Məhkəmə qərarları › İş №2-1(112)-9663/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9663/2022

12.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9663/2022 12.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək İddiaçı qulluq stajına görə əmək pensiyasına əlavələr hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçıya münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən İddiaçı 65 yaş, yəni 24 fevral 2022-ci ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı əmək pensiyası yaşına çatdığı üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsini rəhbər turaraq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, iddiaçının sığorta stajı 25 ildən az olduğundan, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 20.1.1-ci maddəsi Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının üzvlərinə şamil edilmədiyindən, onun dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ yaranmır. Əvvəla Məhkəmə qeyd edir ki, vətəndaşa dövlət qulluqçusu kimi əmək pensiyasını təyin edilməsi və dövlət qulluqçusu kimi əmək pensiyasını əlavələrinin ödənilməsi üçün onun dövlət qulluqçusu statusuna malik olması zəruri və mütləq dispozisiya şərtidir. Nəzərə almaq lazımdır ki, dövlət qulluqçusunun statusu ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Qeyd olunan qanunvericilik icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Bundan başqa nəzərə alınmalıdır ki, dövlət qulluqçusu kimi əmək pensiyasını təyin edilməsi və dövlət qulluqçusu kimi əmək pensiyasını əlavələrinin ödənilməsinin müəyyən edilməsi üçün təkcə vəzifənin dövlət qulluğu vəzifəsinə aid olub-olmaması ilə yanaşı, həmçinin onun həmin hüququnun yaranması üçün digər şərtlərinin ödənilibödənilməməsini yoxlamalıdır. Məhkəmə, iddiaçının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun yaranıb-yaranmamasını müəyyən etmək məqsədi ilə aşağıda sadalanan qanunvericiliyin müddəalarının təhlil edilməsini zəruri hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında müəyyən edilir. 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.2-ci bəndinə əsasən, 01 iyul 2021-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, dövlət qulluqçusu kimi əmək pensiyasının təyin olunması 2 əsasa görə mümkündür: - Şəxsin dövlət qulluğu vəzifəsində 15 il və ya daha çox stajı olmalı; - Publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onun bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olmalıdır. Məhkəmə, vətəndaşın dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun yaranıb-yaranmamasını müəyyən etməzdən əvvəl, iddiaçının topladığı ümumi iş stajının nə qədər təşkil etdiyinə və həmin stajın hansı sənədlər əsasında müəyyən edilməli olmasına münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Məsələyə hüquqi qiymət verərkən məhkəmə həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Qeyd olunmalıdır ki, həm xx.xx.2006-ci il tarixədək qüvvədə olmuş, həm hüquq münasibətləri yarandığı vaxtda qüvvədə olmuş, həmçinin hazırda qüvvədə olan qanunvericilik 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası əsasında yoxlanılmasını nəzərdə tutmuş, əmək kitabçası olmadığı təqdirdə isə işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı əsasında aparılmasının mümkünlüyünü təsbit etmişdir. Məhkəmə icraatı zamanı təqdim olunmuş əmək kitabçasının surətindən görünür ki, iddiaçı: -xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək X1 sədr vəzifəsini icra edən; (01 il 26 gün) -xx.xx.1981-ci il tarixdə X3 sədr vəzifəsini icra edən təyin edilmiş, xx.xx.1981-ci il tarixdə AMEA Şərqşünaslıq İnstitutuna köçürülmüş, xx.xx.1982-ci il tarixdə AMEA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu il tarixdə elmi işçi vəzifəsinə təyin edilmiş və xx.xx.1990-cı il tarixdə öz xahişi ilə işdən azad edilmiş; (09 il 04 ay 05 gün) -xx.xx.1990-cı il tarixdə Azərbaycan Xalq Cəbhəsi Təşkilatı Şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.1991-ci il tarixdə AX4 Təşkilat Şöbəsinin müdiri vəzifəsindən AX4-nin sədr müavini vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş; (01 il 01 ay 23 gün) -xx.xx.1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin üzvü seçilmiş, xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, xx.xx.1993cü il tarixə istefa haqqında ərizəsi nəzərə alınaraq Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsindən azad edilmişdir. (01 il 06 ay 13 gün) xx.xx.1993-cü il tarixdə cinayət məsuliyyətinə cəlb edilməsinə razılıq verilməklə Milli Məclisinin üzvlərindən azad edilmişdir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı keçmiş Ali Sovetin sədri olduğu dövrü nəzərə alaraq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini arzulasa da, onun həmin dövrdə işlədiyi vəzifə dövlət qulluğuna əsas verən vəzifə hesab olunmamaqla yanaşı, həmçinin tələb olunan staj müddətini də qarşılamır. Nəzərə alınmalıdır ki, iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək ümumilikdə iş stajı 13 il 01 ay 06 gün təşkil etmişdir. Hətta, iddiaçının üzvlükdən azad edildiyi tarix nəzərə alınsa belə, onun xx.xx.1979-xx.xx.1993 dövrlər üzrə ümumi iş stajı 13 il 06 ay 29 gün təşkil edir ki, bu da iddiaçının nəinki dövlət qulluğu stajının, həmçinin ümumi iş stajının 15 ildən az olduğunu göstərir. Digər tərəfdən nəzərə alınmalıdır ki, ümumiyyətlə iddiaçının keçmiş Ali Sovetin sədri kimi işlədiyi müddət də dövlət qulluğu vəzifəsində işlədiyi müddət kimi nəzərə alınmır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsində dövlət qulluğunda iş stajının hansı meyarlar əsasında qiymətləndirildiyi göstərilmişdir. Həmin maddənin müddəalarına görə «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin və 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixinədək) Azərbaycan Respublikası dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdı rılması Siyahısı”na əsasən həyata keçirilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Məhkəmə qeyd edir ki, dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Nəzərə alınmalıdır ki, vətəndaşların əmək fəaliyyəti ilə məşğul olduğu vəzifələrin dövlət qulluğu vəzifələrinə aid olması müvafiq olaraq İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu ilə müəyyən olunur. İddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsi isə Azərbaycan Respublikası Prezidentinin 2005ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında nəzərdə tutulmamışdır. Göründüyü kimi, iddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun yarandığını iddia etsə də, onun dövlət qulluğu stajı olmamışdır. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, hazırki mərhələdə iddiaçının işlədiyi vəzifələrin dövləq qulluğu vəzifəsinə aid olub-olmaması ilə bağlı əlavə olaraq X2 sorğu ünvanlanmasına da zərurət yaranmamışdır. Belə ki, hətta, iddiaçının əmək kitabçasında işlədiyi kimi qeyd olunan bütün vəzifələr belə dövlət qulluğu vəzifələrinə aid olsalar belə, iddiaçının həmin vəzifələr üzrə işlədiyi müddət hər bir halda 15 ildən aşağı olacaqdır. Bundan əlavə, Məhkəmə onu da diqqətə çatdırır ki, hazırki mübahisə üzrə iddiaçıya pensiya hüququnun ikinci əsasa (tələb olunan staj 13 il) görə təyin edilməsi də mümkün deyildir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə dövlət qulluqçusu kimi əmək pensiyası hüququnun 13 il staj əsasında təyin olunması yalnız o zaman yol verilə bilər ki, əgər dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verilsin. Hazırki halda isə bu əsasın mövcudluğuda müəyyən olunmamışdır. Yuxarıda göstərilənləri rəhbər tutaraq Məhkəmə hesab edir ki, iddiaçının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar