Məhkəmə qərarları › İş №2-1(112)-9691/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9691/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9691/2023 05.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçının Cavabdehnə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək keçirdiyi psixoloji gərginliklərin, həyəcanın əvəzi kimi mənəvi ziyana görə 20.000 (iyirmi min) manat pulun və ödədiyi 150 manat rüsumunun Cavabdehndən alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsi 13 saylı həyət evi və ona aid olan torpaq sahəsində dövlət reyestrindən çıxarış (Seriya RX N 1089746) ilə onun mülkiyyətindədir. O, cavabdeh təşkilata müraciət edərək mülkiyyətində olan torpaq sahəsindən keçən cavabdehə aid qaz borusunu onun sahəsindən öz hesabına çıxarmasını xahiş etmişdir. Cavabdeh ona qaz borusunun öz hesabına yox onun hesabına çıxarılması barədə yazılı cavab vermişdir. Bu səbəbdən iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsi 13 saylı həyət evi və ona aid olan torpaq sahəsindən qaz borusunun çıxarılmasının Cavabdeh İB-yə həvalə edilməsi qərara alınmışdır. Qərar artıq qanuni qüvvəsini almışdır. Cavabdehə məxsus qaz borusunun onun mülkiyyətində olan həyətyanı sahədə olması onun və ailə üzvlərinin həyatı və sağlamlığı üçün təhlükəli olmuşdur. Çünki qaz borusunda yağış və qarın yağması, iqlim dəyişikliyi ilə bağlı müəyyən nasazlıqlar əmələ gələ, həmin nasazlıqlardan sızmalar yarana və nəticədə partlayış baş verə bilərdi ki, bu da böyük faciələrə yol aça bilərdi. Cavabdeh təşkilatada həmin qaz borusunu onun mülkiyyətində olan torpaq sahəsindən çıxarması ilə bağlı müraciət etdiyi zaman buna məhəl qoymayaraq, törənə biləcək hadisələrin qarşısını almalı olduğu halda bunun üçün heç bir addım belə atmamışdır. Uzun illər o, və ailə üzvləri təhlükə ilə üz-üzə yaşamış və bu hal cavabdehin səhlənkarlığı nəticəsində olmuşdur. Bu müddət ərzində cavabdeh təşkilatın bu hərəkətlərindən güclü əsəb gərginliyi, stres, həyəcan, psixi sarsıntı keçirmiş, bunun nəticəsində onun qan təzyiqi yüksəlmiş, əsəb gərginliyindən baş ağrıları olmuşdur. Bu səbəbdən dərmanlar qəbul etmiş, müalicə almışdır. Odur ki, cavabdeh təşkilatın səhlənkarlığı nəticəsində keçirdiyi əsəb gərginliklərinin, psixoloji sarsıntıların, stresin, həyəcanın bütün bu mənəvi sarsıntıların nəticəsi kimi cavabdehdən mənəvi ziyana görə pul məbləği alınıb ona verilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13419/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1061/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13419/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilərək iddia mümkün sayılmış və işə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1061/2023 saylı qərardadında bildirilmişdir ki, iddiaçının cavabdeh inzibati orqana müraciətinin olduğu müəyyən edildiyindən iddianın qeyri-mümkün sayılması məsələsi aradan qalxmışdır. İPM-in 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, qeyd olunan iş üzrə məhkəmə aidiyyatı pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 06 oktyabr 2012-ci il tarixli Qərarının nəticə hissəsinin 3-cü bəndinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsi baxımından təbii inhisar subyekti inzibati orqan hesab oluna bilməz. Bu səbəbdən də qeyd olunan qurumların iştirak etdiyi mübahisələrə, həmçinin də həmin qurumların inzibati xarakerli fəaliyyətindən irəli gəlməyən mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. İş materiallarından müəyyən olunur ki, cavabdeh qurum inzibati orqan olmamaqla yanaşı, tələbdə qeyd olunan məsələlər də cavabdehin inzibati xarakterli fəaliyyətlərindən də irəli gəlmir. Cavabdeh təqdim etdiyi etiraza edilən əlavəyə dair ərizədə bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13419/2022 saylı 10 noyabr 2022-ci il tarixli qərardadı ilə "iddaçının hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciətinin olmamasına, iddia ərizəsinə inzibati orqana ünvanlanmış müraciət məktubu əlavə olunsa da, həmin məktubun Cavabdehnə catdırılması (göndərilməsi) barədə hər hansı sübutun iddiaçı tərəfindən təqdim edilməməsi" əsası ilə iddia mümkün sayılmamışdır. Qeyd olunan qərardad da Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq qərardadı ilə o əsasla ləğv edilmişdir ki, iddiaçı tərəfindən "Azəriqaz" İB-yə müraciət edilib. Lakin cavabdeh qeyd edir ki, "Azəriqaz" İB ümumiyyətlə inzibati orqan deyil... Göstərilənlərə əsasən cavabdeh iddianın mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, həyətindən keçən qaz xətti 10 il olar ki çəkilmişdir, dəfələrlə həmin xəttin yerinin dəyişdirilməsi ilə bağlı müraciət etsə də, nəticə olmamışdır. İddiaçı tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 04 nömrəli qərarının 14-cü bnəndində göstərilmişdir ki, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Hazırkı mübahisə tərəflər arasında mülki hüquq münasibətləri ilə bağlı deyil, qaz təchizatı sahəsində təbii inhisar subyekti olan Cavabdeh İB-nin publik hüquq sahəsindəki fəaliyyətinin nəticələri ilə bağlı olduğundan işə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı iddia qaldırmazdan əvvəl vurulmuş ziyana görə cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə qarşı yönəldilmiş, aidiyyət qaydalarına əməl edilməklə təqdim edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -İddiaçının Cavabdeh İB-yə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçı hazırkı tələbi ilə bağlı cavabdehə müraciət etmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanan Xidməti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ********** saylı qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş və bu barədə 23 iyun 2017-ci il tarixdə qeydiyyata alınmışdır. -Bakı İnzibati Məhkəməsinin 2-1(112)-204/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərardan görünür ki, İddiaçı iddia tələbi təmin edilərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsi, 13 saylı həyət evi və ona aid olan torpaq sahəsindən qaz borusunun çıxarılması Cavabdeh İB-nə həvalə edilmiş, qərar 07 oktyabr 2021-ci il tarixli məktub əsasında icraya yönəldilmişdir. -Cavabdeh İB-yi tərəfindən iddiaçıya ünvanlanan 13 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanda yerləşən həyət evi və ona aid olan torpaq sahəsindən qaz xəttinin çıxarılmasının Cavabdeh İB-nə həvalə edilməsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-204/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı könüllü icra edilmişdir. -Cavabdeh İB tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 30 may 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsi, 13 saylı ünvanda yerləşən, iş üzrə İddiaçı məxsus fərdi yaşayış evinin divarından L=0,2 metr məsafədən Bakı Regionaİ Qaz İstismarı Departamentinə məxsus 76 mm diametrlik, aşağı təzyiqli, yerüstü qaz xətti keçir və həmin qaz xətti üzərində fərdi yaşayış evinin qaz sayğacı quraşdırılmışdır. Qeyd olunan sayğacın quraşdırılmasına dair 19 may 2023-cü il tarixli Akt məktuba qoşma olaraq əlavə edilmişdir. -Cavabdeh İB-yə və X1 Departamentinə ünvanlanmış xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli məktublardan görünür ki, iddiaçı ünvan 5 ünvanına onun razılığı və icazəsi olmadan çəkilmiş qaz borusunun ona məxsus ərazidən çıxarılmasını xahiş etmişdir. -M.Ə.Əfəndiyev adına Xətai tibb Mərkəzi tərəfindən İddiaçı barəsində tərtib edilən ambulator Kitabçanın (xəstəlik tarixçəsindən) 13-cü bəndində qeyd olunan diaqnoza əsasən İddiaçı 28 iyul 2023-cü il tarixdə vegetativ damar distoniyası diaqnozu qoyulmuşdur. Tarixçənin anamnez bəndində qeyd olunan məlumatlardan görünür ki, xəstə bir ildən artıqdır ki, özünü xəstə hesab edir, ambulator müalicə almışdır, heç bir nəticə almamışdır, şikayəti başağrı, əsəbilik, yorğunluq, yaddaş pozulmasıdır. Müayinə nəticəsində İddiaçı stasionar müalicə və müayinədən sonra ev və ambulator nevroloji nəzarətə yazılması, psixiator konsultasiyası məsləhət görülmüşdür. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağı mülkiyyətində olan fərdi yaşayış evinin həyətinin bir hissəsindən uzun illər qaz xəttinin keçməsinə görə təhlükəli vəziyyətdə yaşaması ilə əlaqədar keçirdiyi psixoloji gərginlik və həyəcanın əvəzi olaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərdə ifadə olunan kompensasiya ödənilməsi ilə bağlıdır. Bununla bağlı onun cavabdehə müraciəti təmin edilməmiş, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. "İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iddia tələbinin həlli üçün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” İstinad olunan Qərarının 2-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Göründüyü kimi qanunvericinin mövqeyinə görə, mənəvi zərərin vurulmasını iddia edən tərəf bunların hansı şəraitdə və cavabdehin hansı hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsini, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında əlaqəni, cavabdehin bunda təqsirini (qəsdi və yaxud ehtiyatsızlığını) sübuta yetirilməlidir. İşin mübahisə olunmayan hallarından görünür ki, iddiaçının Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsi 13 saylı həyət evi və ona aid olan torpaq sahəsindən qaz borusunun çıxarılmasının Cavabdeh İB-nə həvalə edilməsinə dair iddiası təmin edilmiş, qərar cavabdeh tərəfindən həmin ildə icra edilərək müvafiq qaz borusu iddiaçıya məxsus həyətyanı sahədən çıxarılmışdır. Məhkəmə hesab edir ki, həmin qazı xəttinin həyətyanı sahəsindən keçdiyi dövrdə iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasını və mənəvi ziyana görə tələb olunan 20.000 (iyirmi min) manat miqdarında maddi təzminatın hesablanmasını əsaslandıran sübutları istər məhkəməyə ünvanladığı sənədlərdə, istərsə də məhkəmə tədqiqatı müddətində təqdim etməmişdir. Belə ki, iddiaçı bir hissəsi onun həyətyanı sahəsinə düşmüş qaz xəttinin təxminən 10 ildən artıq müddətdə çəkildiyini bildirsə də, qaz xəttinin çıxarılması ilə bağlı müraciətləri xeyli sonra, 2018-2019-cu illərdə edildiyi, həmçinin, cavabdehin qanunsuz fəaliyyəti ilə əlaqələndirdiyi səhhətində baş verən xəstəliklərin, əsəb pozğunluğu, başağrılarının iş materiallarında olan ambulator xəstəlik tarixçəsindəki qeydlərin və müvafiq reseptlərin 2022-2023-cü illərə, yəni qaz xəttinin çıxarılmasından sonrakı dövrə aid olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının şikayətləndiyi xəstəlikləri adi həyat şəraitində qazanılması imkanı istisna olunmadığından, bilavasitə cavabdehin qanunsuz hərəkətləri ilə bağlı olmasına dair tutarlı dəlil təqdim edilmədiyindən iddia əsaslı deyil. Məhkəmə iddianın dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, inzibati prosesual qanunvericilikdə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmadığından təmin edilməməlidir. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehin hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə müəyyən edilmədiyindən və zərərin tələbdə ifadə olunan miqdarının əsasını təşkil edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən iddia təmin edilməməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar