilməsi cavabdehin vəzifəsi kimi müəyyən edilsə də, cavabdeh həmin şərtlərin mövcudluğunu nəinki müəyyən edilə bilməmiş, iş materialları ilə əksinə iddiaçının döyüşdə iştirak etməsi və yaralanması faktı öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan sənədlərdən, eləcə də arayışlar, epikrizlər və qərardan görünür ki, iddiaçının odlu silahdan yaralanması işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, cavabdeh qərar qəbul edərkən yaralanma şəraitini ümumiyyətlə nəzərə almamış, əgər iddiaçı odlu silahdan döyüş şəraitində xəsarət almamışdırsa, həmin odlu silahdan yaralanmanın digər halları ilə bağlı ümumiyyətlə araşdırma aparmamışdır. Halbuki, iş materiallarında olan yuxarıda istinad olunan mötəbərliyi şübhə doğurmayan əslinə baxış keçirilmiş 1992-1993-cü il tarixli komissarlığın arayışlarından, eləcə də hərbi həkim müəssisələri tərəfindən təqdim edilən sənədlərdən görünür ki, iddiaçı məhz döyüş bölgəsində iştirak edərkən cavabdehin şəhadətləndirmə ilə bağlı qəbul etdiyi qərarda istinad olunan xəsarətə uyğun olaraq yaralanmış, müalicə almış, hətta ona bununla bağlı 3 qat ödənişin edilməli olması müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, məhkəmənin işin mahiyyətinə münasibətdə mövqeyinin daxili inamla bağlılığı i inzibati prosessual qanunvericiliklə birbaşa tənzimlənmişdir. Belə ki, AR İPM-nin 68.1-ci maddəsi konkret olaraq müəyyən edir ki, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Eləcə də, həmin prinsip ümumi norma kimi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə də öz təsbitini tapmışdır. Adıçəkilən Qanunuun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə də, istər təqdim edilən tibbi sənədlər, arayışlar, eləcə də yaralanmanın odlu silahdan baş verməsi hallarını ümumilikdə nəzərə almaqla hesab edir ki, iddiaçının məhz döyüş şəraitində alınması barədə daxili inamın formalaşması üçün əsaslar mövcuddur. Əksi isə, yəni odlu silahdan yaralanmanın məişət zəminində və ya digər hallarla bağlı olması cavabdeh tərəfindən müəyyən edilmir. Eyni zamanda, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin protokola qeyd edilmiş izahatlarında onunla döyüşən həmin şəxslərin mötəbərliyi şübhə doğurmayan, bir-biri ilə ziddiyyət daşımayan iddiaçının yaralanma vəziyyəti, xəsarətin qərar və tibbi sənədlərdə əks olunan lokasiyası barədə uyğun gələn məlumatlar, onun tibbi müalicəsi üzrə tədbirlər (hərbi vertolyotdan istifadə və s) barədə həqiqətə uyğun olması üçün ciddi əsaslar olan ifadələr məhkəmə hesab edir ki, nəzərə alınmalıdır. Ümumiyyətlə bununla əlaqədar olaraq qeyd edilməlidir ki, inzibati xəta və cinayət prosessual qanunvericilikdə məhkəmə praktikasında sübut növü kimi xüsusi əhəmiyyət daşıyan şahid ifadələrinin mülki, eyni zamanda inzibati icraatda istifadəsi ilə bağlı hər hansı məhdudiyyət nəinki mövcuddur, hətta şahid ifadələrinin istifadəsi birbaşa olaraq həm inzibati, həm də AR İPM-nin 1.2-ci maddəsi nəzərə alınmaqla tətbiqinə inzibati məhkəmə icraatında imkan verən mülki prosessual normalarda öz təsbitini tapmışdır. Başqa sözlə inzibati və ya inzibati məhkəmə icraatında sübut qismində mütləq qaydada sənədlərin çıxış etməsi ilə bağlı qayda mövcud deyil. Şahid ifadələri də sübut növüdür və işin mahiyyəti üzrə həllində digər sübutlarla yanaşı tətqiq edilməlidir. AR İPM-nin: 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 59.2. Proses iştirakçıları şahidlərə, ekspertlərə və inzibati orqanların nümayəndələrinə işə aid suallar verə bilərlər. Suala etiraz olunduğu hallarda sualın mümkünlüyü haqqında məsələ hakim və ya işə baxan məhkəmə kollegiyası tərəfindən həll edilir. AR MPM-nin: 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göründüyü kimi şahid ifadəsi sübut növlərinin siyahısında qeyd edilmişdir. MPM-nin: 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 62.2. Şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur. 62.3. Şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab verməyə borcludur. 62.4. Şahid bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə cinayət məsuliyyəti daşıyır. AR CM-nin 297-ci maddəsindən də göründüyü kimi məhkəmədə yalan ifadə vermə cinayət məsuliyyətinə səbəb olur. Göründüyü kimi proses iştirakçısının özünümüdafiə xarakterli ola biləcək izahatlarından fərqli olaraq şahidin məhkəməni yanıltmağa yönəlmiş yalan ifadə verməsi cinayət məsuliyyətinə səbəb olan haldır. Bu səbəbdən məhkəmə hesab edir ki, şahid ifadəsinin sübut növü kimi əhəmiyyəti həmin ifadənin yalan olacağı təqdirdə cinayət məsuliyyətinə ekspert rəyi kimi səbəb olması səbəbi ilə mütləq nəzərə alınmalıdır. Məhkəmə də inzibati orqanın qərarının qanuniliyinin müəyyən edilməsində əhəmiyyət daşıya biləcəyindən şahid ifadəsinin düzgün olması baxımından şahidin hüquq və vəzifələri ilə yanaşı, şahidin yalan ifadə verməsi zamanı yaranacaq cinayət məsuliyyəti ilə bağlı şəxsləri dəfə xəbərdarlıq etmiş, sosial statusundan (yaş, cins və digər xüsusiyyətlər) asılı olmayaraq həmin şəxsin cinayət məsuliyyəti daşıya biləcəyi şəxsin diqqətinə çatdırılmış, şahidlər həmin məsuliyyətin ona tam aydın olduğunu bildirərək müvafiq qəbzə imza etməklə ifadə vermişdir. Beləliklə, iş materialları ilə, mötəbərliyi sübhə doğurmayan sübut əhəmiyyətli sənəd və ifadələrlə müəyyən edilir ki, iddiaçının yaralanması məhz döyüşlərdə iştirakı ilə bağlı olmuşdur. Bu zaman onun barəsində hərbi xidməti özbaşına tərk etməsi də məhkəmə hesab edir ki, ziyanına şərh edilə bilməz. Belə ki, hərbi xidməti özbaşına tərk etmə halı veteran statusunun verilməsi və digər hallarla bağlı məhdudiyyətlərə səbəb ola biləcək bir hal olsa da, şəxsin yaralanma faktının təkzibi əsası qismində çıxış etmir. Şəxs əgər müəyyən dövr üzrə həqiqətən yaralanmışdırsa, onun sonradan hərbi xidməti özbaşına tərk etməsi və digər bu kimi hətta hərbi cinayətlər belə törətməsi onun yaralanması ilə bağlı faktiki halı istisna etmir. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-536/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, Cavabdehin əsas dəlili ondan ibarətdir ki, yaralanmanın (xəsarətin) məhz döyüş bölgəsində xidməti vəzifəsinin icrası zamanı baş verməsini təsdiq edən hər hansı bir sənəd (xəstəlik tarixindən çıxarış epikrizi, xidməti təhqiqat materialları, travma haqqında arayış) təqdim edilmədiyindən iddiaçının müraciətində qaldırılmış məsələnin müvafiq qanunvericiliyə uyğun olaraq qiyabi araşdırılması (təsdiqedici sənədlər əsasında) imkan xaricindədir. . Məhkəmələr də öz növbəsində hesab etmişlər ki, İddiaçı aldığı xəsarətin 1992-ci ildə baş verməsi və xidməti vəzifəsinin icrası ilə bağlı olması iş materialları ilə öz təsdiqini tapmadığından, hazırkı iddia tələbi əsassızdır. Nəzərə alınmalıdır ki, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.4-cü bəndinin tələbinə görə, hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbihəkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. . Normanın məzmunundan göründüyü kimi, Əsasnamə vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələrinə yol verir. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. Hazırkı halda, söhbət xəstəlik və ya kontuziya alınmasından deyil, yaralanma və ya travma alma faktının və şəraitinin müəyyən edilməsindən gedir. İddiaçı apellyasiya şikayətində onun yaralanma və ya travma alması şəraitinin şahidləri barədə qeyd etsə də, apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə həmin dəlilləri tərəflərlə müzakirə etməmiş, onlara hər hansı münasibət bildirilməmiş, onlar məhkəmə araşdırmasının predmeti olmamışdır. Halbuki, iddiaçıda bədən zədələnmələrinin aşkar nəticələrinin olduğu iş materiallarına əlavə edilmiş K/198 №-li ekspert rəyində qeyd edilmişdir (iş v. 24-26). Həmin rəyə görə, İddiaçı 1992-ci il tarixdə yaralanmağına dair heç bir tibbi sənədləri olmadığına görə digər xəsarətlərin əmələgəlmə mexanizmi və müddəti barədə hazırda dəqiq fikir yürütmək mümkün deyildir. Lakin çapıq toxumaların saxlanılmış bəzi morfoloji xüsusiyyətlərinə görə demək olar ki, həmin xəsarətlər (başın sol təpə nahiyəsində, sağ saidin aşağı l/3-nin içəri səthində, sağ saidin aşağı 1/3-nin ön səthində, sağ bazunun yuxarı 1/3-nin ön səthində çapıq toxumalar, sağ əlin 5-ci daraq sümüyünün və sağ bazu sümüyünün sınığı, sol göz sinirinin atrofiyası) 1,5-2 ildən yuxarı olan müddət ərzində əmələ gəlmişdir. Çapıq toxumalar odlu silah mərmi partlaması zamanı yaranmış qəlpələrin təsiri nəticəsində, sol gözdə görmə sinirinin atrofiyası isə partlayış zamanı zərbə dalğasının göz almasına mexaniki təsirindən əmələ gəlmələri inkar edilmir, o cümlədən müayinə olunanın göstərdiyi şəraitdə, 1992-ci ilin avqust və dekabr aylarında odlu silah mərmi partlaması zamanı əmələ gəlmələri də mümkündür. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə eyni zamanda, qeyd edir ki, AR İPM-nin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində qəbul edilmiş Hərbi Həkim Komissiyasın 10 dekabr 2021-ci il tarixli qərarında xəstəliyinin səbəbli əlaqəsinin Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır kimi dəyişdirilməsi öhdəliyi Hərbi Həkim Komissiyasına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar