Məhkəmə qərarları › İş №2-1(112)-9653/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9653/2024

16.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9653/2024 16.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı X7 iştirakı ilə, iddiaçılar X12 və X4 cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X9, İddiaçı, X5 və X3 cəlb edilməklə) “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1992-ci il təvəllüdlü X10 və xx.xx.1994cü il təvəllüdlü X7 yaşayış yeri üzrə ünvan 1 ünvanına pasport qeydiyyatına alınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək iş üzrə iddiaçının əsl iddiaçılar X12 və X10 ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi olmaqla mənə məxsusdur. Mülk AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatından keçmişdir (Çıxarış № 0137357, xx.xx.2013-cü il). 1/6 hissədə iddiaçıların atasında məxsusdur, 3/6 hissə Əliyev Həsən, 2/6 hissə isə X2 verilmişdir. Həmin mülkdə iddiaçıların atası qeydiyyatdadır. Əvvəllər müraciət edilərək iddaçıların yaşadıqları ünvana qeydiyyata düşmələri barədə iddia tələbi qaldırılmışdır. Məhkəmənin 2- 1(112)-3215/2021 Qərarı ilə iddia təlmin edilmişdir. xx.xx.2021-ci il tarixli Qərar xx.xx.2021ci ildə qanuni qüvvəsini almışdır. Daha sonra isə icra edilməsi üçün Xəzər Rayon Polis İidarəsinə göndərilmiş və həmin yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Sonradan iddiaçıların atası yenidən iddia tələbi ilə müraciət etmiş və məhkəmənin xx.xx.2023-cü il, № 2-1(112)-7986/2023 saylı qərarı ilə xx.xx.1992-ci il təvəllüdlü X10 və xx.xx.1994-cü il təvəllüdlü X12 yaşadıqları ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmışdır. Hal-hazırda yenidən yaşadıqları ünvana qeydiyyata alınmaq istəyirlər. Eləcə də, X3 notariat qaydasında ərizə (**********152) yazaraq X7 və X4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmalarına etiraz etmir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin müxtəlif tarixli qərardadları ilə X9, İddiaçı, X5 və X3 üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb olunmuşlar. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçücü şəxslərə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmiş, digər iddiaçı və üçüncü şəxslər isə heç bir üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 30.4-cü və 62.3-cü maddələrinə əsasən işə cavabdehin nümayəndəsinin, digər iddiaçının və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında iddia tələbini müdafiə edərək təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxslər İddiaçı və X3 iddiaçıların paylı mülkiyyətlərində olan ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmalarına etiraz etmədiklərini bildirmişlər Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçıların qeydiyyata alınmaları ilə bağlı İddiaçı tələbinin təmin edilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, **********67-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/6 hissəsi İddiaçı, 3/6 hissəsi (açıq saxlanılır) X8, 2/6 hissəsi X1 adına qeydiyyatdan keçmişdir. -Elektron məhkəmə informasiya sisteminin şəxsiyyət vəsiqəsi məlumatları bölməsindən əldə edilmiş məlumatlara əsasən iddiaçıların atası İddiaçı məxsus, Xəzər RPİ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, o, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, ünvan 2 ünvanı hazırda aşağıda qeyd olunan şəxslərin adlarında qeydiyyatdadır: 1) İddiaçı-1/6 hissə; 2) X3-2/6 hissə; 3) X9-1/6 hissə; X5-2/6 hissə. -X3 tərəfindən təqdim edilmiş, notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, iddiaçıların ünvan 2 ünvanına qeydiyyata alınmalarına etiraz etmir. -Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ünvanlanmış müraciətə cavab olaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı, X12 və X4 yaşadığı bildirilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: -1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. -2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. -3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. -5-ci maddəsinə (vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdur: yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda- mülkiyyət hüququnu təsdiq edən sənəd; yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda- icarə və ya kirayə müqaviləsi; yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda- bu hüququn yaranmasına əsas olmuş sənədlər. Eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi "vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5ci maddəsinin 2-ci hissəsi yaşayış yerini dəyişdirmiş şəxsə yeni yaşayış yerinə gəldikdən sonra həmin yaşayış yeri üzrə qeydiyyata alınmağı məcburi göstərişlə şərtləndirir. Eyni zamanda qanunvericilik şəxsin qeydiyyatının aparılmasını məhz yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququnun mövcud olması və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olması istiqamətində aparılmalı olmasını konkret olaraq müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (maddə 213.1). Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (maddə 213.2). Həmin Məcəllənin 215-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir (maddə 215.1). Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir (maddə 215.5). Həmin Məcəllənin 220-ci maddəsinə əsasən ümumi paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (maddə 220.1). Ümumi paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (maddə 220.2). Azərbaycan Respublikasının Mənzil Məcəlləsininin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıların qeydiyyata alınmaq istədikləri ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçıların həmin evdə yaşamaları təsdiq olunur, paylı mülkiyyətçilərdən İddiaçı və X3 onların adıçəkilən evə qeydiyyata alınmalarına etiraz etmirlər, digər paylı mülkiyyətçilər isə iddia tələbinə dair münasibət bildirmədiklərindən və məhkəmə iclasında iştirak etmədiklərindən, razılıqlarının olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında da göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Plenum Qərarında həmçinin göstərilmişdir ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Məhkəmə, həmçinin bildirir ki, şəxsin qeydiyyata alınması icazə xarakteri daşımayıb və qanunvericiliklə müəyyən edilmiş hallar istisna etməklə heç bir hüquqi nəticə də yaratmır. Qanunun məqsədi dövlətin öz vətəndaşının faktiki yaşayış sahəsini müəyyən edilməsi, onları uçota alınması, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün şərait yaratmaqdır ki, şəxsin başqa bir ünvanda formal olaraq qeydiyyata alınması, iddiaçıların faktiki yaşayış yerinin müəyyən edilməməsi yuxarıda adı çəkilən vəzifə və hüquqlarının reallaşdırılmasına şərait yaradılması məqsədi ilə uyğunluq təşkil etmir. Halbuki, iddiaçının faktiki yaşayış yerlərinin müəyyən edilməsi iddiaçının özü ilə yanaşı, həmin şəxslərin faktiki yaşayış yerini müəyyən etmək imkanına, mövcud məlumat bazasına malik olan dövlət orqanlarının, nəticədə dövlət maraqlarına xidmət etmiş olur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mübahisəli fərdi yaşayış evi paylı mülkiyyətdə olsa da, iddia tələbində qaldırılan məsələ həmin əmlaka sahiblik və istifadə ilə bağlı deyil, yaşayış yeri üzrə qeydiyyata alınma barədədir. Bu baxımdan, iddiaçıların həmin yaşayış sahəsinə qeydiyyata alınmaları başqa şəxslərin, o cümlədən daşınmaz əmlakın digər mülkiyyətçilərinin hüquqlarını pozmur. Əksinə, iddiaçıların ailəsi ilə birlikdə faktiki yaşadıqları mübahisəli evə qeydiyyata alınmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun məqsədlərinə uyğundur. Beləliklə, istinad olunan normaları hazırkı mübahisənin hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar X12 və X4 ünvan 1 ünvanına qeydiyyata alınmaları üçün hüquqi əsas mövcuddur və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun məqsədlərinə xidmət edir. Cavabdeh inzibati orqanın imtinası qanunauyğun sayılmamalı və iddiaçıların hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçılar X12 və X4 ünvan 2 ünvanına qeydiyyata alınmaları öhdəliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar