Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-965/2023 27.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, yaşayış sahəsinə münasibətdə mərhum X1 adına əmr mövcud olduğundan, hazırki mərhələdə onun torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın verilməsini tələb etmək hüququ yaranır. İddiaçı iddia tələbi üzrə eyniməzmunla ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciəti üzrə rəsmi cavab verməmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən onun müraciətinə rəsmi cavab verilməməsi imtina kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin təqdim etdiyi etirazdan görünür ki, cavabdeh iddianı etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, qeyd olunan torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar 439 nömrəli Fərmanına uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Habelə sözügedən torpaq sahəsi heç bir sovxoz ərazisində yerləşmir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə əlavə olaraq onu da vurğulamağı zəruri hesab edir ki, iddiaçının müraciəti üzrə rəsmi imtina məktubu olmasa da bu hal iddianın mümkünlük şərtlərinin ödəmədiyi mənasını kəsb etmir. Belə ki, iş materiallarında olan iddiaçının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı ərizənin surətindən görünür ki, o, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin mərhum atası X2 məxsus olması barədə arayışın verilməsini xahiş etmişdir. Lakin cavabdeh iddiaçının müraciətinə rəsmi cavab verməmişdir. İddiaçı İnzibati Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tələblərinə uyğun hərəkət etmiş, prosessual normanı, yəni 35 günü gözləmiş və sonradan iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia mümkün iddiadır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6.mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: - 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; Bəhs edilən qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Hazırkı iş üzrə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın verilməsi üçün nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Əvvəla, məhkəmə qeyd edir ki, yazılı etirazın surətindən görünür ki, cavabdeh iddianın təmin olunmaması üçün 2 əsas gətirir:
1. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin olmaması;
2. İddia olunan torpaq sahəsinin sovxoz ərazisində yerləşməməsidir. Məhkəmə ilk növbədə cavabdehin imtina əsası kimi göstərdiyi birinci əsasa münasibət bildirir. Belə ki, iddiaçı “Bolqarıstan” Südçülük-Tərəvəzçilik Sovxozunun 17 mart 1967-cı il tarixli əmrdən çıxarışı məhkəməyə təqdim edərək sovxozun 25 aprel 1966-cı il tarixli 41 №-li əmr ilə iddia olunan torpaq sahəsinin mərhum X2 ayrıldığını bildirir. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq “Bolqarıstan” Südçülük-Tərəvəzçilik Sovxozunun həm 25 aprel 1966-cı il tarixli əmrini, həmçinin də “Bolqarıstan” Südçülük-Tərəvəzçilik Sovxozunun 17 mart 1967-cı il tarixli əmrdən çıxarışı və onun verilməsinə əsas olan sənədlərin təqdim edilməsi məqsədi ilə aidiyyəti üzrə sorğular vermişdir. Məhkəməyə daxil olmuş sorğulara cavab məktublarından görünür ki, “Bolqarıstan” Südçülük-Tərəvəzçilik Sovxozunun əmrlərində mərhum X1 adı aşkar edilməmişdir. Göründüyü kimi iddiaçı məhkəmə icraatı zamanı əmrdən çıxarış təqdim etsə də, nə həmin sənədin, nədəki əmrdən çıxarışın verilməsinə əsas olan sənədlərin kökü çıxmamış, ən əsası isə torpaq sahəsinin mərhum X1 adına ayrılmasını təsdiq edən sənəd müəyyən edilməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtina əsası kimi göstərdiyi birinci hal, yəni torpaq sahəsinin mərhum X2 məxsus olmasını təsdiq hüquqmüəyyənedici sənədin olmaması əsaslı olmuşdur. Məhkəmə cavabdehin imtina əsası kimi göstərdiyi ikinci əsasa münasibətdə qeyd edir ki, cavabdeh iddia olunan torpaq sahəsinin sovxoz ərazisində yerləşmədiyini bildirir. Məhkəmə bu halın aydınlaşdırılmasını xüsusi bilik tələb etdiyini hesab edərək iş üzrə mütəxəssis rəyinin əldə edilməsini zəruri hesab etmişdir. Buna baxmayaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyinin verilməsi mümkün olmamış və bu hal tədqiqat obyektinə texniki baxış keçirilməsinin, inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmaması səbəbi ilə əsaslandırılmışdır. Məhkəmə hesab edir ki, torpaq sahəsinin sovxoz ərazisində yerləşib-yerləşmədiyinin müəyyən edilməsi hər bir halda vəziyyəti iddiaçının xeyrinə dəyişməyəcəkdir. Çünki, iddia olunan torpaq sahəsinin mərhum X2 ayrılmasını təsdiq edən sənəd mövcud deyil. Beləliklə, işin faktiki hallarından məlum olduğu kimi, məhkəmə tərəfindən kifayət qədər aidiyyəti qurumlara sorğular verildiyi halda, mübahisə predmetini təşkil edən torpaq sahəsinin iddiaçının mərhum atasına ayrılması ilə bağlı hər hansı bir sənəd aşkar olunmamış, bununla da, şəxsin daşınmaz əmlak üzərində gözlənilən mülkiyyət hüquqlarının yaranmasını təsdiq edən hüquqmüəyyənedici sənədin olmaması qənaətinə gəlmək üçün əsas yaranmışdır. Beləliklə, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin müdaxiləsini, yəni sonuncunun torpaq sahəsinin mərhuma məxsus olması ilə bağlı arayışın verilməsinin mtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov