Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-964/2021 20.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X6 (Ünvan: Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, Ev 1a, mənzil 56; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Hüquq və daxili nəzarət şöbəsinin böyük hüquqşünası) iştirakı ilə, iddiaçı - X5 oğlunun cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı X5 oğlu cavabdeh Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin **********3870 nömrəli, 25 fevral 2020-ci il tarixli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarını əsassız hesab edərək ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) 22.07.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 20.10.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının hüquqi ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı ticarət sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmaqla, ********** eyniləşdirmə nömrəsi almışdır. Ticarət sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi ünvan ünvan 2r. Həmin mağazada tütün və alkoqollu içkillərin pərakəndə satışını təşkil edir. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin **********2689 nömrəli, 17 fevral 2020-ci il tarixli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən ticarət sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi mağazada 17 fevral 2020-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı müxtəlif çeşidli 19.960,90 (on doqquz min doqquz yüz altmış, 90 qəpik) manat dəyərində 10.813 (on min səkkiz yüz on üç) manat qutu tütün məlumatlarının və 480,00 (dörd yüz səksən) manat dəyərində 48 (qırx səkkiz) ədəd alkoqollu içkillərin, ümumilikdə 20.440,90 (iyirmi min dörd yüz qırx manat 90 qəpik) manat dəyərində aksiz markaları ilə markalanmalı olan, lakin belə markalarla markalanmamış malların satış məqsədilə saxlanılması faktı aşkarlanmış və vergi orqanı tərəfindən keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 004301 nömrəli, 17 fevral 2020-ci il tarixli akt tərtib edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin müstəntiqi Azər Kazımov tərəfindən yuxarıda qeyd olunan fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213- 1.2.1-ci maddəsinə əsasən 17 fevral 2020-ci il tarixli "Cinayət işinin başlanması barədə" qərar qəbul edilmiş və hazırda ibtidai istintaq hərəkətləri davam etdirilir. Bundan əlavə, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi ticarət sahəsində sahibkarlıq fəlaiyyətini həyata keçirdiyim mağazada Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 50.1.2-ci maddəsinə uyğun olaraq aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi məsələsi üzrə həyata keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 004301 nömrəli, 17 fevral 2020- ci il tarixli aktına əsasən iddiaçı barəsində **********3870 nömrəli, 25 fevral 2020-ci il tarixli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul etmişdir. Həmin qərarın 1 və 2-ci bəndlərinə əsasən vergi orqanı ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə əlaqədar ona Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 58.14-cü maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildiyinə görə həmin malların bazar qiyməti ilə dəyərinin 1 misli yəni 20.440,90 (iyirmi min dörd yüz qırx manat 90 qəpik) manat məbləğində maliyyə sanksiyası tətbiq etmiş və 06 mart 2020-ci il tarixədək 20.440,90 (iyirmi min dörd yüz qırx manat 90 qəpik) manat məbləğin büdcəyə ödənilməsini təmin edilməsini qeyd etmişdir. Həmin qərara uyğun olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi mənə **********3871 nömrəli, 25 fevral 2020-ci il tarixli "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Tələbnamə göndərmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin müstəntiqi Azər Kazımov tərəfindən fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsinə əsasən 17 fevral 2020-ci il tarixli "Cinayət işinin başlanması barədə" Qərar qəbul edilmiş və hazırda cinayət işi üzrə ibtidai istintaq hərəkətləri davam etdirilir. Həmin iş üzrə təqsirləndirilən statusunda olduğu halda, habelə cinayət əməlini törətməsi hələ sübuta yetirilməmiş və cinayət işi üzrə təqsirli bilinməsi barədə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən barəsində **********3870 nömrəli, 25 fevral 2020-ci il tarixli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul etməsi əsassızdır. Vergi orqanı əməlində təqsirlik sübut olmayana kimi onu maliyyə sanksiyasına cəlb edə bilməzdi. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehb inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslnadırmışdır ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 17.02.2020-ci il tarixli **********2689 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 241 E, 1 nömrəli girişdə yerləşən mağazada 17.02.2020-ci il tarixdə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı mağazada müxtəlif çeşidli 19.960,90 manat dəyərində 10.813 qutu tütün məmulatlarının və 480 manat dəyərində 48 ədəd alkoqollu içkilərin, ümumilikdə 20.440,90 manat dəyərində aksiz markaları ilə markalanmalı olan, lakin belə markalarla markalanmamış malların satış məqsədilə saxlanılması faktı aşkarlanmış və vergi orqanı tərəfindən keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 004301 nömrəli 17 fevral 2020-ci il tarixli akt tərtib edilmişdir. Həmin akta əsasən 25.02.2020-ci il tarixli **********3870 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Qərarla iddiaçıya Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.14-cü maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satış məqsədilə saxlanılmasına görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildiyi nəzərə alınmaqla, malların bazar qiyməti ilə dəyərinin 1 misli, yəni 20.440,90 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan külli miqdarda satış məqsədi ilə saxlanması faktı üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-1.2.1-ci madddəsinə əsasən cinayət işi başlanmışdır. Buna baxmayaraq, iddiaçı bir sıra əsassız dəlillər gətirərək 25.02.2020-ci il tarixli **********3870 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qanunsuz hesab edir. İddiaçının əsassız dəlillərindən biri ondan ibarətdir ki, cinayət işi üzrə təqsirli hesab olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan vergi orqanı tərəfindən məsuliyyətə cəlb etmə barədə qərarın qəbul edilməsi qanunvericiliyin tələblərinə ziddir. Üstəlik iddiaçı bu dəlilini əsaslandırmaq üçün Vergi Məcəlləsinin 53.3-cü maddəsinə istinad etmişdir. Halbuki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Göründüyü kimi, normada şəxsin vergi qanunvericiliyinin pozulmasında təqsirinin təsdiq edilməsinin iki fərqli üsulu müəyyən edilmişdir: -Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada; -Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Vergi nəzarəti tədbirləri nəticəsində vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasına görə Vergi Məcəlləsinin 49-cu maddəsinə müvafiq olaraq məsuliyyətə cəlb edilir. Qeyd olunanlardan göründüyü kimi, operativ vergi nəzarəti nəticəsində aşkar edilmiş pozuntuya görə vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi (maliyyə sanksiyasının tətbiq edilməsi) Vergi Məcəlləsinin 49-cu, 50-ci və 53.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilmişdir. Vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsi üçün onun təqsirinin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilməsinə dair isə qanunvericilikdə heç bir norma mövcud deyildir. İddiaçının digər bir əsassız dəlili isə ondan ibarət olmuşdur ki, aksiz markaları ilə markalanmalı malların bu cür markalarla markalanmadan satış məqsədi ilə saxlanması faktı üzrə cinayət işi başlandığından həmin əmələ görə maliyyə sanksiyasının tətbiq edilməsi əsassız olmuşdur. İddiaçı bu mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 6 avqust 2002-ci il tarixli qərarı, Vergi Məcəlləsinin 53.2-ci, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci, Cinayət Məcəlləsinin 8.2-ci maddələri və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 7 saylı protokolunun 4-cü maddəsi ilə əsaslandırmağa çalışmışdır. Nəzərinizə çatdırırıq ki, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 6 avqust 2002-ci il tarixli qərarı Vergi Məcəlləsində və inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş pozuntulara görə məsuliyyət məsələsinin həlli ilə əlaqədar qəbul edilmişdir. Halbuki, hazırkı iş üzrə iddiaçının mövqeyi cinayət məsuliyyətinə cəlb edilmə ehtimalı nəzərə alınaraq, vergi məsuliyyətinə cəlb edilməli olmaması ilə bağlıdır. Üstəlik, həmin qərarın birinci bəndinin ikinci cümləsinə əsasən, Vergi Məcəlləsinin 49.6- cı maddəsinin müddəaları Vergi Məcəlləsində vergi pozuntularına görə məsuliyyət nəzərdə tutulmadığı hallarda tətbiq olunmalıdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, pozuntuya görə məsuliyyət tədbiri Vergi Məcəlləsində nəzərdə tutulmuşdursa vergi məsuliyyəti (maliyyə sanksiyası), Vergi Məcəlləsində bu cür pozuntuya görə məsuliyyət nəzərdə tutulmadığı halda isə inzibati məsuliyyət tətbiq edilməlidir. Xüsusi olaraq nəzərinizə çatdırırıq ki, vergi və cinayət məsuliyyətinin tətbiq edilməsi ilə bağlı formalaşmış məhkəmə təcrübəsi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli qərarı iddiaçının bu mövqeyinin tamamilə əsassız olduğunu sübuta yetirir. Əvvəla, vergi hüquq pozuntularına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsində nəzərdə tutulmuş vergi məsuliyyəti (maliyyə sanksiyası) və Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinin tətbiqi təcrübəsinə nəzər salaq. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi orqanı tərəfindən vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmçinin Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən dövlət büdcəsinə ödənilməkdən yayındırılmış məbləğ 50.000 manatdan yuxarıdırsa (xeyli, külli və ya xüsusilə külli miqdar) əməl ictimai təhlükəli əməl hesab edilərək təqsirli şəxs cinayət məsuliyyətinə cəlb edilir. Qeyd olunan işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə müvafiq olaraq, vergi ödəyicisinə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərə görə maliyyə sanksiyasının (yayındırılmış vergilərin 50 faizi həcmində) tətbiq edilməsi, vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə təqsirli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini istisna etmir. Bu cür məhkəmə təcrübəsinin qanuni və əsaslı olması “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli qərarı ilə də öz təsdiqini tapır (qərarın surəti etiraza əlavə edilir). Həmin qərarda vergi və cinayət məsuliyyətinin eyni zamanda tətbiq edilməsi qanuni hesab edilməklə yanaşı, hətta maliyyə sanksiyalarının vergi ödəyicisindən hansı qaydada tutulmalı olmasına da münasibət bildirilir. Belə ki, qərarın birinci bəndinə əsasən vergi cinayətlərinə görə məhkum olunmuş şəxsdən yalnız cinayət nəticəsində vurulmuş zərər tutulmalı olduğundan, həmin şəxsdən maliyyə sanksiyalarının və faizlərin tutulmasına yol verilmir. Vergi cinayətlərinə dair qəbul olunmuş hökmün mülki iddiaya aid olan hissəsi maliyyə sanksiyalarının və faizlərin tutulması ilə eyni predmeti təşkil etmədiyindən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci maddəsinə uyğun olaraq həmin faizlər və maliyyə sanksiyalarının tutulması həmin Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında həyata keçirilir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi hesab etmişdir ki, yayındırılmış vergi məbləği cinayət nəticəsində vurulmuş zərər hesab edildiyindən həmin məbləğ hökmün mülki iddiaya aid hissəsi ilə əhatə olunmalı, maliyyə sanksiyaları və faizlər isə Vergi Məcəlləsində müəyyən edilmiş qaydada tutulmalıdır. İddiaçının mövqeyini əsaslandırmaq üçün istinad etdiyi digər bir norma Vergi Məcəlləsinin 53.2-ci maddəsində təsbit olunmuşdur. Belə ki, istinad olunan maddəyə əsasən heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. Qeyd olunan normanın tətbiqi dairəsini müəyyən etmək üçün Vergi Məcəlləsinin 53.2-ci maddəsini 53.1-ci maddəsi ilə yanaşı qiymətləndirmək lazımdır. Belə ki, Vergi Məcəlləsinin 53.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Vergi Məcəlləsinin 53.1-ci maddəsindən göründüyü kimi, Vergi Məcəlləsinin 53.2-ci maddəsində vergi məsuliyyəti ilə bağlı qaydalar öz əksini tapmışdır. Vergi qanunvericiliyinin inzibati xəta və ya cinayət tərkibli pozuntuları üzrə məsuliyyət məsələləri isə müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinin və Cinayət Məcəlləsinin müddəaları ilə tənzimlənir. Belə olan halda, Vergi Məcəlləsinin 53.2-ci maddəsi şəxsin vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətə) görə təkrarən vergi məsuliyyətinə cəlb edilə bilməməsini nəzərdə tutur. Vergi Məcəlləsinin 53.2-ci maddəsinin cinayət qanunvericiliyinə tətbiqi isə həmin qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Cinayət Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət qanunu bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2.2-ci maddəsinə müvafiq olaraq cinayət məsuliyyətinin əsasları və prinsipləri, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsi və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növləri, həddi və həcmi, habelə digər cinayət-hüquqi xarakterli tədbirlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilir. İddiaçının mövqeyini əsaslandırmaq üçün istinad etdiyi İnzibati Xətalar Məcəlləsinin 9.2- ci, Cinayət Məcəlləsinin 8.2-ci və Konvensiyanın 7 saylı protokolunun 4-cü maddələrinə gəldikdə isə, hazırkı iş üzrə mübahisə predmetini iddiaçının təkrar cinayət məsuliyyətinə cəlb edilməsi və ya inzibati məsuliyyətə cəlb edilməsi təşkil etmədiyindən, onun qeyd olunan normalara istinad etməsi ümumiyyətlə anlaşılan deyil. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Cinayət Məcəlləsinin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmçinin Konvensiyanın 7 saylı protokolunun 4-cü maddəsinin birinci bəndinə əsasən heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və cəzalandırıla bilməz. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının dəlilləri əsassız olmaqla yanaşı, dəlillərin əsası kimi istinad olunan normativ sənədlərin əksər hissəsi ümumiyyətlə mübahisə predmetinə aid normaları əks etdirmir. Sonda isə nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: -onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə (70.3.1); -vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə (70.3.2). Hazırkı iş üzrə mübahisələndirilən 25.02.2020-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar, o cümlədən qərarla tətbiq edilmiş maliyyə sanksiyaları məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinin tələblərinə uyğun olmaqla bərabər hesablanılan şəxs hamı üçün aydın göstərilmişdir. Belə olan halda, həmin məsuliyyət qərarı prosessual pozuntularla tərtib edilmiş və etibarsız sayıla bilməz. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 17.02.2020-ci il tarixli **********2689 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 241 E, 1 nömrəli girişdə yerləşən mağazada 17.02.2020-ci il tarixdə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı mağazada müxtəlif çeşidli 19.960,90 manat dəyərində 10.813 qutu tütün məmulatlarının və 480 manat dəyərində 48 ədəd alkoqollu içkilərin, ümumilikdə 20.440,90 manat dəyərində aksiz markaları ilə markalanmalı olan, lakin belə markalarla markalanmamış malların satış məqsədilə saxlanılması faktı aşkarlanmış və vergi orqanı tərəfindən keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 004301 nömrəli 17 fevral 2020-ci il tarixli akt tərtib edilmişdir. Həmin akta əsasən 25.02.2020-ci il tarixli **********3870 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Qərarla iddiaçıya Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.14-cü maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satış məqsədilə saxlanılmasına görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildiyi nəzərə alınmaqla, malların bazar qiyməti ilə dəyərinin 1 misli, yəni 20.440,90 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırda cavabdehin 25.02.2020-ci il tarixli **********3870 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı mübahisələndirir. Həmçinin, iş materiallarından görünür ki, aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan külli miqdarda satış məqsədi ilə saxlanması faktı üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-1.2.1-ci madddəsinə əsasən cinayət işi başlanmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-193/2020 saylı 28.09.2020-ci il tarixli Hökmündə göstərilmişdir: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il 6 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən N.Nizaməddinovun həbsdə və ev dustağlığında saxlanıldığı 07 ay 11 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 10 ay 19 gün (bir il on ay on doqquz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X4 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. X2 davranışına nəzarət onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. X3 bir vəzifə olaraq tapşırılsın ki, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişdirməsin. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin və o, ev dustaqlığından dərhal azad edilsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 360,00 manat (üç yüz altmış manat) X1 tutulub dövlət nəfinə keçirilsin. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Vergi nəzarəti tədbirləri nəticəsində vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasına görə Vergi Məcəlləsinin 49-cu maddəsinə müvafiq olaraq məsuliyyətə cəlb edilir. Qeyd olunanlardan göründüyü kimi, operativ vergi nəzarəti nəticəsində aşkar edilmiş pozuntuya görə vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi (maliyyə sanksiyasının tətbiq edilməsi) Vergi Məcəlləsinin 49-cu, 50-ci və 53.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilmişdir. Vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsi üçün onun təqsirinin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilməsinə dair isə qanunvericilikdə heç bir norma mövcud deyildir. İddia ərizəsindən görünür ki, iddiaçının iddia tələbini onunla əsaslnadırmışdır ki, aksiz markaları ilə markalanmalı malların bu cür markalarla markalanmadan satış məqsədi ilə saxlanması faktı üzrə cinayət işi başlandığından həmin əmələ görə maliyyə sanksiyasının tətbiq edilməsi əsassız olmuşdur. İddiaçı bu mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 6 avqust 2002-ci il tarixli qərarı, Vergi Məcəlləsinin 53.2-ci, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci, Cinayət Məcəlləsinin 8.2-ci maddələri və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 7 saylı protokolunun 4-cü maddəsi ilə əsaslandırmağa çalışmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 6 avqust 2002-ci il tarixli qərarı Vergi Məcəlləsində və inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş pozuntulara görə məsuliyyət məsələsinin həlli ilə əlaqədar qəbul edilmişdir. Halbuki, hazırkı iş üzrə iddiaçının mövqeyi cinayət məsuliyyətinə cəlb edilmə ehtimalı nəzərə alınaraq, vergi məsuliyyətinə cəlb edilməli olmaması ilə bağlıdır. Həmin qərarın birinci bəndinin ikinci cümləsinə əsasən, Vergi Məcəlləsinin 49.6-cı maddəsinin müddəaları Vergi Məcəlləsində vergi pozuntularına görə məsuliyyət nəzərdə tutulmadığı hallarda tətbiq olunmalıdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, pozuntuya görə məsuliyyət tədbiri Vergi Məcəlləsində nəzərdə tutulmuşdursa vergi məsuliyyəti (maliyyə sanksiyası), Vergi Məcəlləsində bu cür pozuntuya görə məsuliyyət nəzərdə tutulmadığı halda isə inzibati məsuliyyət tətbiq edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, vergi və cinayət məsuliyyətinin tətbiq edilməsi ilə bağlı formalaşmış məhkəmə təcrübəsi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli qərarı iddiaçının bu mövqeyinin tamamilə əsassız olduğunu sübuta yetirir. Məhkəmə vergi hüquq pozuntularına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsində nəzərdə tutulmuş vergi məsuliyyəti (maliyyə sanksiyası) və Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinin tətbiqi ilə bağlı aşağıdakılar qeyd edir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi orqanı tərəfindən vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmçinin, Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən dövlət büdcəsinə ödənilməkdən yayındırılmış məbləğ 50.000 manatdan yuxarıdırsa (xeyli, külli və ya xüsusilə külli miqdar) əməl ictimai təhlükəli əməl hesab edilərək təqsirli şəxs cinayət məsuliyyətinə cəlb edilir. Qeyd olunan işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə müvafiq olaraq, vergi ödəyicisinə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərə görə maliyyə sanksiyasının (yayındırılmış vergilərin 50 faizi həcmində) tətbiq edilməsi, vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə təqsirli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini istisna etmir. Bu cür məhkəmə təcrübəsinin qanuni və əsaslı olması “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli qərarı ilə də öz təsdiqini tapır. Həmin qərarda vergi və cinayət məsuliyyətinin eyni zamanda tətbiq edilməsi qanuni hesab edilməklə yanaşı, hətta maliyyə sanksiyalarının vergi ödəyicisindən hansı qaydada tutulmalı olmasına da münasibət bildirilir. Belə ki, qərarın birinci bəndinə əsasən vergi cinayətlərinə görə məhkum olunmuş şəxsdən yalnız cinayət nəticəsində vurulmuş zərər tutulmalı olduğundan, həmin şəxsdən maliyyə sanksiyalarının və faizlərin tutulmasına yol verilmir. Vergi cinayətlərinə dair qəbul olunmuş hökmün mülki iddiaya aid olan hissəsi maliyyə sanksiyalarının və faizlərin tutulması ilə eyni predmeti təşkil etmədiyindən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci maddəsinə uyğun olaraq həmin faizlər və maliyyə sanksiyalarının tutulması həmin Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında həyata keçirilir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi hesab etmişdir ki, yayındırılmış vergi məbləği cinayət nəticəsində vurulmuş zərər hesab edildiyindən həmin məbləğ hökmün mülki iddiaya aid hissəsi ilə əhatə olunmalı, maliyyə sanksiyaları və faizlər isə Vergi Məcəlləsində müəyyən edilmiş qaydada tutulmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçının mövqeyini əsaslandırmaq üçün istinad etdiyi digər bir norma Vergi Məcəlləsinin 53.2-ci maddəsində təsbit olunmuşdur. Belə ki, istinad olunan maddəyə əsasən heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, qeyd olunan normanın tətbiqi dairəsini müəyyən etmək üçün Vergi Məcəlləsinin 53.2-ci maddəsini 53.1-ci maddəsi ilə müqayisəli təhlil etmək lazımdır. Belə ki, Vergi Məcəlləsinin 53.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Vergi Məcəlləsinin 53.1-ci maddəsindən göründüyü kimi, Vergi Məcəlləsinin 53.2-ci maddəsində vergi məsuliyyəti ilə bağlı qaydalar öz əksini tapmışdır. Vergi qanunvericiliyinin inzibati xəta və ya cinayət tərkibli pozuntuları üzrə məsuliyyət məsələləri isə müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinin və Cinayət Məcəlləsinin müddəaları ilə tənzimlənir. Belə olan halda, Vergi Məcəlləsinin 53.2-ci maddəsi şəxsin vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətə) görə təkrarən vergi məsuliyyətinə cəlb edilə bilməməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: • onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə (70.3.1); • vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə (70.3.2). Hazırkı iş üzrə mübahisələndirilən 25.02.2020-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar, o cümlədən qərarla tətbiq edilmiş maliyyə sanksiyaları məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinin tələblərinə uyğun olmaqla bərabər hesablanılan şəxs hamı üçün aydın göstərilmişdir. Belə olan halda, həmin məsuliyyət qərarı prosessual pozuntularla tərtib edilmiş və etibarsız sayıla bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə əsasən vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. Həmin Məcəllənin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. Həmin Məcəllənin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti – şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan fəlaiyyətdir. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək vergi orqanlarının hüquqlarına daxildir. Həmin Məcəllənin 23.1.5-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarına daxildir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. Həmin Məcəllənin 52.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən vergi və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və ləğv oluna bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X5 oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin **********3870 nömrəli, 25 fevral 2020-ci il tarixli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarını əsassız hesab edərək ləğv edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-964/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-964/2021
20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver