Məhkəmə qərarları › İş №2-1(112)-9665/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9665/2021

25.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9665/2021 25.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Daxili İşlər Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ”döyüşlərdə iştirak etmək faktının təsdiq edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək 10-21 yanvar 1992-ci il tarixlərində Azərbaycan Respublikası ərazisində əməliyyat şəraitinin pisləşməsi ilə əlaqədar olaraq Şuşa şəhərinə ezam olunmağı və döyüşlərdə iştirak etmə faktının təsdiq edilməsinə və 40 manat Qarabağ veteranı pulu aldığına görə ”Qarabağ müharibəsi” vəsiqəsində təkrar sözü yazılmaqla vəsiqənin və veteran adının verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1947-ci il tarixdə Xaçmaz rayonunun Üçgün kəndində anadan olmuş, orta təhsilini Xaçmaz rayonunda almış və hərbi xidmət keçmişdir. 28.11.1972-ci il tarixdən-31.01.1992 il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində polis nəfəri olaraq xidmət keçmişdir. 05 aprel 1988-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində əməliyyat şəraitinin pisləşməsi səbəbilə Kirovabad şəhərinə ezam olunmuşdur. Daha sonra 10 yanvar 1992-ci il tarixdə müharibə şəraitinin kəskinləşməsi səbəbilə döyüşlərdə iştirak etmək üçün Şuşa şəhərinə ezam olunmuşdur. 10 gün Şuşa şəhərində gedən “N” saylı hərbi hissədə xidmət etdikdən sonra yenidən Xaçmaz şəhərinə qayıtmışdır. Bir neçə gün sonra X2 öz ərazəsi əsasında xaric olunmuşdur. Daha sonra “Müharibə Veteranı” statusunun alınması üçün Daxili İşlər Nazirliyinə müvafiq ərizə ilə müraciət etsə də, arxiv şöbəsində müvafiq məlumatların olmaması səbəbindən müraciəti rədd edilmişdir. Lakin iddiaçı hesab edir ki, həqiqətən də 10 yanvar 1992-ci il tarixdə Şuşa şəhərinə ezam olunmuş və bu faktı onunla birgə Şuşa şəhərinə ezam olunmuş və hal-hazırda “Müharibə Veteranı” statusu almış 3 nəfər şahid də təsdiq edə bilər. Bir neçə dəfə müvafiq orqanlara müraciət edib 10 yanvar 1992-ci il tarixdə əməliyyat şəraitinin kəskinləşməsi səbəbilə Şuşa şəhərinə ezam olunmağının təsdiq edilməsi üçün müraciət edərək müsbət cavab ala bilmədiyi üçün həmin faktın məhkəmə qaydasında müəyyən olunmasına zərurət yaranmışdır.

3. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək hüquqi marağına uyğun olaraq iddia tələbinin “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” kimi dəqiqləşdirməklə cavabdeh qurumun qeyd edilən məsələ ilə bağlı imtinasını təqdim etmək təklif edilmiş, iddia tələbinin qeyd edilən formal tələblərə uyğunlaşdırılması üçün müddət müəyyən edilmiş və iddianın qeyd edilən tələblərə uyğun gəlməməsinin iddianın mümkünsüzlüyünə səbəb ola biləcəyi izah edilmişdir.

4. Məhkəmə hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, hazırki iddia tələbi inzibati mübahisədir və iddiaya Bakı İnzibati Məhkəməsində baxılmalıdır.

5. Məhkəmə hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş müvafiq məktubda İddiaçı 28.11.1972-ci ildən 31.01.1992ci ilədək daxili işlər orqanlarında polis nəfəri vəzifəsində xidmət etməsi qeyd edilsə də, arxiv materiallarında onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyatın aşkar olunmamışdir.

II. İddianın mümkünlüyü

6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

8. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli 03 nömrəli Qərarına əsasən:

14. Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər.

9. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün deyil. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitəsindən – müvafiq ərizə ilə əvvəlcə cavabdeh quruma müraciət etdiyi və müraciətindən cavabdeh qurum imtina etdiyi təqdirdə müharibə veteranı adı və vəsiqəsi verilməsi tələbinə dair iddia qaldırılması yolu ilə nail ola bilər.

10. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

11. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar