Məhkəmə qərarları › İş №2-1(112)-9675/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9675/2022

31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9675/2022 31.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı «cavabdehin qərarının ləğv edilməsi və iddiaçının sadələşdirilmiş vergi ödəyicisi mükəlləfiyyətinin bərpa olunması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı «cavabdehin 10 may 2022-ci il tarixli **********794600 saylı qərarının ləğv edilməsi və iddiaçının sadələşdirilmiş vergi ödəyicisi mükəlləfiyyətinin saxlanılması (bərpa olunması)» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin 10 may 2022-ci il tarixli **********794600 saylı qərarı ilə hazırkı İddiaçı barəsində eyni dövrə aid eyni fəaliyyətə və eyni məbləğə, aid ikiqat vergitutma və həm sadələşdirilmiş, həm də gəlir vergisi olmaqla ikili vergi ödəyicisi mükəlləfiyyəti tətbiq edilmişdir. Belə ki, o (iddiaçı), VÖEN əsasında fiziki şəxs kimi fəaliyyət göstərərək 2021-ci ildə sadələşdirilmiş vergi ödəyicisi mükəlləfiyyəti ilə bütün qanunla müəyyən edilmiş vergiləri tam və vaxtında ödəmişdir. Onun fəaliyyəti dövlət orqanlarına və əhaliyə son istifadə məqsədilə yalniz pərakəndə olaraq qanuni sənədləşmə yolları ilə, o cümlədən “eqaimələr” təqdim etməklə dövri mətbuatın (qəzet və jurnalların) satışından ibarətdir. Lakin, fəaliyyətinin mahiyyəti dəfələrlə həmin qurumun rəsmilərinə izah edilsə də, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.6-cı maddəsini əsas gətirərək (Vergi Məcəlləsinin 218.6.1-ci maddəsinə əsasən “pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda həmin vergi ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ saxlanılır”) iddiaçının sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu məhdudlaşdıraraq vergi ödəyicisi kimi mükəlləfiyyətini dəyişmiş və iddiaçıya qanuna zidd olaraq ikiqat vergi tutma tətbiq etmişdir. İddiaçı həm sadələşmiş vergi ödəmişdir, həm də ona gəlir vergisi hesablanmışdır. İddiaçı bununla bağlı dəfələrlə cavabdehə yazılı şəkildə müraciət etmiş və qurumun əməkdaşlarına şifahi olaraq bildirmişdir ki, onun fəaliyyəti zamanı Vergi Məcəlləsinin 218.6.1-ci maddəsinin dispozisiyasında göstərildiyi kimi, pərakəndə ilə eyni zamanda, topdansatış qaydasında malların satışı həyata keçirilmir. Onun fəaliyyətində topdansatış heç yoxdur. Bu səbəbdən Vergi Məcəlləsinin 218.6.1-ci maddəsi ona şamil oluna bilməz, çünki iddiaçının fəaliyyəti 100% pərakəndə satışdır. İddiaşı yalnız pərakəndə ticarət qaydasında satış fəaliyyəti ilə məşğul olur və bunun məntiqi nəticəsi olaraq sadələşdirilmiş vergi ödəyicisi statusunu daşıyır. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən “pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura təqdim edilməklə) həyata keçirilməsi üzrə ticarət fəaliyyəti”dir. Göründüyü kimi, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanların alıcıya onun istəyindən asılı olaraq e-qaimə göndərmələri ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır (həcminin 30 faizindən çox olduğu tələbi burda keçərli deyil). Qaydalara əsasən pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə e-qaimə təqdim edə bilərlər. E-qaimənin təqdim olunması həmin vergi ödəyicisinin pərakəndə ticarət hüququnun itirilməsinə səbəb olmur. Çünki, bu fəaliyyət üzrə malların alıcısı olan vergi ödəyicilərinin də hər hansı malı sahibkarlıq deyil, istehlak məqsədilə istifadə etmək hüququ var. Beləliklə, istinad edilən Vergi Məcəlləsinin 218.6.1-ci və 13.2.62-ci maddələri arasında ziddiyyət varsa da, Məcəlləsinin З.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Gğstərilənlərə və İPM-in 32, 38.1-ci maddələrini rəhbər tutaraq, məhkəmədən cavabdehin 10 may 2022-ci il tarixli **********794600 saylı qərarının ləğv edilməsi və iddiaçının sadələşdirilmiş vergi ödəyicisi mükəlləfiyyətinin saxlanılması barədə qərar qəbul olunması xahiş olunur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 22 avqust 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiasına etiraz edilir. Aparılan araşdırma zamanı vergi ödəyicisi İddiaçı tərəfindən 2021-ci il ərzində elektron qaimə-fakturalar əsasında 88.711,47 manat dəyərində malların (xidmətlərin) təqdim edilməsinə baxmayaraq 2021-ci il gəlir vergisi bəyannaməsinin boş təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” 28 mart 2022-ci il tarixli **********201100 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2021-ci il üzrə dəqiqləşmiş gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2021-ci ilin gəlir vergisi üzrə 2.473,48 manat (88.711,47 x 5%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə 10 may 2022-ci il tarixli **********794600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı göndərilmişdir. Vergi ödəyicisi ərizəsində əsassız olaraq bildirmişdir ki, ona ikiqat vergitutma tətbiq edilmiş və o, sadəcə pərakəndə satış həyata keçirmişdir. Qeyd edilənlərin əksinə olaraq bildirilir ki, vergi ödəyicisinə 2021-ci il üzrə vergi orqanı tərəfindən sadəcə gəlir vergisi hesablanmışdır. Sadələşdirilmiş vergi bəyannaməsini isə vergi ödəyicisinin özü tərəfindən 2021-ci ilin 1 – 4-cü rübləri üzrə təqdim edilərək hesablama aparılmışdır. Daha sonra vergi ödəyicisi tərəfindən 2 iyul 2022-ci il tarixdə dəqiqləşdirilmiş boş (göstəricisiz) sadələşdirilmiş vergi bəyannaləri təqdim edilmiş və nəticədə həmin dövrlər üzrə hesablanmış sadləşdirilmiş vergi məbləği azaldılmışdır. Yuxarıda da qeyd olunduğu kimi, vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində elektron qaimə-fakturalar əsasında 88.711,47 manat dəyərində mal (xidmət) təqdim edilmişdir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların ahcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 218.5.9-cu maddəsinə əsasən topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Həmin Məcəllənin 218.6.1-ci maddəsinə əsasən bu Məcəllənin 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi kameral vergi yoxlaması tamamilə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmiş, iddiaçı əsassız, ümumi ifadələrdən istifadə etməklə iddiasını əsaslandırmağa çalışmışdır. Göstərilənlərə və Vergi Məcəlləsinin 23.1.1, 36, 37.1-ci maddələrinə, İPM-in 32.1, 68.1-ci maddələrinə əsaslanaraq, məhkəmədən İddiaçı iddiasının təmin edilməməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə görə malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. Həmin Məcəllənin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir, 13.2.63-cü maddəsinə görə isə, topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 218.5.9-cu maddəsinə görə topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Həmin Məcəllənin 218.6.1-ci maddəsinə əsasən bu Məcəllənin 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır. Göründüyü kimi, vergi qanunvericiliyinin müddəalarında topdansatış qaydasında malların satışını həyata keçirən vergi ödəyicilərinə münasibətdə sadələşdirilmiş vergi ödəyicisi hüququnun olmaması nəzərdə tutulur. İş materiallarında olan cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş “Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumat”ın surətindən görünür ki, vergi ödəyicisi İddiaçı 2021-ci ildə “Respublika Stend Atıcılığı” İdman Məktəbinə, AR Gənclər və İdman Nazirliyinin Bakı şəhəri X4 Dispanserinə, Azərbaycan Texniki Universitetinə və digər hüquqi şəxs, müəssisə və təşkilatlara elektron qaimə-faktura əsasında qəzet və digər nəşrlərin satışını həyata keçirmişdir. Məhkəmənin qənaəti belədir ki, iddiaçının bu qəbuldən olan malların yuxarıda qeyd olunan şəxslərə (hüquqi şəxs, müəssisə, təşkilat) satışı ilə bağlı fəaliyyəti pərakəndə satış qismində qiymətəndirilə bilməz. Həmin dövriyyə topdansatış qaydasında mal təqdim edilməsi kimi qəbul edildiyi halda isə, İddiaçı sadələşdirilmiş vergi ödəyicisi mükəlləfiyyəti ilə çıxış edə bilməz və o, gəlir vergisinə gəlb olunmalıdır. Odur ki, cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi vergi ödəyicisi kimi hazırkı İddiaçı 2021-ci il üzrə həmin dövriyyəsinə münasibətdə gəlir vergisinin hesablanması barədə qərar qəbul etməkdə haqlı omuşdur. Qeyd olunan xüsusatların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən İddiaçı münasibətdə əlverişsiz inzibati akt kimi qəbul olunmuş 10 may 2022-ci il tarixli **********794600 saylı qərar qanunvericiliyin tələbləri, o cümlədən «İnzibati icraat haqqında» Qanununun 11.1, 16.1, 24, 58-ci maddələri, eləcə də Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəaları pozulmamaqla qəbul olmuşdur. Belə olan halda 10 may 2022-ci il tarixli həmin qərar ləğv edilə, İddiaçı sadələşdirilmiş vergi ödəyicisi mükəlləfiyyəti isə bərpa oluna bilməz. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı «cavabdehin qərarının ləğv edilməsi və iddiaçının sadələşdirilmiş vergi ödəyicisi mükəlləfiyyətinin bərpa olunması» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 2, 13, 14.1, 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı «cavabdehin qərarının ləğv edilməsi və iddiaçının sadələşdirilmiş vergi ödəyicisi mükəlləfiyyətinin bərpa olunması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar