Məhkəmə qərarları › İş №2-1(112)-9694/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9694/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9694/2025 25.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mülkiyyətə dair hüquqi sənədlərə əsaslanaraq, mövcud çıxarış sənədində səhv göstərilmiş reyestr nömrəsinə (**********61-10301) düzəliş edilərək, ünvan 1 ünvanında yerləşən yaşayış evinin yerləşdiyi 120 m2 torpaq sahəsinin mükiyyətçisinin, İddiaçı olması barədə qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barəsdə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqqiqləşdirilməsinə dair ərizə təqdim edərək ünvan 1 ünvanındakı yaşayış evinin yerləşdiyi 120 m2 torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqana həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanda yaşayan X1, ona, Bakı şəhər Binəqədi RİH başçısının xx.xx.2000-ci il tarixli, №1688 saylı, «M.Ə.Rəsulzadə qəsəbəsi S.Bəhlulzadə küçəsi, keçid 1 də yerləşən bağ-bostan sahəsinin fərdi yaşayış evinin tikintisi üçün vət. X3 ayrılması barədə» Sərəncamı əsasında, ünvan 4 ünvanında yerləşən 120 m2 torpaq sahəsini, 10 mart 2001-ci il tarixində, 14 saylı Dövlət notariat kontoru tərəfindən ona 3 il müddətinə verilmiş, etibarnamə əsasında, torpağın qiyməti razılaşdırılaraq, dəyəri ödənilməklə ev tikmək üçün almışdır. İddiaçıya X5 tərəfindən verilmiş etibarnamə əsasında tərəfindən Binəqədi RİH memarlıq şöbəsindən evin tikintisi üçün layihə alınmış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhəri ərazi idarəsindən 120 m2 torpağa X2 adına mülkiyyətə dair «JN-3081D» nömrəli Şəhadətnamə alınmış, bundan sonra iddiaçı razılaşdırılmış layihə əsasında evin tikintisini öz vəsaitilə başlayaraq, 2002-ci ilin fevral ayında başa çatdıraraq, Binəqədi Rayon İHB-nin evin tikintisinin başa çatmasına dair 2002-ci il 10 mart tarixli, 831 saylı Sərəncamı alınmışdır. Vahid mülkiyyət sənədi almaq üçün aşağıda göstərilən hüquqi sənədlər; -120 m2 torpağa, X2 adına mülkiyyətə dair «JN-3081D» nömrəli Şəhadətnamə, Tikilmiş evin Binəqədi Rayon İH memarlıq şöbəsində razılaşdırılmış Layihəsi, Binəqədi Rayon İHB-nın evin tikintisinin başa çatmasına dair 2002-ci il 10 mart tarixli, 831 saylı Sərəncamı, Etibarnaməyə əsasən, Bakı şəhəri İH Texniki İnventarlaşdırma və qeydiyyat hüquqlarının Qeydiyyatı İdarəsinə təqdim edilərək, X2 adına mülkiyyətə dair qeydiyyat vəsiqəsi alınmışdır. Bakı şəhər İH Memarlıq və Şəhərsalma baş idarəsinə müraciət edilmiş, yeni tikilmiş evə ünvan 5 ünvanı verilmişdir. X2 adına Qeydiyyat Vəsiqəsi aldıqdan sonra, iddiaçıya 3 il müddətinə verdiyi, 10 mart 2001-ci il tarixli Etibarnamənin müddəti bitməmiş, 14 saylı Dövlət notariat kontorunda əmlaka dair, 26 fevral 2003-cü il tarixli, müqavilə № 182670 alqı-satqı müqaviləsi bağlanaraq, əmlak iddiaçının adına keçirilmişdir. Alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri İH Texniki İnventarlaşdırma və MHQİ tərəfindən iddiaçının adına, № 30/7015 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. DƏDRX yarandıqdan sonra, qeydiyyat vəsiqəsi, xx.xx.2008-ci il tarixdə, seriya MH, № ******* nömrəli çıxarışla əvəz edilmişdir. Yeni çıxarış sənədində, reyestr nömrəsi **********61-10301 şifrəsilə, yəni 120 m2 torpaq, səhvən dövlət mülkiyyəti göstərilmişdir. Nəticədə, iddiaçı yeni çıxarış sənədində, torpağa mülkiyyət hüququ şifrə ilə göstərildiyindən, 24 il əvvəl notarial qaydada, göstərilən ünvanda 120 m2 torpaq sahəsinin dəyərini vətəndaş X. Məstəliyevaya razılaşdırılmış qiymətlə ödəyərək, mülkiyyətə dair bütün hüquqi sənədlərin Tİ və MHQİ təqdim edərək, aldığı 120 m2 torpaq sahəsinin onun mülkiyyətində olmadığını anlamamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2003-cü il tarixli, 4Ə2-219 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin müqavilədə torpaq sahəsinin satılması qeyd edilməmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair əvvəlki mülkiyyətçinin adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “JN-3081D” nömrəli şəhadətnamə mövcuddur. Odur ki, torpaq sahəsi üzərində hüquqların iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı notariat qaydasında təsdiq edilmiş müqavilə təqdim edilməlidir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilmiş formada təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun cavab verilərək müraciətin təmin edilməsindən imtina edilmişdir. -Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1688 nömrəli Sərəncamının surətindən görünür ki, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, İ keçid, ev 138-də yaşayan X5 tərəfindən yaşadığı şəxsi evin yaxınlığında yerləşən, uzun müddət bağ-bostan kimi istifadə edilən 120.0 kv.m təşkil edən torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmışdır. -Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 831 nömrəli Sərəncamının surətindən görünür ki, Binəqədi RİH başçısının xx.xx.2000-ci il tarixli, 1688 nömrəli Sərəncamı ilə X4 M.Ə.Rəsulzadə qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 120 kv.m torpaq sahəsində inşası başa çatdırılmış, M.Ə.Rəsulzadə qəsəbəsinin E.Babayev (keçmiş S.Bəhlulzadə) küçəsi, 1-ci keçiddə yerləşən, 152 saylı yaşayış evi xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınmasına icazə verilmişdir. -Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-3081D nömrəli şəhadətnamədən görünür ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1688 saylı sərəncamı ilə X4 0.012 ha torpaq sahəsi ayrılmış, torpaq sahəsinin yerləşmə yeri müəyyən edilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli məktubun surətindən görünür ki Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsi (köhnə S.Bəhlulzadə), 1-ci keçiddə X.S.Məstəliyeva tərəfindən tikilmiş fərdi yaşayış evinə aşağıdakı poçt ünvanı təyin edilmişdir – ünvan 5. -Notarial qaydada təsdiq edilmiş № 182670 nömrəli, xx.xx.2003-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X5 xx.xx.2002-ci il tarixli, 30/1273 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı satmışdır. -Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, seriya FM 020736 №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, E.Babayev, 1-ci keçid küçəsindəki, 2 otaqlı, yaşayış sahəsi 43.68 kv.m, ümumi sahəsi 92.42 kv.m olan, 152 saylı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçmişdir. -Seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi ,1-ci keçiddə istifadədə olan 0.0072 ha torpaq sahəsində yerləşən 152 nömrəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Beləliklə işin faktiki hallarından görünür ki, mübahisə predmetini təşkil edən əmlak ünvan 7 ünvanında yerləşən, 120 kv.m torpaq sahəsidir. İddiaçı qeyd olunan ünvanda yerləşən 152 saylı fərdi yaşayış evini X5 ilə arasında xx.xx.2003-cü il tarixdə bağlanılmış 182670 nömrəli alqı-satqı müqaviləsinə əsasən almış və həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq ona daşnmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda sözügedən yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş edir. Bununla bağlı cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü əlavə olunmalıdır (10.2.1, 10.2.2.). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 88.1-ci maddəsinə görə tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Hazırkı işdən görünür ki, ünvan 8 ünvanında yerləşən torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Binəqədi RİH başçısının xx.xx.2000-ci il tarixli Sərəncamı əsasında X4 ayrılmışdır. Tikintisi başa çatdırıldıqdan sonra fərdi yaşayış evinə yeni, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsi, 1-ci keçid, ev № 152 adı altında poçt ünvanı təyin edilmişdir. xx.xx.2002-ci il tarixdə sözügedən ünvanda tikilmiş fərdi yaşayış evi X.S.Məstəliyevanın adına qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2003-cü il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən İddiaçı 152 nömrəli fərdi yaşayış evini Xeyransa Məstəliyevadan satın almış və üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. Göründüyü kimi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsi, keçid 1 ünvanında yerləşən 152 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 120 kv.m torpaq sahəsinin ilkin mülkiyyətçisi X5 olmuş, onun bu hüquqları yerli icra hakimiyyəti orqanının sərəncamı əsasında yaranmışdır. Göstərilən dövrdə torpaq sahəsi X.Məstəliyevanın qanuni istifadəsində olmuşdur. Bununla belə, onun həmin torpaq sahəsinə dair hüquqları artıq digər şəxsə keçmişdir və bu hüquq keçidi X.Məstəliyevanın öz iradəsi əsasında həyata keçirilmişdir. Belə ki, o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsi, keçid 1 ünvanında yerləşən 152 nömrəli fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında iddiaçıya satmaqla, əmlaka dair hüquqlarından könüllü imtina etmişdir. Həmin müqavilə qüvvədən düşməmiş, geri çağrılmamış və ya hüquqi baxımından etibarsız hesab edilməmişdir. Torpaq Məcəlləsinin 88-ci maddəsi isə bu hüquqi vəziyyətin əsasını təşkil edir. Həmin maddənin müddəalarına əsasən, hər hansı tikilinin satışı həyata keçirildiyi təqdirdə, bu tikilinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququ avtomatik olaraq alıcıya keçir və bu norma həm əmlak hüquqlarının vahidliyini, həm də torpaq üzərindəki hüquqların tikiliyə bağlılığını təmin edir. Əlavə olaraq, alqı-satqı müqaviləsi çərçivəsində tərəflərin hüquq və öhdəlikləri də qanunvericiliyə uyğun olaraq formalaşır ki, bu da torpaq üzərində olan hüquqların alıcının mülkiyyətinə keçməsinin hüquqi əsasını gücləndirir. Həmçinin nəzərə alınmalıdır ki, tikiliyə dair mülkiyyət hüququ, onun altında olan torpaq sahəsinə də şamil edilir, çünki tikilinin funksional istifadəsi üçün torpaq sahəsi zəruridir. Xeyransa Məstəliyevanın fərdi yaşayış evini satması ilə bağlı bağladığı alqı-satqı müqaviləsi, öz hüquqlarından açıq və birmənalı şəkildə imtina etməsi kimi qiymətləndirilməlidir. Bu hüquqi akt həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329-cu maddəsinə uyğun olaraq, bağlanmış mülkiyyət münasibətləri çərçivəsində alıcının mülkiyyət hüquqlarını təsbit edir. Beləliklə, hüquqların iradə ifadəsi ilə digər şəxslərə keçməsi, qanunvericiliyin tələbləri ilə tam uyğun gəlir və tərəflərin hüquqi vəziyyətinin düzgün müəyyən edilməsini təmin edir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Qeyd olunmalıdır ki, bu prosesi tənzimləyən qanunvericiliyə görə əvvəllər vətəndaşların daimi istifadəsinə verilmiş torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi məhdudlaşdırılmamış, bir şərtlə ki, torpaq islahatı aparılan zaman həmin torpaq sahəsi onların qanuni istifadəsində olsun. Mövcud halda isə qeyd olunan torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması işin halları ilə müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Odur ki, iddia təmin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifəsidir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçının torpaq (bağ) sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı həyata keçirildiyi zaman, eyni zamanda cavabdeh tərəfindən həmin torpaq sahəsinə münasibətdə plan-ölçünün verilməsi də təmin olunmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, ünvan 10 ünvanındakı yaşayış evinin yerləşdiyi 120 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması, bu barədə müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar