Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9646/2024 17.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kəşfiyyat subyektinin əməkdaşı hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kəşfiyyat subyektinin əməkdaşı hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 17 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), qapalı məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: EZ № ******* №-li hərbi biletə əsasən İddiaçı xx.xx.2002-xx.xx.2022-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Həmçinin xx.xx.2011-xx.xx.2022-ci illərdə N saylı hərbi hissənin kəşfiyyat bölməsinin rəisi vəzifəsində xidmət etmişdir. İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra – cavabdeh) müraciət edərək kəşfiyyat subyektinin əməkdaşı hesab olunmasına dair müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, “...Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmri ilə təsdiq edilmiş “Kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları vəzifələrinin Siyahısı”nda sizin xidmət etdiyiniz N nömrəli hərbi hissə və həmin hərbi hissənin kəşfiyyat bölmə rəisi vəzifəsi kəşfiyyat fəaliyyəti subyekti kimi qeyd olunmayıb”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun kəşfiyyat subyektinin əməkdaşı hesab olunmasına barıdımüvafiq qərarın qəbul edilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, N saylı hərbi hissənin kəşfiyyat bölmə rəisi kimi xidmət keçərkən vəzifə borclarına görə döyüş tapşırıqları yerinə yetirilərkən düşmənin hava fəaliyyəti haqqında məlumatların toplanılmasına, təhlilinə rəhbərlik etmişdir. Ondan sonra tutduğu ştat vəzifəsinə təyin olunmuş zabit kəşfiyyat subyektinin əməkdaşı hesab olunur, lakin bu ona şamil olunmur. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazın onunla əsaslandırılmışdır ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə uyğun olaraq verilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 №li fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyəti üzrə subyekt müəyyən edilmişdir. Həmçinin, həmin Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat və əks- kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına nəzərdə tutulmuş vəzifələrinin müəyyən edilməsi, yuxarıda qeyd olunan Fərmana əsasən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Fərmanın icrası ilə bağlı Müdafiə Nazirinin əmri ilə Müdafiə Nazirliyində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahıları təsdiq edilir. Yuxarda qeyd olunanlardan aydın olur ki, əməkdaşların siyahıları və onların vəzifələrinin müəyyən edilməsi Müdafiə Nazirinin diskresion səlahəyətidir və Müdafiə Nazirinin əmri ilə təsdiq edilir. İddia təmin edildiyi təqdirdə, Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 №li fərmanının tələblərinin yerinə yetirilməsinə dair Müdafiə Nazirliyi tərəfindən verilən əmr və qərarlarının ləğv edilməsi anlamına gəlir və xidmətdə olan hərbi qulluqçular tərəfindən verilən əmr və qərarların yerinə yetirilməsinə şübhə ilə yanaşmasına gətirib çıxarda bilər. İddia təmin edilsə, bu hal hərbi xidmətdən tərxis olunmuş, eləcə də hal-hazırda xidmətdə olan hərbi qulluqçuların çoxsaylı müraciətlərinə, məhkəmə mübahisələrinə və nəticədə külli miqdarda dövlət vəsaitinin qanunsuz və əsassız xərclənməsinə səbəb olacaqdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına əsasən iddiaçı xx.xx.2002-xx.xx.2022-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Həmçinin xx.xx.2011xx.xx.2022-ci illərdə N saylı hərbi hissənin kəşfiyyat bölməsinin rəisi vəzifəsində xidmət etmişdir. İddiaçı onun kəşfiyyat subyektinin əməkdaşı hesab olunmasına dair qərar qəbul edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmri ilə təsdiq edilmiş “Kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları vəzifələrinin Siyahısı”nda iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə və həmin hərbi hissənin kəşfiyyat bölmə rəisi vəzifəsinin kəşfiyyat fəaliyyəti subyekti kimi qeyd olunmadığını bildirərək, iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, iddiaçı xx.xx.2011-xx.xx.2022-ci illərdə N saylı hərbi hissənin kəşfiyyat bölməsinin rəisi vəzifəsində xidmət etmişdir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti anlayışı və onun təyinatı 1.1. Kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. ... Maddə 6.Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər. Maddə 14. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları 14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. 14.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. ... “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 №-li Fərmanı: ... 1.4. müvafiq dövlət orqanlarının aşağıdakı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları: 1.4.1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini; ... Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən bildirir ki, Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmri ilə təsdiq edilmiş “Kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları vəzifələrinin Siyahısı”nda iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə və həmin hərbi hissənin kəşfiyyat bölmə rəisi vəzifəsinin kəşfiyyat fəaliyyəti subyekti kimi qeyd olunmamışdır. Lakin məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissənin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin kəşfiyyat bölmə rəisi Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli 0026 nömrəli əmri ilə kəşfiyyat subyekti əməkdaşı hesab edilmişdir. Göründüyü kimi, cavabdeh N nömrəli hərbi hissə və həmin hərbi hissənin kəşfiyyat bölmə rəisi vəzifəsinin kəşfiyyat fəaliyyəti subyekti kimi qeyd olunmamasını bildirsə də, vəzifə funksiyaları eyni olan, iddiaçıdan sonra eyni hərbi hissədə və eyni vəzifədə xidmət edən şəxsi kəşfiyyat subyekti hesab etmişdir. Göründüyü kimi, cavabdehin imtinası əsassız olmaqla eyni zamanda iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozulması ilə nəticələnmişdir. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. Lakin məhkəmə qeyd edir ki, hazırkı məsələ cavabdehin diskression səlahiyyətinə aid olduğundan məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərarın qəbul edilməsinə əsas görmür. İPM-in: 33.3-cü maddəsinə əsasən, inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir; 33.4-cü maddəsinə əsasən, bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır; 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə qeyd edir ki, hazırkı halda İPM-in 73.3.1-cü maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddiaçının tələbinə uyğun məcburetmə haqqında qərar qəbul edilməsi mümkünsüzdür. Belə ki, inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edilməli olduğundan məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; Cavabdeh inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan məqamları aydınlaşdırmalı, məhkəmə hüquqi mövqeyini nəzərə almaqla inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, inzibati icraatın bərabərlik və etimad prinsiplərini nəzərə alaraq müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməlidir. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı kəşfiyyat subyektinin əməkdaşı hesab olunmasına dair müvafiq qərar verilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəlik qoyulmalıdır. Məhkəmə qərarından şikayət verilməsi hüquqi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı qərar, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdeh orqanın üzərinə yenidən inzibati icraatın aparılması və müvafiq qərarın qəbul edilməsi öhdəliyinin qoyulması barədədir və tərəflər iddia tələbinin mahiyyəti təmin edilməsi və ya rədd edilməsi barədə yekun hüquqi nəticə yaratmır. İddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərardan narazı qaldığı təqdirdə iddiaçının həmin qərarı məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Məhkəmənin hazırkı qərarından şikayət verilə bilməməsi barədə oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1941/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında da ifadə edilmişdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi qismən təmin edilsin. Məhkəmənin hazırki qərarında hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı kəşfiyyat subyektinin əməkdaşı hesab olunmasına dair müvafiq qərar verilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-9646/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9646/2024
17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver