Məhkəmə qərarları › İş №2-1(112)-9697/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9697/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9697/2024 03.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmanova Zəminə Şahin qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “şikayət ərizəsinə cavab verməmə hərəkətsziliyinin qanunsuz hesab edilməsi və inzibati aktın iddiaçıya təqdim edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli şikayət ərizəsinə cavabdeh tərəfindən cavab verilməsi, inzibati aktın və forma 088 arayışlarının təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə dəlilləri araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edilərək onun müraciətlərinə cavab verildiyindən və hazırki işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, iddiaçının nail olmaq istədiyi hüquqi marağı (müraciətlərə cavab verilməsi və sənədlərin təqdim olunması) cavabdeh inzibati orqan tərəfindən məhkəmə araşdırması zamanı təmin edilmiş, bu halı təsdiq edən forma 088 arayışları, həmçinin müraciətlər üzrə cavab məktubları təqdim edilmişdir ki, bununla da işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmamışdır. Azərbaycan Respublikası İPM-nin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikası İPM-nin 67.3-ci maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən, bununla da, işin mahiyyəti üzrə mübahisə artıq mövcüd olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “şikayət ərizəsinə cavab verməmə hərəkətsziliyinin qanunsuz hesab edilməsi və inzibati aktın iddiaçıya təqdim edilməsi” barədə iddia tələbinə dair 2-1(112)- 9697/2024 saylı inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim : Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar