Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9650/2021 10.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 15 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək ailə başçısını itirməyinə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1971-ci il ildə ünvan 1ində anadan olmuşdur. 09.03.1991-ci ildə ünvan 1i sakini X5 ilə rəsmi nikaha daxil olmuşdur. X2 11.09.2019-cu il vəfat etmişdir. O, əmək pensiyaçısı olmuşdur. İddiaçı üçüncü dərəcəli əlilliyə görə müavinət alır. Mərhum əri vəfat etdiyi üçün hazırda ona hesablanmalı olan əmək pensiyasının ona ödənilməsi, yəni ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin sonuncu 18 mart 2021-ci il tarixli məktubla ona bildirmişdir ki, İİİ qrup əlilliyi olduğu üçün ona şamil edilmir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1095/2021 nömrəli, 17.07.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin üzərinə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1095/2021 nömrəli, 17.07.2021-ci il tarixli qərardadı ilə inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş Bakı İnzibati Məhkəməsinə 23.08.2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan xüsusatlara görə təmin edilməməlidir. İddiaçı 16.03.2021-ci il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tələbi ilə Dövlət Sosial Müdafiə Fondunun 15 saylı Regional Ərazi Filialına müraciət etmişdir. Vətəndaşın müraciətinə cavabdeh orqan tərəfindən baxılmış və 18.03.2021-ci il tarixdə **********5 nömrəli məktubla haqlı olaraq imtina verilmişdir. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması əsaslarından biri də vəfat etmiş ailə başçısının öhdəsində olma məsələsidir. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan şəxslər və onların əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi ilə tənzimlənir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının müəyyən edilməsi tələbini “Əmək pensiyaları haqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə, ailə başçısını itirməyə görə pensiya hüququna malikdir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır. 1) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, 2) yaxud İ və İİ qrup əlil olduqda. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğidən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək peniyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş hədi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1 dək her il 6 ay artırılır. 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən hazırkı dövrdə qadınların pensiya yaşı 62,5 yaş müəyyənləşdirilmişdir. İddiaçı 50 yaşı vardır. 2. İş materiallarından göründüyü kimi İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 14.05.2019-cu il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəliklə əlaqədar” olmaqla İİİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün vətəndaş İ və ya İİ qrup əlil olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı X3 ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması üçün “Əmək pensiyaları haqqında” Azzərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinin iki şərtindən ən azı biri ödənilməlidir. İddiaçı X8 ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmamışdır və yaxud onun İ və ya İİ qrup əlilliyi mövcud deyildir. Qeyd olunan hallara görə iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi qanunaziddir. Qeyd etmək lazımdır ki, İddiaçı 14.08.2019-cu il tarixdə 110 manat məbləğində “əlilliyə görə müavinət” təyin edilmişdir və hal-hazırda ödənişdədir. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddia tələbinin təmin edilməsini mümükünsüz edən həm də bu növ münasibətləri tənzimləyən maddi hüquqi normalarıdır. Mülki Prosessual Məcəllənin 217.2ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən “Qazanılmış hüququlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericilklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvercilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunuvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqularını əvəzsiz ləğv edə bilməz”. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimlənmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Qeyd edilənlərə əsasən İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçı 07.12.2021-ci il tarixdə məhkəməyə ünvanladığı teleqramda 10.12.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında pandemiya ilə bağlı iştirak edə bilməcəyini və bu səbəbdən 10.12.2021-ci il tarixə saat 11:00-a təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1971-ci il təvəllüdlü İddiaçı ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş V-ЖГ seriyalı № 310398 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X6 və X1 09 mart 1991-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı № 033953 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X5 11.09.2019-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 17.09.2019-cu il tarixdə 623 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən xx.xx.1971-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti 0344003AAHQF nömrəli Forma 88 əsasında 14.05.2019-cu il tarixdə qiymətləndirilmiş, sonuncuya ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmiş, əlilliyin müddəti 14.05.2024-cü ilədək müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 15 saylı Regional Ərazi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı 18.03.2021-ci il tarixli, **********5 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə 16.03.2021ci il tarixdə **********7 saylı daxil olmuş ərizənizə cavab olaraq aşağıdakı məlumatlar təqdim edilir. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olanlar şəxslər aşağıdakılardır və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14cü maddəsi ilə tənzimlənir. 14.1. vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana. ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə. Nəzərinizə çatdırılır ki, lll qrup əlilliyiniz olduğu üçün bu qanun sizə tətbiq edilmir. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçının mərhum həyat yoldaşı X5 11.09.2019-cu il tarixdə vəfat etmiş, iddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı İİİ qrup əlil olduğu üçün ona “Əmək pensiyaları haqqında” Qanunun 14-cü maddəsi tətbiq edilə bilməz. Hazırkı iddiasında iddiaçı cavabdehin qeyd olunan imtinasını əsassız hesab edir və ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: -14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: -14.1.1.1. 18 yaşına çatmamış; -14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; -14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; -14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; -14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Həmin Qanunun 17.1-ci maddəsinə görə ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Eyni Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Eyni Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.4.1-ci bəndinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olmuş və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olmuş kömək alan) Qanunun 14-cü maddəsində göstərilən ailə üzvlərinin Qanunun 17-ci maddəsində nəzərdə tutulan şərtlərlə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qaydaların 4.4.2-ci bəndinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısının ölüm gününədək bu Qaydaların 4.3.2-ci yarımbəndinə uyğun olaraq əlillər üçün müəyyənləşdirilmiş sığorta stajı olduqda təyin edilir. Təyin edilmiş pensiyanın ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən az olduqda həmin məbləğə çatdırılmaqla ödənilir. Həmin Qaydaların 4.3.2-ci bəndinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, vəfat etmiş şəxsin arvadına ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi üçün aşağıdakı şərtlərin olması tələb olunur: -arvad qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı və ya arvad İ və ya İİ dərəcə əlilliyi olan şəxs olmalı, -vəfat etmiş şəxsin ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələbinə əsasən iddiaçının inzibati orqana müraciət etdiyi 16.03.2021-ci il tarixi nəzərə alındıqda 1 iyul 2020 - 30 iyun 2021-ci il tarixədək qadınlar üçün pensiya yaşı həddi 62 yaşdır. İddiaçı xx.xx.1971-ci il təvəllüdlü olmaqla 26.04.2021-ci tarixdə 50 yaşını tamamlamışdır. Eyni zamanda iddiaçıya 14.05.2019-cu il tarixdən 5 illik 14.05.2024-cü il tarixədək ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcə əlilik təyin edilmişdir. Göründüyü kimi iddiaçı ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş nə pensiya yaşına çatmış şəxsdir, nə də İ və ya İİ dərəcə əlilliyi olan şəxsdir. Belə olan halda hazırkı iddia üzrə iddiaçı ailə başçısını itirməyə görə pensiya təyin ediləcək şəxslər kateqoriyasına aid deyildir. Məhkəmə iddiaçının birinci şərtə aid olan şəxs hesab olunmadığından tələb olunan ikinci şərtə - vəfat etmiş şəxsin sığorta stajının olması ilə bağlı şərtin mövcud olub-olmamasının yoxlanılmasına qiymət verilməsini zəruri hesab etmir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası əsaslı olmadığından təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-9650/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9650/2021
10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver