Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9659/2023 01.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli qərarın ləğv olunması, cavabdeh təşkilat tərəfindən onun pensiya ödənişinin bərpa edilməsi və xx.xx.2023-cü il tarixdən qətnamə qanuni qüvvəyə minən günə qədər ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, həmin qərar əsasında tutulmuş pul məbləğinin geri qaytarılması, ödənilməmiş pensiya məbləğinin ödənilməsinin davam etdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı hesab edir ki, qərarı ilə iddiaçının pensiyasının qismən dayandırılmış və həmin qərara əsasən ona ödənilmiş 51.345,73 manat məbləğində artıq ödənilmiş pulun hər ay 86,09 manat tutulmaqla cavabdeh təşkilata qaytarılması qərara alınmışdır. İddiaçı hesab edir ki, həmin qərar əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Beləliklə, əmək pensiyasının qismən dayandırılması onun pensiya təminatı hüququnun pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflər izahatları: İddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. Diplomun surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək peşə məktəbində təhsil almışdır. Hərbi biletin surətindən görünür ki, iddiiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək SSR orduda xidmət etmişdir. “SOCAR” tərəfindən verilmiş güzəştli arayışın surətindən görünür ki, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək neft və qaz hasilatı üzrə operator vəzifəsində işləmiş, həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş bu ixtisas 1 №-li Siyahının 2a1100000a-15824 bəndində uyğun olmuşdur. xx.xx.1993-cü il tarixdən neft və qazçıxarma üzrə usta vəzifəsində işləmiş, həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş bu ixtisas 1 №-li Siyahının 2a 1100000b-23187 bəndində uyğun olmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçının tələbi əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi ilə bağlıdır. Nəzərə alınmalıdır ki, iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş qərarın həm mahiyyəti üzrə, həmçinin də prosessual baxımından əsassız olduğu qənaətindədir. İddiaçı hesab edir ki, cavabdeh ümumiyyətlə qərarı qəbul etməzdən əvvəl iddiaçının dinləmə hüququnu təmin etməmiş, iddiaçını məlumatlandırmamış, bununla da onun hüquqlarını pozmuşdur. Cavabdeh isə tam əksi qərarın əsaslı olduğunu hesab edir və bu halı onunla əsaslandırır ki, iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsə də, onun hüququ 52 yaşdan yaranmış, bununla da ona əlavə artıq ödənilmiş pensiya məbləğləri nəzərə alınaraq indiki pensiya məbləği azaldılmışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsi ilə əlaqədar inzibati icraat düzgün aparılmamışdır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və müvafiq ödənişlər edilmişdir. Cavabdeh iddiaçının güzəştli pensiya hüququnun 50 yaşdan deyil də, 52 yaşdan yarandığını hesab iddiaçıya artıq ödənilmiş pensiya məbləğlərinə görə indiki pensiya məbləğinin azaldılması ilə bağlı qərar qəbul etmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2009-cu il tarixdən təyin edilmiş pensiyanın yenidən hesablanması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: -fiziki və ya hüquqi şəxsin ərizəsi; -inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; -inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə əmək pensiyasının yenidən hesablanmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Belə ki, iş materiallarında olan sənədlərdən və məhkəmə icraatı zamanı tələb olunmuş pensiya işindən görünür ki, İddiaçı əmək pensiyasının yenidən hesablanması xx.xx.2009-xx.xx.2023-cü il tarixləri arasındaki dövr ərzində ümumilidı 51.345,73 manat ödənilən vəsaitə görə həyata keçirilmişdir. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olduğu halda, hüququnun 52 yaşdan yarandığını istinad edərək əvvəlki illərə görə ödənilən vəsait əsasında indiki əmək pensiyası məbləğini azaltmış, bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul etsə də, həmin qərar “İnzibati icraat haqqında” Qanunun tələblərini pozulmaqla qəbul edilmişdir. Bir daha qeyd olunur ki, cavabdeh iddiaçının dinləmə hüququ təmin etməli olduğu halda, onun inzibati araşdırmaya dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmışdır ki, nəticə etibarı ilə iddiaçının etimad göstərdiyi inzibati akt (50 yaşdan pensiyanın təyini ilə əlaqədar) qüvvədə olduğu halda, onun hüququnun 52 yaşdan yarandığını istinad edərək əvvəlki illərə görə ödənilən vəsait əsasında indiki əmək pensiyası məbləğini azaldılması barədə əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul etmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 1114/2023 №-li qərar prosessual baxımından əsassız olduğundan, ləğv olunmalıdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2207/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki,“İnzibati icraat haqqında” Qanunun 21,24,25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək pensiyanın dayandırılmasından öncə inzibati icraatın başlanması barədə qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız QSC-nin məlumatına istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir.” Bundan başqa bu mövqeyə uyğun oxşar kassasiya instansiya məhkəməsinin digər qərarları da mövcuddur. (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1759/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı; 2-1(102)-1719/2021 saylı, xx.xx.2021-ci il tarixli qərar) Göründüyü kimi kassasiya instansiya məhkəməsi inzibati orqan tərəfindən inzibati icraatın düzgün aparılıb-aparılmamasına, inzibati icraat zamanı maraqlı şəxsin dinləmə hüququnun təmin olunub-olunmamasına xüsusi diqqət yetirir ki, dinləmə hüququ təmin olunmadığı hallarda məhkəmə həmin inzibati icraatın düzgün aparılmadığı qənaətinə gəlir və bu halı iddiaya mahiyyəti üzrə qiymət verdiyi zaman vətəndaşın xeyrinə şərh edir. Ümumiyyətlə inzibati icraatla bağlı qanunvericiliyin aydın tələbidir ki məlumatlandırma aparılmaqla, yəni, şəxs barəsində açılmış inzibati işlə bağlı şəxsə xəbər verilməklə inzibati icraat aparılmalı, indiki halda pensiya alan şəxs pensiyasının dayandırılması pensiya kartından pul götürərkən məlumatı ilk dəfə almasın deyə, pensiyanın ödənilməmə və ya az ödənilmə səbəbləri barədə qeyri-müəyyən hallar yaranmasın deyə, şəxs pensiya təyin etmiş orqana çağrılmalı, ya da iştirakı digər vasitələrlə təmin edilməli, maraqlı şəxsin izahatı dinlənilməli, ehtimal olunan azaldılmanı və ya dayandırmanı istisna edə biləcək halların mövcudluğu həmin şəxsin iştirakı ilə araşdırılmalı, daha sonra bu barədə qərar qəbul edilməlidir. Hazırki halda inzibati prosessual qanunvericiliklə tərəfin iştirakı olmadan, məlumatlandırma aparmadan qəbul ediləcək qərar prosessual hüququ baxımından mahiyyəti üzrə düz olsa da inzibati orqanın qərarının inzibati icraat baxımından qanuniliyindən söhbət gedə bilməz. Necə ki məhkəmə inzibati məhkəmə icraatı gedişində iddiaçıya yardım edirsə, onu dinləyirsə, ərizə və izahatlarına qiymət verirsə, məhkəmə hesab edir ki, həmin tələblər inzibati orqan üçün də keçərlidir. Bu zaman heç bir izahat alınmadan şəxs dəvət edilmədən məhkəmə qərarı mahiyyəti baxımından düz olsa da, necə ki prosessual baxımından qanunilik meyarından uzaqdırsa, məlumatlandırma aparmadan inzibati orqanın maraqlı şəxs barəsində çıxardığı qərarın da qanuniliyindən, mahiyyəti baxımından düz olsa da söhbət gedə bilməz. Göründüyü kimi cavabdeh tərəfindən inzibati icraat düzgün aparılmadığından, iddiaçı barəsində qəbul edilmiş qərar prosessual baxımından əsassızdır. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı barəsində qəbul edilmiş qərar mahiyyəti üzrə də əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər— 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;... xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Göründüyü kimi həmin dövrdə qüvvədə olan qanunvericiliyin müddəalarına görə vətəndaşın 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ aşağıdaki şərtlərlə cavab verildiyi halda yaranır: -xx.xx.1997-ci il tarixədək 20 ildən çox ümumi iş stajı; -xx.xx.1997-ci il tarixədək 10 ildən çox güzəştli iş stajı olarsa. Hazırki işdən isə göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə 50 yaşdan əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ araşdırılmış və müəyyən olunmuşdur ki, iddiaçının stajı qanunvericilikdə nəzərdə tutulmuş şərtlərlə cavab verir. Belə ki, iddiaçının əmək kitabçasındakı qeydlərə və işəgötürən tərəfindən verilmiş izahlı arayışların məzmununa əsasən, xx.xx.1997- ci il tarixədək iddiaçının çalışdığı neft və qazçıxarma üzrə usta və neft və qaz hasilatı üzrə operator vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı: neft və qaz hasilatı üzrə operatorlar – kod 1100000a—15824, quyuların qazılması üzrə istehsalat proseslərində, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan ustalar və baş ustalar – kod 1100000—23187 altında qeyd edilmişdir. Göründüyü kimi iddiaçının işlədiyi vəzifələr ona güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aiddir ki, iddiaçının həmin vəzifələrdə işlədiyi müddəti nəzərə alsaq müəyyən olunur ki, onun xx.xx.1997-ci il tarixə güzəştli iş stajı 10 ildən (xx.xx.1977xx.xx.1978; xx.xx.1980-xx.xx.1992; xx.xx.1992-xx.xx.1997 = 17 il 08 ay 10 gün) çoxdur. İddiaçının topladığı ümumi iş stajına münasibətdə məhkəmə qeyd edir ki, həmin şərt də iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, təqdim olunmuş əmək kitabçasının, hərbi biletin və diplomun surətindən görünür ki, iddiaçının xx.xx.1997-ci il tarixədək ümumi iş stajı 20 ildən çox təşkil etmişdir. Göründüyü kimi iddiaçının 1997-ci ilin avqust ayının 1-dək 20 ildən az olmayan ümumi stajı, bu müddətin azı 10 ilini həmin əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışması təsdiqini tapdığından onun 50 yaşdan, yəni xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. İddiaçıya pensiya məbləğinin orta aylıq əmək haqqı əsasında hesablanması ilə bağlı aşağıdakiları bildirir. Belə ki, onun pensiya hüququ xx.xx.2009-cu ildə yarandığına görə həmin vaxt qüvvədə olmuş Qanunun müddəalarına görə pensiya hesablanması həyata keçirilməlidir. Belə ki, 1 yanvar 2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək "Əmək pensiyaları haqqında" Qanunun 10.2-ci maddəsində qeyd edilirdi ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T), burada SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir. PS-bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir, PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu barədə qeydə alınmış pensiya kapitalıdır, T-göstərilən pensiya ödənişi müddətinin aylarının sayılır. Həmin Qanunun (xx.xx.2010-cu ıl tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 27cı maddəsində göstərilmişdir ki, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.1997-ci il tarixədək 20 ildən çox ümumi və 10 ildən çox güzəştli iş stajına malik olduğundan, həmçinin pensiya təyin olunduğu dövrdə hesablamaların əmək haqqı əsasında aparılması ilə bağlı məhdudiyyət olmadığından, ona hüququ yarandığı tarixdən, yəni 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Beləliklə, cavabdeh əsassız olaraq iddiaçının pensiya hüququnun 52 yaşdan yarandığı, ona xx.xx.2009-xx.xx.2023-cü il tarixləri arasındaki dövr ərzində ümumilikdə 51.345,73 manat artıq vəsaitin ödənildiyi qənaətinə gəlmiş, bununla da əsassız olaraq iddiaçının əmək pensiyasını azaltmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1573/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında oxşar mövqeyidən çıxış olunmuş, xx.xx.1997-ci il tarixədək 20 ildən çox ümumi və 10 ildən çox güzəştli iş stajına malik olması əsası ilə vətəndaşın güzəşti pensiya hüququnun yarandığı qənaətinə gəlinmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə, iddianın ikinci hissəsinə (pul məbləğinin qaytarılması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi) münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, iddiaçı əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi, bununla da pul məbləğinin qaytarılması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi arzulamışdır. Nəzərə alınmalıdır ki, iddiaçının həmin tələbi İPM-nin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati hüquq münasibətlərini tənzmiləyən İnzibati Prosessual Məcəlləsinin: 2.2.1.Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə diqqətə çatdırır ki, mübahisələndirmə haqqında iddia İPM-nin 2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən biri olmaqla, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsini ehtiva edir. Nəzərə alınmalıdır ki, bu növ iddialarda qüvvədə olan qanunvericilik vətəndaşlara inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə ərizə ilə müraciət etmək hüququ vermişdir. Buna misal kimi hazırki iddia ilə mübahisələndirilən halı, yəni pul məbləğinin qaytarılması və ödənilməmiş pensiya məbləğinin ödənilməsini əsas gətirmək olar. Belə ki, iddia tələbinin əsasında inzibati aktın (qərar) ləğvi dayanır. İddiaçı həmin inzibati aktın, yəni əmək pensiyasının yenidən hesablanması barədə qərarın icra olunması nəticəsində meydan gəlmiş nəticənin aradan qaldırılmasını arzulayır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi ilə qərar ləğv olunduğundan, inzibati aktın icrasının nəticəsinin aradan qaldırılması məqsədi ilə iddiaçının pul məbləğinin qaytarılması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi cavabdeh tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3- 3-1114/2023 №-li qərarı ləğv edilsin. İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3- 17-1/3-3-1114/2023 №-li qərarı əsasında tutulmuş pul məbləğinin geri qaytarılması, ödənilməmiş pensiya məbləğinin ödənilməsinin davam etdirilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-9659/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9659/2023
01.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver