Məhkəmə qərarları › İş №2-1(112)-9649/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9649/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9649/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “avtomobillərin ölkəyə buraxılması və sərbəst dövriyyəyə buraxılış gömrük proseduruna uyğun rəsmiləşdirilməsinə icazə verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2014-ci il istehsalı olan KİA Sorento avtomobilin rəsmləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-ci il tarixində Koreya Respublikasından xx.xx.2014-cü il istehsalı olan KİA Sorento avtomobil almışdır. Avtomobilin Azərbaycana gəliş tarixi 2 ay yarım nəzərdə tutulsa da İsrayıl-Fələstin müharibəsinə görə 4 aydan gec gəlib. Avtomobilin gəliş marşurutu Suveyş kanalı olsa da, Yəməndə dənizlə hücum səbəbindən Afrika qitəsindən gəlib. Bu səbəndən ölkəyə 9 gün gec daxil olub (xx.xx.2024). Avtomobilə aid texpasport, gəmi sənədi, invoys və şirkətin gecikmə barədə arayışı iddia ərizəsinə əlavə olunub. Bununla əlaqədar olaraq, Aksizlı Mallar üzrə Baş Gömrük İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəyə cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasına gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 94 nömrəli qərarına əsasən zavod buraxılış tarixinə görə 10 ildən cox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi xx.xx.2023-ci il tarixindən etibarən məhdudlaşdırılmışdır. Hesab edir ki, Aksizlı Mallar üzrə Baş Gömrük İdarəsinin imtina cavabı əsassızdır və bu məsələyə tətbiq olunmamalıdır.

3. Cavabdehin iddiaçının müraciətinə imtina məktubu onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqınd”' 94 nömrəli qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin olkə ərazisinə gətirilməsi xx.xx.2023-cü il tarixindən etibarən məhdudlaşdırılmışdır. Bu tarixdən etibarən yalnız zavod buraxılış tarixinə görə yaşı 10 ili ötməmiş, eləcə də 2023-cü il 29 mart tarixinədək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri (rəsmi ödəniş tapşırığı, bank hesabından çıxarış və arayış) gömrük orqanlarına təqdim edilməklə minik avtomobillərinin sərbəst dövriyyə üçün buraxılış gömrük proseduruna uyğun rəsmiləşdirilməsi mümkündür. Qeyd olunanlar əsasında, müraciətinizdə göstərilən “KİA SORENTO” markalı, "KNAKU815BEA509946” şassi nömrəli minik avtomobilinin sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda yerləşdirilməsi icazəsi Qərarın tələbləri nəzərə alınaraq gömrük orqanı tərəfindən təmin edilməmişdir.

4. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı qərarına əsasən istehsal müddəti 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi məhdudlaşdırılmışdır. Müvafiq qərarın qəbul edilməsindən bir gün sonra, 30 mart 2023-cü il tarixdə Dövlət Gömrük Komitəsinin rəsmi saytında edilmiş xəbərdarlıqda Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı Qərarının 30 gün sonra qüvvəyə minməsi, yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsinin məhdudlaşdırılması, 2023-cü il 29 mart tarixinədək (29 mart da daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədlərinin gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin nəzərdə tutulduğu vətəndaşların diqqətinə çatdırılmışdır. İşin hallarından məlumdur ki, qeyd edilən nəqliyyat vasitəsi ilə bağlı Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən araşdırma aparılmış, iddiaçının iddia ərizəsində qeyd etdiyi qanunla müəyyən edilmiş hüquqlarının (xüsusi mülkiyyət hüququ) pozulmadığı, xx.xx.2014-cü il tarixli Koreya Respublikasında istehsal olunan “KİA SORENTO” markalı minik avtomobilinin xx.xx.2024-cü il tarixdə gətirildiyi, nəticədə həmin nəqliyyat vasitəsinin istehsal müddəti 10 ildən çox olan minik avtomobili olduğu müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yuxarıda qeyd edilən müvafiq qərar insanların həyat və sağlamlığının və ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə qəbul edilmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

7. İddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

8. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

9. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

10. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu ərizələr ilə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

11. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

12. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 1.0. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.2. bəyannaməçi – gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxs; 1.0.11. gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəd; 1.0.19. gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlər; 1.0.34. mallar – gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft, elektrik enerjisi də daxil olmaqla, istənilən daşınar əmlak, o cümlədən bu Məcəllənin 1.0.42-ci maddəsində qeyd edilən nəqliyyat vasitələri istisna olmaqla, nəqliyyat vasitələri; 1.0.35. malların buraxılışı – malların yerləşdirildiyi gömrük proseduru nəzərə alınmaqla, onların gömrük orqanları tərəfindən şəxsin istifadəsinə və ya sərəncamına verilməsi; 1.0.36. malların gömrük orqanına təqdim olunması – malların gömrük orqanının yerləşdiyi yerə, yaxud gömrük orqanı tərəfindən müəyyən edilmiş digər yerə çatdırılması və həmin mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi üçün gömrük orqanına verilməsi; 8.0. Gömrük orqanlarının vəzifələri aşağıdakılardır: 8.0.5. gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək və təkmilləşdirmək; 8.0.6. mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək; 40.1. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər.

102. Gömrük rəsmiləşdirilməsinin aparılması qaydası 102.1. Gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. 102.2. Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və sürətləndirilməsi məqsədi ilə bağlanılan beynəlxalq müqavilələrə uyğun olaraq, bir sıra dövlətlərdə gömrük rəsmiləşdirilməsi üçün nəzərdə tutulan gömrük sənədlərindən istifadə edilə bilər. 102.3. Bu Məcəlləyə əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsi tələb olunursa, həmin icazə onun alınması üçün müəyyən edilmiş şərtlərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir. 102.4. Bu Məcəlləyə əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

108. Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün zəruri əməliyyatlar 108.1. Gömrük sərhədindən malları keçirən şəxs, daşıyıcı, anbar sahibi, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük orqanının tələbi ilə gömrük rəsmiləşdirilməsi nəzərdə tutulan malların və nəqliyyat vasitələrinin daşınmasını, çəkilməsini və ya kəmiyyət ölçüsünün başqa qaydada müəyyən edilməsini, yüklənməsini, boşaldılmasını, qablaşdırılmasını və ya yenidən qablaşdırılmasını, həmçinin bu cür malların və nəqliyyat vasitələrinin saxlandığı yerlərin açılmasını təmin etməlidir.

164. Sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunun əhatə dairəsi 164.1. Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mllar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir. 164.2. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru aşağıdakıları əhatə edir: 164.2.1. qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini; 164.2.2. ticarət siyasəti tədbirlərinin tətbiqini; 165.2.3. malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını. 164.3. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən xarici mallar daxili mallar gömrük statusunu alırlar. 164.4. Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

13. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Koreya Respublikasından sifariş etdiyi avtomobilin sərbəst dövriyyə üçün buraxılış gömrük proseduruna uyğun rəsmiləşdirilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 94 nömrəli Qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi xx.xx.2023-cü il tarixindən etibarən məhdudlaşdırıldığına əsaslanaraq onun müraciətini təmin etməkdən imtina etmişdir.

14. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 №-li “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Qərarı: “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.5-ci bəndinə əsasən, insanların həyat və sağlamlığının və ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılsın.

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

15. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının ölkəyə buraxılmasını istədiyi avtomobilin buraxılış tarixinə görə yaşı 10 ildən çox olan avtomobillər olması işin mübahisələndirilməyən halıdır.

16. Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli qərarı ilə zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərin Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı sözügedən qərarın qüvvəyə minməsindən sonra həmin avtomobili sifariş etmişdir.

17. İddiaçı iddia ərizəsində bildirir ki, avtomobilin Azərbaycan Respublikasına gəliş tarixi 2 ay yarım nəzərdə tutulmuşdur, lakin İsrayıl-Fələstin müharibəsinə görə 4 aydan gec gəlib. Avtomobilin gəliş marşurutu Suveyş kanalı olsa da, Yəməndə dənizlə hücum səbəbindən Afrika qitəsindən qəlib. Bu səbəndən ölkəyə 9 gün gec daxil olub.

18. Məhkəmə hesab edir ki, iddiaçının dəlili iddianın təmin edilməsi üçün əsas deyil. Belə ki, iddiaçı avtomobili Koreya Respublikasından sifariş edərkən sözügedən riskləri nəzərə almalı idi.

19. Göründüyü kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli, 94 №-li “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Qərarının iddiaçıya tətbiq edilməməsi üçün əsaslar müəyyən edilmir.

20. Bu baxımdan da məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin hazırkı imtinası (hərəkətləri) qanuna zidd hesab edilə bilməz. İddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.

21. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

22. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar