Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9685/2024 28.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11014,55 manat artıq ödənilmiş pensiya məbləğinin cavabdehdən tutularaq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, vaxtilə cavabdehə pensiya təyin edilərkən təqdim olunmuş 10 may 1984-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında "xxxx" ASC-də xx.xx.1985-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində əyirici, xx.xx.1990xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində tikişçi, xx.xx.1990-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində boyaq-bəzək istehsalatında qəbuledici çəkiçi vəzifələrində işlədiyi qeyd olunduğu müəyyən edilmişdir. İşlədiyi vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərar ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də cavabdehin güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, cavabdehə Fondun Sabunçu rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşının tamamlandığı xx.xx.2012-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən cavabdehə xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12348,09 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda, cavabdeh pensiya ödənişinin dayandırılmasının qanunsuz hesab edilməsi və əmək pensiyası ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə çəkişmələri nəticəsində Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1469/2022 nömrəli qərarı ilə iddia pensiya ödənişi dayandırılarkən inzibati icraatın düzgün aparılması əsas göstərilərək təmin edilmişdir. Qərarın icrası məqsədilə cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilərək 327,21 manat məbləğində müəyyən edilmiş, həmçinin ona ötən dövr üzrə ödənilməli olan 1799.31 manat birdəfəlik olmaqla adıçəkilən şəxsin müvafiq kart hesabına köçürülmüşdür. Qeyd olunan məhkəmə qərarında ifadə olunan mövqe nəzərə alınaraq, tərəfimizdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləinə uyğun qaydada vaxtilə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına yenidən baxılması ilə bağlı inzibati icraata başlanılmışdır. Sonra isə, cavabdehə vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəfimizdən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin 2023-cü ilin iyul ayından dayandırılması haqqında inzibati akt qəbul edilib. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən cavabdehə Qanunun 11-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, cavabdehə son üç il üzrə 9215,24 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Cavabdehə 1 sentyabr 2023-cü il tarixinə son üç il üzrə ümumilikdə 9215,24 manat artıqödəmə müəyyən edilib. Müvafiq məhkəmə qərarına əsasən cavabdehə ötən dövr üzrə ödənilməli olan 1799.31 manat birdəfəlik olmaqla adıçəkilən şəxsin müvafiq kart hesabına köçürülüb. Nəticədə cavadehə ümumilikdə 11014,55 manat (9215,24+1799.31) artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və onun təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdən müəyyən olunur ki, iddiaçı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 561 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. X2 Sistemindən çıxarışdan görünür ki, iddiaçıya təyin edilən pensiya ödənişi xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçıya pensiya ödənişinin dayandırılması haqqında **********7 nömrəli məktub ünvanlamış və məktubda qeyd etmişdir ki, Fondun aidiyyəti üzrə mütəxəssisləri tərəfindən araşdırma zamanı vaxtilə iddiaçıya pensiya təyin edilərkən iddiaçı tərəfindən təqdim olunan sənədlərdə xx.xx.1985-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də əyirici, tikişçi və qəbuledici çəkici peşələrində işlədiyi qeyd olunduğu müəyyən edilmişdir. Adıçəkilən müəssisədə xx.xx.1990-xx.xx.1999cu il tarixləri arasındakı dövr üzrə işlədiyi qəbuledici çəkici peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın yüngül sənaye (26) bölməsinin toxuculuq sənayesi bəndində (26.1) nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının 1 yanvar 2006-cı il tarixinə qədər güzəştli iş stajı 10 ildən az (5 il 4 ay 15 gün) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq iddiaçıya xx.xx.2015-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12348,09 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq iddiaçıdan artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarması xahiş olunmuşdur. Bundan sonra Cavabdeh xx.xx.2021-ci il tarixdə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında qərar qəbul etmiş və xx.xx.1960-ci il tarixində anadan olmuş, ünvan 1 ünvanında yaşayan (qeydiyyatda olan) borclu Cavabdeh xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona 12348,09 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. İş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1469/2022 nömrəli, 9 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərarı ləğv edilmiş, cavabdehin iddiaçı Cavabdeh təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin dayandırılmasından ibarət hərəkəti qanunsuz hesab edilmiş, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2299/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2390/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2299/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-7697/2023 saylı qərarından görünür ki, Ali Məhkəmənin qərarına və Fondun DNAŞ xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-31268/2023 saylı məktubuna əsasən pensiya ödənişi bərpa edilmişdir. Həmçinin işdə olan iddiaçıya məxsus “Pensiya təyinatı” alt sistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə ötən dövr və cari dövr üzrə pensiya ödənişi həyata keçirilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məkubundan görünür ki, o, iddiaçıya məktub ünvanlayaraq bildirmişdir ki, araşdırma zamanı, vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş 10 may 1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında "xxxx" ASC-də xx.xx.1985-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində 5-ci dərəcəli əyirici, xx.xx.1990-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində tikişçi, xx.xx.1990-xx.xx.1999cu il tarixləri arasındakı dövr ərzində boyaq-bəzək istehsalatında qəbuledici çəkiçi vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərar ilə təsdiq olunmuş Siyahıda nəzərdə tutulmayıb. Bu səbəbdən də tələb olunan güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya xx.xx.2012-ci il tarixindən Fondun Sabunçu rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçıya vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 16 iyun 2023-cü il tarixinədək iddiaçının Mərkəzi Filialın ünvan 3 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməsi xahiş olunmuşdur. Cavabdehin “Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının Cavabdeh əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14771/2023 saylı qərarından görünür ki, vətəndaş Cavabdeh əmək pensiyası təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2-ci, 67.1 -ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmiş, adıçəkilən şəxsə əmək pensiyasının ödənişi dayandırılmış və ona artıq ödənilmiş pensiya məbləğinin müəyyən edilməsi və artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülməsi qərara alınmışdır. Habelə cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14846/2023 saylı əmək pensiyasının dayandırılması haqqında qərarından görünür ki, inzibati icraat əsasında iddiaçının pensiyası dayandırılmışdır. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçıya son üç il üzrə 11014,55 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edildiyindən həmin 11014,55 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə təqdim edilməsi xahiş olunmuşdur. Cavabdeh həmin vəsaiti ödəmədiyindən iddiaçı hazırda artıq ödənilmiş həmin məbləğin ondan tutularaq ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinə əsasən: - 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. - 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. - 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. İddiaçı hazırda bu normalara istinad edərək cavabdehə son üç il ərzində artıq ödədiyi pensiya məbləğinin geri qaytarılmasını xahiş edir. Lakin “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən: - 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. - 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. - 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. İstinad olunan normalardan görünür ki, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsi şəxs barəsində qəbul edilmiş qanunsuz inzibati aktın ləğv edilməsi nəticəsində onun nəticələrinin aradan qaldırılmasını o zaman nəzərdə tutur ki, Qanunun 67.6-cı maddəsində göstərilən hallardan hər hansı biri olsun. Digər hallarda, əlverişli inzibati akt qanunsuz olsa belə, qanunverici onun nəticələrinin aradan qaldırılmasına, o cümlədən ödənilmiş pul vəsaitlərinin geri qaytarılmasına yol vemir. İşdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14771/2023 saylı qərar ilə Cavabdeh əmək pensiyası təyin edilməsi haqqında qərarını “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2-ci, 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv etmiş, lakin bu zaman qərarın ləğvi ilə bağlı Qanunun 67.6-cı maddəsində göstərilən hallardan hər hansı birinə istinad etməmişdir. İddiaçı həmin qərarda Qanunun 67.8-ci maddəsinə istnad etmişdir, hansı ki, həmin normaya əsasən aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Bundan əlavə, işdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3661/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh barəsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının Cavabdeh əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 14771/2023 nömrəli qərarı ləğv edilmiş və iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişi bərpa edilmişdir. Qərar bununla əsaslandırılmışdır ki, “...iddiaçının işlədiyi peşələr güzəştli şərtlərlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verən peşələrdir və və bu səbəbdən məhz “Əmək pensiyaları haqqında” Qanunun 9.1-cu maddəsinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi əsaslı olmuşdur.” Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, artıq ödənilmiş vəsaitin cavabdehdən tələb olunması barədə iddiaçının hazırkı tələbi əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-9685/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9685/2024
28.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver