Məhkəmə qərarları › İş №2-1(112)-9696/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9696/2025

21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9696/2025 21.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliklə bağlı minik avtomobili ilə təmin olunmasına dair tibbi göstərişin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasının əsassız hesab etməklə ona əlilliyi ilə bağlı minik avtomobili ilə təmin olunmağına dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 44 günlük Vətən Müharibəsində iştirak etmiş, hərbi əməliyyatlar nəticəsində aldığı travmalarla bağlı ona “digər növ partlayışlar və ya qəlpələrlə törədilmiş zədələnmələr, partlayış travması, sağ budun yuxarı ½-nin güllə yaralanması, sağ bud nahiyyəsinin yuxarı 1/3-də qəlpənin yerdəyişmiş sınığına görə sınıq fraqmentlərinin eksternal fıksasiyasından sonrakı bitişmiş sınığı, sağ diz oynağının miogen kontrakturası, sağ aşağı ətrafın anatomik qısalığı (3 sm), sağ ayaq əzələ atrofiyası,hərəkətin və yerişin pozulmaları, kəskin pozulması, vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, VDD sindromu” diaqnozu qoyulmuşdur. Cavabdeh orqan tərəfindən onun əlilliyinin qiymətləndirilməsi aparılmış və ona xx.xx.2021-ci ildə 5 illik müddətə 3-cü dərəcəli əlillik təyin olunmuş, əlillik səbəbi “Azərbaycan Respublikasının müdafiəsi, konstitusiya quruluşu və ərazi bütövlüyü uğrunda” qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 11 avqust 2021-ci il tarixli, 18032 saylı xəstəlik haqqında şəhadətnaməsinə əsasən aldığı travmalara görə “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Göründüyü kimi onun aldığı travma onoda hərəkət məhdudluğuna səbəb olmuş və buna görə də, o, minik avtomobilinin təyinatına tibbi göstəriş verilməsi üçün cavabdehə müraciət elmiş, cavabdeh isə bundan imtina etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 2021-ci ildən 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir və aşağı ətrafda yaranmış travma səbəbindən normal hərəkət və yürüş imkanından məhrumdur. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 12 nömrəli Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər....; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması Sağ budun yuxarı 1\3 nin güllə yaralanması Sağ bud nahiyyəsinin yuxarı 1\3də qəlpəlin yerdəyişmiş sınığına görə sınığ fraqmentlərini eksternal fiksasiyasından sonrakıbitişmiş sınığı. Sağ diz oynağının miogen konrakturası.Sağ aşağı ətrafın anatomik qısalığı (3 sm). Sağ a\ə əzələ atrofiyası Hərəkətin və yerişin pozulmaları, kəskin pozulması Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, VDD sindromu.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0,G83.2);” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının “avtomobil və motorlu araba almaq üçün” müraciətinə xx.xx.2022-ci il tarixli müayinə aktı əsasında baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması Sağ budun yuxarı 1/3-nin güllə yaralanması Sağ bud nahiyyəsinin yuxarı 1/3-də qəlpəlin yerdəyişmiş sınığına görə sınığ fraqmentlərini.; Tsekin əlavə diaqnozu: eksternal fiksasiyasından sonrakıbitişmiş sınığı. Sağ diz oynağının miogen konrakturası.Sağ aşağı ətrafın anatomik qısalığı (3 sm). Sağ a\ə əzələ atrofiyası”; 501 №- li əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş səbəbi ilə imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 57 qrafasında qeyd olunan siyahıda hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququ olması qeyd olunmuşdur. İddiaçının qeyd edilən diaqnozu həmin siyahıda olmadığı üçün ona “əks göstəriş” səbəbi ilə imtina verilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda arxiv bazasında iddiaçıya dair xx.xx.2021-ci il tarixli, 18032 saylı “Xəstəlik haqqında şəhadətnamə”dən başqa heç bir sənədin saxlanılmadığını bildirilmiş və sözügedən şəhadətnamə məhkəməyə təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli, 18032 saylı “Xəstəlik haqqında şəhadətnamə”yə əsasən iddiaçıya “partlayış travması (xx.xx.2020), sağ budun yuxarı 1/3 güllə yaralanması, sağ bud nahiyyəsinin yuxarı 1/3-də qəlpəli, yerdəyişmiş sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, sınıq fraqmentlərinin eksternal fıksasiyasından sonrakı bitişmiş sınığı, sağ diz oynağının miogen kontrakturası, sağ aşağı ətrafın anatomik qısalığı (3 sm)” diaqnozu qoyulmuşdur və sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Komissiyanın qərarı: “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Cavabdeh tərəfindən məhkəməyə iddiaçıya dair icraat materialları təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən iddiaçı həmin tarixdə cavabdeh tərəfindən qiymətləndirilmiş və ona “hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törədilmiş zədələnmələr, partlayış travması, sağ budun yuxarı 1/3-nin güllə yaralanması, sağ bud nahiyyəsinin yuxarı 1/3-də qəlpənin yerdəyişmiş sınığına görə sınıq fraqmentlərinin eksternal fıksasiyasından sonrakı bitişmiş sınığı, sağ diz oynağının miogen kontrakturası, sağ aşağı ətrafın anatomik qısalığı (3 sm), sağ ayaq əzələ atrofiyası, hərəkətin və yerişin pozulmaları, kəskin pozulması, vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, VDD sindromu” diaqnozu qoyularaq 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2022-ci il tarixli avtomobil müayinələrinin nəticəsinə dair məlumata əsasən iddiaçının 501 nömrəli qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə iddiaçının tibbi şəhadətnamələndirilməsinə dair sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, T 802/2025 saylı ekspert rəyində göstərilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutıf’na müraciət etmiş və aparılmış müayinələrdən sonra ona “Odlu silah yaralanması, sağ budun güllə yaralanmasından sonrakı vəziyyət, sağ bud sümüyünün yuxarı A-nin qeyri-düzgün bitişmiş sınığı cərrahi əməliyyatından sonrakı vəziyyət, yumşaq toxumada yad cisim, sağ aşağı ətrafın 6sm qısalılığı, əzələ atrofiyası, sağ diz oynağının kontrakturası, yerişin çətinləşməsi - Y36.4, M79.5, Z98.8, M62.5, M24.5, R26.8” diaqnozu qoyulmuşdur. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi məsələsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən məhkəmə-tibb ekspertləri tərəfindən deyil, Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində onun əlilliyi ilə bağlı minik avtomobili ilə təmin olunmağına dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina aktından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilmişdir ki, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir (3.1). Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (3.2). Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər (4.1). Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər (4.3). Dövlət əlillik əlamətinə görə hər hansı ayrıseçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir (6.1). Dövlət əlilliyi olan şəxslərə müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılması üçün, onların digərləri ilə bərabər səviyyədə fiziki mühit, nəqliyyat, informasiya və rabitədən, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və sistemlərindən, əhaliyə açıq olan və ya təqdim olunan digər obyekt və xidmətlərdən istifadəsinin təmin olunması üçün zəruri tədbirlər görür (12). Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsinin vəsaiti, dövlət icbari şəxsi sığorta vəsaiti və qanunda nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilir (30.1). Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur (30.2). Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir (30.3). İşdən görünür ki, iddiaçı əlilliyi müəyyən edilən şəxs olduğundan, habelə normal hərəkət və yürüş imkanından məhrum olduğundan onun əlilliyi ilə bağlı minik avtomobili ilə təmin olunmağına dair tibbi göstərişin verilməsini xahiş etmişdir. Cavabdeh “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavə olan siyahıda iddiaçıya qoyulan diaqnozun olmadığı üçün onun tələbinin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli, 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir (1.2). Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, X2 reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri (bundan sonra – “DOST” mərkəzi), digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir (2.1). Şəxs reabilitasiya vasitələri ilə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş sayda, həmçinin tibbi göstərişlər, əks göstərişlər nəzərə alınmaqla hazırlanma, dəyişdirilmə və ya təmir müddətləri çərçivəsində təmin edilir (2.4). Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir (3.1). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndində əlillik təyininə əsas olan xüsusi səbəblər kimi aşağıdakılar göstərilir: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın əlavəsi olan “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks-göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri”nin 6-cı bölməsi “Digər reabilitasiya vasitələri” adlanır. Həmin bölmənin 6.1-ci bəndinə əsasən şəxsə minik avtomobili aşağıdakı göstərişlər olduğu hallarda təyin edilir: 1) ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı; 2) ağciyər çatışmazlığı, İİ dərəcəli; 3) bir aşağı ətrafın iflici və ya nəzərə-çarpan parezi; 4) hemiplegiya, nəzərəçarpan hemiparez; 5) nəzərəçarpan ataksiya, hiperkinetik amiostatik sindrom; 6) hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; 7) hər iki aşağı ətrafın fillik xəstəliyi; 8) hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü; 9) aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü; 10) hər iki bud-çanaq oynağının ankilozu; 11) onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları; 12) onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ- İV dərəcəli əyilmələr; 13) bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə); 14) aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda; 15) hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda; 16) əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda. Yuxarıdakıları ümumiləşdirərək qeyd edilməlidir ki, əlilliyi müəyyən edilmiş şəxsə minik avtomobilinə tibbi göstərişin verilməsi üçün onun əlilliyi ya “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndində nəzərdə tutulmuş xüsusi səbəblərdən birinə əsasən təyin edilməli və xəstəliyi “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks-göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri”nin 6.1-ci bəndində göstərilən diaqnozlardan biri və ya bir neçəsinə uyğun olmalıdır. Göründüyü kimi iddiaçıya əlillik dərəcəsi xx.xx.2021-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə təyin edilmişdir. Yəni, minik avtomobilinə tibbi göstərişin verilməsi üçün birinci şərt, yəni əlilliyin xüsusi səbəbdən müəyyən edilməsi şərti ödənilir. Qeyd edilməlidir ki, xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının əliliyi qiymətləndirilmiş və ona “hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törədilmiş zədələnmələr, partlayış travması, sağ budun yuxarı 1/3-nin güllə yaralanması, sağ bud nahiyyəsinin yuxarı 1/3-də qəlpənin yerdəyişmiş sınığına görə sınıq fraqmentlərinin eksternal fiksasiyasından sonrakı bitişmiş sınığı, sağ diz oynağının miogen kontrakturası, sağ aşağı ətrafın anatomik qısalığı (3 sm), sağ ayaq əzələ atrofiyası, hərəkətin və yerişin pozulmaları, kəskin pozulması, vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, VDD sindromu” diaqnozu qoyulmuşdur. Həmin diaqnoz məhkəmətibbi ekspertizasına dair ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Lakin, ekspert həmin diaqnozların “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks-göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri”nin 6.1-ci bəndində göstərilən diaqnozlara uyğun olubolmaması ilə bağlı rəy verməkdən imtina etmişdir. Bu səbəbdən məhkəmə həmin uyğunluğu nəzərəi olaraq müəyyən etməyə çalışmışdır. Qeyd edilməlidir ki, iddiaçıda mövcud olan “sağ bud nahiyyəsinin yuxarı 1/3-də qəlpənin yerdəyişmiş sınığına görə sınıq fraqmentlərinin eksternal fiksasiyasından sonrakı bitişmiş sınığı, sağ diz oynağının miogen kontrakturası, sağ aşağı ətrafın anatomik qısalığı (3 sm), sağ ayaq əzələ atrofiyası, hərəkətin və yerişin pozulmaları, kəskin pozulması, vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, VDD sindromu” diaqnozları “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks-göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri”nin 6.1-ci bəndində göstərilən “bir aşağı ətrafın iflici və ya nəzərə-çarpan parezi; hemiplegiya, nəzərəçarpan hemiparez; nəzərəçarpan ataksiya, hiperkinetik amiostatik sindrom; hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda” diaqnozlarına nəzəri olaraq uyğun gəlir. Məhkəmə hesab edir ki, iddiaçının əlilliyi müvafiq qaydada müəyyən edilmiş, onun sərbəst hərəkət və yürüş imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdığı tibbi sənədlərlə təsdiq olunmuşdur. Bu hal onun reabilitasiya vasitələri ilə təmin olunmaq hüququnu şərtləndirir. Ekspertin müvafiq məsələ ilə bağlı rəy verməkdin imtian etməsi isə iddiaçının ziyanına şərh edilə və onun hüquqlarının pozulmasına səbəb ola bilməz. Məhkəmə cavabdehin imtinasına münasibət bildirərək qeyd edir ki, “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın məqsədi əlilliyi olan şəxslərin hərəkət imkanlarının bərpası və ya kompensasiyası yolu ilə onların sosial həyata inteqrasiyasını təmin etməkdir. Şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsində əsas meyar məhz diaqnozun adı deyil, sağlamlıq imkanlarının məhdudluğunun xarakter və dərəcəsidir. Belə ki, məhkəmə sorğusu əsasında əldə edilmiş icraat materiallarından da müəyyən edilir ki, iddiaçı normal hərəkət imkanından məhrumdur və onun minik avtomobili ilə təmin edilməsi reabilitasiyası üçün tibbi baxımdan zəruridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində göstərilmişdir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (14.3). Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçının əlilliyi ilə bağlı minik avtomobili ilə təmin olunmağına dair tibbi göstərişin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əlilliyi ilə bağlı minik avtomobili ilə təmin olunmağına dair tibbi göstərişin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar