Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9697/2023 19.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X12 Ağa qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Əzizbəyov rayon (indiki Xəzər), Qala qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.10 ha torpaq sahəsinin adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 0.10 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddət 3 nömrəli Zeytun savxozunda işləmişdir. Abşeron rayon İcra Hakimiyyətinin 11 aprel 1991-ci il tarixli 64 nömrəli qərari ilə 3 nömrəli Zeytun savxozu fəhlə və qulluqçularına 0.10 ha hesabı ilə 11.6 ha fərdi yaşayış evi tikdirmək ücün torpaq sahəsi ayrılmışdır. Bundan sonra 3 nömrəli Zeytun savxozunun 30 iyul 1992-ci il tarixli 56 saylı əmri ilə Bakı səhəri, Əzizbəyov rayonu (indiki Xəzər), Qala qəsəbəsində fərdi yaşayış evin tikintisi üçün 0.10 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həyətyani torpaq sahəsinin ona verilməsinə aid xx.xx.1991-ci il tarixli akt tərtib edilmiş və həmin aktda torpaq sahəsinin sxemi çəkilərək möhürlə təsdiq edilmişdir. Qeyd edilən torpaq sahəsi artıq uzun müddətdir ki, onun istifadəsindədir. Tərəfindən cavabdehə müraciət edilərək adıma həmin torpaq sahəsinə dair çıxarış verilməsini tələb etsə də, müraciətinə cavab olaraq cavabdeh xx.xx.2023-cü il tarixli məktubla əsassız olaraq müraciətindən imtina etmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət edir. Belə ki, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli Qəranının 3-cü bəndinə əsasən, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatla, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu maddələrinə müvafiq olaraq torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnmə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq, dövlət torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlağına təminat vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr torpaq sahəsi üzərində hüquqların yaranmasının əsası kimi göstərilmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir». Göründüyü kimi, tərəfindən Abşeron rayon Dövlət Arxivinin xx.xx.2012-ci il tarixli 1335 saylı əmrdən çıxarışın cavabdeh orqana təqdim edilməsinə baxmayaraq əmrin əslinin təqdim edilməməsi əsası ilə müraciətindən imtina etməsi əsassızdır. Hesab edir ki, 3 nömrəli Zeytun savxozunun 30 iyul 1992-ci il tarixli 56 saylı əmri torpaq sahəsi üzərində hüquqlarının yaranması və qeydiyyatı üçün mötəbər qiymətləndirilməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 nömrəli Zeytun sovxozunun ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli və ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin ayrılmasına dair “3 nömrəli Abşeron Zeytun” sovxozu direktorunun xx.xx.1992-ci il tarixli 56 nömrəli əmrinin əsli təqdim edilməmişdir, həmçinin müvafiq əmrlə arxiv arayışının məzmunu (istinad olunan protokollar) arasında uyğunsuzluq mövcuddur. Bundan əlavə, iddiaçının xx.xx.2022-ci il tarixli müraciəti zamanı eyni torpaq sahəsinin ayrılmasına dair fərqli sənəd, İddiaçı adına xx.xx.1991-ci il tarixli, 17 nömrəli əmrin surəti təqdim edilmişdir. Eyni zamanda yerləşmə cizgisində torpaq ayrılmasına dair 3 nömrəli X8 direktorunun əmrinə istinad edilməmiş, cizginin qəbul olunma tarixini göstərən rəqəm pozulmuş, cizgidə istinad və məsafələr qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinə digər fiziki şəxsin (X7) müraciəti mövcuddur. Həmçinin bildiririlərki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən olunmuşdur.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023cü il tarixli **********513-21-3-30/2-13851/2023 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” məktuba əsasən bildirilmişdir ki, torpaq sahəsinin ayrılmasına dair “3 nömrəli Abşeron Zeytun” sovxozu direktorunun xx.xx.1992-ci il tarilxi 56 nömrəli əmrinin əsli təqdim edilməmişdir, həmçinin müvafiq əmrlə arxiv arayışının məzmunu (istinad olunan protokollar) arasında uyğunsuzluq mövcuddur. Bundan əlavə, xx.xx.2022-ci il tarixli müraciət zamanı eyni torpaq sahəsinin ayrılmasına dair İddiaçı adına xx.xx.1991-ci il tarixli 17 nömrəli əmrin surəti təqdim edilmişdir. Eyni zamanda yerləşmə cizgisində torpaq ayrılmasına dair 3 nömrəli X8 direktorunun əmrinə istinad edilməmiş, cizginin qəbul olunma tarixini göstərən rəqəm pozulmuş, cizgidə istinad və məsafələr qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinə digər fiziki şəxsin müraciəti mövcuddur. Həmçinin, İdarənin mütəxəssisləri tərəfinədn keçirilən texniki baxış zamanı torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən olunmuşdur.
8. Məhkəmənin sorğusuna əsasən Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən xx.xx.2023-cü il traixli 5-29/1-1931/2023 nömrəli məktubla təqdim edilmiş 3 nömrəli Zeytun Sovozunun 56 nömrəli 30 iyul 1992-ci il tarilxi əmrindən çıxaırşa əsasən Abşeron rayon XDS İK-nin 11 aprel 1991-ci il 64 nömrəli qərarı ilə sovxoz fəhlə və qulluqçularına 0,10 ha hesabı ilə 11.6 ha fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılmışdır. 3 nömrəli Zeytun sovxozu həmkarlar ittifaqı və ƏKŞ-nın 29/Vİİ-1992-ci il 7 nömrəli protokoluna əsasən sovxoz rəhbərliyindən adları protokolda qeyd olunan işçilərə 0.10 ha hesabı ilə torpaq sahəsi ayrılması xahiş olunmuşdur. Yuxarıda qeyd olunanları nərəzə alaraq aşağıda adları qeyd olunan fəhlə və qulluqçulara 0.10 ha hesabı ilə torpaq sahəsi ayrılması üçün əmr edilmişdir: ...34.İddiaçı...
9. Torpaq sahəsinin verilməsinə aid akta əsasən Abşeron rayon 3 nömrəli Zeytun Sovxozunun sakini İddiaçı RİK-nin 11 aprel 1991-ci il tarixli 64 nömrəli qərarına əsasən fərdi yaşayış evi tikdirmək üçün 0.10 ha torpaq sahəsi yer üzərində ara nişanlar ayrılaraq vətəndaşa daimi istifadə üçün təhkim edilmişdir. Ayrılmış torpaq sahahəsinin cizgisi akta göstərilmişdir. Bundan əlavə Xəzər rayon İcra Hakimiyyəti başçısının təsərrüfat Şöbəsi tərəfindən həmin akta əlavə qeydlər aparılaraq Qala qəsəbəsində, İddiaçı ayrılan 30 iyul 1992-ci il tarixli torpaq sahəsinin sxeminin koordinatları əlavə edilmişdir.
10. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-23534/2023 **********34 nömrəli məktubla Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 saylı Zeytun Sovxozu ərazisində dövlət reyestrində qeydiyyatdan keçmiş 3 ədəd əmlaka dair və 3 saylı X8 xx.xx.1991-ci il tarixli 17 nömrəli əmri əsasında torpaq sahəsinin sənədləşdirilməsi üçün edilmş müraicətlərə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
12. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
15. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
16. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
17. Belə ki, işin hallarından görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Abşeron Dövlət Arxivi tərəfindən verilmiş 1/572 nömrəli, xx.xx.2023-cü il tarixli 3 nömrəli Zeytun Sovxozunun 56 nömrəli 30 iyul 1992-ci il tarixli tarixli əmrindən çıxarışa əsasən Abşeron rayon XDS İK-nin 11 aprel 1991-ci il tarixli 64 nömrəli qərarı ilə sovxoz fəhlə və qulluqçularına 0.10 ha hesabı ilə 11.6 ha fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılmışdır. 3 nömrəli Zeytun sovxozu həmkarlar ittifaqı və ƏKŞ-nın xx.xx.1992-ci il 7 nömrəli protokoluna əsasən sovxoz rəhbərliyindən adları protokolda qeyd olunan işçilərə 0.10 ha hesabı ilə torpaq sahəsi ayrılması xahiş olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı 0.10 ha hesabı ilə torpaq sahəsi ayrılmışdır. Sovxoz tərəfindən həyətyanı torpaq sahəsinin ayrılması barədə akt tərtib edilmiş və həmin aktda Abşeron rayon XDS İK-nin 11 aprel 1991-ci il tarixli 64 nömrəli qərarına istinad edilmişdir. Bundan əlavə həmin aktda Xəzər rayon İcra Hakimiyyəti başçısının Təsərrüfat Şöbəsi tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin sxeminin koordinatları əlavə edilmişdir.
18. Bundan başqa cavabdehin İdarəsinin arxivində iddiaçıya torpaq sahəsi ayrılması barədə Sovxozun 05 mart 1991-ci il tarixli digər bir əmri də, mövcud olmasına baxmayaraq həmin əmrin arxiv nüsxəsi aşkar edilməmişdir.
19. Məhkəmə qeyd edir ki, arxiv nüsxəsi aşkar edilən hazırda iddiaçının iddiasının əsasını təşkil edən 30 iyul 1992-ci il tarixli əmrlə və arxiv nüsxəsi aşkarlanmayan 05 mart 1991-ci il tarixli əmrlə iddiaçıya eyni torpaq sahəsi ayrıldığından, eyni torpaq sahəsinin ayrılmasına dair iki müxtəlif tarixli əmrin olması iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz.
20. Eləcə də, cavabdeh tərəfindən imtinanın əsasında eyni torpaq sahəsinə digər fiziki şəxs X4 müraciətinin daxil olduğu bildirilsə də, iş materiallarına əlavə olunmuş, cavabdehin özü tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçı, onun arvadı X2, həmçinin X1 qardaşı X7, hər üçü müraciət edərək bildirmişlər ki, onlara 3 nömrəli Zeytun Sovxozunun ərazisində hər birinə 0.10 ha torpaq sahəsi daş hasara alınaraq cəmi 0.30 ha olmaqla təhkim edilmişdir. Həmin torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş edirlər.
21. Göründüyü kimi, X4 iddiası iddiaçıya məxsus torpaq sahəsinə deyil, özünün istifadəsində olan torpaq sahəsinə olmuşdur.
22. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndində yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış göstərilmişdir.
23. Göründüyü kimi, hazırda qüvvədə olan qanunvericiliyə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış nəzərdə tutulmuşdur.
24. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinasının və etirazının əsasını təşkil edən dəlillər əsassız hesab edilməklə iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmış hesab olunmalıdır.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır.
26. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
27. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
28. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulubqoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.
30. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün qanunvericiliyin tələbləri tam təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
33. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Əzizbəyov rayon (indiki Xəzər), Qala qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.10 ha torpaq sahəsinin İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin 0.10 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva