Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9647/2023 06.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 2 ünvanında yerləşən 29 saylı 600 kv.m bağ sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 29 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina məktubunda bildirilmişdir ki, bağçılıq yoldaşlıq təsərrüfatının siyahısında adı aşkar olunmamışdır. Lakin, Azərbaycan Texniki Universitetinin Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi yaxınlığında yerləşən “Arzu” Bağçılıq-Yoldaşlıq Biriyinin üzvləri siyahısında onun adı var. Sadəcə adının axırına “oğlu” yerinə “qızı” kimi qeyd olunmuşdur. Bu siyahı “Arzu” Bağçılıq-Yoldaşlıq Birliyi və AZTU-nun X3 İdarə Heyətində müzakirə edilmişdir və təsdiq olunmuşdur. Həmin sənədi ərizəsinə qoşma kimi əlavə etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, bağ sahəsinin ara sərhədi qonşu bağ sahəsi ilə şərtidir. “Arzu” X2 Heyətinin xx.xx.1992-ci il tarixli 08 saylı protokolundan çıxarışa əsasən İddiaçı Dosməmmət oğluna 600 kv.m olan 29 saylı istifadə olunmayan torpaq sahəsi ayrılmışdır və bu ona xx.xx.2003-cü il tarixdə verilmiş kitabçada qeyd olunmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən torpaq sahəsinin planı və ölçüləri adlı sənəddə, onun Bakı şəhəri XDS İK-nin xx.xx.1987-ci il tarixli 16/290 saylı qərarı ilə “Arzu” b\Y-nin xx.xx.1992-ci il tarixli 08 saylı protokoluna əsasən 600 kv.m torpaq sahəsi 29 saylı bağın tikintisi üçün ayrılmışdır. X7 kitabında 28104 nömrəli xx.xx.2011-ci il tarixli ilə qeyd olunmuşdur. Eləcə də, bildirir ki, Azərbaycan Texniki Universitetinin “Arzu” Bağçılıq Birliyinin ərazisi olan sahənin planında onun adı “Sofiyev Qismət” kimi qeyd olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilən torpaq sahəsinin sxemində də, bu torpağın ona aid olması qeyd edilmişdir. O, bu torpaqla bağlı bütün ödənişləri etmişdir. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş sənədə əsasən fərdi evin qazlaşdırılması ilə bağlı sənədi öz ərizəsinə əlavə etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələblə bağlı ********** nömrəli xx.xx.2018-ci il tarixli, ********** nömrəli xx.xx.2020-ci il tarixli və ********** nömrəli xx.xx.2022-ci il tarixli ərizələr ilə idarəyə müraciət etmişdir. Sərəncamın araşdırılması zamanı məlum olmuşdur ki, İdarənin arxivində saxlanılan “Arzu” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Təqdim edilən üzvlük kitabçasında torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. “Arzu” X2 Heyətinin xx.xx.1992-ci il tarixli 08 saylı protokolundan çıxarışa əsasən gündəlikdə “Arzu” bağçılıq-yoldaşlıq birliyinin üzvlərinin siyahısına İddiaçı daxil edilməsi barədə ərizəsi müzakirə edilərək, “Arzu” X1 kəndi yaxınlığındakı ərazisində yerləşən sahəsi 600 kv.m olan 29 saylı bağ sahəsi İddiaçı verilmişdir.
8. “Arzu” Bağçılıq-Yoldaşlıq Birliyi tərəfindən iddiaçıya verilmiş 29 nömrəli bağçının üzvlük kitabçasına əsasən İddiaçı Azərbaycan Texniki Universiteti üzvlüyünə xx.xx.1992-ci il tarixdə qəbul olunub. xx.xx.2003-cü il tarixdə kitabça verilmişdir.
9. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № 366657 Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən, İddiaçı məxsus, Bakı şəhər XDS İKnin xx.xx.1987-ci il tarixli 16/290 saylı Qərarı və “Arzu” b/y-nın xx.xx.1992-ci il tarixli 08 saylı protokolu ilə 600k v.m 29 saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. X7 kitabında xx.xx.2011-ci il tarixdə 28104 nömrə ilə uçota alınmışdır.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin sxemi təsdiq edilmişdir.
11. “Arzu” X2 Heyətinin sədri və Azərbaycan Texniki Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri tərəfindən təsdiq edilmiş “Arzu” Bağçılıq-Yoldaşlıq Birliyinin dəqiqləşdirilmiş siyahısında İddiaçı adı 31-ci sırada qeyd edilmiş, ona ayrılmış bağ sahəsinin ölçüsü 0.06 ha göstərilmişdir.
12. “Arzu” Bağçılıq-Yoldaşlıq Birliyi və Azərbaycan Texniki Universitetinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən “Arzu” Bağçılıq-Yoldaşlıq Birliyinə ayrılmış torpaq sahəsinin cizgi-sxemi təsdiq edilmişdir.
13. Azərbaycan Texniki Universitetinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən “Arzu” Bağçılıq-Yoldaşlıq Birliyinə məxsus bağ sahələrinin sxematik xəritələri təsdiq edilmişdir.
14. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli **********70 nömrəli imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, İdarənin arxivində saxlanılan “Arzu” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərinin iclasının protokolundan çıxarış təqdim edilməlidir.
15. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-20378/2023 **********78 nömrəli məktubla Azərbaycan Texniki Universiteti “Arzu” Bağçılıq-Yoldaşlıq Birliyinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ: İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
17. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
20. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
22. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
23. İşin hallarından göründüyü kimi, “Arzu” X2 Heyətinn xx.xx.1992-ci il tarixli 08 saylı protokoluna əsasən “Arzu” X1 kəndi yaxınlığındakı ərazisində yerləşən sahəsi 600 kv.m olan 29 saylı bağ sahəsi İddiaçı verilmişdir. Buna dair İddiaçı adına 20 oktyabr 2003-cü il tarixli üzvlük kitabçası verilmişdir. İddiaçı həmin bağ sahəsinə dair hüquqların qeydiyyata alınması barədə ilk öncə cavabdehə sonra isə məhkəməyə müraciət etmişdir.
24. Cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə protokoldan çıxarış və üzvlük kitabçası mübahisələndirilmişdir.
25. Belə ki, cavabdehin iddiaçıya bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinasının əsası kimi İdarənin arxivində saxlanılan “Arzu” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmamasına istinad edilmişdir.
26. Məhkəmə cavabdehin imtinasında və etirazında göstərilən dəlillərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
27. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh İdarənin arxivində olan köhnə siyahıda iddiaçının adı olmasa da, sonradan “Arzu” X2 Heyətinin sədri və Azərbaycan Texniki Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri tərəfindən təsdiq edilmiş “Arzu” Bağçılıq-Yoldaşlıq Birliyinin dəqiqləşdirilmiş siyahısında İddiaçı adı 31-ci sırada qeyd edilmiş, ona ayrılmış bağ sahəsinin ölçüsü 0.06 ha göstərilmişdir. Bundan əlavə, həmin bağ sahəsinə dair əvvəlki Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, hazırki halda isə həmin idarənin hüquqi varisi kimi cavabdehin özü tərəfindən xx.xx.2011-ci il tarixli A seriyalı 366657 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Lakin, cavabdeh tərəfindən işin halları tam araşdırılmayaraq, nə dəqiqləşmiş siyahıya qiymət verilməmiş, nə də, artıq cavabdeh idarə tərəfindən torpaq sahəsinə plan ölçü sənədinin verilməsi nəzərə alınmamışdır.
28. Göründüyü kimi, cavabdehin dəlilləri əsassız olmaqla iddiaçıya məxsus hüququn qeydə alınmasından imtina üçün əsas ola bilməz.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulubqoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.
30. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
31. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
32. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.
33. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
36. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən 29 saylı 600 kv.m bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva