Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9678/2025 22.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 İdarəsinə qarşı “veteran statusunun verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı Sanbala oğlu barəsində düzgün qərar qəbul edilərək Veteran statusunun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyim X3 idarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Sanbala oğlu xx.xx.1980-cı ildə Həqiqi hərbi xidmətə çağrılmış, Hərbi xidmətini keçmiş SSR-nin Ukrayna Respublikasının Fitomir vilayətində başa vurmuşdur. Sonra 1984-cü il yanvarın 13-də Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail rayonunda Mühafizə şöbəsində polis nəfəri serjant vəzifəsində xidmət etmişdir. Könüllü olaraq 1989-cu ildə Qarabağ uğrunda gedən döyüşlərdə erməni quldurlarına qarşı vuruşmaq üçün Əsgəran rayonu Meşəli kəndinə ezam olunmuşdur. Onunla birlikdə Ağaşov Telman, Məmmədov Bəybala, Heydərov Famil bir yerdə vuruşmuşdur. Həmin şəxslərin şəxsiyyət vəsiqəsinin surəti və veteran vəsiqəsinin surətini ərizəyə şahid kimi əlavə edir. Sonra 1993-cü ildə Ağdam rayonuna ezam olundu. Ezam olunanlar arasında Aqaşov Telman, Məmmədov Bəybala, Heydərov Famil də var idi. Onlar veteranlıq alıblar, iddiaçı isə dəfələrlə müraciətlərinə baxmayaraq bu günə kimi veteran adı və vəsiqəsi ala bilməmişdir. Sonuncu məktubuna cavab olaraq bildirmişdilər ki, şahid sübut olduqda müraciət edərsiniz. Lakin məktubunda qeyd etmişdir ki, onunla birlikdə döyüş əməliyatında iştirak etmiş polis nəfərləri məktubunda şəxsiyyət vəsiqəsi veteran vəsiqəsi qeyd etməklə şahid kimi sizə göndərir. 3 nəfərin şahidliyinə baxmayaraq xx.xx.2025-ci il tarixli məktubda bildirmişdilər ki, əlavə sübut olduqda yenidən baxıla bilər. Daxili İşlər Nazirliyinin X3 Üzrə İdarəsinin müvafiq vəsiqələrin verilməsi üzrə Şöbə şablon olaraq baxılmadan cavab verir.
3. Cavabdehin iddiaya münasibəti onunla əsaslandırılmışdır ki, İddiaçı eyni məzmunlu müraciəti üzrə əvvəllər araşdırma aparılaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumat aşkar olunmadığından ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatları bölgəsinə xidməti vəzifələrin icrası üçün ezam olunmuş şəxslərə müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Həmçinin məlum olmuşdur ki, vətəndaş İddiaçı eyni məzmunlu iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-9087/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
4. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi.
5. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir.
II. İddianın mümkünlüyü
6. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır
10. Məhkəmə əlavə araşdıma aparmadan qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9087/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə eyni tərəflər arasında eyni predmetlə bağlı iddia tələbinə məhkəmə tərəfindən baxılaraq iddianın təmin edilməməsi qərara alınmışdır.
11. Beləliklə, məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə qüvvədə olan yekun məhkəmə aktı olduğuna görə hazırkı iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət etmək hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Bu səbəbdən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
12. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
13. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva