Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9667/2022 10.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli 0119 nömrəli əmrinin ləğv edilməsi və ordu sıralarına hərbi xidmətə qəbul olunması öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun barəsində qəbul edilmiş xx.xx.2019cu il tarixli 0119 nömrəli Əmr qanunsuz əlverişsiz inzibati aktdır. Çünki həmin inzibati akt qəbul edilən zaman iddiaçının evli, himayəsində iki azyaşlı uşağının olması, ali hərbi təhsili, 12 il 05 ay 22 gün hərbi xidmət illəri, hərbi xidməti zamanı əldə etdiyi nailiyyətlərfəxri fərmanlar və medallar, hərbi xidmət zamanı nümayiş etdirdiyi nümunəvi hərbi intizam nəzərə alınmamış və nəticə etibarilə qanunsuz əlverişsiz inzibati akt qəbul edilmişdir. İddiaçı barəsində N nömrəli hərbi hissənin komandiri tərəfindən 2 xidməti xasiyyətnamə tərtib olunmuşdur. Bir xidməti xasiyyətnamə cinayət işində təqsirləndirildiyi zaman prokurorluğa və məhkəməyə təqdim olunmuş, digər xidməti xasiyyətnamə isə dəyişdirilmiş formada barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli 0119 nömrəli əmrə dair sənədlərə əlavə edilmişdir. Barəsində eyni vəzifəli şəxs tərəfindən tərtib olunmuş xidməti xasiyyətnamələrdə çox böyük fərq vardır. Bir xidməti xasiyyyətnamədə iddiaçının hərbi xidmət keçdiyi dövrdə intizamlı, tələbkar və bacarıqlı bir zabit kimi xidmət etdiyi qeyd olunmuşdur. Digər xidməti xasiyyətnamə isə onun tam əksidir. İlk olaraq barəsində müsbət xidməti xasiyyətnamənin tərtib olunması, çox qısa müddət keçdikdən sonra onun ziddinə mənfi xidməti xasiyyətnamənin tərtib olunması inandırıcı deyil. İddiaçı barəsində qəbul edilən xx.xx.2019-cu il tarixli 0119 nömrəli əmrin çıxarışını və digər sənədləri xx.xx.2022-ci il tarixində elektron məhkəmə sistemi vasitəsilə əldə etmişdir və qeyd edilən tarixdən sonra həmin əmrin ləğv edilməsi və ordu sıralarına hərbi xidmətə bərpa olunması üçün 06 may 2022-ci il tarixində poçt vasitəsilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət göndərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi, onun mümkün sayılaraq mahiyyəti üzrə baxılmasını və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh iclasda nümayəndəsinin iştirakını təmin etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM): -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri iləbağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; - 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarı). İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019-cu il tarixli 0119 nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin sərəncamında olan (N nömrəli hərbi hissənin qrupun sabiq komandiri-dalğıc) kapitan-leytenant İddiaçı Nəhməd oğlu həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı hazırda bu əmrin ləğv edilməsini və onun hərbi xidmətə qəbul olunmasını xahiş edir. İddiaçının bu iddiası mübahisələndirmə haqqında iddia növünə uyğundur. Məhkəmə qeyd edir ki, işdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2129/2021 saylı 01 iyun 2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 4 fevral 2019-cu il tarixli 0119 nömrəli əmrin ləğv edilməsi və iddiaçının tutduğu vəzifəyə uyğun başqa vəzifəyə bərpa olunması öhdəliyinin cavbdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, həmçinin “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təqdim etmiş, məhkəmənin həmin qərardadı ilə “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təmin edilməyərək iddia mümkün sayılmamışdır. Məhkəmə qərardadında göstərmişdir ki, “...iddiaçının tələbi mübahisələndirmə haqqında iddiaya aiddir və mövcud qanunvericilik inzibati aktın mübahisələndirilməsi ilə bağlı 1 ay iddia müddəti müəyyən etmişdir. Hazırkı işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı 4 fevral 2019-cu il tarixli əlverişsiz inzibati aktın (əmrin) mübahisələndirilməsi tələbi ilə iddianı 13 oktyabr 2020-ci il tarixdə, yəni inzibati aktın qəbulundan 1 il 8 ay müddət keçdikdən sonra qaldırmışdır. Məhkəmənin qənaətinə görə mübahisə predmeti olan 4 fevral 2019-cu il tarixli əmr xidmətin xüsusiyyətləri baxımından iddiaçıya qəbul edildiyi ərəfədə məlum olmuşdur. Bu qənaət həm də ondan irəli gəlir ki, o, daşıdığı vəzifəni icra etmədiyi halda xidməti münasibətlərdə digər nəticələrin (işə gəlməməyə, vəzifəni lazımi qaydada icra etməməyə görə intizam məsuliyyəti) yaranma ehtimalı böyük olmuşdur, halbuki, belə nəticə olmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçı özü də əmrin ona həmin vaxt elan olunmasını inkar etmir və bununla bağlı müəyyən dəlillərlə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim edir. Lakin məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi dəlilləri müddətin buraxılmasının üzürlü sayılmasına əsas vermir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı İPMin 24.4-cü maddəsində göstərilən hallara dair heç bir dəlil və sübut bildirnir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsi təmin edilməməlidir, iddia isə qanunla müəyyən edilmiş 1 aylıq iddia müddəti buraxılmaqla qaldırıldığından, mümkün sayılmamalıdır.” Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(103)-2058/2021 saylı qərardadı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2129/2021 saylı 01 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)- 2163/2021 saylı qərarı ilə təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(103)-2058/2021 saylı qərardadı dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası həmin qərardadda qeyd etmişdir ki, “...İddiaçı məhkəməyə 1 il 8 ay müddət keçdikdən sonra hazırkı iddia tələbi ilə müraciət etmiş, eyni zamanda iddiaçı həmin müddətin üzrlü səbəbdən buraxılması barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı mübahisədə iddiaçının iddia qaldırmaq müddətin ötürüldüyü üçün iddianın əsaslılığının araşdırılmasına imkan vermir.” Məhkəmə qeyd edir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Məhkəmə qeyd edir ki, doğurdur, iddianın mümkün sayılmaması ilə bağlı qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Lakin hazırkı iş üzrə müəyyən edilir ki, iddiaçının xx.xx.2019-cu il tarixli əmri mübahisələndirməsi ilə bağlı prosessual müddəti ötürməsi və müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməməsi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsbit edilmişdir. Belə olan halda aydındır ki, iddiaçının mübahisələndirmə haqqında hazırkı iddiası tələb olunan xüsusi mümkünlük şərtinə, iddia qaldırmaq müddətinə cavab vermir və iddianın mümkün sayılmamasına əsas olan bu halı aradan qaldırmaq mümkünsüzdür. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-9667/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9667/2022
10.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver