Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9689/2021 10.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi və s” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olduğunu nəzərə almaqla dayandırılmış əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş məbləğin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa olunması və ödənilməmiş pensiya məbləğinin həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra, ona məktubla pensiyanın dayandırılması bildirilmişdir. Səbəb kimi isə onun ümumi iş stajı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş şərtin ödənilmədiyi göstərilmişdir.İddiaçı hesab edir ki, cavabdehin pensiyanın dayandırılması ilə bağlı hərəkətləri qanunsuz və əsassızdır. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (24 il 07 ay 18 gün) təşkil edir. Bu hal ona səbəb olur ki, iddiaçının ümumi iş stajı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş şərti ödəməmişdir. Bu səbəbdəndə pensiya dayandırılmış və artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması ilə bağlı tədbirlər görülmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Məhkəmə ilkin olaraq əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi ilə bağlı iddia tələbinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, həmin iddia tələbinə münasibətdə məhkəmənin təmin etmə barədə qiymətləndirməsi iddianın digər hissələrinə münasibət bildirilməsində həlledici əhəmiyyət daşıyır. Məhkəmə icraatı zamanı təqdim olunmuş pensiya işindən görünür ki, iddiaçıya 10.12.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və müvafiq ödənişlər edilmişdir. Cavabdehin etirazından, o cümlədən iş materiallarında olan məktublardan görünür ki, iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının dayandırılması əsası İddiaçı 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olması ilə bağlıdır. Məhkəmə hazırkı inzibati məhkəmə mübahisəsinin yaranmanın əsası qismində çıxış edən həmin halın araşdırılmasına keçməzdən əvvəl, ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün hansı zəruri şərtlərin ödənilməli olmasına qiymət verir. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun və “Vətəndaşların pensiya təminatı” haqqında Qanununun müddəalarına istinad edir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan çox olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏMQ-nın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı 01.07.2017-ci il tarixədək toplanmalıdır . Əvvəla Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçının pensiya ödənişi dayandırılarkən yalnız ümumi iş stajı ilə bağlı şərtin ödənilməməsinə qiymət verilmişdir. Bunun müqabilində məhkəmə hesab edir ki, iddiaçı tərəfindən güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi mübahisə predmetini təşkil etmədiyindən, həmin hissə də əlavə araşdırmanın aparılmasına zərurət yaranmamışdır. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın 01.01.2006-cı il tarixədək sosial sığörta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə icraatı zamanı təqdim olunmuş əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: -15.05.1980-ci il tarixdən 07.05.1982-ci il tarixədək Sovet ordusunda xdmətdə olmuş; -05.05.1983-cü il tarixdə Vano Sturua adına XəzDənGəmTəm İBB Mexaniki sexinə təmirçi-dülgərin şagirdi qəbul olunmuş, 29.08.1983-cü ildə 1-ci dərəcəli təmirçi-dülgər keçirilmiş, 18.04.1984-cü il tarixdə 2-ci dərəcəli təmirçi-dülgər keçirilmiş, 20.02.1985-ci il tarixdə 3-cü dərəcəli təmirçi-dülgər keçirilmiş, 17.08.1996-cı il tarixdə 4-cü dərəcəli təmirçidülgər keçirilmiş, 24.12.1996-cı il tarixdə İ.Allahverdiyev aına GTZ-ya keçirilmiş, 12.05.1997-ci il tarixdə 5-ci dərəcəli təmirçi-dülgər keçirilmiş, 21.03.1998-ci il tarixdə usta vəzifəsinə keçirilmiş, 26.08.1998-ci il tarixdə mexaniki sexin baş ustası vəzifəsinə keçirilmiş, 01.12.2003-cü il tarixdə mexaniki sexin rəisi vəzifəsinə təyin edilmiş, 23.09.2005-ci il tarixdə Plan istehsalat şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, 16.01.2009cu il tarixdə baş mühəndis müavini vəzifəsinə keçirilmiş, 24.06.2009-cu il tarixdə zavodun baş mühəndis vəzifəsini təyin edilmiş, 03.02.2014-cü il tarixdə “Bibiheybət –Gəmi təmiri” zavodunda iş icraçısı təyin edilmiş,06.05.2014-cü il tarixdən 1 saylı İstehsalat sahəsinə İDŞ-nin rəis müavini-sahə rəisi təyin edilmiş, 05.01.2015-ci il tarixdə İstehsalat-dispetçer şöbəsinə rəis keçirilmiş, 24.01.2018-ci il tarixdə rəis keçirilmiş, 20.11.2019-cu il tarixdə İstehsalat-dispetçer şöbəsində 18-ci dərəcəli şöbə rəisi keçirilmiş və hal-hazırda işləyir. Məhkəmə bildirir ki,“Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinin tələbləri rəhbər tutaraq hərbi və əmək kitabçasında olan müddət nəzərə alındıqda iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajının 24 il 07 ay 22 gün olması müəyyən olunur. Təkzib olunmaz haldır ki, sözügedən stajı nəzərə aldıqda iddiaçının ümumi iş stajı ilə bağlı şərt ödənilməmiş olur. Lakin, nəzərə alınmalıdır ki, hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlərdən biri, onun kolxozda işlədiyi müddət ilə bağlıdır. Qeyd olunmalıdır ki, təqdim olunmuş əmək kitabçasında iddiaçının kolxozda işləməsi barədə məlumat əks olunmasa da, həmin dövr mövcud olan arxiv arayışında və əmək haqqı cədvəllərində öz əksini tapmışdır. Belə ki, məhkəmə icraatı zamanı ünvanlanmış sorğuya cavab məktubundan və təqdim olunmuş arxiv arayışından müəyyən olunur ki, Mirzəyev X1 rayonu Dünymalılar kənd “Gəray Əsədov” adına kolxozda 1979-1982-ci illərdə işləmiş və əmək haqqı almışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1.Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il –ci 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktlarının müddəalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Beləliklə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Beyləqan rayon İcra Hakimiyyəti Beyləqan rayon Dövlət Arxivi tərəfindən təqdim olunmuş arayışdan və əlavə olunmuş əmək haqqı cədvəlləri əsasında müəyyən olunur ki, iddiaçı 1979-1982-ci illəri əhatə edən dövrlərdə Beyləqan rayonu Dünymalılar kənd “Gəray Əsədov” adına kolxozda işləmişdir. Nəzərə alınmalıdır ki,vətəndaşın kolxozda işlədiyi dövrü sosial sığorta stajına daxil edilməsi aşağıda göstərilənlər əsasında həyata keçirilir. Belə ki, 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. «SSRİ vətəndaşlarının pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. 23 sentyabr 1992-ci ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Beyləqan rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışın məlumatları nəzərə alındıqda müəyyən edilir ki, iddiaçı “Gəray Əsədov” adına kolxozda 1979-cu ildə 45 gün, 1980-cı ildə 91 gün, 1982-ci ildə 104 gün işləmişdir. Bundan başqa, arxiv arayışında qeyd olunmuşdur ki, “Gəray Əsədov” adına kolxozda və digər kolxozlarda kişilər üçün “minimum əmək iştirakı norması” barədə məlumatın müəyyən edilməsi mümkün olmamışdır. Bunun müqabilində məhkəmə bildirir ki, təkzib olunmaz haldır ki, iddiaçının kolxozda işlədiyi dövrün müəyyən edilməsi üçün minimum əmək iştirakı normasının müəyyən edilməsi zəruridir. Lakin, nəzərə alınmalıdır ki, “Gəray Əsədov” adına kolxoz və Beyləqan rayonu ərazisində yerləşən digər kolxozlarda minimum əmək iştirakı norması ilə bağlı məlumatın aşkar olunmaması, iddiaçının iradə ifadəsində asılı olmayan bir haldır və bu səbəbə görə pensiya ödənişinin verilməməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Bunun əsasında məhkəmə aidiyyəti üzrə 1979-1982-ci illər ərzində pambıqçılıq sahəsində fəaliyyət göstərmiş rayon ərazisində yerləşən oxşar təyinatlı kolxozda kişilər üçün minimum əmək iştirakı norması barədə məlumatın təqdim olunması ilə arxivlərə sorğular vermiş və müəyyən etmişdir ki, mübahisələndirilən dövrlərdə normativə görə Ağcabədi rayonu ərazisində yerləşən kolxozlarda minimum əmək iştirakı norması kişilər üçün 240 gün, İmişli rayonu ərazisində yerləşən kolxozlarda isə 260 gün təşkil etmişdir. Məhkəmə bildirir ki, faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Məhkəmə hesab edir ki, Beyləqan rayonu ərazisində yerləşən kolxozlarda kişilər üçün nəzərdə tutulmuş minimum əmək iştirakı norması ilə bağlı məlumat olmadığından, həmin norma Ağcabədi rayonu ərazisində yerləşən kolxozlarda nəzərdə tutulan norma əsasında müəyyən edilir. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – (45+91+104) x 12 = 2880/ 240 =12 ay (01 il) Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçının 1979-1982-cı illərdə kolxozlarda işləyərkən faktiki müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumi olaraq 01 il iş stajına malik olduğu müəyyən edilir. Məhkəmə bir daha vurğulayır ki, analoji işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə Dövlət arxiv orqanları tərəfindən verilmiş arxiv arayışları mötəbər sübut kimi qəbul olunur. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 24.11.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı). Sadalanmış qanunvericiliyin müddəalarının hazırki işin faktiki hallarına tətbiq etdikdə müəyyən olunur, iddiaçının 01.01.2006-cı il tarixədək hərbi xidmət, kolxozda və əmək kitabçasında göstərilən iş yerlərində işlədiyi müddət nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək ümumilikdə 25 ildən çox (24 il 07 ay 22 gün + 01 il =25 il 07 ay 22 gün) ümumi iş stajı mövcuddur. Məhkəmə qeyd edir ki, istərsə iddiaçının kolxozda işlədiyi dövr İmişli rayonu ərazisində yerləşən kolxozlarda nəzərdə tutulmuş minimum əmək iştirakı norması əsasında müəyyən edilsə belə, iddiaçı 01.01.2006-cı il tarixədək ümumi iş stajı ilə bağlı şərti ödəmiş olur. (Hesablama qaydası: Kolxoz dövrü - (45+91+104) x 12 = 2880/ 260 =11,07 = 11 ay 21 gün; 24 il 07 ay 22 gün + 11 ay 21 gün = 25 il 7 ay 13 gün) Beləliklə iddiaçıya 57 yaşdan pensiya təyin edilməsi ilə bağlı əsas şərtlərdən biri kimi ümumi iş stajının 25 ildən çox olması tələb edilir ki, cavabdeh əksini iddia etsə məhkəmə araşdırması nəticəsində həmin şərtin yerinə yetirildiyi öz təsdiqini tapmış, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyinindən yeganə imtina əsası qismində çıxış edən umumi iş stajının olmaması barədə halın mövcud olmadığı müəyyən edilmişdir. Bundan başqa, məhkəmə cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın düzgün aparılmaması ilə bağlı aşağıdakiları qeyd etməyi zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Məhkəmənin qənaətinə görə cavabdeh tərəfindən inzibati icraatın prinsiplərinə əməl edilməmişdir. Belə ki, inzibati orqan kimi cavabdeh inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, sübutları tələb etməli, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamalı idi. Lakin, cavabdeh formal mülahizələrə əsaslanaraq əlavə araşdırma aparmadan iddiaçının ümumi iş stajı ilə bağlı şərtin ödənilməməsi qənaətinə gəlmiş və iddiaçıya təyin olunmuş pensiyanın ödənilməsini əsassız olaraq dayandırmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-9689/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9689/2021
10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver