Məhkəmə qərarları › İş №2-1(112)-9684/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9684/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9684/2024 10.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin cavabden tutularaq iddiaçının hesabına ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş pensiya məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1.4-cü bəndinə əsasən əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyası yenidən hesablanır. Bununla əlaqədar, cavabdehə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci, 20.7.1-ci və 20.7.2-ci maddələrinə əsasən sabiq hakimlərə əmək pensiyası onların hakim vəzifəsində işlədikləri son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki aldıqları əmək haqqının orta aylıq məbləğinə əsasən hesablanır. Pensiyanın faiz dərəcəsi isə 15 il hakim kimi iş stajına görə 50 faiz, 15 ildən yuxarı hər ilinə görə 3 faiz miqdarında müəyyən edilir (80 faizdən çox olmamaq şərti ilə). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən xx.xx.2005-ci il tarixinədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinin əmək pensiyası həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə uyğun hesablanmalıdır. Yəni, sözügedən Plenum qərarına əsasən xx.xx.2005-ci il tarixinədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. Həmin şəxsin vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı son 24 ay üzrə deyil, istənilən beş il üzrə hesablanmalıdır. Çünki “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasında “hakimlərin işlədikləri son 24 ayı üzrə pensiyanın hesablanması” anlayışı mövcud deyildi, sözügedən Qanunda yalnız 5 illik əmək haqqına uyğun hesablanma nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Qanuna əsasən hakimlərə son 24 ay üzrə ödənilmiş əmək haqqı əsasında pensiya hesablandıqda 25 ildən az hakim kimi iş stajı olan şəxslərin faiz dərəcələri 80 faizdən aşağı olur. Göründüyü kimi, cavabdehə “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə əsasən pensiya təyin edilsəydi pensiya faizi 20 il 27 gün hakimlik stajına uyğun olaraq 65 faiz müəyyən ediləcəkdir, yəni müvafiq Plenum Qərarı ilə müəyyən edilmiş faiz dərəcəsindən (80 faiz) aşağı olacaqdır. Eyni zamanda bildirilmişdir ki, hakimlərin vəzifə maaşları 1 iyul 2022-ci il tarixindən artırıldığı üçün sabiq hakimlərin də pensiya məbləğləri həmin tarixdən artırıldı. Bununla əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, hakim kimi pensiya təyinatı üçün cavabdeh tərəfindən vaxtilə təqdim edilmiş sənədlər son 24 ay üzrə ödənilmiş əmək haqqına aiddir. Bu səbəbdən də cavabdehin pensiyasının hesablanması zamanı vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı 5 il üzrə deyil, son 2 il üzrə hesablanıb. Əmək haqqının tərkibinə daxil olan bəzi əlavələr əvvəllər mövcud olmadığından son 5 il ilə müqayisədə son 2 il üzrə orta aylıq əmək haqqı daha yüksək məbləğdə olub. Buna görə də cavabdehin əmək pensiyası ya “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinin tələblərinə uyğun son 24 ay üzrə orta aylıq əmək haqqının 65 faizi miqdarında hesablanmalı idi, ya da Plenum Qərarına uyğun 60 ay ərzində orta aylıq əmək haqqının 80 faizi miqdarında hesablanmalı idi. Lakin cavabdehin pensiyası 24 ay üzrə əmək haqqı əsas götürülməklə 80 faizlə hesablanıb. Nəticədə, cavabdehə artıq pul vəsaiti ödənilib. Göstərilən səbəbdən də cavabdehin əmək pensiyasının qanunvericiliyə uyğunlaşdırılması məqsədilə ona 60 ay ərzində ödənilmiş əmək haqqına dair məlumatların təqdim olunması üçün tərəflərindən Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə sorğu verilib. Cavab olaraq təqdim edilmiş cavabdehə dair əmək haqqı cədvəlinə əsasən əmək pensiyası yenidən hesablanıb. Belə ki, cavabdehə sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edildiyi 29 sentyabr 2020ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1781,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 801,45 manat, təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 445,25 manat, elmi dərəcəyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 267,15 manat, digər növ əlavələr 1573,22 manat olmaqla orta aylıq əmək haqqı 4868,07 manat təşkil etmişdir. Bununla əlaqədar cavabdehin əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 20 il 27 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (4868,07 manat) 80 faizi - 3894,45 manat məbləğində hesablanmalı olduğu halda, 4642,47 manat müəyyən edilməklə xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hər ay müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə cavabdehə 15758,29 manat artıq pul vəsaiti ödənilib. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixindən cavabdehin vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2556,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 1150,20 manat, təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 639,00 manat, elmi dərəcəyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 383,40 manat, digər növ əlavələr 2257,80 manat olmaqla orta aylıq əmək haqqı 6986,40 manat təşkil etmişdir. Bununla əlaqədar cavabdehin əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 20 il 27 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (6986,40 manat) 80 faizi-5589,12 manat məbləğində müəyyənləşdirilməli olduğu halda, xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hər ay 4642,47 manat məbləğində cavabdehin müvafiq kart hesabına köçürülüb. Nəticədə cavabdehə göstərilən dövr ərzində ödənilməli olan 2839,95 manat fərq məbləği müəyyən edilib. Həmin 2839,95 manat pul vəsaiti cavabdehə artıq ödənilmiş 15758,29 manat vəsaitdən çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş pul vəsaiti 12918,34 (15758,29-2839,95) manat təşkil edib. Əlavə olaraq bildirilmişdir ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla cavabdehə “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilib. Bununla əlaqədar olaraq, cavabdehə xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 4013,43 manat məbləğində maddi yardım ödənilməli olduğu halda, 4178,25 manat ödənilib. Buna görə də cavabdehə maddi yardım üzrə artıqödəmə 164,82 manat təşkil edib. Nəticədə cavabdehə 13083,16 (12918,34+164,82) manat artıq pul vəsaiti ödənildiyi müəyyən olunmuşdur. Eyni zamanda, Qanunun 29.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar cavabdehə ödənilməli olan 903,76 manat fərq məbləği ona artıq ödənilmiş 13083,16 manat vəsaitdən çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş pul vəsaiti 12179,40 (13083,16-903,76=12179,40) manat təşkil edib. Daha sonra cavabdeh Mərkəzi Filiala qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiyasının azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı hərəkətlərin qanunsuz hesab olunması və bununla bağlı qəbul edilən qərarın ləğv edilməsi, ilkin təyin edilmiş pensiya məbləği bərpa olunmaqla, ödənilməyən pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin Mərkəzi Filialın üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-5172/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Tərəflərindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Məhkəmə qərarları pensiyanın yenidən hesablanması zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməməsi (mülahizənin dinlənilməsi və s.) ilə əsaslandırılıb. Məhkəmə qərarının icrası məqsədilə cavabdehin əmək pensiyası xx.xx.2023-cü il tarixindən ilkin hesablama qaydasına uyğun qaydada 8406,24 manat məbləğində bərpa edilib və qərarın icrası barədə Bakı İnzibati Məhkəməsinə tərəflərindən müvafiq məktubla məlumat verilmişdir. Eyni zamanda, cavabdehin pensiyası qanunauyğun qaydada yenidən hesablanması məqsədilə sözügedən məhkəmə qərarında ifadə olunan mövqeyə uyğun olaraq tərəflərindən təkrar inzibati icraata başlanılıb. Belə ki, cavabdehin pensiya məbləğinin yenidən hesablanması haqqında mülahizələrinin dinlənilməsi üçün tərəflərindən ona xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-172260/2023 nömrəli məktub göndərilmişdir. Lakin məktubda qeyd olunan tarixədək cavabdeh Mərkəzi Filiala gəlməmiş, həmçinin pensiya hüququ ilə bağlı hər hansı mülahizəni təqdim etməmişdir. Sonra isə tərəflərindən sözügedən Qanunun tələblərinə uyğun qaydada cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında inzibati akt qəbul edilmişdir. Əlavə olaraq, qeyd olunan məhkəmə qərarının icrası nəticəsində 2023-cü ilin iyul ayı üzrə cavabdehə qanunauyğun hesablanmalı olan 7051,79 manat pensiya məbləğindən 1354,45 manat artıq (8406,24-7051,79) vəsait ödənilmişdir. Nəticədə, cavabdehə ümumilikdə artıq ödənilmiş vəsait 13533,85 (12179,40 + 1354,45) manat təşkil edir. Daha sonra cavabdehə qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-195052/2023 nömrəli məktub ünvanlanaraq, artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Bundan sonra cavabdeh Məkəzi Filiala qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla ona münasibətdə pensiyanın azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı hərəkətləri qanunsuz hesab edilərək, bununla bağlı 2023-cü ilin avqust ayında qəbul etdiyi yeni qərar və bu qərar əsasında hesablanmış borc məbləğinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh eyni zamanda məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək müvəqqəti xarakterli müdafiə tədbiri kimi, 3-17-1/3-7-13354/2023 saylı, 14 avqust 2023-cü il tarixli inzibati aktın icrasının dayandırılması, Cavabdeh münasibətdə pensiyasının azaldılması və pensiya məbləğindən tutulmalar və “əvəzləşdirmə”lərlə bağlı hər-hansı hərəkətlərin edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qadağan edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 15(112)-570/2023 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir. Qeyd olunan qərardad tərəflərindən icra olunaraq cavadehin əvvəlki pensiya məbləği bərpa edilmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin müvəqqəti xarakterli müdafiə barədə xx.xx.2023-cü il tarixli 15(112)-570/2023 nömrəli qərardadının icrasının davam etdirilməsi ilə əlaqədar cavabdehə artıq ödənilmiş pul vəsaitinin məbləği də hər ay hissə-hissə artır. Cavabdeh xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli etiraz məktublarında qeyd etmişdir ki, Cavabdeh (təvəllüdü xx.xx.1955-ci il), 1977-1998-ci illərdə - Azərbaycan ETMEK KPİ-də mütəxəssis, kiçik elmi işçi, böyük elmi işçi, 1998-2000-ci illərdə 16-cı dərəcə üzrə aparıcı elmi işçi vəzifəsində çalışmış, 2000-2007-ci illərdə - 1 saylı Yerli İqtisad Məhkəməsinin hakimi, 2007-2020-ci illərdə - Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışmış və xx.xx.2020-ci ildə pensiyaya çıxmışdır. Qanunvericiliyə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin hakimi kimi çalışdığı son iki illik dövr üzrə aylıq əmək haqqı məbləği hər ay ödənilən 1 aylıq vəzifə maaşına əlavə və bu əmək haqqı məbləği əsasında aldığı və məcburi dövlət sosial sığortasına cəlb olunan hakimlik stajının 15 ilinə görə vəzifə maaşının 45%-i həcmində və elmi dərəcəyə görə 15% əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı və məzuniyyətlə əlaqədar iki aylıq əmək haqqı məbləğində müavinət, eləcə də müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla ona xx.xx.2020-ci il tarixindən 4642 manat məbləğində pensiya təyin olunmuşdur. Bundan sonra AR Prezidentinin 04 mart 2022-ci il tarixli sərəncamına əsasən pensiya məbləğinə 10% aylıq maddi yardım əlavə olunaraq, 2022-ci il yanvarın 1-dən pensiyası 5106,72 manat məbləğində müəyyən edilmiş və o, həmin pensiya məbləğini 2022-ci ilin sentyabr ayınadək almışdır. “AR Milli Məclisi deputatının statusu haqqında” AR Qanununda dəyişiklik edilməsi barədə və “Məhkəmələr və hakimlər haqqında” AR Qanununda dəyişiklik edilməsi barədə 29 iyun 2022-ci il tarixli Qanunlara əsasən 01 iyul 2022-ci il tarixdən apellyasiya məhkəmələri hakimlərinin vəzifə maaşları artaraq 2556 manat (3550 x 90% x 80% = 2556) manat məbləğində müəyyənləşmiş, bu isə vəzifə maaşlarının 43%-dən çox artması deməkdir (2556 : 1782 = 1,4343). Cavabdeh hesab edir ki, qanunvericiliyin “əməkhaqqındakı sonrakı artımların da nəzərə alınması” normasına əsasən, ona təyin olunan 4642 manat pensiya məbləği 43% artmaqla 6675,18 manat məbləğində müəyyən olunmalı, AR Prezidentinin 04 mart 2022-ci il tarixli Sərəncamı əsasında pensiya məbləğinə 10% aylıq maddi yardım nəzərə alınaraq pensiyası 7342,7 məbləğini təşkil etməli idi ki, bu da əvvəl aldığı 5106,72 manat pensiyanın 43% artması (7342,7 : 5106,72 = 1,43) deməkdir. Lakin əməkhaqqındakı sonrakı artımlar nəzərə alınmaqla müəyyənləşən pensiyanı 01 iyul 2022-ci il tarixdən almalı olduğu halda, ona iyul-avqust-sentyabr aylarında 5106,72 manat məbləğində pensiya verilmiş, xx.xx.2022-ci il tarixində isə pensiya kartına 6148.03 manat pul köçürülmüşdür və bunun səbəbləri barədə ona hər-hansı məlumat verilməmişdir. Bununla əlaqədar Dövlət Sosial Müdafiə Fonduna məktubla müraciət edərək, bu məsələlərə aydınlıq gətirilməsini xahiş etmiş və xx.xx.2022-ci il tarixdə Mərkəzi Filialının 06 dekabr 2022-ci il tarixli cavab məktubu ona təqdim olunmuşdur. Həmin məktubla qeyd olunmuşdur ki, hakimlərin vəzifə maaşları 1 iyul 2022-ci il tarixindən artırıldığı üçün sabiq hakimlərin də pensiya məbləğləri həmin tarixdən artırılmalı olması ilə əlaqədar aparılan araşdırma zamanı məlum olub ki, hakim kimi pensiya təyinatı üçün tərəfindən vaxtilə təqdim edilmiş sənədlər son 24 ay üzrə ödənilmiş əmək haqqına aiddir. Bu səbəbdən də pensiyasının hesablanması zamanı vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı 5 il üzrə deyil, son 2 il üzrə hesablanıb. Cavab məktubunda həmçinin bildirilmişdir ki, göstərilən səbəbdən də əmək pensiyasının qanunvericiliyə uyğunlaşdırılması məqsədilə 60 ay ərzində ödənilmiş əmək haqqına dair məlumatların təqdim olunması üçün Bakı Apellyasiya Məhkəməsinə sorğu verilmiş və cavab olaraq təqdim edilmiş cavabdehə dair əmək haqqı cədvəlinə əsasən pensiyası yenidən hesablanmışdır. Həmçinin bildirilmişdir ki, orta aylıq əmək haqqının (4868,07 manat) 80 faizi - 3894,45 manat məbləğində hesablanmalı olduğu halda, 4642,47 manat müəyyən edildiyi və buna görə də həmin dövr üzrə ona artıq pul vəsaiti ödənildiyi üçün, ona ödənilməli olan 2839,95 manat fərq məbləğinin artıq ödənilmiş pul vəsaiti ilə əvəzləşdirilərək büdcəyə bərpa edilmişdir. Beləliklə, xx.xx.2020-cı il tarixli qərarla təyin olunmuş pensiya məbləğini 2 il ərzində müntəzəm aldıqdan sonra, ona müraciət edilmədən, razılığı alınmadan, hər-hansı məhkəmə qərarı olmadan, xəbər verilmədən və iştirakı təmin edilmədən DSMF XŞT üzrə Mərkəzi Filialı tərəfindən qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmaqla xx.xx.2022-ci il tarixli qərar qəbul edilmiş və bu qərar əsasında əmək pensiyası azaldılmış, ona borc məbləği hesablanmış və pensiya məbləğindən tutulmalar aparılmışdır. xx.xx.2022-ci il tarixli qərar barədə məlumat aldıqdan sonra həmin qanunsuz qərarın ləğvi və bu qərarın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılması barədə məhkəmədə iddia qaldırmış və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5172/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan DSMF XŞT üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(103)-2543/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5172/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarının dəyişdirilmədən qüvvədə saxlanılmış və bu qərar xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə Mərkəzi Filialin ona ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunu almış və bu məktuba dərhal, yəni xx.xx.2023-cü il tarixdə cavab məktubu göndərmişdir. xx.xx.2023-cü il tarixli məktubda 10 avqust 2023-cü il tarixədək Mərkəzi Filiala gəlməsi və ya mülahizələrinin yazılı formada təqdim olunması xahiş olunmuşdur. Məktubda inzibati icraatın keçirilməsi ilə əlaqədar dəqiq məlumatlar (konkret hansı gün, hansı saatda, inzibati icraatın keçirilməsinə məsul şəxs, onunla əlaqə saxlama imkanları) göstərilmədiyindən, düşünmüşdür ki, bu məlumatlar məktublarının hər birində qeyd etdiyi telefon və ya “Gmail” vasitəsilə əlavə olaraq ona bildiriləcəkdir. Lakin bu hal baş verməmişdir. Buna baxmayaraq, xx.xx.2023-cü il tarixli cavab məktubunda ona ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilənlərə uyğun olaraq inzibati icraatın keçirilməsi ilə əlaqədar, pensiya məbləğinin yenidən hesablanması haqqında mülahizələrini bildirmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 68.4-cü maddəsi ilə müəyyən olunan hüquq normasına əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Buna baxmayaraq, qanunvericiliyin tələblərinə əsasən əlverişli inzibati akt sayılan xx.xx.2020-ci il tarixli qərardan 3 il sonra yeni inzibati aktın qəbul edilməsi məsələsinin qaldırılması və həmin aktın qəbul olunmasını şərtləndirən hal kimi AR Konstitusiya Məhkəməsinin Plenumunun 15 il əvvəl qəbul etdiyi xx.xx.2008-ci il tarixli Qərarına istinad edilməsi də təəccüb doğurur. Belə ki, yaşı ilə əlaqədar pensiyaya çıxarkən cavabdehə pensiya təyin olunması barədə xx.xx.2020-ci il tarixli qərar qəbul olunarkən, Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarı artıq 12 il idi ki, mövcud idi. Bundan başqa, 2023-cü ilin yanvariyun aylarında ona qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən ləğv olunan xx.xx.2022-ci il tarixli qərar üzrə hesablanan 7051,79 manat məbləğində pensiya ödənilsə də, 2023-cü ilin iyul ayında 8406,24 manat məbləğində (xx.xx.2020-cı il tarixli qərara əsasən) pensiya ödənilmiş, lakin 2023-cü ilin avqust ayında yenidən 7051,79 manat pensiya məbləği pensiya kartına köçürülmüşdür. Bununla əlaqədar Mərkəzi Filiala xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq, yaranmış anlaşılmazlıqların izah olunması və qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən ləğv olunan xx.xx.2022-ci il tarixli qərarın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrinin aradan qaldırılıbqaldırılmaması barədə məlumat verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Mərkəzi Filialdan cavabdehə xx.xx.2023-cü il tarixli məktub daxil olmuş, həmin məktubda Mərkəzi Filialın ona ünvanlanmış və tərəfindən alınmamış xx.xx.2023-cü il tarixli məktuba istinad edilərək, onun müraciətlərinə ətraflı cavab verildiyi bildirilmiş, həmçinin ona artıq ödənilmiş 13.533,85 manatın əmək pensiyasından tutulması barədə razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim olunması xahiş olunmuşdur. Bundan sonra sözügedən xx.xx.2023-cü il tarixli məktubu əldə etmiş və məzmunu ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, “pensiyasının qanunauyğun qaydada yenidən hesablanması məqsədilə məhkəmə qərarında ifadə olunan mövqeyə uyğun olaraq Mərkəzi Filial tərəfindən təkrar inzibati icraata başlanılıb, pensiya məbləğinin yenidən hesablanması haqqında mülahizələrinin dinlənilməsi üçün ona xx.xx.2023-cü il tarixli məktub göndərilib, lakin məktubda qeyd olunan tarixədək Mərkəzi Filiala gəlmədiyindən, həmçinin pensiya hüququ ilə bağlı hər hansı mülahizə təqdim etmədiyindən Mərkəzi Filial tərəfindən qanunun tələblərinə uyğun qaydada əmək pensiyasının yenidən hesablanması haqqında inzibati akt qəbul edilib”. Nəticədə, ona ümumilikdə artıq ödənilmiş vəsait 13533,85 manat təşkil edir. Qeyd olunmalıdır ki, əmək pensiyasının yenidən hesablanması haqqında qəbul edilmiş yeni inzibati akt barədə məlumatı xx.xx.2023-cü il tarixdə almış, bu inzibati akt ona təqdim olunmayıb, onun rekvizitləri ona məlum deyildi. Cavabdehin məktublarından isə belə təxmin etmək olurdu ki, bu yeni qərar 2023-cü ilin avqust ayında qəbul edilmişdir. Göstərilənlərlə əlaqədar, Mərkəzi Filiala ünvanladığı xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarla müraciət edərək həmin inzibati aktın qanunvericiliyə uyğun olaraq ona təqdim olunmasını xahiş etsə də, bu müraciətinə də cavab verilməmişdir. Bununla əlaqədar o, məhkəmədə müvafiq iddia qaldırmış və məhkəmə prosesi gedişində müəyyən olunmuşdur ki, bu qərarın rekvizitləri belədir: “3-17- 1/3-7-13354/2023 saylı 14 avqust 2023-cü il tarixli Qərar”. O, eyni zamanda məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək müvəqqəti xarakterli müdafiə tədbiri kimi 3- 17-1/3-7-13354/2023 saylı 14 avqust 2023-cü il tarixli inzibati aktın icrasının dayandırılması, ona münasibətdə pensiyasının azaldılması və pensiya məbləğindən tutulmalar və “əvəzləşdirmə”lərlə bağlı hər hansı hərəkətlərin edilməsinin cavabdeh DSMF XŞT üzrə Mərkəzi Filialına qadağan edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 15(112)-570/2023-cü il 18 dekabr tarixli qərardadı ilə ərizənin təmin edilməsi və qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Həmin qərardaddan DSMF XŞT üzrə Mərkəzi Filialının verdiyi apellyasiya şikayəti, sonradan isə verdiyi kassasiya şikayəti yuxarı instansiya məhkəməri tərəfindən təmin olumamış və Bakı İnzibati Məhkəməsinin 15(112)-570/2023-cü il 18 dekabr tarixli qərardadı qanuni qüvvəsini almışdır. Həmçinin bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3828/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə əsas inzibati iş üzrə də məhkəmə icraatı yekunlaşmış və onun cavabdeh quruma qarşı iddia tələbi təmin olunmuşdur. Bu qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və hazırda bu iş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında icraatdadır. Beləliklə, iddia ərizəsində konkret göstərilməsə də yuxarıda qeyd olunanlardan aydın olur ki, DSMF XŞT üzrə Mərkəzi Filialının hazırkı iddia ərizəsi ilə də qaytarılması tələb olunan “artıq alınmış pensiya məbləği” inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” A.R.Qanununun 68.4-cü maddəsinin tələbləri pozulmaqla, ilkin pensiya təyinatından 3 il sonra qəbul edilniş 3-17-1/3-7-13354/2023 saylı 14 avqust 2023-cü il tarixli inzibati aktı əsasında müəyyən edilmişdir. Lakin həmin inzibati aktın məhkəmədə mübahisəndirildiyi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3828/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə bu inzibati aktın ləğv olunması qərara alındığı, məhkəmənin xx.xx.2024-cü il tarixli qərarından verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsində icraatda olduğu, eləcə də 3-17-1/3-7-13354/2023 saylı 14 avqust 2023-cü il tarixli inzibati aktın icrasının dayandırılması barədə Bakı İnzibati Məhkəməsinin 15(112)-570/2023-cü il 18 dekabr tarixli qərardadının qanuni qüvvəsini alması nəzərə alınarsa, hazırkı iddia ərizəsinin hansı əsaslarla qaldırılması cavabdehə aydın deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia ərizəsinə etirazının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. İnzibati Prosessual Məcəlləyə əsasən: 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ... 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; Hazırkı iddia, pensiya ödənişləri ilə bağlı münasibətlər publik hüquq münasibətlərindən irəli gəldiyindən, artıq ödənilmiş pensiya ödənişinin geri qaytarılması ilə bağlı tələb inzibati mübahisənin həlli ilə əlaqədar əmlak tələbi olmaqla iddiaçı inzibati orqan düzgün olaraq inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmışdır. Odur ki, iddia mümkün iddiadır. İş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə təyin edilmiş pensiyanın yenidən hesablanmasına münasibətdə müxtəlif əsaslarla aşağıdakı qərarlar qəbul edilmişdir: xx.xx.2020-cü il tarixli, **********0 nömrəli qərar. Qərarda qeyd edilmişdir ki, yenidən hesablanmış pensiya məbləği 4642 manat 47 qəpik. Yenidən hesablanma hüququnun yarandığı tarix və səbəbi: işdən çıxarılması ilə əlaqədar (vətəndaşın ərizəsinə əsasən). xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərar. Qərarda qeyd edilmişdir ki, hazırkı pensiya məbləği 4642 manat 47 qəpik, yenidən hesablanmış pensiya məbləği 5589 manat 12 qəpik. Yenidən hesablanma hüququnun yarandığı tarix və səbəbi: vəzifəə maaşlarının artması ilə əlaqədar. xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-11625/2023 nömrəli qərar. Qərarda qeyd edilmişdir ki, hazırkı pensiya məbləği 7051 manat 79 qəpik, yenidən hesablanmış pensiya məbləği 6662 manat 64 qəpik. Yenidən hesablanma hüququnun yarandığı tarix və səbəbi: Məhkəmə qərarı (inzibati icraatın yenidən aparılması). xx.xx.2023-cü il tarixli, 3- 17-1/3-7-13354/2023 nömrəli qərar. Qərarda qeyd edilmişdir ki, hazırkı pensiya məbləği 8406 manat 25 qəpik, yenidən hesablanmış pensiya məbləği 5589 manat 12 qəpik. Yenidən hesablanma hüququnun yarandığı tarix və səbəbi: Məhkəmə qərarı (inzibati icraatın yenidən aparılması). Hazırkı iddia tələbinin irəli sürülməsində iddiaçının hüquqi əsası qismində sonuncu xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-13354/2023 nömrəli qərar çıxış etməkdədir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 3-17-1/2-M-195052/2023 nömrəli xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-205632/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktublarla artıq ödənilmiş vəsaitin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığının iddiaçıya təqdim edilməsi tələb edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla iddiaçıya münasibətdə pensiyanın azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı hərəkətləri qanunsuz hesab edilərək, bununla bağlı 2023-cü ilin avqust ayında qəbul etdiyi yeni qərar və bu qərar əsasında hesablanmış borc məbləğinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh eyni zamanda məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək müvəqqəti xarakterli müdafiə tədbiri kimi, 3-17-1/3-7-13354/2023 saylı 14 avqust 2023-cü il tarixli inzibati aktın icrasının dayandırılması, iddiaçı Cavabdeh münasibətdə pensiyasının azaldılması və pensiya məbləğindən tutulmalar və “əvəzləşdirmə”lərlə bağlı hər hansı hərəkətlərin edilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qadağan edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 15(112)-570/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş 3-17-1/3-7-13354/2023 saylı, 14 avqust 2023cü il tarixli inzibati aktın icrasının dayandırılması, Cavabdeh münasibətdə pensiyasının azaldılması və pensiya məbləğindən tutulmalar və “əvəzləşdirmə”lərlə bağlı hər hansı hərəkətlərin edilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qadağan edilməsi və qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15(103)-53/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qərardadı “dayandırılması qərara alınan inzibati aktın icrasının, iddiaçının pensiyasının azaldılmasının və pensiyasından tutulmaların və əvəzləşdirmələrin aparılmasının qadağan edilməsinin işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilənədək həyata keçirilməsi” sözləri göstərilməklə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15(102)-84/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15(103)-53/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3828/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, qərarın ləğv edilməsi və borc məbləğinin silinməsi” tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh münasibətdə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla pensiyasının azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı hərəkətlərinin qanunsuz hesab edilərək, bununla bağlı 3-17-1/3-7-13354/2023 nömrəli, xx.xx.2023-cü il tarixli yeni qərarın və bu qərar əsasında iddiaçı Cavabdeh hesablanmış borc məbləğinin ləğv edilməsi, iddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixli, **********0 nömrəli qərarla ilkin təyin edilmiş pensiya məbləğinin bərpa edilməklə, ona ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2051/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, qərarın ləğv edilməsi və borc məbləğinin silinməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3828/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3828/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qərarı, həmin qərarın “qərara aldı” hissəsində “iddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixli, **********0 nömrəli qərarla ilkin təyin edilmiş pensiya məbləğinin bərpa edilməklə, ona ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi” sözləri “iddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixli, **********0 nömrəli qərarla ilkin təyin edilmiş pensiya məbləğinin bərpa edilməklə, ona 3- 17-1/3-7-13354/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərar əsasında ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi” sözləri ilə əvəz edilməklə, dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qərar xx.xx.2024-cü il tarixdə AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemi üzərindən DSMF XŞTMF-ya məxsus elektron kabinetinə yerləşdirilmiş, sonuncu tərəfindən kassasiya şikayəti verilmədiyindən qərar qanuni qüvvəsini almış, inzibati iş baxıldıqdan sonra birinci instansiya məhkəməsinə göndərilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinin əsasını təşkil edən inzibati akt artıq ləğv edildiyindən, hazırkı tələbin hüquqi əsası aradan qalxmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt; 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 69.1. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 65-ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 69.2. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi həmin aktın digər hissələrinin etibarsız sayılmasına və ya ləğv edilməsinə (həmin hissələr bir-biri ilə əlaqədar deyildirsə) səbəb olmur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilir ki, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati orqanın hazırkı iddia tələbi isə faktiki olaraq cavabdehin hüquqi statusuna müdaxiləni ehtiva etməkdədir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Bununla bağlı, ”İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir ki, “... Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər...”. Hazırkı tələb üzrə isə iddiaçının istinad etdiyi və cavabdehə münasibətdə qəbul etmiş olduğu qərarın qanunsuzluğu məhkəmə qaydasında tanınmış və ləğv edilmişdir. Beləliklə, tələbin hüquqi əsası aradan qalxmışdır. Odur ki, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının tələbinin əsaslılığı işin faktiki halları və qanunvericiliyin tələbləri baxımından öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin cavabden tutularaq iddiaçının hesabına ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar