Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9643/2021 13.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmə binаsındа şifahi, açıq məhkəmə baxışı iclasında bахаrаq, müəyyən etdi: I. İşin halları
1. İddiaçı1 (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək onun alə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına alınmasını xahiş etmişdir.
2. Cavabdeh 12.08.2021-ci il tarixdə 073-296288 saylı məktubla ərizəni təmin etməkdən imtina etmiş, qanunda qeyd olunan sənədlərdən hər hansı birinin təqdim edilmədiyi bildirilərək məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
3. Bundan sonra İddiaçı 23 avqust 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin, xüsusən də oğlu İddiaçı3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına alınmasını xahiş etmişdir.
4. 04.10.2021-ci il tarixdə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb edilməsini, cavabdehin əsl cavabdeh Bakı şəhər Sabunçu rayon Polis İdarəsi ilə əvəz edilməsini və İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Bakı şəhəri, Maştağa qəsəbəsi, Daş karxanası, döngə-2 ünvanında yerləşən 29 saylı evə qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 04.10.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması
5. İddiaçılar tələbini bununla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, daş karxanası, döngə-4 ünvanında 4 otaqdan ibarət 29 nömrəli evi almış və artıq on beş ilə yaxındır ki, həmin evdə ailəsi ilə birlikdə yaşayır. 2012-ci ilin mart ayında Azərbaycan Respublikası "xxxx" MMC-nin Fiziki Şəxslərin Mülkiyyətinə aid Əmlakın Qiymətləndirilməsi və Torpaqların İnventarlaşdırılmasına dair Hesabat cədvəli tərtib edilmiş, 23.08.2011-ci ildə bağlanmış müqaviləyə əsasən iddiaçının evinə 40 min 50 manat qiymət qoyulmuşdur. Hazırda iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən torpaq və əmlak vergisini vaxtında ödəyir. Su, qaz və işıq təşkilatları ilə ayrıayrılıqda qarşılıqlı müqaviləyə əsasən bütün kommunal xərclər vaxtında ödənilir. Lakin hazırda on beş ildən artıqdır ki, həmin evdə yaşamaqlarına baxmayaraq indiyə qədər həmin ünvana pasport qeydiyyatına alına bilməmişlər. Hətta ikinci Qarabağ müharibəsinin qazisi olan oğlu İddiaçı3 döyüşlər zamanı yaralanaraq güclü kontuziya aldığından onun müalicəsi üçün, iddiaçı və ailə üzvləri hər hansı bir iş ilə əlaqədar olaraq əlavə pul xərcləməklə hər dəfə Cəlilabad rayonuna getməli olurlar. Bu isə ailəsi və xüsusən də Qarabağ qazisi olan oğlu üçün müxtəlif problemlər yaradır.
6. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə keçiriləcək məhkəmə iclaslarının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. III. Məhkəmənin mövqeyi
8. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
9. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
10. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda.
11. İşin hallarına görə, İddiaçılar yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün istinad edilmiş Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən heç birini təqdim etməmişlər.
12. Həmçinin məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş 22.10.2021-ci il tarixli **********95 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası, döngə-2, 29 saylı evin qeydiyyatdan keçməsi barədə məlumat idarənin arxivində aşkar edilməmişdir.
13. Azbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən təqdim olunmuş 26.10.2021-ci il tarixli, 018-16990-1221 nömrəli məktubdan görünür ki, ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan heç bir şəxs müəyyən edilməmişdir.
14. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01.11.2021-ci il tarixli **********30 nömrəli məktubuna əsasən iddiaçıların qeydiyyata alınmasını xahiş etdiyi ünvan barədə məlumat Ünvan Reyestri İnformasiya Sistemində mövcud deyil.
15. Beləliklə, sadalanan hallardan görünür ki, iddiaçıların qeydiyyata alınmasını xahiş etdikləri əmlak özbaşına tikilidir, həm əmlak, həm də onun yerləşdiyi ünvan qeydiyyata alınmamışdır.
16. İddiaçılar tələbin əsası kimi 26.03.2019-cu il tarixli Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti arasında elektrik enerjisinin alqı-satqı müqaviləsinin, Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 12.01.2017-ci il tarixli, ******* nömrəli Aktın, Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərll bağlanan 14.03.2019-cu il tarixli, 41015141 nömrəli müqavilənin, Sabunçu Rayonu Maştağa Bələdiyyəsinin Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxslərin uçota alınması haqqında 24.02.2020-ci il tarixli, 6167 nömrəli Şəhadətnaməsinin surətini təqdim etmişlər. Lakin bu sənədlərin heç biri Qanunun 5-ci maddəsində nəzərdə tutulan sənədlərə aid edilə bilməz.
17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları həmin Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
20. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı :
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova