Məhkəmə qərarları › İş №2-1(112)-9687/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9687/2021

11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9687/2021 11.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə qarşı (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 3-cü şəxs qismində göstərilməklə) “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə hazırlıq icraatında açıq məhkəmə iclasında məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə qarşı (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 3-cü şəxs qismində göstərilməklə) tikinti altına düşən və yolun keçməsi səbəbindən istifadəyə yararsız və mümkünsüz olan torpaq sahəsinin hər sotu üçün 12.000 manat olmaqla 108.000 manat, əmlakın bazar dəyərinin 20% miqdarında əlavə 21.600 manat, torpağın satın alınması ilə əlaqədar müəyyən edilmiş kompensasiya ilə yanaşı torpağın könüllü qaydada satmağa həvəsləndirrmək məqsədi ilə bu qiymətin 10%-i məbləğində 10.800 manat əlavə hesablanmaqla 140.400 manat məbləğində kompensasiyanın, manatın devalvasiyası və əmlakından istifadədən 3 ildir məhrum olunduğu üçün dəymiş zərərə görə 100.000 manat maddi zərər olmaqla, cəmi 240.400 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi 24.08.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 13-cü maddəsinə müvafiq olaraq 31.08.2021-ci il tarixli və 29.09.2021-ci il tarixli yardım məktubları ünvanlanaraq bildirilmişdir ki, iş üzrə mübahisəli daşınmaz əmlak Agdaş rayonunun ərazisində yerləşdiyindən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən, hazırki daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar inzibati mübahisəyə həmin daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsi yəni, Şəki İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Odur ki, mübahisəyə baxılmasının ərazi aidiyyəti ilə bağlı münasibətinin məhkəməyə təqdim olunması iddiaçıya təklif olunmuşdur. Proses iştirakçıları məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə (iddiaçının münasibəti bildirilməmişdir) araşdıraraq hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, iş üzrə mübahisəli daşınmaz əmlak Ağdaş rayonunun ərazisində yerləşdiyindən, hazırki daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar inzibati mübahisəyə həmin daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsi yəni, Şəki İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsinə dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 15ci maddəsinin tələbinə əsasən işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Həmin qanunun 43-cü maddəsinə görə inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 14.11.2019-cu il tarixli 4 nömrəli qərarının 19.1-ci bəndinə əsasən Agdaş rayonu Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 8, 16.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə qarşı (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 3-cü şəxs qismində göstərilməklə) “kompensasiyanın ödənilməsi” tələbinə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar