Məhkəmə qərarları › İş №2-1(112)-9673/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9673/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9673/2023 02.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “aparılmış tikinti işlərinin qanunsuz hesab edilməsi, həmin tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləcəri Bələdiyyəsinə və tikintini aparan digər şəxslərə qarşı torpaq sahəsinin başqa şəxslərə verilməsinə dair qərarın ləğv olunması, aparılan tikintinin həmin şəxslərin vəsaiti hesabına sökülməklə, torpağın əvvəlki vəziyyətə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə sistemi” vasitəsilə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsini və üçüncü şəxs qismində isə X4 göstərməklə, məhkəmədən Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 416A saylı qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil2 Nizami oğlu yenidən xx.xx.2023-cü il tarixdə məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsini və üçüncü şəxs qismində X5 göstərməklə məhkəmədən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 416a saylı Qərarı ilə İddiaçı bələdiyyənin hüdudları daxilində alqı-satqı yolu ilə satılmış 140 kv. metr torpaq sahəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsi və üçüncü şəxs X7 tərəfindən aparılmış tikinti işlərinin qanunsuz hesab edilməsi, həmin tikililərin cavabdehin hesabına sökülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin 416a saylı xx.xx.2005-ci il tarixli qərarı əsasında bələdiyyənin hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alğı-satqı qaydasında 140 kv. m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında ona ayrılmışdır. Həmin qərar əsasında torpaq sahəsinin Situasiya planı tərtib edilərək, Bələdiyyə tərəfindən təsdiq edilmiş və alğısatqı aktı verilmişdir. Torpaqayırma sənədləri mühafizə olunması üçün "Milli Arxiv Fondu haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada Milli Arxiv idarəsində saxlanılır. Qeyd olunanlara baxmayaraq ona ayrılan torpaq sahəsində bələdiyyə və tanımadığı şəxslər tərəfindən qanunsuz tikintilər aparılır. Həmin şəxslərə yaxınlaşıb aparılan tikintinin qarşısını almaq istəmişdir. Həmin şəxslər ona bildirmişdir ki, aparılan tikinti bələdiyyə ilə razılaşdırılıb. Bələdiyyə qəbristanlığın idarə olunması üçün ofis otaqları tikir. Ona məxsus 140 kv.m. torpaq sahəsi ondan alınaraq onlara verilib və ya veriləcək. Qanunsuz aparılan tikintinin qarşısını almaq üçün xx.xx.2023-cü il tarixdə Binəqədi Bələdiyyəsinə yazılı müraciət etmişdir. Buna baxmayaraq tikinti davam etdirilir. Torpaq üzərində hüquqları qorunmur. Bələdiyyənin hərəkəti və hərəkətsizliyi nəticəsində onun qanunla qorunan subyektiv hüquqları, maraqları pozulur.O, Biləcəri Bələdiyyəsinə və tikintini aparan digər səxislərə qarşı torpaq sahsinin başqa şəxslərə verilməsinə dair qərarın ləğv olunması, aparılan tikintinin həmin şəxslərin vəsaiti hesabına sökülməklə torpağın əvvəlki vəziyyətə qaytarılması barəd məkəməyə müraciət etmək məcburiyyətindədir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş, ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin və X1 iddia tələbinə dair yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla mnüəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə heç bir məlumat verməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılaraq, təmin olunmasını xahiş etdi. Üçüncü şəxs X7 məhkəmə iclasında verdiyi izahatında, mübahisəli torpaq sahəsinin uzun müddətdir ki, onun istifadəsində olduğunu və həmin torpaq sahəsində bələdiyyə tərəfindən heç bir tikinti işlərinin aparılmadığını, orada aparılan tikinti işlərinin isə onun tərəfindən aparıldığını göstərərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İş materiallarında olan: Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin 416 a №li 08 avqust 2005-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Biləcəri bələdiyyə üzvlərinin ümumi yığıncağının 10 saylı xx.xx.2005-ci il tarixli protokoluna əsaslanaraq Biləcəri bələdiyyəsi hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 140,0 kv. metr torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı yolu ilə İddiaçı ayrılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi tərəfindən Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin 416 a №li 08 avqust 2005-ci il tarixli qərarına əsasən Biləcəri bələdiyyəsi ərazisindən 140,0 kv. metr torpaq sahəsinin İddiaçı satılmasına dair “Torpaqların alqı-satqısına dair Akt” tərtib olunmuşdur. “Biləcəri bələdiyyəsi hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün” İddiaçı ayrılmış 140,0 kv. metr torpaq sahəsinə dair Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi tərəfindən eskiz tərtib olunmuşdur. “Kapital Bank” 1 saylı Binəqədi rayon filialının 06 №li 02 avqust 2005-ci il tarixli (0402001) qəbzin surətindən müəyyən olunur ki, İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin hesabına torpağın satış haqqı kimi ******* manat məbləğində pul ödənilmişdir. Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş A-1793 №li xx.xx.2019-cu il tarixli arayışda göstərilmişdir ki, Biləcəri Bələdiyyəsinin hüdudları daxilində blədiyyənin xx.xx.2005-ci il tarixli 416 a saylı qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 140,0 kv. metr torpaq sahəsi İddiaçı adına sənədləşdirilmişdir. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğuya əsasən: - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 3-48-2F/2-07346/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubu ilə vətəndaş İddiaçı barəsində Binəqədi rayon Biləcəri Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2005-ci il tarixli, 416 a saylı qərarı və ona əlavə edilmiş cizgi və qəbzin ksero surətləri təqdim olunmuşdur. - Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 01/325 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsində bələdiyyənin hüdudları daxilində vətəndaş X2 adına torpaq sahəsinin ayrılmasına dair hər hansı hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib - edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Məhkəmə iddia ərizəsini və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankın ərizələrinə. Məhkəmə araşdırması zamanı cavabdeh bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsində hər hansı tikinti-quraşdırma işlərinin aparılması müəyyən olunmamışdır. Hazırda iddiaçının inzibati məhkəmə icraatında mübahisələndirdiyi məsələ üçüncü şəxs X7 tərəfindən ona bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsində aparılan tikilinin sökülməsi ilə bağlıdır. İddiaçının tələbi bələdiyyə qərarı ilə ayrılmış sahədə aparılan tikinti ilə bağlı olduğundan, iddiaçının tələbi tikinti işlərini aparan X6 qarşı yönəlməli, bu səbəbdən mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 4 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı: Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 04 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15.3-cü bəndində göstərilmişdir ki, bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. İddiaçıya izah olunur ki, bələdiyyə qərarına əsasən ona ayrılmış torpaq sahəsində üçüncü şəxs tərəfindən inşa edilmiş tikilinin sökülməsi tələbi barədə mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar