Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9683/2025 11.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 11 iyun 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İcra Hakimiyyəti Başçısının 31 avqust 2012-ci il tarixli, 377 saylı sərəncamı ilə təsdiq edilmiş Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktına əsasən Nəsimi rayonu, 694-cü məhəllə, Nizami və K.Səfərəliyeva küçələrinin kəsişdiyi ərazidə 16-18-16 mərtəbəli 3 girişli yaşayış binasının (1-ci mərtəbəsi 2 səviyyəli qeyri-yaşayış sahəsi) tikintisi xx.xx.2004-cü il tarixdə başlanılmış və 2010-cu ilin dördüncü rübündə başa çatdırılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin müsbət müayinə rəyi, Mühəndis kommunikasiya xətlərinin istismara qəbulu aktları, Mühəndis kommunikasiya xətlərinin icra cizgilərinin qəbul edilməsi haqda arayış, sərnişin və yük liftlərinin quraşdırılması və sazlanması aktları və poçt ünvanı və sairə əlavə edilməklə, Binanın həcmi 141446 kub m., mənzillərin ümumi sahəsi 24967.9 kv.m, mənzillərin yaşayış sahəsi 13983.2 kv.m., mərtəbələrin sayı 16-18-16 ədəd, girişlərin sayı 3, mənzillərin sayı 124, o cümlədən: 30 ədəd üç otaqlı, 60 ədəd dörd otaqlı, 34 ədəd beş və çox otaqlı, 1-ci mərtəbənin (2 səviyyəli qeyri-yaşayış) sahəsi 2932.6 kv.m., zirzəminin (qeyri-yaşayış və avtodayanacaq) sahəsi 1822.1 kv.m-dir. Dövlət Qəbul Komissiyası Nəsimi rayonu, 694-cü məhəllə, Nizami və K.Səfərəliyeva küçələrinin kəsişdiyi ərazidə 16-18-16 mərtəbəli 3 girişli yaşayış binası (1-ci mərtəbəsi 2 səviyyəli qeyri yaşayış sahəsi) mövcud (məskunlaşdırlmış) vəziyyətdə istismara qəbul edilməsi qərara alınmışdır. "xxxx" Mənzil Tikinti Kooperativinin Ümumi iclasının 28 mart 2022-ci il tarixli 1 №-li Protokolundan çıxarışa əsasən İddiaçı MTK-ya üzv qəbul edilmiş və ona MTK-nın Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi 694-cü məhəllə, ev 12, mansard mərtəbəsində, giriş 2, yaşayış sahəsi 30,7 kv.m, ümumi sahəsi 37,67 kv.m olan, 1 otaqlı 79Q saylı mənzilə ailə tərkibi daxil edilməklə mülkiyyətinə verilmişdir. "xxxx" Mənzil Tikinti Koopertavinin 28 mart 2022-ci il tarixli 17 №-li maliyyə arayışına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi, 694-cü məhəllədə yerləşən 12 saylı yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 2 girişin, mansard mərtəbəsində, ümumi sahəsi 37,67 kv.m, yaşayış sahəsi 30,7 kv.m olan 1 otaqlı, 79Q saylı mənzili dəyəri alıcı X4 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İddiaçı qeyd olunan yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2025-ci il tarixdə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının Bakı şəhər İcra Hakimiyyəti başçısının 377 saylı, xx.xx.2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında mənzillərin ümumi sayı 124 ədəd göstərilmişdir və mansard mərtəbə barədə hər hansı qeyd yoxdur. İdarənin mütəxəssisləri tərəfindən əmlaka baxış keçirilən zaman müvafiq mənzilin binanın mansard mərtəbəsində yerləşdiyi və 79Q saylı mənzilin “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında göstərilmiş mənzillərin ümumi say tərkibinə daxil olmadığı müəyyən edilmişdir”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli kooperativ yaşayış binasının 2-ci girişinin mansard mərtəbəsində ümumi sahəsi 37,67 kv.m, yaşayış sahəsi 30,7 kv.m olan 1 otaqlı, 79 Q saylı mənzil sahəsinə dair İddiaçı adına mülkiyyət hüququna dair qeydiyyatın aparılması və həmin ünvana dair mənzil kimi dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, sözgedən mənzili əsaslı təmir etdirmiş, neçə vaxtdırki mənzil kimi istifadə edir. Həmin ünvan mənzil kimi istifadəsində olduğundan hazırda həmin ünvana mənzil kimi dövlət reyestrindən çıxarış əldə etmək niyyətindədir. Onu da qeyd edir ki, mansard müqaviləsi bağlamış sözügedən binanın bir çox sakinləri yaşadıqları mansard mərtəbədəki sahələrə dair mənzil kimi dövlət reyestrindən çıxarış əldə etmişdirlər. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); … 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “İnzibati icraat haqqında” qanun Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: İş materiallarından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinin Ümumi iclasının 28 mart 2022-ci il tarixli 1 №-li Protokolundan çıxarışa əsasən İddiaçı MTK-ya üzv qəbul edilmiş və ona MTK-nın Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi 694-cü məhəllə, ev 12, mansard mərtəbəsində, giriş 2, yaşayış sahəsi 30,7 kv.m, ümumi sahəsi 37,67 kv.m olan, 1 otaqlı 79Q saylı mənzilə ailə tərkibi daxil edilməklə mülkiyyətinə verilmişdir. Həmçinin "xxxx" Mənzil Tikinti Koopertavinin 28 mart 2022-ci il tarixli 17 №-li maaliyə arayışına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi, 694-cü məhəllədə yerləşən 12 saylı yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 2 girişin, mansard mərtəbəsində, ümumi sahəsi 37,67 kv.m, yaşayış sahəsi 30,7 kv.m olan 1 otaqlı, 79Q saylı mənzili dəyəri alıcı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İddiaçının hüququnun qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçının hüququnun qeydə alınmasından imtina etmiş, imtina məktubunda iddiaçının hüququnun qeydə alınmasından imtina edilməsinə əsas olaraq ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının Bakı şəhər İcra Hakimiyyəti başçısının 377 saylı, xx.xx.2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında mənzillərin ümumi sayı 124 ədəd göstərilmişdir və mansard mərtəbə barədə hər hansı qeyd yoxdur. İdarənin mütəxəssisləri tərəfindən əmlaka baxış keçirilən zaman müvafiq mənzilin binanın mansard mərtəbəsində yerləşdiyi və 79Q saylı mənzilin “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında göstərilmiş mənzillərin ümumi say tərkibinə daxil olmadığını müəyyən edildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası və etirazının dəlilləri kimi istinad etdiyi hallar əsassızdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının hüquqmüəyyənedici sənədlərə malik olması işin mübahisələndirilməyən halıdır. Cavabdeh də iddiaçının təqdim etdiyi sənədləri mübahisələndirmir. Cavabdeh etirazında və imtina məktubunda iddiaçının müracitətinin təmin olunmasından imtina kimi Bakı şəhər İcra Hakimiyyəti başçısının 377 saylı, xx.xx.2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında mənzillərin ümumi sayı 124 ədəd göstərilmişdir və mansard mərtəbə barədə hər hansı qeyd olmaması və mənzilin binanın mansard mərtəbəsində yerləşdiyi və 79Q saylı mənzilin “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında göstərilmiş mənzillərin ümumi say tərkibinə daxil olmaması hala istinad edir: Məhkəmə cavabdehin imtina dəlilini əsassız hesab edir. Belə ki, məhkəmə tərəfindən sözügedən binanın istismara qəbul edilməsi haqda dövlət komissiyasının aktı tələb edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 372 saylı sərəncamı ilə təsdiq edilmiş Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktı məhkəmə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının alqı-satqı müqaviləsinə əsasən MTK-dan aldığı daşınmaz əmlak müqavilədə mənzil kimi qeyd edilsə də, həmin daşınmaz əmlak binanın mansard mərtəbəsindən yerləşir.. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, iddiaçı tərəfindən mülkiyyət hüququnun qeydə alınması tələb olunan sahə yaşayış sahəsi kimi istifadə olunan mansard sahəsidir. Bu halı cavabdeh də mübahisələndirmir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsinə görə, mansarda mərtəbəsi – binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir. Qanunvercilikdə isə, mansarda mərtəbəsinin yaşayış sahəsi kimi istifadə edilməsi üçün heç bir qadağa nəzərdə tutulmamışdır (Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsi). Məhkəmə cavabdehin imtina dəlili ilə bağlı qeyd edir ki, istismara qəbul aktında iddiaçının əldə etdiyi yaşayış sahəsinin mənzillərin ümumi say tərkibində göstərilməməsi və istismara qəbul aktından mansard mərtəbəsi barədə hər hansı qeydin olmaması iddiaçının təqsiri deyildir. İddiaçının əldə etdiyi sahə mansard sahəsi olduğundan binanın istismara qəbul aktında mənillərin ümumi say tərkibinə daxil edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, binanın layihəsinin hazırlanması, tərtib edilməsi və təsdiqlənməsi ilə bağlı məsələlər iddiaçının məsuliyyət sferasına aid olan məsələ deyil və iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas təşkil etmir. Qeyd olunan hal, daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsasların müəyyən edildiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsində sadalanan hallara aid deyildir. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 4 ünvanında yerləşən çoxmərtəbəli kooperativ binasının 2-ci girişinin mansard mərtəbəsində yerləşən 79Q saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınması və çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-9683/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9683/2025
11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver