Məhkəmə qərarları › İş №2-1(112)-967/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-967/2022

23.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-967/2022 23.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh-Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmə aktının icra olunaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iddiası üzrə işə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi məhkəmə baxışı üzrə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2012-ci il tarixli cavabının qanunsuz hesab edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4504 saylı, 18 oktyabr 2012-ci il tarixli qətnaməsinə uyğun olaraq, Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov (keçmiş Paruşin döngəsi) küçəsi 3 saylı evin 66/128 hissəsinə adına qeydiyyat vəsiqəsi verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2012-ci il tarixli İş № 2(103)-4504/2010 qətnaməsi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-202/2012 saylı, 18 iyun 2012-ci il tarixli qətnaməsi ilə miras əmlakda payın müəyyən edilən hissəsində dəyişdirilərək, miras əmlak olan Bakı şəhəri 8-ci km. qəsəbəsi, R.Teymurov küçəsi (keçmiş Paruşin döngəsi) 3 saylı evin İddiaçı payı 66/128, X2 payı 4/128, X9 payı 29/128 və X11 payı 29/128 hissədə olmaqla müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının həmin qətnaməsi icraya yönəlmiş, lakin hazırki vaxtadək qətnamə icra olunmamışdır. Bütün aidiyyəti orqanlara dəfələrlə müraciətlər etsə də, qətnamə icra olunmur. Bakı şəhəri Nizami rayon İcra şöbəsi 17/71-3M-3714 saylı, 08 aprel 2014-cü il tarixli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4504/2012 saylı,18 oktyabr 2012-ci il tarixli icra vərəqəsini icra üçün DƏDRX Bakı ərazi İdarəsinə göndərmişdir. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin həmin məktubuna DƏDRX Bakı ərazi İdarəsi xx.xx.2014-cü il tarixli (№ **********19) məktubla cavab vermişdir ki, icra vərəqinə əsasən Bakı şəhər Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamış, borclu qismində Bakı şəhər Ərazi İdarəsi göstərilməmişdir. xx.xx.2019-cu il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2012-ci il tarixli (İş № 2(1030-4504/2012) tarixli qətnaməsinin icraya yönəltməsi barədə yeni icra vərəqi verilməsinə göstəriş verməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14504/12 saylı qətnaməsi icraya yönəldiyindən ərizə təmin edilməmişdir. Bundan sonra, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixli məktubla təkrarən müraciət edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4504/2012 saylı, 18 oktyabr 2012-ci il tarixli qətnaməsinə uyğun olaraq, Bakı şəhəri Nizami rayonu, Rizvan Teymurov (keçmiş Paruşin) küçəsi 3 saylı evin 66/128 hissəsinə adına qeydiyyat vəsiqəsi verilməsini xahiş etmişdir. DƏDRX 1 saylı Bakı ərazi İdarəsi ərizəsinə xx.xx.2021-ci il tarixli (**********19) məktubla cavab vermişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair məhkəmə qərarı ilə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeyydiyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsinə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bunula əlaqədar olaraq bildirirlər ki, ərizəyə əlavə etdiyi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4504/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə idarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir". Hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin cavabı qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2021-ci il tarixli **********37 saylı iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçı ərizəsinə əlavə etdiyi Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4504/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Bununla bağlı İdarə tərəfindən İddiaçı **********19 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək, iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddianın mümkün sayılmaqla, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X12 iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianı təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Məhkəmənin müvafiq sorğusuna əsasən Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 31/7453 №li məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(103)-4504/2012 №li qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X7, Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontoru, X19 və X15 qarşı ilkin iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontorunda atası X4 tərəfindən Bakı şəhəri, R.Teymurov küçəsi 3 saylı evlə bağlı X5 verilmiş 24 may 1989-cu il tarixli və X10 tərəfindən X9 adına verilmiş 31 mart 1995-ci il tarixli vəsiyyətnamələrin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququnun tanınması və miras payların müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X19 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri R.Teymurov küçəsində (keçmiş Poruşin döngəsi) yerləşən miras mülkün vəsiyyətnamə üzrə onun tərəfindən ½ hissəsinin qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-202/2012 saylı 18 iyun 2012-ci il tarixli qətnaməsi ilə ilkin iddia tam, qarşılıqlı iddia qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(103)- 4504/2012 saylı qətnaməsi ilə cavabdehlər X7, X21, cavabdeh qarşılıqlı iddiaçı X9 apellyasiya şikayətinin qismən təmin edilməsi, Nizami Rayon Məhkəməsinin 2(007)- 202/2012 saylı 18 iyun 2012-ci il tarixli qətnaməsinin miras əmlakda payın müəyyən edilməsi hissəsində dəyişdirilməsi, miras əmlak olan Bakı şəhəri, 8-ci km. qəsəbəsi, R.Teymurov küçəsi (keçmiş Poruşin döngəsi) 3 saylı evdə İddiaçı payı 66/128 (yüz iyirmi səkkizdə altmış altı), X3 payı 4/128 (yüz iyirmi səkkizdə dörd), X9 payı 29/128 (yüz iyirmi səkkizdə iyirmi doqquz) və X11 payı 29/128 (yüz iyirmi səkkizdə iyirmi doqquz) hissədə olmaqla müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (hazırda DƏDKR 1 saylı ünvan 2 ünvanlanmış 17/71-3M-2971 №li xx.xx.2013-cü il tarixli məktubda Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-4504/2012 saylı xx.xx.2012-ci il tarixli icra vərəqəsinin icra olunaraq, nəticəsi barədə Şöbəyə məlumat verilməsi xahiş olunmuşdur. Məktuba icra vərəqəsinin təsdiqlənmiş surətinin əlavə olunduğu qeyd olunmuşdur. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X13 tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış icraata xitam verilməsi haqqında xx.xx.2016-cı il tarixli təqdimatında (surəti) göstərilmişdir ki, xx.xx.2013-cü il tarixli qərarla icraata başlanılmış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4504 saylı xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən iş üzrə ekspertiza xərci olan 200 manat ödənilmiş, paylar müəyyən edilmiş, vəsiyyətnamələr etibarsız hesab edilmişdir. Beləliklə də icra sənədi tam icra olunmuşdur. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsini rəhbər tutaraq icra sənədi üzrə icraata xitam verilməsi məsələsinə baxılması xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)4504/2012 saylı qərardadının surətindən görünür ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-1(103)-4504/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsinin icraya yönəldilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli 2(103)-4504/2012 saylı qərardadı ilə onun ərizəsi təmin olunmamışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********99 saylı məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsi, 3 saylı fərdi yaşayış evi xx.xx.1975-ci il tarixdə X8 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçının hazırki tələblə bağlı cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq sonuncu tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli **********19 №li imtina məktubunda göstərilmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair məhkəmə qərarı ilə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsinə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Ərizəyə əlavə etdiyi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4504/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hazırda iddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4504 saylı, 18 oktyabr 2012-ci il tarixli qətnaməsinə uyğun olaraq, Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov (keçmiş Paruşin) küçəsi 3 saylı evin 66/128 hissəsinə adına qeydiyyat vəsiqəsi verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini, yəni cavabdeh inzibati orqan tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının təmin olunmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Əsasnamə"nin 3.0.11 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxlında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin Qərarda qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi məhkəmələrin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, qərarların icrasına nəzarət isə onların çıxarmış məhkəmə (hakim) tərəfindən həyata keçirilir. Bu zaman, məhkəmə qərarının icrası üçün yeni məhkəmə qərarının çıxarlması qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bununla yanaşı iddiaçıya izah olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X13 tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4504 saylı xx.xx.2012-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2016-cı il tarixli təqdimatın nəticəsindən asılı olaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq icra sənədinin aid olduğu məhkəməyə (birinci instansiya məhkəməsi olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsi) icra hərəkətlərinin təzələnməsi (xitam verilmə barədə qərarın ləğv edilməsi və s.) üçün müraciət emək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 45, 78, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmə aktının icra olunaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar