Məhkəmə qərarları › İş №2-1(112)-9691/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9691/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9691/2024 09.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əlilliyə görə əmək pensiyasının ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı məhkəməyə müraciət edərək iddiaçıya xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “iddiaçıya xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək və xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Həmin təyin edilmiş əlillik əsasında iddiaçıya cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdən etibarən əlilliyə görə əmək pensiyası təyin edilmiş və onun ödənişinə başlanılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən iddiaçıya təyin edilmiş 2-ci dərəcəli əlillik xx.xx.2020-ci il tarixdə əlillik altsistemində etibarsız hesab edilmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçıya ödənilən əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən dayandırılmışdır. Daha sonra iddiaçı tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı ona təyin edilmiş əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa olunmasına dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(112)-12083/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmiş və iddiaçıya təyin edilmiş pensiyanın etibarsız hesab edildiyi yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bərpa edilməsi vəzifəsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Adıçəkilən məhkəmə qərarı həmin Agentlik tərəfindən icra edilmiş və iddiaçıya təyin edilmiş 2-ci dərəcəli əlillik altsistemdə dayandırıldığı tarixdən bərpa edilmişdir. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət edərək ona əlilliyə görə əmək pensiyasının dayandırıldığı tərixdən bərpa edilməsi, cari pensiya ilə yanaşı ödənilməmiş qalan məbləğlərin ödənilməsi xahiş edimişdir. Cavabdeh orqan tərəfindən iddiaçının müraciəti qismən təmin edilmişdir. Belə ki, iddiaçıya əlilliyə görə təyin olunmuş cari pensiya, o cümlədən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənişin həyata keçirilməsinə başlanmışdır. Hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin qismən təmin edilməsi əsassızdır. Belə ki, cavabdehin imtina məktubundan görünür ki, pensiya ödənişinin dayandırldığı tarixdən ödənilməməsi “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1.1-ci maddəsi ilə əsaslandırılmışdır. Halbuki hazırkı mübahisədə cavabdeh orqan bir məsələni nəzərdən qaçırmışdır. İddiaçı vaxtında ona pensiya təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş bir müddət həmin pensiyanı almaqda davam etmiş daha sonra reablitasiya agentliyinin qanunsuz hərəkətləri nəticəsində onun əlilliyi etibarsız hesab edilmiş həmin hərəkətlərin qanunsuz olması məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə təsbit edilmiş və bundan sonra ödənişlər bərpa edilmişdir, dayandırılmasında onun hər hansı bir təqsiri mövcud olmamışdır. Bu əsasdan cavabdeh inzibati orqanın hazırkı mübahisəyə münasibətdə "Əmək pensiyaları haqqında” AR Qanununun 32.1.1-ci maddəsinə istinad etməsi məntiqli olmamışdır. Yuxarıda qeyd edilənlərdən belə aydın olur ki, iddiaçıya xx.xx.2017-xx.xx.2022-ci illər ərzində 5 illik müddətə əlillik təyin edilmişdir. İddiaçı həmin əlillik müddətində xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilə qədər olan dövr üzrə ödənilməli olan məbləği almışdır. Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı nəticəsində ona hazırda xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək ödənilməli olan məbləğ icra edilməkdədir. Halbuki iddiaçıya xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək olan kompensasiya məbləği tam şəkildə ödənilməlidir.

4. Cavabdehin iddiaçının müraciəti imtina məktubda bildirilir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12.1-ci maddəsinin xx.xx.2017-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən sizə həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlilliyinizin etibarsız edilməsi səbəbindən ödənişi xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-12083/2023 saylı Qərarına əsasən əlilliyiniz xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək bərpa edilmişdir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, xx.xx.1994-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 8 il 5 ay 5 gün sığorta stajınız, xx.xx.2006cı il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 64453,12 manat pensiya kapitalı əsasında pensiyanızın məbləği yenidən hesablanmış və xx.xx.2020-ci il tarixindən 1185,62 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixdə 1320,78 manata, xx.xx.2022-ci il tarixdən 1365,68 manata çatdırılmışdır. Əlavə olaraq bildiririk ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək (əlilliyinizin müddəti xx.xx.2022-ci il tarixində bitdiyi üçün) hesablanmış əmək pensiyasının məbləği və 2022-ci ilin İ və İİ rübləri üzrə maddi yardım sizə ödənilməkdədir.

5. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” və “Əlillik” altsistemləri vasitəsilə əldə edilmiş məlumatlara əsasən, iddiaçıya ilk dəfə xx.xx.2017-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlilliyi olan şəxs kimi beş il müddətinə əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2020-ci il tarixdə müayinənin, yəni nəticə olaraq əlilliyin etibarsız hesab edilməsi səbəbindən pensiya ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. İddiaçının cavabdeh Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2017-ci il tarixdə təyin olunmuş ikinci dərəcə əlilliyin etibarsız hesab olunduğu xx.xx.2020-ci il tarixdən bərpa olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-12083/2023 saylı Qərarına əsasən iddia təmin edilmiş və iddiaçının əlilliyi xx.xx.2020-ci il tarixdən bərpa edilmişdir. Qeyd edilən qərarda əlilliyin hansı tarixədək bərpa edilməsi məsələsinə münasibət bildirilməmişdir. “Əlillik” altsisteminə daxil edilən məlumatlardan da göründüyü kimi iddiaçı sonuncu dəfə xx.xx.2022-ci il tarixdə müayinədə olmuş və ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Sözügedən müayinənin nəticələri hazırda qüvvədə olduğundan buna əsasən iddiaçının əlilliyinin müddəti xx.xx.2022-ci il tarixdə bitmiş və bu səbəbdən pensiyanın ödənişi də xx.xx.2022-ci il tarixədək həyata keçirilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 41-ci maddəsinin tələblərinə uyğun olaraq əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Deməli, pensiya ödənişinin xx.xx.2022-ci il tarixədək həyata keçirilməsi qanunauyğun olmuşdur. Həmçinin, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 12083/2023 saylı Qərarına əsasən iddiaçının əlilliyi xx.xx.2020-ci il tarixdən bərpa edilsə də, xx.xx.2020-ci il tarixdən pensiya ödənişi həyata keçirilməkdədir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 8 il 5 ay 5 gün sığorta stajı müəyyən edilmişdir. Bundan əlavə, xx.xx.2006-cı il tarixdən 01,10.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 64453,12 manat pensiya kapitalı əsasında iddiaçının pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2020-ci il tarixdən 1185,62 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 1320,78 manata, xx.xx.2022-ci il tarixdən 1365,68 manata çatdırılmışdır. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırmış olduğu iddia tələbində qeyd olunan dövrlər üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi tələbi əsaslı sayıla bilməz. Belə ki, hazırkı iş üzrə cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 41-ci maddəsinin tələblərinə uyğun olaraq hərəkət etmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

8. İddia tələbi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş əlilliyə görə əmək pensiyasının ödənilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

9. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

10. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

11. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

13. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

14. İddiaçıya ötən dövr görə pensiyanın ödənilməsindən imtina edilmişdir. Odur ki, bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

15. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

17. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

18. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

19. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

20. Məhkəmə iddia tələbinin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək pensiyanın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlillik xx.xx.2020-ci il tarixdə əlillik altsistemində etibarsız hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-12083/2023 saylı qərarı ilə iddia tələbi təmin edilərək iddiaçıya təyin edilmiş pensiyanın etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilməsi vəzifəsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlillik altsistemdə dayandırıldığı tarixdən bərpa edilmişdir.

21. İddiaçı cavabdeh orqana müraciət edərək ona əlilliyə görə əmək pensiyasının dayandırıldığı tərixdən bərpa edilməsi, cari pensiya ilə yanaşı ödənilməmiş qalan məbləğlərin ödənilməsi xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının müraciəti qismən təmin edilərək, xx.xx.2020-ci il tarixdən ödənişin həyata keçirilməsinə başlanmışdır. Cavabdeh tərəfindən pensiya ödənişinin dayandırıldığı tarixdən ödənilməməsi “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1.1-ci maddəsi ilə əsaslandırılmışdır.

22. Məhkəmə qeyd edir ki, cavabdeh qurumun hərəkətləri iddiaçının hüquqlarını pozur, ona görə də cavabdehin imtinası qanunsuz hesab edilməklə xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək əlilliyə görə əmək pensiyasının iddiaçıya ödənilməsi cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır.

23. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 12.2. Hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

24. İş materiallarında olan iddiaçının pensiya ödənişlərinə dair sənədlərdən görünür ki, iddiaçıya xx.xx.1994-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 8 il 5 ay 5 gün sığorta stajı, xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 64453,12 manat pensiya kapitalı əsasında pensiya məbləği yenidən hesablanmış və xx.xx.2020-ci il tarixindən 1185,62 manat müəyyən edilmişdir.

25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyası məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixdə 1320,78 manata, xx.xx.2022-ci il tarixdən 1365,68 manata çatdırılmışdır. xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək (əlillik müddəti xx.xx.2022-ci il tarixində bitdiyi üçün) hesablanmış əmək pensiyasının məbləği və 2022-ci ilin İ və İİ rübləri üzrə maddi yardım ödənilməkdədir.

26. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin qanunsuz hərəkətləri nəticəsində əlilliyi etibarsız hesab edilmiş, daha sonra məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə əlilliyi bərpa edilmişdir. İddiaçının əlilliyinin etibarsız hesab edilməsi, onun pensiya ödənişlərinin dayandırılması iddiaçının məsuliyyət dairəsi ilə əhatə olunmur. Bu səbəddən də cavabdeh iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi tətbiq etməklə iddiaçının müraciəti qismən təmin edərək onun qanunla qorunan hüquqlarını pozmuşdur.

27. İddia tələbinin ikinci hissəsinə münasibətdə (xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi) məhkəmə qeyd edir ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixdək pensiyanın ödənişi həyata keçirilmişdir. Cavabdeh orqan hesab edir ki, “Əlillik” altsisteminə daxil edilən məlumatlara əsasən iddiaçı sonuncu dəfə xx.xx.2022-ci il tarixdə müayinədə olmuş və ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Sözügedən müayinənin nəticələri hazırda qüvvədə olduğundan buna əsasən iddiaçının əlilliyinin müddəti xx.xx.2022-ci il tarixdə bitmiş və bu səbəbdən pensiyanın ödənişi də xx.xx.2022-ci il tarixədək həyata keçirilmişdir.

28. Məhkəmə hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır. Belə ki, iş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli qərarda iddiaçı xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ona 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Həmin qərarda növbəti müayinə tarixi xx.xx.2022-ci il tarix göstərilmişdir.

29. Cavabdeh orqan iş məhkəmə icraatında olan dövrdə, yəni xx.xx.2022-ci il tarixdə iddiaçının müayinədə olmasına və ona əlilliyin təyin edilməsindən imtina edilməsinə istinad edərək, ödənişi xx.xx.2022-ci il tarixədək həyata keçirmişdir. Baxmayaraq ki, həmin müayinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin özünün etibarsız hesab edilmiş əlilliyin təyin edilməsindən imtinadır. Bundan əlavə xx.xx.2022-ci il tarixdə keçirmiş müəyinədən sonra Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış qərarı ilə iddiaçıya təyin edilmiş pensiyanın etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilməsi vəzifəsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

30. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin hərəkəti “Əlillik” altsisteminə əsaslanaraq iddiaçının pensiya ödənişlərini qismən həyata keçirtmək qanunsuz olmaqla, onun hüquqlarının pozulması ilə nəticələnib.

31. İPM-in 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər.

32. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar